Ana səhifə

Əshabə sevgisinin dinimizdəki yeri nədir ki, bəzi qruplar əshabələrdən bir qisminə düşmən olduqları üçün əhli-dəlalət qəbul edilirlər?


YazdırSend to friend

Əshab-ı kiramın dinimizdəki yerini, onları sevməyin əhəmiyyətini və müsəlmanların əshabələr arasındakı fikir ayrılıqlarına necə baxmalı olduqlarını açıqlamaqda zərurət vardır.

Əshabeyi- Kiram Əfəndilərimiz, Rəsulu Əkrəm Əfəndimizə (s.ə.v.) haqqıyla varis və vəkil oldular. Sağa və sola meyl etmədən yalnız və yalnız doğru yol üzərində getdilər, Allaha aparan yollarda hər biri bir öndər, bir rəhbər oldular. Hansının ardından gedilsə doğru yola, səadət və salamatlığa çıxılmış olar. Çünki, Cənabı Haqq onlara, insanları hidayətə çəkən bir xüsusiyyət, bir cazibə vermişdir. Onlar Cənabı Haqqın ruhlar məclisində sevib, peyğəmbərimiz ətrafında bir halqa təşəkkül etdirdiyi, seçmə, çalışqan və yüksək səciyyəli insanlardır.

Əshabələrin hamısı istisnasız Rəsulullah Əfəndimizin söhbətiylə müşərrəf oldular. Onların ruhları, ağılları, qəlb və vicdanları və nəhayət bütün hissiyyatları, Peyğəmbər tərbiyəsindən keçdi, onun feyzilə böyüdülər. Başqa bir ifadəylə, onlar dağın cənub yamacındakı çiçəklər kimi, günəşdən birbaşa istifadə etdilər və onun zatıyla görüşdülər. Onlardan sonra gələn bütün müsəlmanlar isə, dağın şimal yamacındakı çiçəklər kimi, günəşin zatından deyil, ancaq işığından faydalandılar.

Onlardan sonra gələn heç bir övliyanın onlara yetişə bilməməsinin sirri, bax bu böyük fərqdə axtarılmalıdır. Onlar vəhyin gəlişinə şəxsən şahid oldular. Dıhyə surətində, dəfələrlə Cəbrayılı (a.s.) gördülər. Minlərlə möcüzəyə şahid oldular. Bütün insanlıq aləmini nura, hidayət və səadətə çatdırmaq üçün göndərilən Qurani Kərimi ilk dəfə onlar dinlədilər. Onlar Quranı Azimüşşanın ilk tələbələri olma şərəfinə nail oldular. Ondakı uca həqiqətləri Peyğəmbər Əfəndimizdən dərs aldılar. Quranı Hakimi bütün qəlblərə, ağıllara, vicdanlara və dolayısilə həyata hakim etdilər. Onlardan sonra gələn heç bir kimsənin çata bilmədiyi feyz və bərəkətə, elm və ürfana, ixlas və sədaqətə, farağat və fədakarlığa çatdılar. Baxışları ibrətlə, fikirləri elm və hikmətlə, qəlbləri ilahi söhbətlə doldu. Onları nə dünya əsir edə bildi, nə də Cənnətin gözəllik və cazibədarlığı cəlb etdi. Onlar dünya və axirət nemətlərinə deyil, o nemətləri verənə talib oldular və Onu tapdılar. Yalnız və yalnız Allaha qul olmağın uca şərəf və izzətiylə yaşadılar.

Onların hamısı qurtuluşa çatanlar zümrəsindəndir; hamısı "Əshabə" olma şərəfində ortaqdır. Allah və Elçisi, onların hamısından razı olmuş və onları tərifləyərək ucaltmışdır.

Cənabı Haqq, Tövbə surəsində Əshab-ı kiramdan razı olduğunu və onlar üçün əbədi nemətlər, səadətlər hazırladığını belə bəyan edir:

 

"Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə və ənsarlara, həm­çinin yax­şı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razı­dır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağ­ları hazırlamışdır. Bu, böyük uğurdur. " (Tövbə Surəsi, 100)

 

Yenə eyni surədə Cənabı Haqq Əshab-ı Kiramı tərifləyərək onların İslam uğrunda can və mallarıyla cihad etdiklərini ifadə edir və özlərini xeyr və lütfkarlıq ilə belə müjdələyir:

 

"Lakin (Allahın) Elçisi və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlar üçün nemətlər hazırlanmışdır. Məhz onlar uğur qazananlardır. Allah onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur.." (Tövbə Surəsi, 88-89)

 

Əshabə haqqında daha bir çox ayəti- kərimə nazil olmuşdur. Nümunə olaraq bu iki ayə ilə kifayətlənirik.

Rəsulu Əkrəm Əfəndimiz də Əshab-ı kiramı bir çox hədisi-şərifləri ilə səna etmişlər, onların Allah qatında qəbul olunmalarını və şərəflərinin ülviyyətini ümmətinə təlqin etmiş və onlara dil uzadanları təhdid etmişlər. Bunlardan bir neçəsini aşağıda təqdim edirik:

"Mənim əshabələrim ədalətlidirlər."

