Ana səhifə

ƏL-MUSAVVİR


YazdırSend to friend

"Təsvir edən; hər şeyə bir surət və şəkil verən."

 

"Hər şəkli digərindən fərqli edən."

 

"Məxluqatını istədiyi sifət və seçdiyi surətdə yaradan."

 

"O Allah ki, Xaliqdir, Barıdır, Musavvirdir. Ən gözəl adlar Onundur." (Həşr, 24)

 

Varlıq aləmini seyr etdiyimizdə əvvəlcə surətlər aləmi gözümüzə çarpar. Bütün bu surətlər, mahiyyətlərə görə şəkil almışlar.

 

 

Mənəvi simaları təxəyyül və təfəkkür etməmiz olduqca çətin olduğundan, Musavvir adını düşünərkən daha çox maddi surətləri xatırlayar, onlardakı gözəllikləri və hikmətləri düşünürük.

 

Məxluqat hələ yaradılmamışkən, hər şeyin mahiyyəti Allahın elmində idi. Bu mahiyyətlərin hər birinin də özünə xas bir ‘mənəvi siması' vardı. Bunlar dünya səhnəsinə çıxarıldıqlarında hər birisinə ona məxsus bir maddi surət verildi. Görünməz surətlər, görünür hala gəldilər.

 

"Ətə sümüyə büründüm, / Yunus deyə göründüm," beytində, bu məna ləziz bir şəkildə dilə gətirilmişdir.

 

Bütün varlıq aləmi üçün etibarlı olan bu həqiqəti, kainatın bir kiçik misalı olan insanda, daha dəqiq olaraq oxuya bilirik.

 

İnsanın bir mahiyyəti olduğu kimi, hər bir orqanının da yenə ayrı bir mahiyyəti vardır. İlahi elm və hikmət ilə hər orqanın iş görə bilməsi üçün necə bir surətə sahib olması lazımdırsa, ilahi qüdrət o orqanı ona görə yaratmış, təsvir etmişdir.

 

İndi bütün canlılar aləminə qısaca bir nəzər salaq:

 

‘İnsan, dəvə, keçi, qurd, göyərçin, sərçə, balıq' ruhlarının, bir-birlərindən çox fərqli olduğunu rahatlıqla anlaya bilirik. Bu qədər fərqli ruh növü yaratmaq Allaha məxsusdur. Yenə, bədənimizin ruhumuza ən uyğun şəkildə yaradıldığını çox yaxşı bildiyimizdən, hər heyvanın ruhunun da öz bədənində rahatladığını anlaya bilirik. Və bir milyonu keçən heyvan növünün hər birinə, öz ruhlarına ən uyğun bir bədən tikilməsində, Musavvir adının əzəmətini hiss edər kimi oluruq.

 

Surət vermə həqiqəti yalnız canlılar aləminə xas deyil. Amma, bu həqiqət canlılarda daha aydın bir şəkildə özünü göstərməkdə, oxutdurmaqdadır.

 

Bütün sifətləri sonsuz olan Allah, bu sifətlərin və adların təcəllilərində də sonsuzluq sirrini göstərmişdir. Musavvir adının da təcəlliləri sonsuza doğru gedər və bu surətlərdən heç biri digərinə oxşamaz.

 

Bu aləmdə bir-birinə oxşar iki şəkil tapa bilməzsiniz. Heç bir ulduz digərinin eyni deyil. Buludlar hər gün, hər şəhərdə ayrı şəkillərdə olarlar.

 

Bir-biriylə eyni olan iki dağ görə bilməzsiniz.

 

Dəniz sahilinə gedin; şəkilləri bir-biriylə eyni olan iki çay daşına rast gələ bilməzsiniz.

 

Bu həqiqətin ən açıq dəlili, insan siması və barmaq izləridir. İnsanlıq aləmində, keçmiş və gələcək zamanı da diqqətə alsanız, eyni simaya sahib iki fərd görə bilməzsiniz.

 

Musavvir adı təfəkkür edilərkən, bu başqalıqların eyni zamanda böyük bir rəhmət olduğu da düşünülməli. Məsələn, bütün insanlar eyni simaya sahib olsaydılar, cəmiyyət həyatı bir qarışıqlıq içinə girərdi.

 

•••

 

İnsan, Musavvir adını düşünərkən, surətlər aləmini və bu aləmin mahiyyətlər aləmiylə olan möcüzə əlaqəsini heyrətlə təfəkkür etməli, ayrıca özünə lütf edilən insan surətinin də şükrünü etməyə çalışmalıdır.



09-11-2009 12:00:00