Ana səhifə

Əzanda keçən "Fələh ( nicat ) tapmağa tələsin!" çağrışını necə şərh edərsiniz?


YazdırSend to friend

Fələh, qurtuluş deməkdir. Qurtuluş sözü fərqli çevrələr tərəfindən fərqli şəkildə şərh olunur.

Bir kasıbın aləmində bu söz, başını soxacağı rahat bir yuva, qarnını doyura biləcək qədər qida və örtünəcəyi bir paltar olaraq canlanır. Qısacası, onun qurtuluşdan anladığı, kasıblıqdan və dilənçilikdən azad olmaqdır.

Bir xəstənin dünyasında, bu söz şəfa ilə sinonimdir. Əsgər, bu sözü tərxis mənasında anlar, tələbə isə məktəbi bitirmə olaraq qiymətləndirər. Məzlumun dünyasında qurtuluş, zalımın ölümüdür.

Bunların heç birinə etiraz edəcək deyilik. Amma bunların heç birinin də gerçək qurtuluş olmadığını çox yaxşı bilirik. Çünki, bir gün gələcək bütün bu arzular arxada qalacaq. Ölümlə nöqtələnən dünya səfərindən sonra, bütün bu hədəflər keçmiş olacaqlar. O halda, gerçək qurtuluş, yəni keçmiş olmayan fələh, əbədi nicat bunların heç birisi deyil.

Fatihə Surəsini dərhal izləyən Bəqərə Surəsinin beşinci ayəsində məal olaraq:

 

" Məhz onlar fələh (nicat) tapanlardır."

 

- buyurulur. Nur Külliyyatında bu ayəti-kərimənin təfsiri olaraq bu hikmətli ifadələr qeyd olunub:

"Nəyə fələh tapacaqlarını təyin etmir. Guya o sükutla deyir: "Ey müsəlmanlar!.. Müjdə sizə. Ey müttəqi!.. Sən Cəhənnəmdən fələh taparsan. Ey saleh!.. Sən Cənnətə fələh taparsan. Ey arif!.. Sən rıza-yı İlahiyyə nail olarsan. Ey aşiq!.. Sən rü'yətə məzhər olarsan." və hakeza..." (Sözlər)

Bütün bu qurtuluşlar əbədiyyət yurduyla və əbədi səadətlə əlaqədardır. Heç biri fani həyata və keçici zövqlərə baxmır.

Fələh məsələsi, Muminun Surəsində də qeyd olunur. Və bu surənin ilk ayəsində,

 

"Möminlər, həqiqətən də, nicat tapmışlar,"

 

- buyurulur. Bu ayəti-kərimə ilə ən böyük qurtuluşun iman dairəsinə girmək olduğu dərs verilir. İman nemətinə qovuşan, küfrdən və şirkdən fələh tapmışdır. Ən böyük qurtuluş budur. Çünki, bunun ziddi əbədi hüsrandır .

Kor olan bir adamın gözü açılsa, onun xilas olduğunu söyləyərik.

Nədən xilas oldu? Qaranlıqdan. Gözü önündəki əşyanı görə bilməməkdən. Rəng, şəkil, forma, gözəllik və daha nə qədər məfhumların cahili olmaqdan. Yalnız əlinin çata bildiyi varlıqlara çatıb ondan uzaqda olanlarla əlaqə qura bilməməkdən. İndi artıq nəzərini günəşə göndərə bilir.

İmana qovuşmaq, görməyə qovuşmaqdan çox daha üstün bir fələh, çox daha böyük bir qurtuluşdur: Əsəri görüb yaradıcısını bilməmək korluğundan nicat...

Nemətdə boğulub, onu verəni düşünməmə zindanından qurtuluş...

Bu aləmin sahibi kimdir? Məni bu dünyaya kim gətirdi? Əlimi biləyimə, gözümü üzümə kim taxdı? Damarlarımı kim döşədi? Sinir sistemimi kim qurdu?

Bunun kimi, daha nə qədər sualların cavabını bilməməkdən qurtuluş...

"Bu mülkün bir maliki var."-deyib nəfsini Ona təslim edərək özbaşnalıqdan və sahibsizlikdən qurtuluş...

Kainatı çox arxada qoyan bir ülviyyətə çıxmaqla, bayağılıqdan və aşağılıqdan.

Bir sonrakı ayədə, möminlərin ən əhəmiyyətli sifəti nəzərə verilir:

 

"o kəslər ki, namazlarında mütidirlər."

 

Bu da bir başqa qurtuluş müjdəsi: İtaətsizlikdən və üsyandan qurtuluş; qürurdan, qəflətdən nicat. Beləliklə, azanda fələh sözünün keçməsinin bu ayə ilə əlaqəsi vardır.

Bundan sonra, möminin çox əhəmiyyətli iki sifəti zikr edilir: "sözbazlıqdan qaçmaq" və "zəkat vermək".

Bunların ardınca digər bir sifətə keçilir:

 

"Onlar ismətlərini qoruyarlar"

 

İman və ibadəti izləyən gözəl əxlaqın, ən əhəmiyyətli şöbəsi beləcə nəzərə verilir: İsmətlərini, namuslarını qorumaq. İffətsizlikdən, həyasızlıqdan qurtuluş.

Əməllər, imanın qüvvəti nisbətində işlənər və əməllər işləndikcə də qəlb qüvvət tapar.

İmanla əməl arasındakı bu qüvvətli əlaqə, bir çox ayəti-kərimədə imandan sonra dərhal saleh əməlin zikr edilməsiylə bizə dərs verilir.

Bu mənanı, hər gün dinlədiyimiz azanlar da bizə ,sanki hayqırırlar. Təkbirlərin ardınca şəhadətlər gəlir; Allaha və Rəsulullaha (s.ə.v.) iman xatırladılır. Və bu şəhadət cümlələrini "namaza və fələhə dəvət" izləyir.

İman etməklə küfr qaranlığından xilas olan möminlər, ibadət vəzifələrini də yerinə yetirməklə də üsyandan uzaq qalmağa və gerçək qurtuluşa çatmağa çağırılırlar.



04-05-2011 12:00:00