Ana səhifə

Allahın yaratdığı şeylərdə israf varmı


YazdırSend to friend

 Sual 1:Bütün fənlər heç bir şeyin israf olaraq boş-boşuna, məqsədsiz yaradılmadığını, tam əksinə, hər şeyin bir çox hikmətlərlə dolu olaraq yaradıldığını tədqiqatları ilə isbat etdikləri halda, bəzi filosoflar hər şeyin qayə və məqsədinin sadəcə özünə və dünyaya aid olduğunu iddia edirlər. Belə olan halda, maddi-mənəvi bütün duyğuları bir cox faydalara görə xariquladə surətdə yaradılan insanın çəkilən bu məsrəflərə görə, 60-70 illik bir ömürdən sonra və ya 5 yaşındaykən ölməsi israf olmurmu? Bir saatlıq ömrü olan,xariquladə surətdə qızılla bəzədilmiş kimi təchiz edilmiş milçəklər var, insanlar görmədən, meyvələri çürüyüb gedən ağaclar da var. Bu məsələ necə izah edilə bilər?

Filosoflar “Quran” nuru ilə kainata baxmadıqları üçün bu mövzudakı fikirləri dar və yarımçıqdır. Çünki hər şeyin varlığının və həyatının bir çox məqsədləri və nəticələri vardır. Filosofların zənn etdikləri kimi, sadəcə dünyaya və özlərinə aid deyil ki, işin içinə israf və hikmətsizlik girə bilsin. “Quran” təfsirlərində varlıqların məqsəd və nəticələri əsas etibarı ilə üc qismə ayrılmışdır.

1. Yaradana baxan yönu: Hər şey hərbi paradda olduğu kimi özünü bilavasitə sənətkarına ərz edər, göstərər. Bir an belə o ilahi nəzərə görünməsi kifayətdir.

2. Allahın sənət əsərlərini seyr edən insan, mələk və cinlərə aid yönu: Allahın sənət əsərləri mənalı bir kitab, bir şer kimi şüurlu məxluqatına ərz edilir, göstərilir. Onlar da ibrətli bir kitab kimi bunları mütaliə edir, oxuyurlar.

3. Hər şeyin özünə baxan yönu: Yaşamaq, zövq almaq, rahat olmaq kimi kiçik nəticələrdir. Fəlsəfə sadəcə bu son nöqtəyə baxdığı, mühüm olan digər ikisindən xəbərsiz olduğu üçün xəta etmişdir. Heçdə bütün toxumlar ağac ola bilmir və hələ yumurta halında ikən başqaları tərəfindən yeyilən şeylər də var. Buna görə də israf olduğunu hökm edənlər israfsızlığı isbat edən fənlərə qarşı çıxmış olurlar. Çünki birinci məqsədə görə, Allahın  elmi niyyət halındakı şeyləri belə bildiyindən ağac və quş halında olma niyyətində olan toxum və yumurtanın hər halı da ona məlumdur. Başqa şeylərə qida olmaları, həm də digər növlərin qarşılarına sədd çəkməmələri ayrı bir hikmətdir. Çünki hər milçəyin çoxalmasına imkan verilsəydi, aparılan hesablamalara görə, bir ildə dunyanın ətrafı 2 m qalınlığında milçək təbəqəsi ilə dolardı. Milyonlarca yumurta verən balıqların yumurtalarının bir qismi başqaları tərəfindən yeyilməsəydi, dənizlərdə başqa canlıların yaşamasına imkan qalmazdı.

 Demək ki, fəlsəfə bu məqsədlərin 1 faizini görur və 99 faizindən xəbəri yoxdur. Ona görə də təzada düşur.  Məsələn, əsgər yetişdirməyin çox məqsədləri vardır. Asayişi təmin etmək, sərhədləri muhafizə etmək, düşmənlərlə mübarizə aparmaq, yadelli işğalçılara qarşı qüvvətli görünmək və s. Elə isə biri: “Əsgər yetişdirməyin tək məqsədi asayişin təminidir, onda polis nəfərlərindən başqa bütün əsgərləri tərxis edək, bunlara nə ehtiyac var” desə, xəta etmiş olar. Çünki məqsəd sadəcə o deyil, deməli artıqlıq da, israf da yoxdur.

 Sual 2:Görəsən, “Quran” təfsirlərində ana xətləri ilə bəhs etdiyiniz bu məqsədlərdən başqa, daima dəyişən, qısa bir ömürdən sonra gözdən itən bu varlıqlar üçün  ayrı hikmətlər də nəzərə alınmışdırmı?

 a) Varlıqlar mətbəə hərfləri kimidir. Necə ki, bir səhifənin yazılması üçün düzülən o hərflərlə lazım olan qədər səhifələr çap edilir. Sonra başqa səhifələr çap etmək üçün təzədən əridilir. Məhz bunun kimi hər an hər şeyin şəkli çəkilməkdə və misal aləminə, məna aləminə, lovhi-məhfuza və digər qeyb aləmlərinə göndərilməkdədir. Başqa-başqa mənaların, yeni-yeni şəkillərin oralara göndərilməsi üçün qısa vaxtda dəyişikliklərin olması lazım gəlir. Çünki artıq onlar mənalarını ifadə etmiş və özlərini göstərmişlər.

