Ana səhifə

Əllərin Qaldırılmaması Görüşündə Əhli Rəyin ( Hənəfilərin ) Dəlilləri:


YazdırSend to friend

   Uca Allahın izni ilə bu yazımda namaz qılanın, namaza giriş təkbirindən başqa heç bir yerdə əllərinin qaldırılmayacağına dair dəlilləri qeyd edəcəyəm. Müvəffəqiyyət Allahdandır.

  Əhli Rəy imamlarının bu məsələdə əsaslandığı dəlillərdən bəziləri aşağıdakı hədislərdir:

  1. Hədislərdən birincisi Bəra bin Azibin –radiyAllahu anhu- hədisidir. Bəra bin Azib deyir: “Peyğəmbər –sallAllahu aleyhi və əlihi və səlləm- namaza başladığı zaman əllərini qulaq məmələri yaxınlığına qədər qaldırar, sonra isə qaldırmazdı”. [Tahavi, Şərhu Məanil Əsar, 1347, 1348.]

  Bu hədisə yönəlik qarşı tərəfin etirazları aşağıdakı kimidir:

   Əbu Davudun dediyinə görə, bu hədisi Yezid bin Əbu Ziyaddan, Huşeym, Xalid və İbn İdris də rəvayət etmişdir. Lakin heç biri “sonra isə qaldırmazdı” əlavəsini qeyd etməmişlər. Həmçinin Xattabi də deyir ki, “sonra isə qaldırmazdı” əlavəsini Şərikdən başqası söyləməmişdir. Həmçinin Əbu Ömər (İbn Abdul Bərr) deyir ki, bu hədisi Yezid bin Əbu Ziyad təfərrüd etmiş. Ondan da hafizlər almışlar. Heç biri “sonra isə qaldırmazdı” əlavəsini qeyd etməmişlər. Bəzzaz da demişdir ki, Yezidin əlləri qaldırma barədəki hədisində “sonra isə qaldırmazdı” sözü səhih deyil. Abbas əd Dövri də İbn Məinin “Bu hədis səhih deyildir” dediyini rəvayət edib. Həmçinin Əhməd bin Hənbəl də “Bu hədis çox zəifdir. Yezid “sonra isə qaldırmazdı” deyə rəvayət etməzdi. Ona bu əlavə təlqin edildikdən sonra rəvayət etmişdir” deyir. [Ayni, Umdətul Qari, 5/273. ]

   Bu qarşı tərəfin hədisə, daha doğrusu hədisdəki “sonra isə qaldırmazdı” hissəsinə yönəlik etirazlarıdır.

Əhli Rəy imamlarının bu etirazlara cavabı isə bu şəkildədir:

   Əbu Davudun sözünə gəlincə, bu heç də belə deyil. İbn Adiyy “əl Kamil”ində qeyd edir ki, bu hədisi Huşeym, Şərik və onlarla birgə başqaları, Yezid bin Əbu Ziyaddan eyni sənədlə rəvayət etmiş və hamısı “sonra isə qaldırmazdı” əlavəsini qeyd etmişdir. Bundan da aydın olur ki, bu əlavəni Yeziddən təkcə Şərik rəvayət etməmişdir. Bununla da Xəttabinin ““Sonra isə qaldırmazdı” əlavəsini Şərikdən başqası söyləməmişdir” şəklindəki etirazının doğru olmadığı anlaşılır. Bunu Bədruddin əl Ayni deyir.[Eyni qaynaq.]

  Deyirəm: Bədruddin əl Ayninin, İbn Adiyydən nəql etdiyi söz, təkcə Əbu Davudun və Xattabinin deyil, digər etirazların da yanlış olduğunu göstərir. Əhməd bin Hənbəlin, Yezid bin Əbu Ziyadı bu əlavəni təlqin edildikdən sonra rəvayt etməklə ittiham etməsinə gəlincə, bu da hədisin ravisinə yönəlik digər bir etirazdır. Yəni hədisin ravisi olan Yezid bin Əbu Ziyad zəif birisidir və hədisi təfərrüd edən də məhz odur.

