Ana səhifə

83. Mutaffifin ('Çəkidə və ölçüdə aldadanlar') surəsi


YazdırSend to friend

 

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

 

1. Çəkidə və ölçüdə aldadanların vay halına!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ وَيْلٌ لِلْمُطَفِّفِينَ

2. O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər,
الَّذِينَ إِذَا اكْتَالُوا عَلَى النَّاسِ يَسْتَوْفُونَ

3. onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar.
وَإِذَا كَالُوهُمْ أَوْ وَزَنُوهُمْ يُخْسِرُونَ

4. Onlar dirildiləcəklərini fikirləşmirlərmi?
أَلَا يَظُنُّ أُولَٰئِكَ أَنَّهُمْ مَبْعُوثُونَ

5. Həm də əzəmətli bir gündə.
لِيَوْمٍ عَظِيمٍ

6. O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar.
يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ

7. Xeyr! Həqiqətən, günahkarların kitabı Siccindədir.
كَلَّا إِنَّ كِتَابَ الْفُجَّارِ لَفِي سِجِّينٍ

8. Sən haradan biləsən ki, Siccin nədir?!
وَمَا أَدْرَاكَ مَا سِجِّينٌ

9. O, yazılı bir kitabdır!
كِتَابٌ مَرْقُومٌ

10. O gün haqqı yalan hesab edənlərin vay halına!
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ

11. O kəslərin ki, Haqq-hesab gününü yalan hesab edirlər.
الَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ الدِّينِ

12. Amma bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz.
وَمَا يُكَذِّبُ بِهِ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ

13. Ayələrimiz ona oxunduğu zaman: "Bu, keçmişdəkilərin uydurduğu əfsanələrdir!"– deyir.
إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ

14. Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür.
كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ

15. Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!
كَلَّا إِنَّهُمْ عَنْ رَبِّهِمْ يَوْمَئِذٍ لَمَحْجُوبُونَ

16. Sonra onlar Cəhənnəmə girəcəklər
ثُمَّ إِنَّهُمْ لَصَالُو الْجَحِيمِ

17. və onlara deyiləcək: "Budur sizin yalan hesab etdiyiniz Cəhənnəm!"
ثُمَّ يُقَالُ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تُكَذِّبُونَ

18. Xeyr! Həqiqətən, itaətkarların kitabı İlliyyundadir!
كَلَّا إِنَّ كِتَابَ الْأَبْرَارِ لَفِي عِلِّيِّينَ

19. Sən haradan biləsən ki, İlliyyun nədir?!
وَمَا أَدْرَاكَ مَا عِلِّيُّونَ

20. O, elə bir yazılı kitabdır ki,
كِتَابٌ مَرْقُومٌ

21. onu yalnız Allaha yaxın olanlar görürlər!
يَشْهَدُهُ الْمُقَرَّبُونَ

22. Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar.
إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ

23. Onlar taxtlar üstündə seyrə dalacaqlar.
عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ

24. Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən.
تَعْرِفُ فِي وُجُوهِهِمْ نَضْرَةَ النَّعِيمِ

25. Onlara möhürlü şərabdan içirdiləcəkdir.
يُسْقَوْنَ مِنْ رَحِيقٍ مَخْتُومٍ

26. Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər!
خِتَامُهُ مِسْكٌ ۚ وَفِي ذَٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ

27. Onun qatışığı isə təsnim bulağındandır.
وَمِزَاجُهُ مِنْ تَسْنِيمٍ

28. O təsnim elə bir bulaqdır ki, ondan Allaha yaxın olanlar içərlər.
عَيْنًا يَشْرَبُ بِهَا الْمُقَرَّبُونَ

29. Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər,
إِنَّ الَّذِينَ أَجْرَمُوا كَانُوا مِنَ الَّذِينَ آمَنُوا يَضْحَكُونَ

30. onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər,
وَإِذَا مَرُّوا بِهِمْ يَتَغَامَزُونَ

31. öz ailələrinin yanına fərəhlə qayıdırdılar,
وَإِذَا انْقَلَبُوا إِلَىٰ أَهْلِهِمُ انْقَلَبُوا فَكِهِينَ

32. möminləri gördükdə isə deyirdilər: "Həqiqətən, bunlar azmışlardır!"
وَإِذَا رَأَوْهُمْ قَالُوا إِنَّ هَٰؤُلَاءِ لَضَالُّونَ

33. Halbuki bu günahkarlar onlara gözətçi qoyulmamışdılar.
وَمَا أُرْسِلُوا عَلَيْهِمْ حَافِظِينَ

34. Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər.
فَالْيَوْمَ الَّذِينَ آمَنُوا مِنَ الْكُفَّارِ يَضْحَكُونَ

35. Onlar taxtlar üstündə ətrafa baxacaqlar.
عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ

36. Kafirlər törətdiklərinin cəzasını aldılarmı?!
هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوا يَفْعَلُونَ
 



22-02-2010 12:00:00