Ana səhifə

“Hikmət” nə deməkdir?


YazdırSend to friend

Hikmət üçün müxtəlif təriflər gətirilmiş, fərqli mənalar verilmişdir. Bunlardan bir neçəsi belədir:

“İşləri ən doğru və ən uyğun şəkildə görmək.”

“Əşyanın həqiqətindən bəhs edən elm.”

“Əşyada gizli ilahi sirlər və məqsədlər.”

“Əməllə birlikdə elm.”

“Faydalı elm və saleh əməl.”

“İnsandakı ağıl qüvvəsinin istiqamət üzrə və ifratçılıqdan uzaq olma mərtəbəsi.”

Bunlar içərisində ən məşhuru “sirr, məqsəd, fayda” mənasıdır. “Bu işin hikməti nədir?” deyildiyi zaman, “Bundan məqsəd nədir? Bilmədiyimiz hansı gizli sirləri daşıyır?” mənası ağla gəlir. O halda, bir iş görüləcək və ondan bir fayda hasil olacaq ki, hikmət təsdiqlənsin.

Bu düşüncə bizi hikmətin, “əməllə birlikdə elm” tərifinə aparır. İslam alimləri, tək başına elmi, hikmət qəbul etməzlər. Elmlə əməl edilməsini, bu elmin tətbiq sahəsinə qoyulmasını və faydalı nəticələr verməsini şərt qoyarlar.

Əşyanın həqiqətindən və məqsədindən danışdığı üçün fəlsəfəyə “elmi-hikmət” deyilir. Amma bir fəlsəfəçi bu elmi işləri nəticəsində ortaya insanların tətbiq edəcəkləri bir həyat anlayışı, bir əxlaq nizamı qoymursa, bu həqiqi mənasıyla hikmət deyil.

“Hikmət: elm və onunla əməldir. Hər ikisini cəm edə bilməyənə hakim deyilməz.” Elmalılı Həmdi Yazır

İnsanın hikmət əhli olması, Rəbbinin razı olduğu bir qul olmasına bağlıdır... Onu razı etmədikdən sonra, Onun yaratdığı varlıqları tədqiq etmək və bunların insanlara faydalarını araşdırıb ortaya çıxarmaq hikmət əhli olmaq üçün kafi deyil... Qurandakı gizli sirləri anlayan lakin həyatına tətbiq etməyən bir insan düşünək. Bu insan alimdir, amma hakim (hikmət sahibi) deyil. Kainat kitabını Allah adına oxumayan və ondan bu yönüylə faydalanmayan kəslərin halı da o birilərindən fərqli deyil...

Hikmətin “peyğəmbərlik” mənası da var. Peyğəmbərlik müəssisəsi ilahidir. O Allah elçiləri, kainat kitabını həm oxumuş, həm oxutmuşlar və insanlardan, Allahın əmriylə, bəzi vəzifələr istəmişlər. Bütün əşyanın hikmətlə yaradıldığını, hər birinin bir, hətta minlər vəzifəsi olduğunu insanlıq aləminə yaxşıca izah etdikdən sonra, bütün bu məxluqatın xidmət etdiyi insanın böyük bir vəzifəsi olduğunu, əks halda bütün bu hikmətli əşyanın məqsədsizliyə, başıboşluğa və heçliyə xidmət etmiş olacağını qəlblərə yaxşıca yerləşdirmişlər. Onun üçün, gerçək hikmət fəlsəfədə deyil, peyğəmbərlikdədir. Çünki peyğəmbərlik məktəbində elmlə əməl birlikdə oxudulur. Və bu məktəbdə əşyanın hikməti, birbaşa, o əşyanın yaradıcısından öyrənilir. Təxminə, fərziyyəyə, şəxsi görüşlərə gərək qalmır.

Nur Külliyyatında əşyanın üç dənə üzü olduğundan bəhs edilir: “Allahın əsmasına (isimlərinə) ayinə (güzgü) olan üz”, “axirətə baxan üz” və “o məxluqun öz varlığına və həyatına baxan üz”.

Biz hikmət deyilincə daha çox bu üçüncü maddə üzərində dayanırıq. Almaya faydalı, tikana faydasız deyirik. Birincidəki hikməti rahatlıqla oxuyuruq, yaxud oxuduq zənn edirik, amma ikincinin yanına yaxınlaşa bilmirik.

Hikmət, hər sahədə olduğu kimi insanlara gerçəkləri təbliğ etməkdə də ən böyük əsasdır. Hikmətsiz edilən, yəni doğru zaman və yerdə olmayan, şəfqət əsasına uymayan, elmdən mədəd almayan və ən əsası, deyilənləri ən irəli səviyyədə yaşama şərtindən məhrum bir təbliğ nəticə verməz.

Qurani Kərimin,

 “(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et.”

 (Nəhl surəsi, 125ci ayə)

 

fərmanı, İslamın təbliğiylə vəzifəli kəslərin hikmət üzrə olmaları lazım olduğunu dərs verir.



26-04-2011 12:00:00

Düğüme özel