Ana səhifə

ƏL-ĞANİYY / ƏL-MUĞNİ


YazdırSend to friend

Ğaniyy: "Nemət və rəhmət xəzinələri sonsuz olan."

 

"Heç bir şeyə möhtac olmayıb hər şeydən müstağni olan."

 

Muğni: "Dilədiyinə zənginlik verən."

 

"Xas qullarını, istiğna kamalına çatdıran."

 

"Ey insanlar, siz Allaha möhtacsınız; Allah isə, Ğaniyydir, Hamiddir (təriflənməyə layiqdir)." (Fatır surəsi, 15)

 

 

Əvvəl Ğaniyy adı üçün verilən birinci məna üzərində dayanaq: "Nemət və rəhmət xəzinələri sonsuz olan."

 

İnsan mütləq kasıbdır. Gözə möhtac olduğu kimi günəşə də möhtacdır. Gecənin gəlməsinə ehtiyacı olduğu kimi, getməsinə də ehtiyacı vardır. Havadan, sudan, mövsümlərin gəlib getmələrinə qədər hər cür ehtiyacını ancaq bütün varlıq aləminin yeganə sahibi olan Allah qarşılamaqdadır.

 

İkinci məna: "Heç bir şeyə möhtac olmayıb hər şeydən müstağni olan."

 

Varlığı vacib, qədim və baqi olub bütün kamal sifətlərə sahib olan Allah, yaratdığı və bütün ehtiyaclarını şəxsən gördüyü məxluqatından əlbəttə müstağnidir.

 

Allah, Rəzzaq adını təcəlli etdirməklə bəsləyib böyütdüyü bir qulunun, yeyib içməsinə necə möhtac deyilsə, eyni şəkildə Hadi adıyla ürək gözünü açdığı və özünə mənəvi nemətlər lütf etdiyi bir qulunun da imanına, ibadətinə elə möhtac deyil. Allah bütün bunlardan müstağnidir.

 

Bütün insanlar iman, əməl və əxlaq sahəsində kamala çatsalar, Allahın kamalında bir çoxluq olmayacağı kimi, yenə bütün insanların küfr və dəlalətə düşmələriylə də Onun kamalında bir nöqsanlıq olmaz.

 

Allahın sifətləri də təcəllidən müstağnidirlər, yəni təcəlliyə möhtac deyildirlər. Bütün təcəllilər məxluqat üçündür, məxluqatın kamalları üçündür, onlara rəhmət və inayət üçündür.

 

Bu adlardan feyz alan bir insan, ürəyini yalnız Allaha bağlar, mütləq Ğaniyy olaraq ancaq Onu tanıyar və hər cür ehtiyacını tək Ona ifadə edər və çatdığı hər cür maddi və mənəvi nemətlər üçün ancaq Ona həmd və şükr edər.



03-12-2009 12:00:00