Ana səhifə

Altıncı Söz: Nəfs və malını Cənab-ı Haqqa satmaq


YazdırSend to friend

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ
اِنَّ اللهَ اشْتَرٰى مِنَ الْمُؤْمِنِينَ اَنْفُسَهُمْ وَاَمْوَالَهُمْ بِاَنَّ لَهُمُ الْجَنَّةَ 

Nəfs və malını Cənab-ı Haqqa satmaq və Ona qul olmaq və əsgər olmaq nə qədər mənfəətli bir ticarət, nə qədər şərəfli bir rütbə olduğunu anlamaq istəsən, bu ibrətli hekayəciyi dinlə.

Bir zaman bir padşah rəiyyətindən iki adama, hər birisinə əmanət olaraq, bir malikanə verir ki, içində fabrik, dəzgah, at, silah kimi hər şey var. Fəqət fırtınalı bir müharibə zamanı olduğundan heç bir şey qərarında qalmaz. Ya məhv olur vəya dəyişər gedər. Padşah o iki nəfərə kəmali mərhəmətindən bir Yavər-i Əkrəmini göndərdi. Çox mərhəmətli bir fərman ilə onlara dedi: "Əlinizdə olan əmanətimi mənə satın ki, sizin üçün mühafizə edim, faydasız zay olmasın. Həm müharibə bitdikdən sonra sizə daha gözəl bir surətdə geri verəcəyəm. Həm də sanki o əmanət öz malınızdır, ona çox baha bir qiymət verəcəyəm. O dəzgah və fabrikdəki alətlər mənim adımla və mənim dəzgahımda işlətdiriləcək. Dəyəri, qazancı birdən minə yüksələcək. Bütün o qazancı sizə verəcəyəm. Həm də siz aciz və fəqirsiniz. O böyük işlərin məsrəflərini tədarük edə bilməzsiniz. Bütün məsrəfləri və ləvazımatı mən öz öhdəmə alıram. Bütün varidat və mənfəəti sizə verəcəyəm. Həm də tərxis zamanına qədər sizdə qalacaq. Bəli, beş mərtəbə mənfəət içində mənfəət...

Əgər mənə satmasanız – onsuz da görürsünüz ki, heç kim əlindəkini mühafizə edə bilmir – hər kəs kimi əlinizdən çıxacaq. Həm faydasız gedəcək, həm o yüksək qiymətdən məhrum qalacaqsınız. Həm o incə, qiymətli alətləri, mizanları istifadə etmək üçün şahanə mədənlər və işlər tapılmadığından, tamamilə qiymətdən düşəcəklər. Həm idarə və mühafizə zəhməti və əziyyəti sizə qalacaq. Həm əmanətdə xəyanət cəzasını çəkəcəksiniz. Bəli, beş dərəcə xəsarət içində xəsarət...

Həm də mənə satmaq isə mənə əsgər olub mənim namımla sərf etmək deməkdir. Adi bir əsir və sərsəriyə bədəl, ali bir padşahın xas, sərbəst bir yavəri, əsgəri olarsınız.

Onlar bu iltifatı və fərmanı dinlədikdən sonra o iki adamdan ağlı başında olanı dedi:

– Baş üstə, mən məmnuniyyətlə sataram. Həm də min təşəkkür edərəm.

Digəri məğrur, nəfsi fironlaşmış, xudbin, əyyaş, guya, əbədi o malikanədə qalacaq kimi, dünya zəlzələlərindən, müsibətlərindən xəbəri yoxmuş kimi dedi:

– Yox, yox! Padşah kimdir? Mən mülkümü satmaram, kefimi pozmaram...

Bir zaman sonra birinci adam elə bir mərtəbəyə çıxdı ki, hər kəs halına qibtə edərdi. Padşahın lütfünə nail olmuş, xas sarayında səadətlə yaşayır. Digəri elə bir hala düçar olmuş ki, hər kəs onun halına acıyır, həm də "haqq oldu!" deyir. Çünki xətasının nəticəsi olaraq həm səadəti və mülkü getmiş, həm cəza və əzab çəkir.

