Ana səhifə

Allahı Niyə Görmürəm?


YazdırSend to friend

  Allahı görmək istəyirsən? Heç çəkinmə! “Bəli, mən Allahı görmək istəyirəm!”- de. Sənin istəyini başa düşürəm. Sənə haqq verirəm. Çünki, mən də Allahı görmək istəyirəm.

Parlaq Günəşi göydən çıraq kimi asan Allahı mən də tanımaq istəyirəm.

Qaranlıq gecəni Ay və ulduzlarla aydınladıb bəzəyən Allahı kim görmək istəməz?!

Planetimiz Yerə bir bax! Nəhəng bir top kimi fəzada durur. Xeyr, xeyr, səhv dedim. Durmur, Günəşin ətrafında fırlanır. Həm də öz ətrafında dövr edir. Özü də çox sürətlə… Həqiqətən, mən də Yer planetini səma boşluğunda fırladan Allahı görmək istəyirəm.

Dünyanın üstünü mavi bir səma ilə örtən Allahı kim tanımaq istəməz?!

Nəhəng buludları mavi səmada gəmi kimi üzdürən, üstəlik, o iri buludlarla göllər, dənizlər qədər su saxlayan Allahı tanımaq, bilmək arzusu kimin ürəyindən keçməz?!

Buludlardan damcı-damcı yağış yağdıran, bir-birindən fərqli saysız-hesabsız qar dənələrini yaradan Allahı tanımaq və görmək istəyirsənsə, burada qəribə nə var?!

Ağaclara bir bax! Kökləri ilə palçıqlı suyu içir, amma bal kimi gilaslar, şipşirin almalar, ləziz armudlar, turşməzə limonlar, meyxoş narlar yetirir.

Bütün bunları yaradan Allahı görməyi kim arzu etməz?!

Sual verirsən ki, “ALLAHI NİYƏ GÖRMÜRƏM?!” Haqlısan. Onu görmək istəməkdə yerdən göyəcən haqqın var.

Səni başa düşürəm.

Mən də Allahı görmək istəyirəm. Onu daha çox tanımaq və daha çox sevmək istəyirəm.

Çiçəklərə bir bax! Laləyə, bənövşəyə, qərənfilə, qızılgülə bir bax.

Bir-birindən gözəl, rəngarəng, ətirli çiçəkləri yaradan Allahı tanımaq və görmək sənin haqqındır.

Az qala unutmuşdum!

Ağacların budaqlarında civildəyən sərçələrə bax! Leyləkləri düşün! Parkda dən tökdüyün göyərçinləri fikirləş.

Gözlərini yum və tanıdığın bütün quşları gözünün önündə canlandır. Gör nə gözəl qanad çırpırlar. Havada necə məharətlə süzürlər?!

Nə gözəl səsləri var!

Nə gözəl lələkləri var!

Nə gözəl yuva qururlar.

Balalarını necə şəfqətlə yemləyirlər!

Bu quşları yaradan, onlara sivri dimdiklər, mükəmməl qanadlar, iti caynaqlar və gözəl səs verən Allahı hər şeydən, hər kəsdən çox tanımaq istəyirəm. Sən də mənim kimi görmək istəyirsən və “Niyə görmürəm?”-deyə soruşursan.

Haqlısan, çox haqlısan. İkimiz də haqlıyıq.

Sən balaca bir hüceyrə idin. Sonra bu hüceyrə ana bətnində bölünərək çoxaldı. Böyüdü, böyüdü və beləcə, sən dünyaya gəldin. Səncə, bu möcüzə deyilmi?

Əllərin, barmaqların, üzün, gözlərin, ağzın, dilin, qulaqların, saçların və qaşların bu bircə hüceyrədən əmələ gəldi.

Zahirən sadə görünən bu işlər, əslində, o qədər qarışıq, o qədər mürəkkəbdir ki?!

Ürəyin, ağciyərlərin, böyrəklərin, beynin və digər orqanların öz yerinə qoyuldu və işləməyə başladı. İndi sən Allahı tanımaq istəyirsən və: “MƏNİ VƏ KAİNATI YARADAN ALLAHI NİYƏ GÖRMÜRƏM?”-deyirsən.

Haqlısan, çox haqlısan.

Sənə izah etməyə çalışacağım, amma əvvəlcə sənə bir şeyi xatırlatmalıyam. Səbirli ol və məni axıracan dinlə.

Çünki, bu sualın cavabı elə də asan deyil.

Unutma ki, çətin sualların cavabı da uzun olur.

HƏR ŞEYİN SƏRHƏDİ VAR

Hər şeyin bir sərhədi vardır. Məsələn, sən ən çox neçə kiloqram yük qaldıra bilərsən? Deyək ki, iyirmi, iyirmi beş və ya otuz… Amma yüz kiloluq yükü heç vaxt qaldıra bilməzsən. İki yüz kiloluq yükü isə heç vaxt… Çünki, qollarındakı və bədənindəki əzələlərin ancaq müəyyən qədər yük qaldırmağa gücü çatır. Ondan artığını qaldıra bilməzsən. Qaldırmaq istəsən, ya əl-ayağın sınar, ya da yükün altında qalıb əzilərsən.

Qulaqlarına da bir sərhəd qoyulmuşdur. Sinifdəki müəllimin səsini eşidirsən. Ancaq qonşu otaqda vurmanı izah edən müəllimənin səsini eşitmirsən.

Səsin də bir sərhədi var. Var gücünü toplayıb qışqır, kənddə yaşayan nənən səsini eşitməz. Danışmaq istəyirsənsə, ya zəng etməlisən, ya da kəndə getməlisən. Yaxud da nənən sizə gəlməlidir.

Ayaqlarına baxaq!

Sürətin nə qədərdir?

Bəbirə çata bilərsən?

Ayaqlarının sürətinə də hədd qoyulmuşdur.

İstər sürətli qaç, istər yavaş addımla, fərqi yoxdur, əvvəl-axır yorulub dayanacaqsan.

Bir dəfəyə neçə stəkan su içə bilərsən? İki və ya üç…
Çünki, mədənin də bir tutumu var.

İndi sualıma cavab ver: “ÜÇ VUR BEŞ, NEÇƏ EDİR?”

Yaxşı, yaxşı gülmə! Bilirəm, asan sualdır.
Yaxşı onda bu suala cavab ver:

2134594 × 777 =?

NƏ OLDU?!

Kalkulyator olmasa, çətin hesablayarsan. Eybi yoxdur. AXI AĞILIN DA BİR SƏRHƏDİ VAR.

Bəzi şeyləri asan anlayırsan.

Bəzi suallara o saat cavab verirsən.

Bəzi məsələləri o dəqiqə başa düşmürsən. Hər suala dərhal cavab verə bilmirsən.

Bəzi şeyləri heç vaxt özün öyrənə bilməzsən.

Bilənlərdən soruşmalısan mütləq. Bəzi şeyləri isə ömür boyu dərk etməyəcəksən. Dediyim kimi, ağılın da bir sərhədi var.

Düz tapdın, növbə çatdı gözlərinə.

Səncə, onların da sərhədi var?

Hər istədiyini görə bilərsən?

Əslində, gözlərin gördükləri ilə görmədiklərini müqayisə etsək, deyərsən ki, insan məgər kor imiş.

Qəribə baxma, həqiqətən, elədir!

Elmi hesablamalara görə, yaşadığımız kainatın radiusu təxminən 15 milyard işıq ilinə bərabərdir.

Gördüyün kimi, kainat çox böyükdür. Ancaq onun böyüklüyünü qavramaq olduqca çətin məsələdir.

Radiusu 15 milyard işıq ili olan kainatımızın 70%-ini gözlə görə bilmirik. Ona görə də alimlər bu 70%-ə “qara enerji” adını veriblər.

Yerdə qalan 30 %-in 25%-i “qara maddə”dir. Biz insanlar bu “qara maddə”ni də görə bilmirik.

Yerdə qaldı 5%.

Hal-hazırda insanın gördükləri bu 5%-in içindədir.

“Nə yaxşı” deməyə tələsmə!

Çünki insan 5%-ə daxil olan cisimlərin də hamısını görmür. Biz 5%-in yalnız kiçik bir hissəsini görürük.

Qeyd etdiyimiz kimi, insan gördükləri ilə görmədiklərini müqayisə etsə, özünü kor sanar.

Qısası, gözümüzün gördükləri kainatla müqayisədə yerdə gəzən qarışqanın bir ayaq izindən kiçikdir.

Madam ki, yaşadığımız kainatı belə düz-əməlli görə bilmirik. O HALDA BƏS BU KAİNATI YARADAN VƏ YARATDIĞI HEÇ BİR MƏXLUQA BƏNZƏMƏYƏN ALLAHI NECƏ GÖRƏ BİLƏRİK? SƏNCƏ, BU, MÜMKÜNDÜR?

Mənbə: Mənə Allahdan danış kiatabı, Tahir Akkubayev, 2016

Müəllif: 


23-08-2019 07:42:13

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz