Ana səhifə

Beşinci Söz: Namaz qılmaq və böyük günahları işləməmək


YazdırSend to friend

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ
اِنَّ اللهَ مَعَ الَّذِينَ اتَّقَوْا وَالَّذِينَ هُمْ مُحْسِنُونَ

    Namaz qılmaq və böyük günahları işləməmək, nə dərəcə həqiqi bir insanlıq vəzifəsi və nə qədər fitri, bəşərə münasib bir yaradılış nəticəsi olduğunu görmək istəsən, bu hekayəciyə bax, dinlə.

    Səfərbərlikdə bir taburda, biri təlimli vəzifəpərvər, digəri naşı nəfspərvər iki əsgər birlikdə idi. Vəzifəpərvər olan təlimə və cihada diqqət edər, ərzaq və təyinatını heç düşünməzdi. Çünki anlamışdı ki, onu bəsləmək və təchizatını vermək, xəstə olsa, müalicə etmək, hətta ehtiyac olsa, loxmanı ağzına qoymağa qədər – dövlətin vəzifəsidir. Və onun əsl vəzifəsi təlim və cihaddır. Lakin bəzi iaşə və təchizat işlərində işləyər. Qazan qaynadar, qab-qacağı yuyub gətirər. Ona sual edilsə:

"Nə edirsən?"

"Dövlətə xidmət edirəm," – deyər. "Zəruri ehtiyacım üçün çalışıram." - deməz.

Digəri, mədəsini düşünən naşı isə təlimə və hərbə diqqət etməzdi. "O, dövlət işidir. Mənə nə?» –deyərdi. Daima ehtiyacını düşünüb onun arxasınca düşər, taburu tərk edər, bazara gedər, alış-veriş edərdi. Bir gün təlim görmüş yoldaşı ona dedi:

– Qardaş, əsl vəzifən, təlim və müharibədir. Sən onun üçün bura gətirilmisən. Padşaha etimad et. O, səni ac saxlamaz. Bu, padşahın vəzifəsidir. Həm sən aciz və fəqirsən, hər yerdə özünü bəslətdirə bilməzsən. Həm də mücahidə və səfərbərlik zamanıdır. "Həm sənə üsyankardır" deyib, cəza verərlər. Bəli, iki vəzifə önümüzdə görünür. Biri: padşahın vəzifəsidir - bəzən biz bəzi işlərdə işləyirik - bizi bəsləməkdir. Digəri: bizim vəzifəmizdir - padşah bizə silahlarla yardım edər - təlim və hərbdir.

    Əcaba, o sərsəri adam təlimli mücahidə qulaq asmazsa, nə qədər təhlükədə qalar, anlarsan!

    Bəli, ey tənbəl nəfsim! O, dalğalı hərb meydanı bu dağdağalı dünya həyatıdır. O, taburlara ayrılan ordu isə bəşər cəmiyyətidir. Və o bölük isə bu əsrin İslam camaatıdır. O, iki nəfər isə biri dini fərzləri bilən, yerinə yetirən və kəbairi tərk edən, günahları işləməmək üçün nəfs və şeytanla mücahidə edən təqvalı müsəlmandır. Digəri: Rəzzaqi-Həqiqini idərdinə dalıb, fərzləri tərk edən və məişət dərdi üçün rast gələn hər günahı işləyən azğın fasiqdir. Və o təlim və təlimat isə başda namaz olmaqla ibadətdir. O hərb isə nəfs və həvəsinə, cin və ins şeytanlarına qarşı mücahidə edib, günahlardan, rəzil əxlaqdan, əbədi həlakətdən qəlb və ruhunu qurtarmaqdır. Və o iki vəzifə isə: biri, həyatı verib bəsləməkdir. Digəri, həyatı verənə və bəsləyənə pərəstiş edib yalvarmaqdır, ona təvəkkül edib əmniyyət etməkdir.

    Bəli, ən parlaq bir Samədani sənət möcüzəsi və bir Rabbani hikmət xariqəsi olan həyatı kim vermiş, yaratmışdırsa, ruzi ilə o həyatı bəsləyən və davam etdirən də odur. Ondan başqa olmaz... Dəlilmi istəyirsən? Ən zəif, ən axmaq heyvan ən yaxşı bəslənir (meyvə qurdları və balıqlar kimi). Ən aciz, ən zərif məxluq ən yaxşı ruzini yeyər (körpələr və yavrular kimi).

    Bəli, halal ruzi qazanmaq iqtidar və ixtiyar ilə olmadığını, şübhəsiz, acizlik və zəifliklə olduğunu anlamaq üçün, balıqlarla tülküləri, yavrularla canavarları, ağaclarla heyvanları müqayisə etmək kafidir. Demək, məişət dərdi üçün namazını tərk edən o əsgərə bənzər ki: təlimi və sipərini tərk edib bazarda dilənçilik edər. Fəqət, namazını qıldıqdan sonra Cənab-ı Rəzzaq-ı Kərimin rəhmət mətbəxindən təyinatını axtarmaq - başqalarına yük olmamaq üçün - özü şəxsən getmək gözəldir, mərdlikdir, o da bir ibadətdir. Həm də insan ibadət üçün xəlq olunduğunu fitrəti və mənəvi duyğuları göstərir. Çünki dünyəvi həyata lazım olan əməl və iqtidar cəhətində ən kiçik bir sərçə quşuna yetişməz. Lakin mənəvi həyatına və axirətinə lazım olan elm və iftiqar ilə təzərrü və ibadət cəhətində heyvanların sultanı və komandanı hökmündədir.

    Demək, ey nəfsim! Əgər dünya həyatını əsas məqsəd etsən və daim ona çalışsan, ən kiçik bir sərçə quşu hökmündə olarsan. Əgər axirət həyatını qayə və məqsəd bilsən və bu həyatı da ona vəsilə etsən, ona görə çalışsan, o vaxt heyvanların böyük bir komandanı hökmündə və bu dünyada Cənabı-Haqqın nazlı və niyazlı bir qulu, kərəmli və möhtərəm bir müsafiri olarsan.

    Budur, sənə iki yol, istədiyini seçə bilərsən. Hidayət və yardımı Ərhamur-Rahimindən istə...



10-05-2014 12:00:00