Ey nəfsinə uymuş! Bu misalın durbini ilə həqiqətin üzünə bax. Amma o padşah isə əzəl-əbəd Sultanı olan Rəbbin, Xaliqindir. Və o malikanələr, dəzgahlar, alətlər, mizanlar isə sənin həyatındakı mülkün və o mülkün içindəki cisim, ruh və qəlbin və onlar içindəki göz, dil, ağıl və xəyal kimi zahiri və batini duyğularındır. Və o Yavər-i Əkrəm isə Rəsul-i Kərimdir. Və o fərman isə Quran-i Hakimdir ki, bəhs etdiyimiz əzəmətli ticarəti bu ayə ilə elan edir: اِنَّ اللهَ اشْتَرٰى مِنَ الْمُؤْمِنِينَ اَنْفُسَهُمْ وَاَمْوَالَهُمْ بِاَنَّ لَهُمُ الْجَنَّةَ 

O dalğalı müharibə meydanı isə bu fırtınalı dünya üzüdür ki, dayanmır, dönür, xarab olur və hər insanın ağılına bu fikri verir: "Madam ki, hər şey əlimizdən çıxacaq, fani olub qeyb olacaq, əcaba, əbədiləşdirmək çarəsi yoxdurmu?" – deyib düşünərkən birdən səmavi Quran sədası eşidilir. Deyir: "Bəli, var. Həm, beş mərtəbə mənfəətli bir surətdə gözəl və rahat bir çarəsi var".

Sual: Nədir?

Cavab: Əmanəti həqiqi sahibinə satmaq. Məhz o satışda beş dərəcə mənfəət içində mənfəət var.

Birinci mənfəət: Fani mal əbədiləşər. Çünki Qayyum-u Baqi olan Zat-ı Zülcəlala verilən və onun yolunda sərf edilən bu fani ömür əbədiləşər, əbədi meyvələr verər. O vaxt ömür dəqiqələri, sanki, toxumlar, çəyirdəklər hökmündə zahirən çürüyər. Lakin əbədiyyət aləmində səadət çiçəkləri açarlar və sünbüllənərlər. Və Bərzax aləmində ziyadar, munis bir mənzərə olarlar.

İkinci mənfəət: Cənnət kimi bir mükafat verilir.

Üçüncü mənfəət: Hər bir əza və duyğuların qiyməti birdən minə çıxar.

Məsələn: Ağıl bir alətdir. Əgər Cənab-ı Haqqa satmayıb, bəlkə, nəfs hesabına çalışdırsan, elə uğursuz, sıxıntılı və narahat edici bir alət olar ki, keçmiş zamanın hüzün verən ələmlərini və gələcək zamanın qorxulu əhvallarını sənin bu biçarə başına yükləyəcək, faydasız və zərərli bir alət dərəcəsinə enər. Məhz bunun üçündür ki: Fasiq adam ağlın əzici əzab və əziyyətlərindən xilas olmaq üçün çox zaman ya sərxoşluğa və ya əyləncəyə qaçar. Əgər Malik-i Həqiqisinə satılsa və Onun hesabına çalışdırılsa, ağıl elə tilsimli bir açar olar ki, bu kainatda olan sonsuz rəhmət xəzinələrini və hikmət dəfinələrini açar. Beləliklə sahibini əbədi səadətə hazırlayan Rəbbani bir mürşid dərəcəsinə çıxar.

Məsələn: Göz bir üzvdür ki, ruh bu aləmi o pəncərə ilə seyr edər. Əgər Cənab-ı Haqqa satmayıb, bəlkə, nəfs hesabına çalışdırsan, keçici, davamsız bəzi gözəllikləri, mənzərələri seyr ilə bir ədəbsiz səviyyəsində şəhvət və nəfsani həvəslərə xidmətçi olar. Əgər gözü, gözün Sani-i Basirinə satsan və Onun hesabına və izni dairəsində çalışdırsan, o zaman göz bu böyük kainat kitabının bir mütaliəçisi və bu aləmdəki Rəbbimizin sənət möcüzələrinin seyrçisi və bu yer üzü bağçasındakı rəhmət çiçəklərinin mübarək bir arısı dərəcəsinə çıxar.

Məsələn: dildəki dadbilmə duyğusunu Fatir-i Hakiminə satmasan, nəfs hesabına, mədə naminə çalışdırsan, o vaxt mədə fabrikinə bir qapıçı səviyyəsinə enər, süqut edər. Əgər Rəzzaq-ı Kərimə satsan, o zaman dildəki dadbilmə duyğusu

Allahın rəhmət xəzinələrinin mahir bir nəzarətçisi və Qüdrət-i Samədaniyə mətbəxlərinin təşəkkür edən bir müfəttişi rütbəsinə çıxar.

Ey ağıl, diqqət et! Uğursuz bir alət hara, kainat açarı hara? Ey göz, gözəl bax! Adi bir ədəbsiz hara, İlahi kitabxananın elmli ziyalı bir naziri hara? Və ey dil, yaxşı dad! Bir qapıçı və bir fabrik yasaqçısı hara, xüsusi rəhmət xəzinəsinin naziri hara? 

Və bunlar kimi başqa alətləri və üzvləri müqayisə etsən, anlayarsan ki, həqiqətən, mömin Cənnətə layiq və kafir Cəhənnəmə müvafiq bir mahiyyət kəsb edər. Və onların hər birinin elə bir qiymət almasının səbəbi, möminin imanı ilə Xaliqinin əmanətini onun naminə və izni dairəsində istifadə etməsidir. Və kafirin xəyanət edib nəfsi-əmmarə hesabına çalışdırmasıdır.

Dördüncü mənfəət: İnsan zəifdir, bəlaları çoxdur. Fəqirdir, ehtiyacı çox ziyadədir. Acizdir, həyat yükü çox ağırdır. Əgər Qadir-i Zülcəlala istinad edib təvəkkül etməzsə və etimad edib təslim olmazsa, vicdanı daim əzab içində qalar. Səmərəsiz məşəqqətlər, ələmlər, təəssüflər onu boğar. Ya sərxoş və ya vəhşi edər.

Beşinci mənfəət: Bütün o üzv və alətlərin ibadəti və təsbihatı və o yüksək mükafatların ən möhtac olduğun bir zamanda Cənnət meyvələri surətində sənə veriləcəyinə zövq və kəşf əhli, ixtisas və müşahidə mənsubları ittifaq etmişlər.

Əgər bu beş mərtəbə mənfəətli ticarəti etməsən, bu mənfəətlərdən məhrumiyyətdən başqa, beş dərəcə xəsarət içində xəsarətə düşəcəksən.

Birinci xəsarət: O qədər sevdiyin mal, övlad və pərəstiş etdiyin nəfs, həva və məftun olduğun gənclik və həyat zay olub gedəcək, sənin əlindən çıxacaqlar. Fəqət günahları, ələmləri sənin boynunda qalacaq.

İkinci xəsarət: Əmanətə xəyanət cəzasını çəkəcəksən. Çünki ən qiymətli alətləri ən qiymətsiz şeylərdə sərf edib nəfsinə zülm etdin.

Üçüncü xəsarət: Bütün o qiymətli insanlıq duyğularını heyvanlıqdan çox aşağı bir səviyyəyə endirib İlahi hikmətə iftira və zülm etdin.

Dördüncü xəsarət: Acizlik və fəqirliyin ilə yanaşı, çox ağır həyat yükünü zəif belinə yükləyib zəval və ayrılıq silləsi altında daim fəryad edəcəksən.

Beşinci xəsarət: Əbədi həyatın əsaslarını və axirət səadətinin ləvazimatını tədarük etmək üçün verilən ağıl, qəlb, göz və dil kimi gözəl Rahmani hədiyyələri Cəhənnəm qapılarını sənə açacaq çirkin bir surətə çevirməkdir.

İndi satmağa baxaq... Əcaba, o qədər ağır bir şeydirmi ki, çoxları satmaqdan qaçırlar? Yox, qətiyyən və əsla!!! Heç elə bir ağırlığı yoxdur. Çünki halal dairəsi genişdir, kefə kafi gəlir. Harama girməyə heç ehtiyac yoxdur. Allahın əmrləri isə asandır, azdır. Allaha qul və əsgər olmaq elə ləzzətli bir şərəfdir ki, təsəvvür edilə bilməz. Vəzifə isə, yalnız bir əsgər kimi Allah naminə işləməli, başlamalı; və Allah hesabı ilə verməli və almalı; və izni və qanunu dairəsində hərəkət etməli, rahatlıq tapmalı. Qüsur etsə, istiğfar etməli:

"Ya Rəb! Qüsurumuzu əfv et, bizi özünə qul qəbul et, əmanətini almaq zamanına qədər bizi əmanətdə əmin qıl. Amin!.." deməli və ona yalvarmalı...



10-05-2014 12:00:00