Ana səhifə

ƏHLİ-BEYTİ SEVMƏK.


YazdırSend to friend

Toxunmaq istədiyim mövzu keçmiş siyasi intriqalar və bəzi bidətçi firqələrə müxalif olmaq kimi səbəblərin bir mənada "kölgədə" buraxdığı bir məsələdir. Bu Allah Rəsulunun – sallAllahu aleyhi və alə əlihi və səlləm - əhli beytini sevmək məsələsidir.

Çox təəssüf ki, bir çox müsəlman nəinki əhli beyt sevgisinin vacibliyini bilmir, hətta əhli beyti tanımır belə.

Yezidin fəziləti və salehliyi haqda dərslərin keçildiyi, Hz. Hüseynin xavaric olduğunun insanlara öyrədildiyi bir toplum üçün, belə neqativ hallar "normaldır". Allah Rəsulu xavaricləri Cəhənnəmin köpəkləri adlandırdığı halda, Hz. Hüseynin də xavaric olduğunu "öyrənən" avam onu necə sevə bilər? Yaxud da Əhli Beyti sevmək, dinin vaciblərini tərk edərək zəncir vurmaq, öz qanını axıtmaqdan ibarət bir mərasim olaraq təqdim edilirkən ağıllı insanların bu "sevgi izharına" münasibəti nə ola bilər?

Ümumiyyətlə Əhli Beytə edilmiş zülmlər, tarixdən azacıq xəbəri olan kimsəyə məlumdur.

Özünü "sevib", Əhli Beytini öldürdükləri, zəncirlərə vurub əsir aldıqları, aşağladıqları, sürgün etdikləri bir Peyğəmbər inancının, Yəhudilərin Peyğəmbərlərə inancından nə fərqi var?

Mövzunu "kölgədən" çıxarmaq və müsəlmanlara Əhli Beyt sevgisinin vacibliyini izah edərək, qəlblərinə bu toxumları əkmək üçün bu barədə Quranda, Sünnətdə zikr edilənləri, alimlərin sözlərini qısa bir şəkildə qeyd etməyə qərar verdim. Tövfiq Allahdandır.

***

Maliki alimlərindən olan Qadi İyad (476-544 h/ 1083-1149 m) rahiməhullah özünün "Əş Şifa bi Tərifi Huquqil Mustafa" adlı məşhur kitabında deyir:

"Peyğəmbərin – sallAllahu aleyhi və əlihi və səlləm – təşviq etdiyi və saleh sələfin – Allah onlardan razı olsun - etdiyi kimi ona – sallAllahu aleyhi və əlihi və səlləm -, Əhli Beytinə, zürriyyətinə və möminlərin anaları olan zövcələrinə yaxşılıq etməyin, onu – sallAllahu aleyhi və əlihi və səlləm – ucaltmaq olması haqqındakı fəsl.

Allah Təala (təqribi məna olaraq) buyurur:

 "Ey Əhli Beyt! Allah sizdən sadəcə pislikləri aparmaq istər" (Əl Əhzab: 33/33)

Allah Təala yenə (təqribi məna olaraq) buyurur: "Zövcələri onların (möminlərin) analarıdır" (Əl Əhzab: 33/6)

... Zeyd bin Ərqamdan – radiyallahu anhu – belə dediyini rəvayət edir: Allah rəsulu – sallAllahu aleyhi və əlihi və səlləm – üç dəfə belə dedi: "Əhli Beytim haqda sizi Allaha and verirəm"

(Yezid bin Hibban deyir:) Zeydə belə dedik: "Onun – sallAllahu aleyhi və əlihi və səlləm – Əhli Beyti kimdir?"

Dedi: "Əli ailəsi, Cəfər ailəsi, Aqil və Abbas ailəsi."

Peyğəmbər – sallAllahu aleyhi və əlihi və səlləm – belə buyurur: "Mən sizin aranızda ondan tutunduğunuz zaman azmayacağınız şey tərk edirəm. Allahın kitabı və itrətim olan Əhli Beytim. Məndən sonra bu ikisinə necə davranacaığınıza baxın."

Yenə Peyğəmbər – sallAllahu aleyhi və əlihi və səlləm – buyurur: "Muhəmmədin – sallAllahu aleyhi və əlihi və səlləm – Əhli Beytini tanımaq oddan uzaqlaşmaq, Muhəmmədin – sallAllahu aleyhi və əlihi və səlləm – Əhli Beytini sevmək siratdan (rahat) keçmək, Muhəmmədin – sallAllahu aleyhi və əlihi və səlləm – Əhli Beytinə dostluq nümayiş etdirmək əzabdan əminamanlıqdır."

Bəzi alimlər demişlər: "Onları (Əhli Beyti) tanımaq, Peyğəmbər – sallAllahu aleyhi və əlihi və səlləm – yanında onların mövqelərini/dəyərlərini bilməkdir. Əgər onlar haqqında bunu bilərsə, onun – sallAllahu aleyhi və əlihi və səlləm – səbəbiylə onların haqqının (üzərinə) vacib olduğunu və hörmətlərini də anlar."

Ömər bin Sələmədən gəlir ki (təqribi məna olaraq) "Ey Əhli Beyt! Allah sizdən sadəcə pislikləri aparmaq istər" (Əl Əhzab: 33/33) ayəsi endikdə - ki bu hadisə Ummu Sələmənin evində olmuşdur – Peyğəmbər – sallAllahu aleyhi və əlihi və əlihi və səlləm – Fatiməni, Həsəni və Hüseyni – radiyallahu anhum va ardahum - çağıraraq onları bir paltarla örtdü, Əli də – radiyallahu anhu və kərramə vəchəh – arxasında idi, onu da paltarıyla örtdü. Sonra isə belə dedi: "Allahım onlar Əhli Beytimdir, onlardan pislikləri apar və onları tər təmiz təmizlə" .

Sad bin Əbi Vaqqasdan gəlir ki "Mübahələ/Lənətləşmə" ayəsi endikdə Peyğəmbər – sallAllahu aleyhi və əlihi və səlləm – Əlini, Həsəni, Hüseyni və Fatiməni – radiyAllahu anhum və ardahum – çağıraraq belə buyurdu: "Allahım bunlar mənim Əhli Beytimdir".

Həmçinin Peyğəmbər – sallAllahu aleyhi və əlihi və səlləm – Əli – radiyAllahu anhu – haqda belə buyurmuşdur: "Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır. Allahım onla dostluq edənə dost ol, onla düşmənçilik edənə qarşı düşmənçilik et."

Yenə onun haqda buyurmuşdur: "Səni mömindən başqası sevməz, sənə münafiqdən başqası da buğz etməz."

Abbasa isə belə demişdir: "Nəfsim əlində olana and olsun ki, bir şəxsin qəlbinə səni Allah və rəsulu üçün sevməyənə qədər iman daxil olmaz. Kim əmimi incidərsə məni incitmişdir. Bir kəsin əmisi, onun atası kimidir".

Həmçinin Abbasa demişdir: "Ey əmi! Tezdən öz övladınla yanıma gəl" və onları toplayaraq öz paltarıyla örtüb belə dedi: "Bu əmimdir, atam kimidir. Onlar isə Əhli Beytimdir. (Allahım) mənim onları örtdüyüm kimi Sən də onları oddan qoru". Qapının kandarı və evin divarları "amin, amin" dedilər.

Usamə bin Zeydin və Həsənin – radiyAllahu anhum - əlindən tutaraq belə deyərdi: "Allahım mən onları sevirəm, sən də onları sev".

Əbu Bəkr – radiyAllahu anhu və ərdah - demişdir: "Muhəmmədi (rizasını, sevgisini) onun Əhli Beytində axtarın"

Həmçinin demişdir: "Nəfsim əlində olana and olsun ki, Allah rəsulunun – sallAllahu aleyhi və əlihi və səlləm – yaxınları ilə sıx əlaqədə olmam, mənə öz yaxınlarımla sıx əlaqədə olmaqdan daha sevimlidir."

Peyğəmbər – sallAllahu aleyhi və əlihi və səlləm – demişdir: "Həsəni sevəni Allah sevsin"

Yenə Həsən və Hüseynə - radiyAllahu anhumə - əliylə işarə edərək belə demişdir: "Məni, bu ikisini, atalarını və analarını sevən Qiyamət günü mənlə bir dərəcədə olacaq."

Qaynaq: Qadi İyad: Əş Şifa bi Tərifi Hüquqil Mustafa: 2/604-608

Beyrut: Darul Kutubil Arabi: 1404/1984

***

Hicri ikinci əsrin mücəddidi olan Əhli Sünnətin imamı Muhəmməd bin İdris Əş Şafi (150–204 h/767–820 m) - radiyAllahu anhu - öz şerlərinin birində deyir:

Ey Allah Rəsulunun Əhli Beyti sizi sevmək

Allahın Quranda endirdiyi bir fərzdir

 

Sizin üçün əzəmətli bir fəxr olaraq (namaz vaxtı)

Sizə salavat gətirmiyənin namazının səhih olmadığı yetərlidir

 

Qaynaq: İmam Şafi: Divanul İməmiş Şafi: 121/Qahirə: Məktəbə İbn Sina

***

Hənəfi alimlərindən Əbul Məali Əl Alusi (1273-1342 h/1857-1924 m) Rafizilərə yazdığı rəddiyəsində deyir:

"Əhli Sünnətin tamamı, öz kitablarında Əhli Beytin fəzilətləri və öygüləri haqda rəvayətlər etmişlər. Necə etməsinlər ki, onlar (Əhli Sünnət) Əhli Beyt sevgisini fərz sayırlar! Onlar bu barədə bir çox hədislər rəvayət etmişlər..." (Qaynaq: Əbul Məali Əl Alusi: Sabbul Azab alə Mən Səbbəl Əshab: 275/Ədvaus Sələf: 1417/1997)



29-10-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz