Ana səhifə

Bəraət gecəsni önəmi və dəlillər


YazdırSend to friend

Ramazan ayı, Qədir gecəsi, cümə günü və üç aylar kimi xüsusi zamanlar insanın bağışlanma diləməsi, əfv və məğfirəti üçün bir vəsilədir.

Şaban ayı ramazana hazırlıq ayıdır. Rəsulullahın (s.ə.s.) bəzən şaban ayında bir neçə gün oruc tutduğu bildirilir. İstəyənlər şaban ayının bazar ertəsi və cümə axşamı günləri nafilə və ya qəza orucu tuta bilər. Buna görə də şaban ayının feyz və bərəkətindən faydalanmaq üçün bu ayda nafilə ibadətlər edilə – Quran oxuna, istiğfar, zikir, salavat çəkilə bilər. Ələlxüsus bu gün dünyanın dörd bir tərəfində zülmə uğrayan, bir çox məhrumiyyətlər yaşayan müsəlman qardaşlarımız üçün dua edə bilərik.

Bəraət gecəsi.

Bəraət borc, xəstəlik, günah və cəzadan qurtulmaq deməkdir. Bəraət gecəsi Şaban ayının 15-ci gecəsidir. Onun üçün borcdan və isnad edilən xəta və günahlardan xilas olmaq istəyənlər bu gecə Allah`dan bəraətlarını yəni qurtuluşlarını istəyəcəklər. Bu gecə ibadət və niyazımızla (duamızla) Allah`ın rəhmətinə, məğfirətinə layiq olmağa çalışacağımız mübarək bir gecədir. Rəsulullahdan (s.ə.s.) bu gecəyə məxsus nəql olunan xüsusi ibadət şəkli yoxdur. Bəraət gecəsi Ramazan ayına hazırlaşmaq üçün fürsət sayıla bilər.

Bu ayın 15-ci gecəsi olan Berat gecəsi haqqında güclü rəvayətlər var. Bunlardan birində Həzrət Aişə (r.anha) Peyğəmbərimizin (s.ə.s) belə buyurduğunu nəql edir:

"Şübhəsiz ki, Allah Təala Şaban ayının orta gecəsi dünya səmasına enər və Bənu Kəlb qəbiləsinin qoyunlarının tükləri ədədindən daha çox sayda insanı(n günahlarını) bağışlayar." (ət-Tirmizi, "Savm", 38; İbn Macə, "İqamə", 191; Əhməd b. Hənbəl, "əl-Müsnəd", VI, 238.)

İbn Macə`nin Əbu Musa əl-Əş'ari (r.ə)`dan rəvayət etdiyinə görə Hz. Peyğəmbər (s.a.v) belə buyurmuşdur:

"Şaban ayının orta gecəsi olduqda gecə namaza qalxın, o gecənin gündüzündə də oruc tutun. Çünki Allah Təala o gecə günəş batınca dünya səmasına enər və ta ki günəş doğana qədər "Bağışlanma diləyən yoxdurmu, bağışlayım? Ruzi istəyən yoxdurmu, ruzi verim? (Bir dərdə) mübtəla olan yoxdurmu, afiyət verim? ... " buyurur." (İbn Macə, "İqamə", 191)

(Bu rəvayətlərdə zikr edilən "Allah Təala'nın dünya səmasına enməsi" məsələsini, yuxarıdan aşağıya enmək mənasında başa düşmək olmaz. Burada ya Allah Təala'nın, rəvayətdə keçdiyi kimi nida edən bir mələk göndərməsi məcazi olaraq bildirilmişdir və ya Allah Təalanın, rəhmət və ruzi qapılarını sonuna qədər açdığı ifadə edilmişdir.)

Ayrıca bu mövzuda Hz. Əbu Bəkir, Hz. Əli, İbn Ömər, Əbu Sələbə, Osman b. Əbil-As və Muaz b. Cəbəl (Allah hamısından razı olsun) kimi Səhabələrdən gələn rəvayətlər də mövcuddur. Hər nə qədər bu rəvayətlərin bəzilərinin sənədlərində bir sıra qüsurlar olsa da, hamısı bir yerə toplayıb qiymətləndirildikdə bu məcmuədən güclü dəlil hasil olur. (İbn Əbi Asim, "Kitabu`s-Sünnə", 222-4. Bu gecənin fəziləti haqqında əl-Kövsəri mərhum da "Məqalət"-ində (60-4) müstəqil bir məqalə qələmə almışdır.)

