Ana səhifə

Ağlıma küfrə səbəb olan vəsvəsələr gəlir; bundan necə xilas ola bilərəm?


YazdırSend to friend

Vəsvəsə, gizli səsə deyilir. Bir məsdər olan “vəsvas” kəlməsinin şeytana ad olması da eyni məna ilə əlaqədardır ki, şeytanvəsvəsənin qaynağı” deməkdir. Ancaq geniş yayılmış mənasıyla vəsvəsə nəfsin və ya şeytanın qəlbə atdığı xeyirsiz, faydasız, alçaq xatirə və mülahizələrə verilən bir addır.

 

Həm nəfsin, həm də şeytanın vəsvəsəsi Qur’an-i Kərimdə ayrı-ayrı zikr edilir.

"And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə kimi vəsvəsələr verdiyini bilirik və biz ona şah damarından daha yaxınıq." (Qaf, 50/16)

ayəsində nəfsin vəsvəsəsinə işarə edilərkən;

 “Şeytan Adəmə vəsvəsə verdi” (Əraf, 7/20; Taha, 20/120) mənasına gələn bir çox ayə də şeytanın vəsvəsəsinə dəlalət etməkdədir.

Nəfsin vəsvəsəsi” təbiri, bir insanın öz-özünə söylədiyi və könlündən keçən gizli duyğular, qərarlar, vahimələr, xatirələr və bunlar kimi bütün batıni, daxili şüur hallarını da içinə alır. Bunlar o qədər gizli və səssizdir ki, bəzilərini mələklər belə bilməkdən acizdirlər.. acizdirlər də , onları sadəcə Cənab-ı Haqq bilir. Nəfisdən gələn vəsvəsə şeytanın vəsvəsinə nisbətən daha gizlidir. Bu gizlilik bir cəhətdən də onu qüvvətləndirir. Dolayısıyla nəfis şeytandan daha müdhiş və dəhşətli bir düşməndir. Bəlkə də,

Sənin ən böyük düşmənin nəfsindir” (Kəşful-Hafa, 1, 143)

buyuran Allah Rəsulu sallallahu aleyhi və səlləm məhz bu xüsusu işarə etmişdir.

 

Nəfis və şeytan, verdikləri vəsvəsələr ilə insan ruhunu haqq yolundakı tərəqqisindən yayındırmaq, saxlamaq istəyərlər. İnsanın ağıl və fikrini ələ keçirib, əzm və iradəsini qıraraq onu saleh əməllərdən vaz keçirmək, fani zövq və ləzzətlərə mübtəla edərək onu səfilləşdirmək istəyərlər.

 

Vəsvəsənin ilk olaraq makəs (ayna günəşin ma'kəsi-dir) tapdığı yer qəlbdir. O, burada digər əzalara qəlb vasitəsilə yayılır. Onun üçündür ki, vəsvəsənin ilk təsiri qəlbdə hiss edilir. Təbii ki, bu təsir qəbul və ya rədd şəkillərindən biri halında təcəlli edər. Əgər gələn vəsvəsələr qəlbdə qəbul olunmazsa, xəyalda ədəbə zidd təsvirlər mahiyətinə bürünər. Xəyal aləmi bu təsvirlərlə məşğul olan insan, bir müddət sonra heç fərqində olmadan qəlbini də onlarla məşğul edər. Onsuz da şeytanın istədiği də budur. Zira o, çatmaq istədiyi hədəfə bu yolla bir neçə addım daha yaxınlaşmış olar.

 

Halbuki, qəlbdə qəbul olunmayan vəsvəsənin heç bir zərəri yoxdur. Çünki vəsvəsə xəyaldan başqa bir şey deyil və məntiqi cəhətdən də xəyal bir hökm deyildir. Vəsvəsənin qəlbdə qəbul görmədiyini başa düşmək isə olduqca asandır. Əgər qəlb gələn vəsvəsədən dolayı üzülər və ürpərərsə, bu vəziyyət vəsvəsənin qəlbdə qəbul olunmadığına, əks hal isə nəticənin də əksinə bir dəlil və bir işarədir. Əgər vəsvəsə qəlbdə qəbul edilmirsə, bu halda vəsvəsənin zərəri, zərərli olduğunu düşünməyə məxsus qalır; başqa bir ziyanı da yoxdur. Hətta qəlbin reaksiyasının şiddəti şəxsin imanındakı qüvvətlə düz mütənasibdir. Bəli, imanın qüvvəti nisbətində qəlb vəsvəsəyə qarşı reaksiya göstərir. Bəzən qəflətlə qəlbin göstərdiyi bu reaksiya təsdiq zənn edilir. Bu zənnə düşən bəzi kimsələr qəlblərində müdhiş bir həyəcan və hələcan (qəlb çırpıntısı) hiss edərlər. Bəzən də bu vəziyyətdən xilas olmaq üçün hüzurdan qaçıb qəflətə dalmağı arzu edərlər. Halbuki, ortada vəsvəsəni təsdiq deyə bir xüsusdan söhbət gedə bilməz. Sadəcə bir reaksiya vardır. Və əsasən bu reaksiya da onun imanının sağlamlığını və qüvvətini göstərir. Və yenə bu səbəbdəndir ki, Allah Rəsulu bu hal və durumu izah edərkən “ Elə imanın  özüdür!” (Müslim, İman 211; Müsnəd, 2/456; 6/106) buyurmuşdurlar.

 

Qəlbdən çıxan mənalar ilə xəyalın toxuduğu ləfzlər arasında bəzən münasibət olmaya bilər. Çünki xaricdən və ya daxildən bir çox səbəb hər zaman xəyala təsir edə bilər. Muxayyilə duyğular arasında ən tez və ən çox təsir altında qalan bir duyğudur. Dolayısıyla, toxuduğu ləfzlər, o anda mütəəssir olduğu səbəblərlə ciddi şəkildə  əlaqədardır. Bu vəziyyət əksəriyyət tərəfindən bilinmədiyi üçün, belə insnalar ən təmiz anlarda xəyalın toxuduğu çirkin ləfzlər səbəbilə qəlblərinin pozulduğunu hesab edirlər. Və gəldikləri bu nəticələr də onları şeytanın tələsinə yaxınlaşdırar.

 

Əgər qəlbdən çıxan müqəddəs mənalara, bildirdiyimiz kimi, hər hansı bir təsir ilə mütəəssir halda olan xəyalın toxuduğu ləfzlər arasında yaxınlıq və ya təmas varsa, təlaşlanıb həyəcanlanmamalıyıq. Çünki müqəddəs mənaların çirkin surətlərə yaxınlığı zərər verməz; təmas isə bir tələbbüs (geymək, geyinmək) deyildir. Həm xaricdə uzaqlıq səbəbi olan ziddiyət, xəyalda yaxınlıq səbəbidir. İki ziddən birinin zikr edilməsi digərini xatırladar. Gecə gündüzü; ağ qaranı; yaxşı pisi xatırlatdığı kimi... Bu münasibətlə gələn xatırlamaya çağrışım deyilər. Çağrışım isə, çox vaxt qeyri-ixtiyaridir və onda məsuliyyət yoxdur. Əgər zehin bu və buna bənzər hallara mübtəla olarsa, ediləcək yeganə iş düşüncədən vaz keçmək və onun üzərində çox durmamaqdır. Çünki əhəmiyyət verib tədqiq etdikcə, araşdırdıqca vəsvəsə qüvvətlənər və xəyalda bir xəstəlik meydana gətirər. Bəli, narahat olunacaq bir şey yoxdur. Çünkü təsir qəlbdə deyil, sadəcə xəyaldadır.

 

Vəsvəsə imanî məsələlərə aiddirsə, bilinməlidir ki, gələn vəsvəsələr, sadəcə xəyala gəlmişdir və bunların ağıl və qəlb tərəfindən təsdiq edilmiş hökmlərlə əlaqəsi yoxdur. İnsanın küfrü xəyal və təsəvvür etməsi və ya dəlaləti düşünməyi heç bir zaman küfür və dəlalətin özü deyildir. Təsdiq, təsəvvürdən fərqlidir. Çox şey vardır ki, təsdiq etdiyimiz halda təsəvvür edə bilmərik. Və yenə necə şeylər də vardır ki, təsəvvür etdiyimiz halda təsdiq edə bilmirik. Onsuz da imkan (ehtimal) da heç bir zaman yəqinə (dəqiq,sağlam məlumat) zərər verməz.

 

Bir də etdiyi ibadət və əməllərin ən gözəlini araşdırmaqdan doğan vəsvəsə vardır ki, çox zaman bu vəsvəsəyə mübtəla olanlar, ən gözəlini və ən yaxşısını etmək istəyərkən gözəl və yaxşını da tərk etdiklərinin fərqində belə olmazlar.

 “Din asanlıqdır; çətinləşdirən sonunda məğlub olar” (Buxari, İman 29; Nəsəi, İman 28; Müsnəd, 4/422; 5/350,351)

 

hədisindəki hikmətli xəbərdarlığın düstur edilib yaşanması, hərhalda şeytanın bu yolla insanı məğlub etmək istəyinə qarşı ən gözəl hərəkət tərzidir.

 

Həmçinin, dində məcburiyyət yoxdur. İslamın hökmləri zahirə görədir. Biz məsələlərin iç üzünü tədqiq və təhqiqlə mükəlləf deyilik. Bu kimi hallarda bilməliyik ki, şeytan bizim bir zəif anımızı güdür və hər an hücuma hazır gözləyir.

 

Bura qədər şeytanın insana qarşı bir silahı sayılan vəsvəsə üzərində durduq. İndi bu xüsusu bir neçə maddə içində yekunlaşdıraq:

1) Vəsvəsə İmanın Qüvvətindəndir.

 

Hər şeydən əvvəl bunu bildirək ki, vəsvəsə əsla qorxulacaq bir şey deyildir. Çünki hər hansı bir şəxsə vəsvəsənin gəlməsi onda imanın olduğuna əlamətdir. Səhabə-i Kiramdan Əfəndimizə gəlib “Ya Rəsulallah, vəsvəsəyə mübtəlayam” deyən birinə Əfəndimizin sallallahu aleyhi və səlləm`in cavabı: “Narahat olunacaq bir şey yoxdur; o məhz-i imandır, imanın ta özüdür.” (Müslim, İman 211; Müsnəd, 2/456; 6/106) şəklində olmuşdu. Şeytan sizdə də iman sərmayəsi, ibadət xəzinəsi, namaz və dinə xidmət cövhəri olduğunu bildiyi üçündür ki, piratçılıq etməkdə və sizə qarşı davamlı hücum etməkdədir. Piratçılıq, bəlkə, dənizlərdə görülən şəkliylə tarixə gömülmüşdür,amma şeytanın piratçılığı Adəm Aleyhissalam ilə başlamış və qiyamətə qədər də davam edəcəkdir.

 

Şeytan, quru və bomboş qəlblərlə məşğul olmaz və belə sərmayəsiz kimsələrə vəsvəsə oxları göndərməz. Dəniz piratlarının hər zaman xəzinə olan/, yüklü gəmilərə və dəfinə olan adalara hücumları kimi şeytan da, hər zaman iman cövhəri daşıyan qəlblərə hücum edər.

 

Vəsvəsəyə düşən mömin “Şeytan bütün cəbhələrdə məğlub oldu; bu səbəbdən, indi də imana, İslama aid məsələlərdə vəsvəsə və şübhələrlə məni məşğul etmək, xəzinəmə əl atmaq istəyir; ancaq -inşaallah- məndən bir şey qopara bilməyəcəkdir. Bu onun son çırpınışlarıdır; qapıma quldur birinin gəlib, bir neçə gün əl açdıqdan sonra çıxıb getməsi kimi bir gün gələcək, o da məndən bir şey qoparda bilməyəcəyini anlayıb çıxıb gedəcəkdir. Onsuz da, getməsə də qapılar ona kilidlidir. Məni qoruyan qala çox sağlam ve Allah`ın izniylə onun buna bir şey etməsi də mümkün deyildir.” deyə düşünməlidir.

2) Vəsvəsə Qəlbin Malı Deyildir.

 

Qəlb vəsvəsədən narahat olduğuna görə o vəsvəsə qəlbə aid edilə bilməz. Çünki əgər o, qəlbin malı olsaydı, qəlb ondan sıxılmaz və narahat olmazdı; zatən belə bir qəlblə də şeytan da məşğul olmazdı.

 

Qəlbin sıxılması və narahat olması qəlb və sahibinin vəsvəsəyə razı olmamasından və vəsvəsə ilə o qəlbin arasında məna və mahiyət baxımından bir münasibətin olmamasındandır. Bunu, sanki, vücuda girən mikroblara və bu mikrobların fiziolojik baxımdan meydana gətirdiyi xəstəliklərə qarşı bədənin müqaviməti nəticəsində hərarətin yüksəlməsi kimi, şəxsin vəsvəsəyə qarşı reaksiya göstərməsi, istiliyinin yüksəlməsi, qaşlarının çatılması, başının ağrıması, iştahının və ağız dadının qaçması.. kimi şeylərdən də başa düşə bilərik. Bax, şeytanın da qəlbimizə göndərdiyi, bizim malımız olmayan yad xəyal, düşüncə və vəsvəsələrə qarşı mənəvi quruluşumuz, iman potensiyalımız müqavimət göstərərək, bu şər və qığılcımlar ordusuna qarşı mübarizə aparır, bunun nəticəsində də istiliyimiz yüksəlib, qəlbimiz sıxılır. Əgər vücudumuz  heç müqavimət göstərmir və ilan görmüş  keçi kimi dərhal ona təslim olursa -QİÇS virusu ilə gələn müqavimətsizlik kimi- bizim də işimiz bitmiş deməkdir. Gələn vəsvəsə qarşısında qəlbimiz, imanımız müqavimət etməzsə, o zaman vəsvəsə də olmaz, hərarət də yüksəlməz! Bunun mənası şeytana “Gəl, nə istəyirsən, elə!” deməkdir. Zatən, şeytanın da istəyi budur.

3) Vəsvəsəyə Məruz Qəlb Pislərin Çör-Çöp Atdığı Bulağa Bənzəyir

 

Məsələyə bir də belə baxaq: şəffaf, saf və tərtəmiz bir su qaynağı düşünün ki bu, birləşmələri, dadı və şəfasıyla tam zəmzəm suyu kimi bir su qaynağı.. hamı tərəfindən tanınan və məşhur hala gəlmiş, dünyaca məşhur bir mübarək kövsərin əksi... İndi, xain biri gəlir, hiyləgərcəsinə o qaynağa yaxınlaşıb, suya  boya, toz, çör-çöp töküb qaçır. Siz bunu görüncə, “bulağım bulandı, məhv oldu, kirləndi və öıüb getdi!” deyib ah-vah edirsiniz. Ancaq həqiqətdə  belə deyil. Axan su üzərinə atılan o çör-çöpü aparacaq və təmizliyini yenə qoruyacaqdır. Sizin qəlbiniz, imanınız şəffaf, parıl-parıl bir bulaq kimidirsə, o zaman onu bulandırmaq üçün üzərinə atılan tozun, torpağın ona heç bir zərəri olmayacaqdır. O toz, torpaq zamanla axıb gedəcək və sizin o pislik qəbul etməyən suyunuz hər zaman təmiz qalacaqdır. Yəni, o bulanıqlıq bulağın özündən deyil... Bəli, vəsvəsəyə məruz bir qəlb barsində də belə düşünülməlidir.

4) Vəsvəsə İradi Olmayıb Əmələ Çevrilmirsə, İnsanı Məsul Etməz

 

Məlum olduğu kimi, mükəlləf və məsul olmaqda iradə və şüur əsasdır. Heyvanlarla yanaşı, məcnunlara və ağlı, şüuru yerində olmayanlara da təklif yoxdur. Bu etibarla, gələn vəsvəsələr iradi olaraq gəlmir və biz planımızı, proqramımızı edib, “gəl” deyə qəlb və düşüncə qapılarımızı şəxsən özümüz aralamırsaq, məsul sayılmarıq.

 

İradə, ümumiyyətlə, öz-özünə gələn vəsvəsə ilə qarşı-qarşıya qalır və dəvətsiz gəldiyi üçün də ona qarşı müqavimət göstərə bilmir. Həmçinin, insan, tədayi-əfkar (bir firkin və ya şeyin başqa bir fikri və ya şeyi xatırlatması) ilə iradəsi daxilində olmadan, gördüyü, eşitdiyi, oxuduğu şeylərlə də bir neçə xatirələrə, xəyallara, düşüncələrə məruz qala bilər. İnsanın bu halı yaradılışın gərəyi olduğundan çox dəfə bunlardan xilas olmaq da mümkün deyildir.

5) Vəsvəsə İnsanın İləriləməsinə Mane Olmayan Hörümcək Toru Kimidir

 

Vəsvəsə özünəxas tutarsızlığıyla yaxşı bilindiyi zaman qətiyyən zərərli olmaz. Zira Qur’anda,

“Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.” (Nisə, 4/76)

 

 buyrularaq şeytanın hiylələrinin zəifliyinə işarə edilir. Bəli, şeytanın hiyləsi var,ancaq təsirsizdir və yox kimidir. Məsələn, iki divar arasından keçmək istəyirsiniz; baxırsınız ki, bir hörümcək torunu hörüb yolunuzu bağlamışdır. İndi belə olan halda geriyə mi qayıdarsınız, yoxsa yolunuza davam mı edərsiniz? Hörümcək toru sizin iləriləmənizə mane ola bilərmi, ola bilməzmi? Şübhəsiz, heç bir şey yoxmuş kimi onu bir maneə kimi görməz və yolunuza davam edərsiniz.

 

Sevgili Əfəndimiz sallallahu aleyhi və səlləm şeytanın kimsənin əlindən tutub dəlalət, küfür və günaha sürükləyə bilməyəcəyini və zorla pislik etdirib günah işlədə bilməyəcəyini bəyan buyurur. Şeytanın işi sadəcə pislikləri bəzəyib cazibədar və cəlbedici göstərməkdir.Yaxşını da, pisi də yaradan, dəlalətə də, hidayətə də sövq edən ancaq Cənab-i Haqdır. Şeytanın vəsvəsələri rəngarəng köpüklərlə bəzəyib təmir edilmiş bir saray kimidir; ilk baxışda insanı tez təsirləndirir və özünə çəkir. Bu cazibəyə qapılanlar üçün o cazibəli görünən şeyin altında dərin çuxurlar var, həm də kilometrlərə çatan dərin çuxurlar...

 

Xülasə, gəlib keçiciliyi bilindiyi zaman vəsvəsənin zərəri olmaz. Vəsvəsə əslində, üfləməklə uçub gedən bir tük qədər zəifdir. Və ya bir ara toplanıb sonra dağılan buludlara bənzəyir, amma ardından nə yağış yağır, nə də yel əsir!.. Bir başqa ifadə ilə o, təyyarə sərnişinlərinin hər zaman hiss etdikləri bir hava boşluğu kimidir ki, içinə girilincə nə fəryad etməyə dəyər, nə də öz-özünü döyməyə!..

6) Vəsvəsə Üzərində Durulmaz və Dərd Halına Gətirilməzsə, Heç Bir Zərər Verməz

 

Düşüncənizə bulaşıb duyğularınızı kirlətməyəcəyini bildiyiniz zaman vəsvəsə zərərli olmaz. Çünki vəsvəsə xəyal aynasında sönüb gedəcək qədər zəif və gəlib keçici bir iz, bir ləkə və pislik salmayacaq bir görüntü, bir yansımadan ibarətdir. Ağla və xəyala gələn şeylər, xeyir qaynaqlı isə, ağıl və düşüncəni bir dərəcə nurlandırar; lakin şək qaynaqlı bir vəsvəsə isə, ağla, düşüncəyə və qəlbə qətiyyən təsir etməz, kirlətməz və zərər də verməz. Hz. Bədiüzzamanın ifadələriylə əlinizdə tutduğunuz aynaya, qarşıdakı ilanın görüntüsü əks etsə, o aynadakı ilanın əlinizə zərəri olmadığı, ya da aynaya əks edən bir çirkin əlinizi kirlətmədiyi və ya yanan odu əlinizdəki aynaya tutduğunuz zaman əliniz yanmadığı, eyni zamanda, almaza zərəri olmadığı kimi şeytanın xaricdə, ya da daxildə təsir ölçüsündə hər hansı bir zərərindən söhbət gedə bilməz.

 

Bəli, üzərində durmadığınız, maraqla üzərinə düşmədiyiniz, sahib çıxıb qəbullanmadığınız, kiçik görərək şişməyinə imkan vermədiyiniz və bir dərt halına salmadığınız təqdirdə vəsvəsənin heç bir zərəri olmaz. Elə isə ona həmişə təpədən baxmalı və “Allahın (c.c.) izniylə bunun altından vurub, üstündən çıxarıq” deyilməlidir.

7) Vəsvəsə Zərərli Hesab Edildiyi Zaman Zərər Verər

 

Buraya qədər söylədiklərimizə zidd hərəkət edildiyində az da olsa vəsvəsənin zərəri ola bilər. Bəli, vəsvəsənin zərərsiz olduğu bilinməyib, zərərli zənn edildiyi zaman  zərərli ola bilər. Yəni üzərində durub qurdalandığı və maraqla qarışdırıldığı zaman böyüyə bilər.. böyük görüb əhəmiyyət verdikcə o da genişlənər və bir şar kimi şişərək bizi udacaq hala gələ bilər. Bir arı yeşiyi içində yüzlərcə arı var, amma siz əhəmiyyət vermədən onun qabağından keçib getsəniz, onlar da sizə toxunmaz. Vəsvəsə qarşısında da edəcəyimiz bundan fərqli olmamalıdır.

 

Şeytan zəif və keçici bir görüntünü xəyalımıza atar, biz də onu cazibəli hesab edər və işlədərsək, o mənzərə xəyalımızda saatları içinə alan bir kino lenti halına gələr; gələr və biz bunu belə hiss edə bilmərik. Xüsusilə, tənha qaldıqda əsasən də gənclərdə və hələ nəfsaniliyə baxan, bədəni təsir altına alan mənzərələr qarşısında... Bəli insan onu qəbul edər və xəyalında maraqlı bir kino halına gətirər. Halbuki, şeytana aid olan o ilk dar səhnədir. Onda o ilk qarmağa ilişməmək, tələyə düşməmək və onu işlətdirməmək lazımdır ki, şeytan da bizi işlətməsin və işlədə-işlədə xəyallarımızı həqiqətə çevirməsin; biz də nəticədə o bir parça görüntünün qurbanı olmayaq.

8) Həssas və Əsəbi Ruhlar Şeytanın Vəsvəsəsinə Əhəmiyyət Verib Vahiməyə Qapılmamalıdır

 

Vesvəsə həssas və əsəbi ruhlarda daha da zərərli bir xəstəlik hətta zamanla alışqanlıq halına gələ bilər. Belə biri vəsvəsə gəldiyində zərərli olacağı əndişəsiylə təlaşa və vahiməyə qapılır, qəlbən, fikrən və iman-i nəzərlə (ətraflı tədqiqlə) dərinləşib, o məsələni özününkü sayar, sonra o, bir xasiyyət halına gələrək onunla bütünləşər. Bu isə şeytan qarşısında ümidsizliyə düşüb büsbütün bir məğlubiyyətin ifadəsidir. Belə biri ümidsiz bir halda “Artıq mən bitdim, tükəndim” deyib məğlubiyyəti qəbul edər və mərkəzi şeytanın işlətməyinə hazır hala gətirər və hətta ona təhvil verər.

 

Bir komandir düşünün; qabaqda sağ tərəfdə bir az parıltı gördü deyə, düşmən o tərəfdən hücum edəcək düşüncəsinə qapılar və ordusunun sağ cinahını boşaldıb o tərəfə yönəldər; sol tərəfindəki dağlarda da ağac yarpaqlarının tərpənməsindən düşmənin gizləndiyi və hücum edəcəyi düşüncəsinə qapılaraq, ordusunun sol cinahını da oraya sövq edər. Nəticədə mərkəz düşmənin hücumuna və ordunun məğlubiyyətinə açıq və hazır hala gəlmiş olar. Əsasən, belə bir davranış taktika bilməməyin və düşməni tanımamağın əlamətidir. Bütün bunlardan açıqca görünür ki, şeytanın vəsvəsə adına bir kibrit çöpü qədər əhəmiyyəti yox ikən, insan onu böyüdür, azğınlaşdırır və öz üzərinə “cumdurur”. Bəli, diqqət etməli və onu xəyalımızda, düşüncəmizdə böyütməməliyik.

9) İbadət İlə Vəsvəsənin Təsir Sahəsindən Dərhal Uzaqlaşıb, Onun Psixolojik Təsirindən Çıxılmalıdır!..

 

Vəsvəsəyə qarşı sizi onun cazibə sahəsindən xilas edəcək şəkildə davranmaq çox önəmlidir. Hədisdə də ifadə edildiyi kimi belə bir şey ortaya çıxdığında, söz gəlişi insan bir şeyə qəzəbləndiyində ayaqda isə oturmalı, oturmuşsa, ayağa qalxmalı və ya qalxıb iki rükət namaz qılaraq daxili dünyasında bəzi dəyişikliklər edərək içindəki sisi, dumanı dağıdacaq bir şeylər etməlidir. Bəli, iradənin “aktivləşdirilməsiylə” insan psixologiyasına təsir edə biləcək və  əldə olmadan içinə düşülən hava boşluğundan onu çıxaracaq və ya tutulduğu elektrik axını kimi o güclü vakuumdan onu çəkib çıxaracaq kiçik də olsa mütləq bir vəsilə axtarılmalıdır. Əfəndimiz sallallahu aleyhi və səlləm bir səfərdən qayıdarkən -bir dəfəyə məxsus olmaqla- yorğunluqdan oyana bilməyib sabah namazı qəzaya qalınca

“Buranı dərhal tərk edin; şeytan burada hakimiyyət qurmuş” (Müslim, Məsacid 309; Əbu Davud, Salat 11; Tirmizi, Təfsiru surə 20; İbni Macə, Salat 10; Muvatta, Salat 25)

 

 şəklində xəbərdarlıq etmişdi. Bəli, hər zaman şeytanın təsir sahəsinə qarşı diqqətli olmalı və əgər bilməyərək içinə girilmişsə, dərhal oradan uzaqlaşmalıdır. Qəflət və diqqətsizlik şeytan və şeytani şeylərə tərəfdarsa, əvrad-u əzkar, Allahı ilan və Onunla irtibatlanma bütün şər qüvvələrə qarşı bir müdafiə, hətta bir hücumdur.

 

Burada, Əfəndimizin Aleyhissalatu Vassələm şeytanın əzan səsindən necə qaçdığını xatırladıb keçək. Deməli, onun əzana və əzanın ehtiva etdiyi mənalara dözümü yoxdur. Elə isə, şeytan vəsvəslərlə hücuma keçdikcə, biz də Allah və Rəsulu ilə irtibatımızı qüvvətləndirməli və həp lahuti xatirələrə dalmalıyıq ki, şeytana yer qalmasın. Əfəndimizin (s.ə.s) Merac səfərini xatırlamağın vəsvəsəni, xüsusilə namazda ağla gələnləri, hətta əsnəməni bıçaq kimi kəsdiyi və kəsəcəyi deyilir ki, bu məsələ səhih sünnətdə olmasa belə üzərində durmağa dəyərdir. Həmçinin bir yerdə sol tərəfinizə tüpürəcəyiniz üç tüpürcək bir də baxarsınız onun gəldiyi sisli pərdəni yırtar. Şeytanın harama təşviq adına gələn vəsvəslərinə qarşı bəzən yumruğu sıxıb meydan oxuma, bəzən də təsirsiz hesab etmə mənasında təbəssüm edib keçmə onun təsir sahəsinə qarşı gərginlikdə olma ifadəsi sayıla bilər.

 

Bir gənc dostumuza belə dediyimi xatırlayıram: “Şeytan qarşına çıxıb da bir harama baxmağını istədiyində belə düşün: Baxmaqla əlinə nə keçəcək? Baxacaqsan, o boş... Daha iləri getdən, yenə boş... Qaldı ki, imanından ötrü duyacağın, hiss edəcəyin, sənə verəcəyi peşmanlıq və izdırabı da unutmamalısın. Məhz, sonu belə boş, izdırablı və qaranlıq olacaq bir baxışın artıq nə mənası ola bilər ki!” Zatən, insan özü ilə belə hesablaşdığı zamanda o haram mənzərə də yox olub getmiş olacaq.

 

Ağla gələn hər vəsvəsə, hər süslü mənzərə, gələcəkdə ondan daha mükəmməllərinin əldə edilə biləcəyini düşünməklə də izalə edilə bilər.. heç olmazsa dəyişdirilə bilər. Qur’anın bir çox yerində dünya həyatının bir oyun və əyləncədən ibarət olduğu və gerçək həyatın axirət həyatı; yaşanacaq gerçək yurdun da axirət yurdu olduğu ifadə edilir. (Əl-i İmran, 3/185; Ənkəbut, 29/64) Biz də bu cür hallarda dünyanın bütün gözəlliklərinə qarşı “İstəyənə ver Sən onu, mənə Səni gərək Səni” deməli və o mənasız xülyalardan uzaqlaşmalıyıq. Yaz aylarının qızmar istisini bəhanə edərək, şeytan sizi xidmətdən və irşad qayəsiylə ətrafa gedib gəlməkdən çəkindrmək və başqalarına etdiyi kimi sizi də dəniz sahilinə və ya kölgəsi sərin gəzinti yerlərinə çəkmək istəyirmi? Ona Cəhənnəm odunun daha isti olduğunu xatırladın. Elə hesab edirəm ki, qəlbinizə atmaq istədiyi bu vəsvəsə onun öz qırtlağına ilişib qalacaqdır.

 

Yenə “Allah Rəsulu (s.ə.s) və Onun sadiq yoldaşı və sonradan gələn salehlər bizi gözləyərkən, mənim orda-burda avara və mənə yaraşmayan bir vaziyətdə dolaşmağım heç doğru olar mı?” deyərək də, şeytanın bu mövzuda təlqin etmək istədiyi qəflət və rəhavət vəsvəsəsini izalə edib aradan qaldırmaqda bir yararı olacağını zənn edirəm.

10) Dəstəmaz və Namazda “Əksik Etdim?” Şəklindəki Vəsvəsələrə də Əhəmiyyət Verilməməlidir

 

Görəsən, dəstəmaz və namazımı yanlış və əksik etdim?” şəklində gələn vəsvəsələrə də fikir verməmək lazımdır. Belə bir vəsvəsə ilk dəfə olmursa, o dəstəmaz və ya namaz təkrar edilə bilər. Amma davamlı olursa, məsələn,bir insan dəstəmaz üzvünü yuyub yumadığından davamlı şübhəyə düşürsə, heç vəsvəsəyə imkan vermədən o üzvünü yuduğunu qəbul edərək namaza durmalıdır. Və yenə namazı neçə rükət qıldığı barədə vəsvəsəyə mübtəla isə, namazının tamam olduğu qənaətiylə hərəkət etməlidir.

11) Vəsvəsənin Buraxdığı Şeyin Üzərinə Gedilməlidir

 

Vəsvəsənin üzərində durmadan tam tərsi istiqamətində getmək lazımdır. Heç vecinə almadan, əhəmiyyət vermədən, edilən yanlış belə olsa, “Məzhəblərimizdən birinə uyğundur” deyib keçmək məsləhətə binaən daha uyğun olar qənaətindəyəm. Bu cür hallarda əsas olan şeytanı məğlub edib vəsvəsəni dəf etməkdir. 

 

Vəsvəsənin faydalı yanı da var. Daha əvvəl də təmas etdiyimiz kimi vəsvəsə çox kimsənin özəlliklə də həssas fitrətlərin mahiyətində axır ömrə qədər tərəqqilərə səbəb ola biləcək bir yaydır. Sanki saat yayı kimi onun qəlbi də vəsvəsəyə qarşı qurulduğu müddətcə, daim çalışar və onu qabağa, daha qabağa aparar; çünki bu sayədə imtahan və mübarizə ölənə qədər davam edər. Bəli, etiqadı sağlam, əməli yerində və nəfsini üstələmiş bir mömində belə bir “Cihad-ı Əkbər”i etdirən və ona qazilik savabı qazandıran qaynaq vəsvəsədir.

 

Digər bir yönüylə də vəsvəsə insanı daim gözü açıq, oyaq və ayıq tutar. Mömin işini həll etmiş olmağın və duruma hakimiyyətinin verdiyi rəhavət və rahatlıq içində yuxu bilməz bir düşmən olan şeytanın çuxurlarından hər hansı birinə düşə bilər; düşməmək üçün, səngərdəki bir əsgər kimi daim gözüaçıq olmalıdır. Xəstə xəstəlik vasitəsilə Allah Cəllə Cələluhu`ya qarşı yalvarış və münacar etdiyi kimi vəsvəsəli insan da hər vəsvəsə əlaməti qarşısında: “Aman, ya Rəbbim” deyər və özünü o ifritdən qurtarıb gərginliyini qoruyar.. qoruyar və günahları içəri almayacaq bir qalanın içinə girər, xilas olar. Ancaq o, vəsvəsəni böyüdüb, zərərli hala gətirməməlidir... (Vəsvəsə ilə əlaqəli bax. Bədiüzzaman, Sözlər, İyirmi Birinci Söz'ü İkinci Məqamı)



12-09-2013 12:00:00