Ana səhifə

Bayram ədəbi nədir?


     Bayram günlərində erkən qalxmaq, yuyunmaq, dişləri təmizləyərək misvaklamak, gözəl qoxular sürtmək, paltarların ən təmiz və gözəlini geyinmək, Haqq Təalanın nemətlərinə şükr üçün sevincli görünmək, rast gəldiyi din qardaşlarına qarşı gülər üzlü olmaq, mümkün dərəcədə çox sədəqə vermək, Bayram gecələrini ibadətlə canlandırmaq bayram ədəbindəndir.

     Ramazan bayramında namazdan əvvəl xurma kimi şirin bir şey yeyərək məscidə getmək; Qurban bayramında isə namazdan əvvəl heç bir şey yeməmək müstəhəbdir. Hətta Qurban kəsəcək kimsənin kəsdiyi qurbanın ətiylə yeməyə başlaması daha gözəldir. Bununla birlikdə namazdan əvvəl bir şeylər yeyilərsə bunda bir qorxu yoxdur.

     Bayram günlərində Müsəlmanların bir-birlərini təbrik etmələri, bir-birləriylə bir yerdə olaraq  xeyir və bağışlama duaları etmələri yenə bayram ədəbləri arasındadır. Ayrıca bayram hörmətinə inciklər barışmalı, bir-birlərində haqqları olanlar o haqqları bir-birlərinə halal etməli, dost və qohum ziyarətləri edilməli, ailənin kiçikləri ailənin böyüklərinin ziyarətinə gedərək əllərini öpüb xeyir-dualarını almalı, könüllərini xoş etməlidir.

    Oxuma Parçası: Peyğəmbərimiz İlə Yetim Abdullah

Abdullah kiçik yaşda ikən, bir döyüşdə atasını itirmişdi.

Anası yenidən evlənincə ögey ata, Abdullahı istəməmişdi. Və Abdullah küçələrdə sahibsiz qalmışdı.

Dərdli idi. Köməksevər xalqın verdikləriylə qarınını doyura bilirdi. Yoldaşları gülüb oynayarkən, o, bir küncdə oturar, başını əlləri arasına qoyar, düşüncələrə dalardı.

Bir bayram günü, Abdullah yenə belə bir kənara oturmuş, başını əllərinin arasına qoymuşdu. Cıvıldaşan uşaqlara baxıb ağlayırdı. Üstü başı kir idi. Köynəyi bəlkə qırx yerdən yamanmış idi. Üstəlik səhərdən bəri yeməyə bir şey də tapa bilməmişdi.

O sırada Peyğəmbərimiz keçirdi. Oynaşan uşaqları seyr etmək üçün bir az dayandı. Gülümsədi. Bir neçə uşağı oxşadı. Sonra Abdullahı gördü. Kənarda dayanıb ağlaması diqqətini çəkmişdi. Yanına getdi. Və nə üçün yoldaşlarıyla oynamadığını, nə üçün ağladığını soruşdu.

Abdullah kədərindən Peyğəmbərimizi tanıya bilməmişdi.

     - Əmi, dedi, atam bir döyüşdə şəhid oldu, anam evləndi. Ögey atam məni istəmədi. Tək qaldım. Nə yeməyə bir dilim çörəyim, nə geyəcək yeni bir köynəyim var. Buna görə yoldaşlarıma qatıla bilmirəm.

     Peyğəmbər Əfəndimizin mübarək gözləri doldu.

    - Yaxşı ya Abdullah, dedi, sən Həsən ilə Hüseynə qardaş olmaq istərsən?

     Həsən ilə Hüseyn, Peyğəmbərimizin nəvələri idi. Abdullah istəklə atıldı:

    - Çox istəyərəm.

    - Fatiməyə övlad, Peyğəmbərə nəvə olmaq istərsən?

    Abdullah dərhal cavab verdi:

    - Çox istəyərəm.

   - Elə isə gəl bizə gedək, bundan sonra mənim nəvəmsən...

     Abdullah ancaq o zaman Peyğəmbərimizin qarşısında olduğunu anladı və əllərinə sarılıb öpdü.

    Birlikdə evə getdilər. Abdullahın qarnı aylardan bəri ilk dəfə gözəl doydu. İlk dəfə yeni paltarlar geydi. Və Peyğəmbərimizdən icazə alıb təkrar uşaqların arasına döndü. Amma bu səfər kənardan seyr etmirdi. Oyuna qatılmış, onlar kimi hoppanıb tullanmağa başlamışdı. Uşaqlar bu dəyişikliyi maraqlanıb Abdullahdan soruşdular:

     - Ey Abdullah, bir saat əvvəl ağlayırdın, üstün başın tökülürdü, indi baxırıq yeni paltarlar geydin, aramıza qatılıb oynayırsan. Səbəbi nədir?

    Abdullah məmnun məmnun gülümsədi...



08-09-2010 12:00:00