Qaldı ki, bunlar arasında sənəd etibarilə hər hansı bir qüsur daşımayanlar, yəni səhih olanlar da mövcuddur. (Bu rəvayətlərin ümumi zikri üçün baxın. əs-Səxavi, "əl-Əcvibətu'l-Mardıyyə", I, 325 vd.)

 

Bu gecənin fəziləti səbəbiylə Tabiun'dan Xalid b. Ma'dan, Məkhul və Loğman b. Amir kimi böyük zatlar bu gecəni əhya etməyə böyük əhəmiyyət verərdilər. Ancaq bu mövzuda onların davranışını təsdiqləməyib, bu gecənin ihyasının bidət olduğunu söyləyənlər də vardır. Atâ, İbn Əbi Müleykə və Hicaz alimlərinin əksəriyyətinin mövqeyi belədir. (İbn Rəcəb, a.k.ə., 152-3.)

Muaz ibn Cəbəl Rəsulullahın (s.ə.s) belə buyurduğunu nəql edir: “Allah Təala Şaban ayının on beşinci gecəsi xüsusi rəhmət və məğfirət edər. Müşrik və müsəlman qardaşına #kin bəsləyən xaricindəki bir çox insanı bağışlayar”. (Təbərani, Mucəmul-Kəbir, 20/108; Əvsat, 7/36; İbn Macə, İqamə, 191)

Başqa hədisdə isə Peyğəmbərimiz (s.ə.s) Allahın bu gecədə möminləri bağışladığını, kafirlərə möhlət verdiyini bildirmişdir. (Təbərani, Mucəmul-Kəbir, 22/224; Beyhəqi, Sünəni Suğra, 3/431)

Hədislərdə vurğulanan əsas xüsus bu gecənin əfv və məğfirət gecəsi olduğudur. Ancaq Allaha şərik qoşan, təkəbbür və qürura məğlub olan, möminlərə kin və nifrət bəsləyənlərin bu bərəkətdən və feyzdən məhrum olacağına işarə edilir. Həmçinin başqa rəvayətlərdə zina edən (Beyhəqi, Şuabul-İman, 3/179) və adam öldürənin (Əhməd ibn Hənbəl, Müsnəd, 2/176) də bu gecədə təyin olunan əfv və məğfirətdən məhrum qalacağını bildirilir.

 

İmam Şafei həzrətləri də beş gecədə edilən dualara cavab veriləcəyini bildirmişdir ki, həmin gecələr cümə, ramazan və qurban bayramı gecələri, rəcəb ayının ilk və şabah ayının on beşinci gecəsidir. (Münavi, Feyzul-Qadir, 3/454; İbn Həcər, Təlhisul-Xabir, 2/80)

Bu gecədə cərəyan edən hadisələr.

Allah Rəsulu (s.ə.s) Həzrət Aişəyə (r.anha): “Bu gecədə nələr olduğunu bilirsənmi?”˗ deyə soruşmuş, ardınca da: “Bu gecədə il ərzində kimlərin doğulub və öləcəyi yazılır (Lövhi-məhfuzdan siyahısı çıxarılır), saleh əməllər mələi-əlaya yüksəldilir, maddi-mənəvi ruzi-bərəkət endirilir.”˗ demişdir. (Əliyyül-Qari, Mirqatul-Məfatih, 3/346)

Həzrət Ömər (r.a), Abdullah ibn Məsud (r.a) və bəzi mənəviyyat böyüklərinin Bəraət gecəsi bu duanı oxuduğu nəql olunur:

“Allahım, bizi şakilər (Sənə üsyan edən) olaraq yazmışsan oradan adımızı sil; bizi səidlər (həqiqi möminlər) zümrəsinə yaz. Əgər bizi səidlər zümrəsində yazmışsan, adımızı orada sabit eylə. Şübhəsiz ki Sən dilədiyini silər, dilədiyini də saxlayarsan. Zatən Ummul-Kitab (Əsas kitab-Qədər proqramı) Sənin dərgahındadır.” (Əliyyül-Qari, Mirqatul-Məfatih, 3/350; Təbəri, Təfsir, Duxan surəsi, 3-cü ayənin təfsiri)

Unutmayaq! Rəcəb toxum əkmə, Şaban sulama, Ramazan isə məhsul toplama ayıdır. İl ağac kimidir: Rəcəb ağacın yarpaqları, şaban meyvələrin yetişməsi, ramazan isə yetişən meyvələrin dərilməsi mövsümüdür.

Müəllif: 


30-04-2018 09:46:53