    Əhli Rəy imamlarının bu etiraza –yəni Yezidin zəif olması etirazına- cavabları isə budur ki, bu hədisi İsa bin Abdur Rahmən həmçinin İbn Əbu Leyladan da rəvayət etmişdir. Elə imam Tahavi də bu hədisin Yezid bin Ziyadın təfərrüdü olmadığına işarə edərək İsa bin Abdur Rahmənin, İbn Əbu Leyla  (ata İbn Əbu Leyla) yolu ilə rəvayət etdiyini də qeyd edir.[Tahavi, Şərhu Məanil Əsar, 1347.] Bunu Ayni deyir.[Ayni, Umdətul Qari, 5/273.]

  Deyirəm: Həmçinin İsa bin Abdur Rahməndən başqa Həkəm də bunu İbn Əbu Leyladan rəvayət etmişdir. Üstəlik bununla da Dariminin “Bunu Abdur Rahmən bin Əbu Leyladan, Yeziddən daha güclü birisi rəvayət etməyib” sözünün də yanlış olduğu anlaşılır. Çünki İsa bin Abdurrahmənin, Yezid bin Əbu Ziyaddan güclü olmasında, hafiz İbnut Turkməninin “əl Cövhərun Nəqiyy” kitabında dediyi kimi şəkk yoxdur. [ İbnut Turkməni, əl Cövhərun Nəqiyy, 1/137.]

   Üstəlik Əhli Rəy imamları qeyd edirlər ki, Yezid bin Əbu Ziyad heç də zəif olmayıb. İcli ondan rəvayəti caiz saymışdır. Həmçinin Yaqub bin Sufyan “Haqqında (ömrünün sonunda yadaşının) dəyişməsi səbəbi ilə bir şeylər deyilsə də hədisi məqbul, ədalətli və siqa birisidir” demişdir. Hətta Əbu Davudun özü belə başqasını ondan üstün tutsa da onun hədisini kiminsə tərk etdiyini bilmədiyini deyir. İbn Şahin “əs Siqat” kitabında Əhməd bin Salehin belə dediyini qeyd edir: “Yezid bin Əbu Ziyad siqadır. Onun haqda mənfi danışanların sözünü xoşlamıram”. Saci və İbn Hibban onun saduq olduğunu bildirmişdir. Muslim və İbn Xuzeymə də onun hədisini öz “Səhih”lərində təxric etmişdir. Buxari də istişhad məqamında onun hədisini qeyd etmişdir.[Ayni, Umdətul Qari, 5/273.]

 Bədruddin əl Ayni bütün bunları qeyd etdikdən sonra deyir:

  “Belə olduğu təqdirdə mümkündür ki, Yezid bin Əbu Ziyad bir rəvayətdə hədisin bir qismini, digər rəvayətdə isə tamamını qeyd etmişdir. Yaxud mümkündür ki, öncə bir qismini unutmuş, sonra xatırlayaraq tamamını qeyd etmişdir”.[Eyni qaynaq.]

   Əhməd bin Hənbəlin ittihamına gəlincə, zənnimcə bunun əsli Sufyan bin Uyeynəyə nisbət edilən sözdür. Bu sözü və buna veriləcək cavabı qeyd etmədə fayda var. Əhli Rəy imamlarından Əbul Hüseyn əl Quduri belə deyir:

  “(Qarşı tərəf) Sufyan bin Uyeynənin belə dediyini nəql edir: Yezid bin Əbu Ziyad, mənə Abdur Rahmən bin Əbu Leyladan belə rəvayət etdi ki, Peyğəmbər namaza başladığı zaman əllərini qaldırardı. Bundan başqa nəsə demədi. Kufəyə gəldiyim zaman Yezid bin Əbu Ziyadın “sonra isə qaldırmazdı” dediyini eşitdim. Elə zənn edirəm ki, kufəlilər bunu ona təlqin etmişlər.

   Biz (bu sözə cavab olaraq) deyirik: Bu ittiham doğru bir ittiham deyil. Çünki bu ravini yalanla ittiham etməkdir. Əksinə, vacib olan budur ki, onun bu əlavəni unutduğunu, daha sonra xatırladığını qəbul edək. Necə ki, İbn Şüca, Muəlla bin Mənsurdan belə dediyini rəvayət edir: Bizə Xalid və Yaqub, İbn Əbu Leyladan, onun da qardaşından (yəni İsa bin Abdur Rahməndən), onun da atasından (ata İbn Əbu Leyladan) onun da Bəradan belə nəql etdiyini rəvayət edir: “Peyğəmbər –sallAllahu aleyhi və əlihi və səlləm- namaza başladığı zaman əllərini qaldırar, sonra namazdan çıxıncaya qədər qaldırmazdı”. [Quduri, ət Təcrid, 2/519.]

   Qudurinin sözünə əlavə olaraq onu deyim ki, Sufyan bin Uyeynədən bu söz sabit olarsa, bu onun zənni olar. Özü də açıq şəkildə sadəcə bu cür zənn etdiyini deyir. Zənnə əsaslanaraq bir ravini bu cür bir şeylə ittiham isə doğru deyil.

   Yeri gəlmişkən onu da deyim ki, bəzi mürəkkəb cahillər, utanmadan Bədruddin əl Ayninin, müxaliflərdən nəql etdiyi etirazları qeyd etməklə kifayətlənir. Bununla da deyirlər ki, bu hədisin zəif olduğunu biz yox, hətta hənəfi alimlərindən Bədruddin əl Ayni də etiraf edir. Yalanı din halına salmış bu kəslər, ətraflarındakı cahilllərin hər dediklərini qanun olaraq qəbul edəcəyinə arxayın olmasalardı, Bədruddin əl Ayninin bu etirazlara verdiyi cavabını da qeyd edərdilər. Necə ki, biz qeyd etdik. Hətta bu etirazlara yuxarıda qeyd etdiyimiz cavabı verdikdən sonra, əllərin qaldırılması məsələsinin nəsx olunmasına dair Bədruddin əl Ayni bizim bir öncəki məqalədə yazdığımız şeyləri də gətirir. Üstəlik qarşı tərəfin əsas aldığı hədislərin niyə Əhli Rəyə görə məqbul olmadığını da bildirir. Bu yanaşma vəchlərindən bir öncəki yazımda qeyd etdiyim şeyləri sayır. [Ayni, Umdətul Qari, 5/273-274.]

  Yəni Bədruddin əl Ayni, qarşı tərəfin hədisi zəif saymasını qeyd edərkən, yalançı yalan tələbələrinin iddia etdiyi kimi onları təsdiqləyərək deyil, onların bu iddiasına cavab vermək üçün qeyd edir.

   Bu yalançı, mürəkkəb cahil hələ utanmadan yalan yerə Vəliyyullah əd Dəhləvinin də sözünü təhrif edərək “budur hənəfi alimləri də belə deyir” şəklində boşboğazlıq edir. Kəzzab “Huccətullahil Bəliğa” kitabından “Rükuya gedərkən əllərini qulaqları yaxud çiyinləri səviyyəsinə qaldırar, rükudan qalxdıqda da eyni şeyi edər” sözünü elə buraya kimi nəql edib, Vəliyyullah əd Dəhləvinin də hənəfilərə müxalif olduğu abu-havası yaratmaq istəyir. Allaha həmd olsun ki, bu mürəkkəb cahillər qrupunu, bu cür nümayəndələri ilə ifşa edir.

   Əgər bu kəzzab, Allahdan utansaydı, Dəhləvinin sözünü tam oxuyardı. Amma yalanı peşə etdiyi üçün, Ayninin sözünü yarımçıq nəql etdiyi kimi, Dəhləvinin də sözünü yarımçıq nəql edib.

   Dəfələrlə demişəm ki, insan bir şeyi özünə peşə və ixtisas edərkən, gərək o sahədə öz üzərində işləyib özünü professionallaşdırsın. Sizlər yalanı özünüzə peşə və ixtisas etmisizsə, bu sahədə üzərinizdə işləyin. Heç olmasa biri sizi ifşa edərkən yorulsun. Yalanın 40 gün ömrü var. Amma sizin yalanın heç 40 saniyə ömrü olmur.

   Dəhləvinin tam sözünə gəlincə, yuxarıdakı qismi qeyd etdikdən iki sətr sonra belə deyir:

   “Bu əməl, namazın heyətlərindəndir. Peyğəmbər –sallAllahu aleyhi və əlihi və səlləm- onu bəzən etmiş, bəzən isə etməmişdir. Hər iki hal da (yəni qaldırmaq və qaldırmamaq) sünnətdir. Səhabə və tabiundan, eləcə də onlardan sonra gələnlərdən hər iki görüşdə olan var. Bu, Mədinə və Kufə ekolunun ixtilaf etdiyi məsələlərdən biridir. Hər birinin də güclü dəlilləri var. Bu kimi məsələlərdə mənim görüşüm budur ki, hər iki hal sünnətdir”.[Dəhləvi, Huccətullahil Bəliğa, 2/16.]

   Gördüyünüz kimi Dəhləvi, bu kəzzabın dediyinin əksinə olaraq, hər iki halın sünnət olduğunu, hər iki görüşdə səhabədən, tabiundan və onlardan sonra gələnlərdən elm əhlinin olduğunu, hər iki tərəfin güclü dəlilə sahib olduğunu dedikdən sonra, öz görüşünün də hər iki əməlin sünnət olması yönündə olduğunu qeyd edir. Kəzzabları bizim əlimizlə ifşa edən Allaha həmd olsun.

   2. Əhli Rəy imamlarının əsas aldıqları digər bir hədis isə Abdullah bin Məsudun –radiyAllahu anhu- hədisidir. Əhli Rəy imamlarından Əbu Cəfər ət Tahavi, sənədi ilə Abdullah bin Məsudun belə dediyini rəvayət edir: “Peyğəmbər –sallAllahu aleyhi və əlihi və səlləm- namaza başlarkən əllərini qaldırar, sonra isə qaldırmazdı”.[Tahavi, Şərhu Məanil Əsar, 1349.]

  Tirmizi sənədi ilə Abdullah bin Məsudun belə dediyini rəvayət edir:

“Sizə Allah Rəsulunun –sallAllahu aleyhi və əlihi və səlləm- namazını qılımmı?” Bundan sonra namaz qıldı və əllərini ilk təkbirdən başqa heç bir yerdə qaldırmadı. [ Tirmizi, 257.]

  Tirmizi bu hədisi rəvayət etdikdən sonra həsən olduğunu söyləmişdir.[Tirmizi, Sünən, 1/343.]

  Bu məsələdə Əhli Rəyə müxalif olanların, hədisə yönəlik etirazları aşağıdakı kimidir:

  İbnul Mübarək bu hədisin onun yanında sabit olmadığını demişdir. Həmçinin Munziri, İbnul Mübarəkin sözünü qeyd etdikdən sonra bildirir ki, ondan başqası, hədisin sənədindəki Abdur Rahmən bin əl Əsvədin Alqamədən eşitmədiyini demişdir. Üstəlik hədisi rəvayət edən Asim bin Kuleybin hədisi, Hakimin də dediyi kimi səhih qaynaqlarda zikr olunmayıb.

   Əhli Rəy imamlarının bu etirazlara cavabları bu şəkildədir:

   İbnul Mübarəkin sözünə gəlincə, onun yanında sabit olmaması, digər sənədlə sabit olmasına əngəl deyil.[İbnul Huməm, Fəthul Qadir, 1/310.] Abdur Rahmənin Alqamədən eşitməməsinə gəlincə, bu batildir. Çünki bunu deyənin kimliyi bilinmir.[Eyni qaynaq.] Munziri bunu kimin dediyini qeyd etmir. Abdur Rahmən, İbrahim ən Nəxai ilə eyni dövrdə yaşayıb və yaşları eynidir. İbrahim də Alqamənin tələbəsidir. Belə olduğu təqdirdə Abdur Rahmənin Alqamədən eşitməsinə nə əngəl ola bilər?

  Üstəlik Xatib əl Bağdadi “əl Muttəfaq vəl Muftəraq” kitabında Abdur Rahmən bin əl Əsvəddən danışarkən, onun atasından və Alqamədən eşitdiyini açıq şəkildə ifadə edir. [Xatib əl Bağdadi, əl Muttəfaq vəl Muftəraq, 1487.]

   Hakimin Asim bin Kuleybin hədisi haqda dediyinə gəlincə, əgər bununla onun məhz bu hədisinin Buxari və Muslimin “Səhih”lərində yer almadığını qəsd edirsə və bunu bir qüsur görürsə, o zaman öz “əl Mustədrak” kitabını ilk başda zəif saymalıdır. Çünki Hakim o kitabını, Buxari və Muslimin “Səhih”ində keçməyən hədisləri toplamaq üçün yazıb. Yox, ümumiyyətlə hədisinin o kitablarda keçmədiyini qəsd edirsə, bu da özlüyündə cərh səbəbi deyil. Çünki Buxariylə Muslim, bütün siqaların hədisini öz kitablarına almağı şərt qoşmayıblar. Bu bir.

  İkincisi Muslim Asim bin Kuleybin hədisini öz kitabında bir neçə yerdə qeyd edibdir. Beləliklə bu hədis Muslimin şərtinə uyğundur.[İbnut Turkməni, əl Cövhərun Nəqiyy, 137.]

  Üstəlik Asim bin Kuleybi, İbn Məin siqa saymışdır.[İbnul Huməm, Fəthul Qadir, 1/310.]

   Sonda onu da qeyd edim ki, bu görüş təkcə Əhli Rəyin, yəni hənəfilərin görüşü deyil. Bu görüşdə Əhli Rəylə birgə ta səhabə zamanından bir çox elm əhli olmuşdur. İmam Tirmizi, Abdullah bin Məsudun hədisini rəvayət etdikdən sonra belə deyir:

“İbn Məsudun hədisi həsəndir. Allah Rəsulunun –sallAllahu aleyhi və əlihi və səlləm- əshabından olan elm əhlindən bir neçəsi də məhz bu görüşdə (yəni ehram təkbirindən başqa əllərin qaldırılmayacağı görüşündə) olmuşdur”.[Tirmizi, Sünən, 1/343.]

   İndi bu məsələ üzərindən baş yarmağa çalışan cahillərə soruram: Siz cahillərcə Allah Rəsulunun əshabından olan bu elm əhli, Peyğəmbərin sünnəsinə müxalifmi olub? Məgər onlar, siz cahillər qədər sünnəni bilməyiblər? Nəyə görə mürəkkəb cahil olduğunuz bir məsələdə, səhabələrin belə üzərində olduğu bir görüşü aldıqları üçün insanları sünnəti tərk etməklə ittiham edirsiz? Təbii ki, sizin bu əməlinizin bir səbəbi var. O da sizin mürəkkəb cahil olmanızdır.