b) Dünyadan alınan və o biri aləmlərə göndərilən şəkillər mələklərə və ruhani varlıqlara göstərilir. Təcəlli edən isimlərlə birlikdə hadisələr oxunur.

c) Dünyanın axirətin tarlası olduğunu ifadə edən Hədisi Şərifə görə, sadəcə insanların əməlləri deyil, bütün varlıqların şəkilləri, hal və hərəkətləri də axirət bazarına göndərilməkdədir. Necə ki, Afrikaya getmə imkanımız olmasa da, oradakı ağaclardan, heyvanlardan bəhs edən filmləri görmək istəyirik, insanların həyat tərzləri ilə maraqlanırıq. Həmçinin imkanımız olsa, Həzrəti Adəmdən bu yana keçən tarixi hadisələri filmdən seyr etmək istəyərik, hətta öz keçmişimizin lentə alınıb saxlanılmasını istəyərik. Məhz buna oxşar olaraq “Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər.” (əl-Hicr, 15/47, əs-Saffat, 37/44) ayəsinin işarət etdiyi kimi, dünyadakı söhbətlər və hadisələr cənnətdə göstəriləcək və seyr ediləcək. Orada pərdələr tamamilə açıldığı ücün hər şey hikməti ilə və təcəlli edən isimlə birlikdə ibrətli bir şəkildə görünəcəkdir. Bütün bir bahar fəsli və içindəkilər qısa bir zamanda keçmələrinə baxmayaraq, kino lenti kimi çəkilmiş, yaddaşa alınmışdır. Mövsümlər və ömür dövrləri (kainat da daxil olmaqla) cəlali və cəmali təcəllilər və təzadlarla toxunan gözəl naxışlar içində daha heyrətamiz bir şəkildə tamaşaya çıxarılacaqdır.

d) Necə ki, insan gözəl bir meyvə yesə, o meyvə mədəsində dağılır, əriyir, zahirən məhv olur. Fəqət ağzından, mədəsindən başqa bütün bədən hüceyrələri fəaliyyət içində bir ləzzət və zövq alırlar. Bununla bərabər, özünün varlığı və nəslinin davam etməsi üçün başqa hikmətli işlər də həyata keçmiş olur. Digər tərəfdən də o yeyilən meyvələr bitki həyat mərhələsindən insani həyat mərtəbəsinə yüksəlirlər. Eyni ilə bunun kimi bu fani  məxluqlar da dünyada müvəqqəti bir ömür keçirirlər. Hətta hər an keçirdikləri fərqli vəziyyətlərin şəkilləri belə çəkilib saxlanılır.

e) Necə ki, bir zavod dəzgahına, müəyyən maddələr atılır, içində yandırılır, zahirən məhv olurlar. Fəqət nəticədə çox qiymətli kimyəvi maddələr və dərmanlar meydana gəlir. Həm də onların yanması səbəbi ilə meydana gələn qüvvət və buxarla oradakı dəzgahlar hərəkətə gəlir, bir tərəfdən parçalar toxunur, bir tərəfdən kitablar çap edilir, bir tərəfdən də şəkər kimi başqa qiymətli məhsullar emal edilir. Deməli, adi bir maddənin yanması və zahirən yox olması ilə minlərcə başqa şeylər meydana gəlir. Adi bir varlıq gedir, amma bir çox ali varlıqlar meydana çıxır. Cənabi-Haqq da məhz bunun kimi, kainata hərəkət verir. Hər bir fani varlığı bir çox əbədi varlıqların çəyirdəyinə çevirir. Onları o ilahi məqsədlərinə vasitə, qədər qələminə mürəkkəb edərək, kainatı fəaliyyətə gətirib danışdırır, ayələrini səssizcə söylədib yazdırır.

 f) Cənabi-Haqq hər ruhu bir model kimi yaradıb hər il yeni bir libas geydirərək, bir kitabdan min kitablıq nəticə alırmış kimi, daima hər şeyi dəyişdirməkdədir.

 g) Bu məhdud, fani dünyada Allah hər il saysız-hesabsız nemətlərini fasiləsiz surətdə dəyişmək, təzələmək üçün sənətlərini dəyişdirir, yeni-yeni məhsullar verir. Atom zərrələrində, hərəkətlərdə və məxluqatda dəyişikliklər olmasaydı, dərilən meyvələrin yerində yeniləri yetişməzdi.

 h) Bərzəx (insanların öldükdən sonra qiyamətin qopmasına qədər qaldıqları aləm) və məna aləmləri kimi qeybi (görünməyən) aləmlərin məhsulları bu dar və məhdud dünya tarlasından gedir. Bulaq qədər kicik olan dünyanın, okeanlardan daha böyük olan bərzəx və axirət aləmlərini doldura bilməsi üçün fasiləsiz olaraq mənəvi məhsullar yetişdirilməlidir. Buradan oraya dunya genişliyində şəkillər göndərilərkən, bir-birinə oxşayan eyni şəkillərin göndərilməsi mənasızdır. Ona görə də Cənabi-Haqq sənət əsərlərini sürətlə yeniləməkdədir.

Müəllif: 


04-06-2018 01:38:32