Ana səhifə

Allahın şəxsini, ağlımızla anlaya bilərik?


YazdırSend to friend

 

Ağıl, Allahın şəxsinin varlığını bilər, ancaq mahiyyətini bilməz. Hələ öz mahiyyətini bilməyən insan ağlının, belə bir mövzuya girməsi onu ancaq şirkə salar. Çünki Allahın şəxsi haqqında hər nə düşünsə, bunlar onun öz düşüncəsinin məhsuludur. İnsan, ancaq Allahın yaratdığı bu varlıq aləmini anlamağa çalışa bilər, Onun məxluqatını təfəkkür edə bilər; şəxsini deyil. Onun şəxsinin qudsi mahiyyətini ancaq özü bilir.

Nə göz hər varlığı görər, nə qulaq hər səsi eşidər, nə də ağıl hər şeyi anlar. Hər şey Allahın mülkü və məxluqudur. Ağıl isə, o hər şeydən yalnız bir şey. Və hər məxluq kimi, o da məhduddur. Hələ bir hüceyrəni belə tam olaraq izah edə bilməmiş, genin şifrələrini həll edə bilməmiş. Qalaktikalara sərhəd biçə bilməmiş, səmanın böyüklüyünü rəqəmlərə tökə bilməmiş. Qısacası, insan ağlı hələ məxluqatı tamamilə anlamış deyil. Bu halıyla qalxır, Allahı anlamağa, Allahın müqəddəs şəxsi haqqında fikirləşməyə çalışır.

Qaldı ki, ağıl hələ özünü anlamaqdan acizdir. Ağıl nədir? Necə çalışar? Duyğu orqanlarıyla əldə etdiyi məlumatları necə edir? Yaddaşdan necə kömək alır? Əldə etdiyi nəticələri yaddaşa nə ilə göndərir? Bu və buna oxşar nə qədər suallara insan cavab tapmış deyil. Əslində ağlın öz mahiyyətini bilməməsi insan üçün böyük bir sevinc qapısı, böyük bir hidayət vəsiləsidir.

Ağıl öz mahiyyətini bilə bilməz və yenə heç bir ağıl öz varlığından şübhə etməz. Bu, ilahi hikmətin şifrəsidir.

Hər biri ayrı xüsusiyyətlərə sahib orqanlarımızı; “gözümüzü, qulağımızı, ürəyimizi, ciyərimizi” bir an üçün şüurlu fərz edək və onlardan ruhu soruşaq, “Ruhu necə bilirsiniz?” deyək. Bu orqanlardan, şüurunu yerində istifadə edənlər deyəcəklər ki, o hamımızı idarə edən və heç birimizə oxşamayan bir başqa varlıqdır. Onun haqqında nə danışsaq, yalan olar. Onu nəyə oxşadsaq səhv edərik.

İkisi də məxluq olduqları halda, bədənin orqanları ruhu başa düşə bilmirlər. O halda, bir məxluq olan ağıl, öz xaliqinin qudsi mahiyyətini necə anlaya bilər? Onun müqəddəs şəxsini necə qavraya bilər?...

Məxluq və məhdud olan insan ağlı, bütün sifətləri sonsuz kamalda olan Allahın şəxsini əlbəttə idrak edə bilməz. Onun şəxsinin qudsi mahiyyətini ancaq özü bilər.

Rəsulullah (s.ə.s.), Allahın şəxsi haqqında təfəkkür etmənin şirk olduğunu bizə xəbər verir. Yəni, belə bir düşüncəyə dalan insan Allaha şərik qoşma yolundadır. Çünki, ağıl nəyi anlayırsa, yaddaş nəyi götürürsə, xəyal nəyə çatırsa, bütün bunlar eynilə, gözün gördüyü, qulağın eşitdiyi, dilin daddığı varlıqlar kimi bir məxluq olarlar. Bunların hamısı yaradılmışdır. Ağıl məxluq olduğu kimi, onun düşündükləri də məxluqdur. İnsan, Allahın şəxsi haqqında hər nə düşünsə, məxluqatdan əldə etdiyi  məlumatlar çərçivəsində düşünəcək və mütləq səhv qərar verəcək.

Allahı, öz ağlının məhdud yönləriylə deyil, Allah kəlamı olan Quran ilə bilən insan həqiqətə çatmışdır. Bəşər ağlının bu vadidə danışacağı sözlər çox məhduddur. Allahın şəxsi kimi, sifətləri, hərəkətləri, adları, qullarından istəkləri, əmr və qadağanları haqqında da bu zəif ağlın öz gücüylə bizə söyləyəcəyi çox bir şeyi yoxdur.

 

Məmməd Qırxıncı

 



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz