Ana səhifə

Bərabərlik və ədalət eynidirmi? Əgər eyni deyilsə aralarındakı fərq nədir?


YazdırSend to friend

Çox zaman bərabərlik məfhumunun ədalət məfhumu ilə qarışdırıldığını, yəni onların eyni olmasının zənn edildiyini görürük. Bərabərlik iki şeyin hər yöndən bərabər, yəni eynilik təşkil etməsi deməkdir. Ədalət isə hər haqq sahibinə haqqını vermək və haqsızları cəzalandırmaq şəklində ifadə edilir. İnsana iki, qoyuna isə dörd ayaq verilməsində bərabərsizlik var, amma ədalətsizlik yoxdur. İnsana belə, qoyuna elə yaraşır. Mütləq bərabərlik, yəni hər şeyin hər cəhətdən bir-birinin eyni olması ədalətə ziddir. İnsanların sənətlərinə bir nəzər yetirək:

Bir şair qəsidəsində hər hərfi bütün sözü diqqətə alaraq yazır, hər sözü bütöv şeiri nəzərə alaraq yerləşdirər, hər misranı da bütün şeiri nəzərdən keçirərək qələmə alır. Burda mütləq bərabərlik yox, ədalət əsas götürülür. İlk misra əvvələ düşür, son misra arxada qalır, amma hamısı eyni məqsədə xidmət edir.

Bir fabrik müdiri fabrikinin böyüklüyünü, bölmələrini, motorlarını, qazanlarını ən kiçik ehtiyat hissəsinə gələnə qədər hər şeyini hikmət və ədalətlə tənzimləyir. Nəticədə mükəmməl bir fabrik meydana gəlir.

Bir rəssam da elə deyilmi? O, çəkdiyi hər bir rəsm əsərində hər incə xətti, naxışı nizamla yerləşdirir. Rəngləri, formaları mütləq bərabərliklə, eyniliklə yox, ədalətlə həkk edir. Nəyə nə uyğun gəlirsə, nə yaraşırsa, rəsim əsərini də ona uyğun şəkildə rəngləyir. Kimə nə münasibdisə ona o şəkli, o formanı verir və gözəl bir əsər meydana çıxır.

Cənab-ı Haqqın bu aləmdəki icraatı da bərabərlik prinsipi ilə yox, ədalətlilik prinsipinə görə cərəyan edir. İnsanlar arasında mütləq bərabərlik olsaydı hər şeydən əvvəl ana, ata və övlad ifadələrindən söhbət gedə bilərdimi? Bütün insanlar bütün cəhətləriylə bərabər olsaydı cəmiyyət deyilən bir şey olmazdı. Bu fərziyyə ilə nə peyğəmbər (as), nə ümmət, nə komandir, nə əsgər, nə ata, nə övlad, nə müdir, nə işçi, nə müəllim, nə də tələbə olardı. Bilmirəm belə bir cəmiyyət düşünmək olarmı?

Digər varlıqlara da nəzər yetirək: Mütləq bərabərlik olsaydı, nə yer qalardı, nə də göy. Şimşək çaxırsa, bu buludların elektrik yüklərinin eyni olmamasından irəli gəlir. Ruhumuzla bədənimizi düşünək. Mütləq bərabərlik olsaydı hansı hansına hökm edərdi? Orqanlarımızın hamısı əl və ya qəlb olsaydı həyatımızı davam etdirə bilərdikmi?

Sərçə ilə pişiyin bərabər olmadığı məlumdur. Amma hər ikisində də ilahi ədalət bütün şəffaflığı ilə oxunmaqdadır. “pişik olmağın” mahiyyəti nəyi lazım görürsə, ruh vəziyyətindən, diş və dırnaq quruluşuna, bədən çevikliyinə qədər hamısı ədalətlə verilmiş, heç bir şeydə nöqsan olmamışdır. Eyni şəkildə, “sərçə olmağın” mahiyyəti də nəyi ifadə edirsə, ona da o qabiliyyətlər və o bədən quruluşu nöqsansız təqdim edilmişdir. Əsl ədalət elə budur. “Niyə o sərçə oldu, bu pişik?” deyə sual verilməyə heç kimin haqqı yoxdur. Əgər soruşulsa “Allah belə istəmişdir” deyə cavab verilməlidir. Əksini etsəydi, o sual yenə soruşulardı. Qaldı ki, nə o sərçə, nə də pişik başqa bir aləmdə sınağa məruz qalmırlar. O vaxta qədər ki, uğurlarına qarşılıq, özlərinə verilən həyat məqamını az olduğunu düşünsünlər. Onlar hələ dünənə qədər, yoxluq qaranlıqlarında Allahın lütfünü gözləməkdədirlər. Heç bir haqları olmadığı halda belə, Cənab-ı Haqq onlara bu hazır bədənlərini və ruhlarını ehsan etdi. Onlar da bunu şüurlu şəkildə bilirlərmiş kimi hallarından məmnun olaraq həyatlarını davam etdirirlər. Ruhlarında qədərə, alın yazısına zərrə qədər belə etirazı yoxdur.

Bütün bunlar İlahi ədalətin mükəmməl təcəllisi, yəni görüntüsüdür. Biz bu görüntüləri izləməli və bu fani dünya həyatında insanların fərqli tərzlərdə sınanmalarını da şüurla düşünərək dəyərləndirməliyik. Hikməti ancaq axirətdə başa düşülə biləcək olan bəzi fərqlilikləri həmin an etirazla qarşılamamalıyıq.



13-06-2012 12:00:00