  Bəli, Tirmizinin də sözündən açıq şəkildə aydın olur ki, səhabələrdən olan elm əhlinin bir qismi məhz bu görüşdə olmuşlar. Səhabədən tutmuş müctəhid imamların zamanına qədər bu görüşdə olanların müəyyən olaraq kimliklərinə gəlincə, onlardan cüzi bir qisminin adlarını aşağıdakı kimi sadalaya bilərik:

   Möminlərin Əmiri Əli bin Əbu Talib kərramAllahu vəchəh. Bunu ondan imam Tahavi rəvayət etmişdir. Ondan gələn rəvayəti, bu rəvayətə müxalif rəvayətin cavabını bu yazıda qeyd etmişəm.

  Kufənin fəqihi Abdullah bin Məsud. Bunu yuxarıda qeyd etdiyim hədislərdən gördünüz. Həmçinin bu yazıda da İbn Məsudun ilk təkbirdən başqa əllərini qaldırmadığına dair rəvayətlərə yer vermişəm.

   İbn Ömər. Ondan əlləri qaldırması ilə bağlı gəlmiş rəvayəti və cavabını bu yazıdan oxuya bilərsiz. Həmçinin İbn Əbu Şeybənin “əl Musannəf”ində də Mucahidin İbn Ömərdən bu görüşdə olması haqda rəvayətinə baxa bilərsiz. [İbn Əbu Şeybə, əl Musannəf, 2452.]

   Bu görüş həmçinin Möminlərin Əmiri Ömərdən də gəlir. Əsvəd onunla birgə namaz qıldığını, ilk təkbir xaricində əllərini qaldırmadığını rəvayət edir. [Eyni qaynaq, 2454.] Belə olduğu təqdirdə ən azından bu ondan gələn iki rəvayətdən biri olar.

   Abdullah bin Məsudun və Əli bin Əbu Talibin əshabı. Bəli, İbn Məsudun və Əlinin, tabiun fəqihlərinin nəhəngləri adlandıra biləcəyimiz əshabı da yalnız və yalnız namazın əvvəlində əlini qaldırardı. Bu haqda İbn Əbu Şeybə belə deyir: Bizə Vaki və Əbu Usamə, Şubədən, onun da Əbu İshaqdan belə dediyini rəvayət etdi: “İbn Məsudun və Əlinin əshabı yalnız namazın əvvəlində əllərini qaldırardı”. Vaki dedi: Daha sonra isə qaldırmazdılar.[ Eyni qaynaq, 2446.]

   Subhənallah! İbn Məsudun və Əlinin əshabının sayını və fiqhini tərəzinin bir gözünə, digər diyarlarda olan fəqihlərin sayını və fiqhini də digər gözünə qoysaq, Əlinin və İbn Məsudun əshabı ağır gələr. Onlar ki, İraqın, xüsusən Kufənin təmsilçiləridir.

   İbn Məsudun ən fəqih əshablarından Alqamə və Əsvədi bu yöndə xüsusi ilə qeyd etmək lazımdır. Onlar da əllərini yalnız namaza başlarkən qaldırardılar.[ Eyni qaynaq, 2453.]

   İraqın fəqihi və hafizi İbrahim ən Nəxai də bu zümrədəndir. Onun əllərin qaldırılması rəvayətinə etirazını bu yazıda Tahavidən nəql etmişəm. Həmçinin imam Əbu Hənifə də şeyxi Həmmad vasitəsi ilə İbrahim ən Nəxainin belə dediyini rəvayət edir:

“Əllərini namazın əvvəlində ilk təkbirdə qaldır. Bundan başqa yerdə isə qaldırma”.[Əbu Yusuf, əl Əsar, 99.]

   Əllərini yalnız namazın əvvəlində qaldıranlardan biri də Şabidir. Bunu ondan İbn Əbu Şeybə rəvayət edir.[İbn Əbu Şeybə, əl Musannəf, 2444.]

   Kufədən olan digər bir fəqih Sufyan əs Sövri də əllərini yalnız və yalnız namaza başlarkən qaldırardı. Bu haqda Tirmizi, İbn Məsudun hədisini rəvayət edib onu həsən saydıqdan sonra belə deyir:

“Allah Rəsulunun –sallAllahu aleyhi və əlihi və səlləm- əshabından olan elm əhlindən bir neçəsi də məhz bu görüşdə (yəni ehram təkbirindən başqa əllərin qaldırılmayacağı görüşündə) olmuşdur. Bu həmçinin Sufyan əs Sövrinin və Kufə əhlinin görüşüdür”.[Tirmizi, Sünən, 1/343.]

   Həmçinin Mədinənin fəqihi imam Malikdən gələn bir görüşə görə də əllər yalnız namazın əvvəlində qaldırılar. Bu, Əşhabın ondan rəvayət etdiyi iki rəvayətdən biridir.[ Cəssas, Muxtasaru İxtiləfil Uləmə, 1/199.]

   Hətta Əbu Bəkr bin Ayyəş belə deyir: “İlk təkbirdən başqa əllərini qaldıran fəqih görmədim”.[Eyni qaynaq.] Subhənallah, görəsən Əbu Bəkr bin Ayyəşin gördüyü fəqihlrin sayını bilən varmı?

   Xülasə, “Əbu Hənifə və əshabından başqa bu görüşdə kim var?” deyə sorulsa, olduqca qısa şəkildə “İçində İbn Məsud, Əli, İbn Ömər və bir rəvayətdə elə Ömərin özü olan səhabədən bir qrup elm əhli, Əlinin və İbn Məsudun İraqı dolduran əshabı, Alqamə, Əsvəd, İbrahim ən Nəxai, Şabi, Sufyan əs Sövri, bir rəvayətə görə imam Malik, Kufənin digər fəqihləri və Əbu Bəkr bin Ayyəşin gördüyü fəqihlər” deyə cavablaya bilərik. Təbii ki, bu gün özünə “tələbə” deyən bəzi zavallılara görə səhabədən tutmuş bütün bu adı sadalanan imamların hamısı Allah Rəsulunun sünnəsindən xəbərsiz olmuşdur və ona müxalif davranmışdır.

   Əgər biz bu xəstələr kimi məsələni dava-dalaşa çevirəsi olsaq, öz görüşümüzlə başqaları üzərində fəxr edəcək olsaq, səhabədən tutmuş bu qədər elm əhlinin ağırlığı altında müxaliflərin belini bükərik. Hətta təkcə İbn Məsudun bu görüşdən razı olması və onu mənimsəməsi kifayətdir. Çünki Allah Rəsulu –sallAllahu aleyhi və əlihi və səlləm- onun ümmət üçün razı qaldığı şeydən razıdır.

   Lakin imam Tahavinin də dediyi kimi, biz öz dəlillərimizi qeyd etməklə müxalif görüşü alçaltmaq niyyətində deyilik. Sadəcə millətin canını boğazına yığan bəzi avaraların əmələrinin cəhalətdən qaynaqlandığını göstərmək istəyirik. Bundan öncəki yazımın əvvəlində də bildirmişdim ki, əllərin qaldırılması görüşü bu ümmətin böyüklərindən olan bir çoxunun mənimsədiyi görüşdür. Bu məsələ barədə ixtilaf mötəbərdir.

   Hətta ixtilaf o qədər mötəbərdir ki, Əbu Hənifənin guya sünnəyə müxalif davrandığı yerlər haqda xüsusi bölüm açan İbn Əbu Şeybə belə bu məsələdə Əbu Hənifənin sünnəyə müxalif olduğunu qeyd etmir. Necə ki, imam Muhəmməd Zahid əl Kövsəri bunu “ən Nukətut Tarifə” kitabının girişində bildirir.[Kövsəri, ən Nukətut Tarifə, 9.]

Yazını bitirməyə müvəffəq edən Allaha həmd olsun.

 

Yazdı: Rüstəm Mehdi Qubavi

Müəllif: 


31-01-2019 11:22:31

Düğüme özel