Ana səhifə

Bəqərə surəsi 21-22-ci ayələrin təfsiri


YazdırSend to friend

  يَاأَيُّهَاالنَّاسُاعْبُدُوارَبَّكُمُالَّذِيخَلَقَكُمْوَالَّذِينَمِنْقَبْلِكُمْلَعَلَّكُمْتَتَّقُونَ

الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ فِرَاشًا وَالسَّمَاءَ بِنَاءً وَأَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَكُمْ ۖ فَلَا تَجْعَلُوا لِلَّهِ أَنْدَادًا وَأَنْتُمْ تَعْلَمُونَ

 

Yəni, "Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi mərtəbəsinə vasil olasınız. Və yenə Rəbbinizə ibadət edin ki, yeri sizə döşək, səmanı binanıza tavan etmiş və səmadan suları endirmiş ki, ruzi olmaqla yerdən meyvə və sair qidaları çıxartsın. Elə isə, Allah misl və şərik qoşmayın. Bilirsiniz ki, Allahdan başqa məbud və Xaliqiniz yoxdur. " (Bəqərə, 21-22)

  Əqaidi və imani hökmləri qüvvətləndirən və sabitləşdirməklə vərdiş halına gətirən ancaq ibadətdir. Bəli, Allahın əmrlərini yerinə yetirməkdən və qadağalarından çəkinməkdən ibarət olan ibadətlə vicdani və əqli olan imani hökmlər tərbiyə edilməzsə və qüvvətləndirilməzsə, faydaları və təsirləri zəif qalar. Bu hala İslam alə­minin hal-hazırkı vəziyyəti şahiddir.

    Və həmçinin ibadət dünya və axirət səadətlərinə vəsilə olduğu kimi, maaş və məadə, yəni dünya və axirət işlərini tənzimə səbəbdir və şəxsin və növün kəmalatına vasitədir və Xaliq ilə qul arasında çox yüksək bir nisbət və şərəfli bir rabitədir.

    İbadətin dünya səadətinə vəsilə olduğunu izah edən cəhətlər: Birincisi: İnsan bütün heyvanlardan üstün və müstəsna olaraq, qeyri adi və lətif bir xasiyyətdə yaradılmış­dır. O xüsusiyyətlər üzündən insanda müxtəlif meyllər, arzular meydana gəlmişdir. Məsələn: İnsan ən əla şeyləri istər, ən gözəl şeylərə meyil edər, zinətli şeyləri arzu edər, insaniyyətə layiq bir məişət və bir şərəflə yaşamaq istər. Bu meyllərin tələbi üzərinə qida, geyim və sair ehtiyaclarını istədiyi kimi, gözəl bir şəkildə tədarükündə çox sənətlərə ehtiyacı vardır. O sənətlərə bələd olmadığından, digər insanlarla işbirliyi etməyə məcbur olar ki, hər biri əməyinin səmərəsi ilə yoldaşına mübadilə surəti ilə yardım etsin və bunun sayəsində ehtiyaclarını təmin edə bilsin.

    Fəqət insandakı şəhvani qəzəbi duyğulara əqli hislərə Sani (inası yaradan Allah,Sənət əsəri olaraq meydana gətirən) rəfindən həd qoyulmadığından insanın cüzi ixtiyarı ilə tərəqqisini təmin etmək üçün bunlar sərbəst buraxıldığından, əməllərdə zülm və təcavüzlər baş verir. Bu təcavüzləri önləmək üçün insanlar işlərinin sə­mərələrini mübadilə etməkdə ədalə­tə möhtacdırLakin hər fərdin ağlı, ədaləti idrakdan aciz olduğundan, küllü bir ağıla ehtiyac vardır ki, fərdlər o külli ağıldan istifadə etsinlər. Belə külli bir ağıl da ancaq qanun şəklində olar. Belə bir qanun ancaq şəriətdir

    Sonra o şəriətin təsirini, icrasını, tətbiqini təmin edəcək bir şəxs, bir sahib lazımdır. O şəxs və o sahib də ancaq peyğəmbərdir. Peyğəmbər olan şəxsin də zahirən və batinən xalqa olan hakimiyyətini davam etdirmək üçün maddi və mənəvi bir ülviyyətə, bir imtiyaza ehtiyacı olduğu kimi, Xaliq ilə olan münasibət dərəcəsi və əlaqəsini göstərmək üçün də bir dəlilə ehtiyacı vardır. Belə bir dəlil də ancaq möcüzələrdir.

     Sonra Cənabı-Haqqın əmrlərinə və qadağalarına itaəti və boyun əyməyi təsis və təmin etmək üçün Saniin əzəmətini zehinlərdə təsbit etməyə ehtiyac vardır. Bu təsbit də ancaq əqaid ilə, yəni imanın hökmlərinin təcəllisi ilə olur. İmani hökmlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi ancaq təkrar ilə, yenilənən ibadətlə olur.

     İkincisi: İbadət fikirləri Sani-i Hakimə yönəltdirmək üçündür. Qulun Sani-i Hakimə olan yönəlməsi, itaət və boyun əyməyi nəticə verir. İtaət və boyun əymək isə qulu mükəmməl intizam altına daxil edər. Qulun intizam altına girməsi və nizama tabe olması ilə hikmətin sirri meydana çı­xar. Hikmət isə kainat səhifələrində parlayan sənət naxışları ilə zühur edər.

   Üçüncüsü: İnsan bütün xilqətin nizamlarına, fitrətin qanunlarının və kainatdakı İlahi düsturların şüalarına bir mərkəzdir. Buna görə də insanın o qanunlara bağlanması, rabitə qurması və o qanunlara riayət etməsi lazımdır ki, ümumi cərəyanı təmin etsin. Və aləm təbəqələrində dövr edən çarxların hərəkətlərinə müxalifətlə o çarxların altında əzilməsin. Bu da ancaq o əmr və qadağalardan ibarət olan ibadətlə olur.

   Dördüncüsü: Əmrlərə boyun əymək, qadağalardan çəkinmək sayə­sində bir fərd cəmiyyətdə çox mərtəbələrlə münasibət qurar və əlaqədar olur. Xüsusilə, dini ehkam və ümumi məsələlər barəsində bir fərd bir növ hökmünə keçər. Yəni bir çox hüquqlar, ləyaqətlər, irşad­lar, təlimlər, islahlar kimi vəzifələr bir şəxsə yüklənir. Əgər əmrə boyun əyən, qadağalardan çəkinən o şəxs olmasa, həmin vəzifələr tamamilə payimal olur.

     Beşincisi: İnsan İslamiyyət sayəsində, ibadət vasitəsi ilə bütün müsəlmanlara sabit bir münasibət bəslər və onlarla qüvvətli bir əlaqə və bağlılıq əldə edər. Bunlar isə sarsılmaz bir uxuvvətə (qardaşlıq, yoldaşlıq), həqiqi bir məhəbbətə səbəb olur. Onsuz da cə­miyyətin inkişafına və tərəqqisinə ilk və ən birinci pillələr uxuvvət ilə məhəbbətdir.

    İbadətin şəxsi kəmalata səbəb olduğunun izahı:

    İnsan cismən kiçik, zəif və aciz olmaqla yanaşı, heyvanatdan fərqləndiyi halda çox yüksək bir ruhu daşıyır və çox böyük bir istedada malikdir, hədsiz dərəcədə meylləri vardır, nəhayətsiz əməllər sahibi­dir, sonsuz fikirləri vardır və qeyri-məhdud şəhvət və qəzəb kimi duyğuları vardır və elə qeyri-adi bir yaradılışı vardır ki, sanki bütün növlərə və aləmlərə bir nümunə olaraq yaradılmışdır.

   Məhz belə bir insanın o yüksək ruhunu genişləndirən ibadətdir; istedadlarını inkişaf etdirən ibadətdir; meyillərini paklaşdıran və təmizlə­yən ibadətdir; əməllərini təsdiqlə­yən ibadətdir; fikirlərini genişləndirən və intizam altına alan ibadətdir; şəhvani və qəzəbi duyğularını hədd altına alan ibadətdir; zahiri və batini üzvlərini və duyğularını kirlərdən, təbiət paslarını izalə edən ibadətdir; insanı layiq olduğu kəmalatına yetişdirən ibadətdir; qul ilə Məbud arasında ən yüksək və ən lətif olan nisbət ancaq ibadətdir. Bəli, bəşərin ən ali kamilliyi bu nisbət və münasibətdir.

    Xatırlatma: İbadətin ruhu ixlasdır. İxlas isə edilən ibadətin yalnız əmr edildiyi üçün edilməsidir. Əgər başqa bir hikmət və bir fayda ibadətə səbəb göstərilsə, o ibadət batildir. Faydalar, hikmətlər yalnız mürəccih ola bilərlər, səbəb ola bilməzlər.

 

Risale-i Nur Külliyatı | İşaratü'l-İ'caz | Bəqərə Sûrəsi | 21-22. âyətin təfsiri



26-03-2017 10:08:35