"Bir kimsə əshabəni sevsə məni sevdiyi üçün sevər. Onlara düşmənlik edən də mənə düşmənliyindən ötəri düşmənlik edər."

Əshab-ı kiramın heç birisinə düşmənliyin dinən mümkün olmadığı, istisnasız hamısının bir hidayət məşəli olduğu, bu hədisi-şərifdə ən yığcam ifadəylə ortaya qoyulmuşdur:

"Əshabələrim ulduzlar kimidir. Hansına tabe olsanız hidayətə çatarsınız." (Acluni, 1/132)

"Ulduz" olma xüsusiyyətində olan bütün ulduzlar bərabər olduqları halda, aralarında böyüklük və kiçiklik etibarilə fərqlər olduğu kimi, əshabələr arasında da fəzilət və mərtəbə nöqtəsində əlbəttə fərqlər olacaq. Bəzisi İslamiyyətlə daha əvvəl şərəflənmiş. xidmətdə digərlərini keçmiş, bir qismi ədalət və idarədə hamısının üzərinə çıxmış, bir başqası yumşaq xasiyyət və comərdlikdə daha irəli getmiş, bir başqası elm və qəhrəmanlıqda digərlərini keçmişdir.

Artıq bu hidayət ulduzları haqqında nalayiq sözlər danışmağın, onların bir qisminə sevgi bəsləyib, digər bir qismini pisləməyin, nə qədər böyük bir cinayət olduğunu müqayisə edin.

Bu da insafla nəzərə alınmalıdır ki, dinimizin gərək ibadətə, gərəksə əxlaqa aid bir çox həqiqəti, o haqsız hücumlara məruz qalan əshabələrdən dərs alınmışdır. Onlara hücum etmək, İslama hücum etmək hökmündədir.

Bəli, İslamın birinci safında olan və "Səbəb olan işləyən kimidir." hökmünə görə qiyamətə qədər gələcək bütün müsəlmanların qazandıqları savabın bir misli savab dəftərlərinə əlavə edilən, ən aşağı mərtəbədə olanına belə ən böyük bir vəlinin yetişə bilmədiyi bu seçmə kəslərə, Axırzaman Peyğəmbərinin o seçmə yoldaşlarına, o anlayışlı həmsöhbətlərinə kölgə salma səyləri, birbaşa İslamın özünə hücumdur.

Hədlərini təcavüz edərək, İslamın təməlinə qanlarını axıdan o seçmə camaatı mühakimə etməyə qalxanlar və birini haqlı çıxarıb, digərini tənqid edənlər, o hidayət ulduzlarına heç bir ləkə sürə bilməz, ancaq öz fəlakətlərini hazırlamış olarlar.

Qaldı ki, o mühakimə etdikləri kəslər, əshabələrin öndə gələnləridir. Bir qismi Cənnətlə müjdələnmişdir. Dedi-qodusunu etdikləri o kəsləri Quran və Peyğəmbər Əfəndimiz mədhü-səna etmişdir

İddiamıza qüvvətli bir dəlil də budur: Məlumdur ki, Səhihi Buxari gərək Əhli Sünnət və gərəksə şiələr arasında Qurandan sonra ən böyük kitab olaraq qəbul edilmişdir. Hər iki tərəf bu barədə eyni fikirdədir. Buxari-i Şərifdə, ixtilafa düşən o əshabələrin hər iki qanadından da etiqad, ibadət və əxlaqa dair bir çox hədisi-şərif rəvayət edilmişdir. Fiqh alimlərimiz və bütün ümmət bu rəvayətlərdən birini digərindən üstün tutmadan hamısını birdən qəbul etmişlər. Hədisləri rəvayət edən bütün mühaddislər də əshabənin fikir ayrılıqlarını heç nəzərə almamışlar, "Bu hədis, Hz. Əliyə və ya Hz. Müaviyəyə qarşı olan filan əshabədən rəvayət edildiyi üçün səhih deyil."-deməmişlər, belə bir səhvə yol verməmişlər.

Bu hala görə, bu nəticə ortaya çıxır; Bütün müctəhidlər, muhaqqiqlər, fakihlər, muhaddislər bu fikir ayrılıqları nəzərə almadan əshabənin hamısına hörmət etmişlər, məhəbbət bəsləmişlər və onların rəvayət etdikləri hədisi-şərifləri dinimizə əsas qəbul etmişlər. Bizim nə həddimiz var ki, bu möhtərəm kəslərin nəzərə almadıqları fikir ayrılıqlarını problemə çevirək.

Bu vəsilə ilə bu mühüm həqiqəti də diqqətə almaq lazımdır:

Hucurat surəsində, möminlərin sui -zəndən çəkinmələri belə əmr edilir:

 

" Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi ?" (Hucurat Surəsi, 12)

 

Cənabı Haqq bu ayəti-kərimədə bir mömini qeybət etməyin ölü əti yemək qədər çirkin və möminə yaraşmayan bir davranış olduğunu bizə xəbər verir. Hələ qeybət edilən bu mömin, əshabələrdən, həm də onların ən öndə gələnlərindən biridirsə, artıq məsələnin təhlükəsini siz təqdir edin.



26-04-2011 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz