Ana səhifə

Böyük balıqlar kiçik balıqları nə üçün udur?


YazdırSend to friend

Dənizlərdəki həyatın inanılmaz dərəcədə nizamlı və zəngin olan tarazlığı, yüzlərlə əsrdən bəri heç pozulmadan davam edir. Bu elə fövqəladə bir tarazlıqdır ki, hər modulu bir-birini tamamlayaraq işləyir. Dənizlərdəki milyardlarla canlı arasındakı tarazlıq, onu pozacaq hər cür sapmaları düzəldəcək gücdədir. Belə ki:

Bəsləyici duzlar bitkilərin bolluğu üzündən bir bölgədə zərər görəcək vəziyyətə gələrsə, bu bitki bolluğu, bitki ilə bəslənən heyvanların hücumuna məruz qalır. Bu sayədə bitkilər də, öz normal saylarının səviyyəsinə enərlər. Lakin bu dəfə də heyvani ölü orqanik maddənin çoxalmasına gətirib çıxaracaq. Beləcə, bitki tarazlığı, çox bitki yeyənlər ilə pozulsa, o zaman onları yeyən yırtıcı heyvanlar hücum edəcək. Nəticədə tarazlıq gec- tez yenidən təmin ediləcək. Çünki Yaradıcımızın möcüzəvi planında, təsadüfə, özbaşınalığa yer yoxdur. Min bir növ əsrarəngiz gözəlliklərin sərgiləndiyi dənizlər aləmindəki köməkləşmə nümunələri, elm adamlarını bu mövzuda araşdırma aparmağa sövq etmişdir. Tədqiqatçıların ortaya çıxardığı gerçəklərdən biri də, heyvanların bu davranışlarından çox az qismini öyrənmə yoluyla əldə etmələridir.

O halda, bütün bu davranışları və həyat proqramları, ana qarnında və ya yumurtada ikən hüceyrələrində kodlaşdırılmışdır. Yəni ən münasib yaşama nizamı, daha dünyaya gəlmədən əvvəl proqramlaşdırılmışdır.

Nəhəng balinanın həyat proqramını gözlə görülməyəcək qədər kiçik bir hüceyrənin içinə yazan qüdrət, dənizlərdə bir hüceyrə qədər təsadüfə yer qoymamışdır. Ölüm və həyat içində yuvarlanan, dağılmaq və təmir içində çalxalanan, köçlər içində qaynayan dənizlər aləmindəki köməkləşmə və bunun yanında tarazlıq, ölçü və sənət isbat edir ki, bu saysız canlılarda olan doğum, ölüm, bəslənmə və həyat müddətləri, hər birini, hətta bütün kainatı eyni anda görən, təftiş edən bir tək Zatın (c. c.) yaratdığı proqrama görə olur.

Əgər hər an kainatın tarazlığını pozmağa çalışan səbəblər başıboş buraxılsaydı və ya məqsədsiz sərsəri təsadüfün, ölçüsüz kor qüvvətin və ya şüursuz qaranlıq təbiətin əsəri olsaydı, dənizlərdəki, hətta dünyadakı tarazlıq elə pozulacaqdı ki, bir ildə, bəlkə bir gündə dəniz qarmaqarışıq şeylərlə dolub, zəmin bir məzbələ, bir məzbaha, bir bataqlığa dönəcəkdi. Halbuki, heç bir şeydə həqiqi bir çirklilik və çirkinlik görünmür. Bəli, heç bir şeydə balanssızlıq olmadığı kimi, heç bir şeydə ölçüsüzlük də yoxdur.

Qida piramidasını araşdırsaq, yemənin və yeyilmənin özbaşına buraxılmadığını və bir proqrama görə olduğunu ifadə etmişdik. Bərbər balıqlarının həyat proqramında isə, böyük balıqların dərilərindəki kiçik parazitləri və ölü dəri parçalarını alaraq onları təmizləmək və aldıqlarını yemək vardır.

Təmizlənmək ehtiyacı olan balıqlar xüsusi yerləri olan bu təmizləyicilərə gəlirlər. Eynilə saç kəsdirmək istəyən kimsənin bərbərə getməyi kimi. O biri balıqlar bərbər balığını görünüşündən tanıyar və onları yeməzlər.

Təlxək balıqları, öldürücü dəniz pionları ilə ortaq həyat sürürlər. Dəniz-pionlarının qollarındakı digər balıqları öldürməyə və yeməyə yarayan yandırıcı hüceyrələr, təlxək balığına zərər verməzlər. Dəniz pionlarının 40-60 sm. diametrindəki gövdələri, ətli bağlarla suyun dibinə bağlanmışdır. Varlığın ağızı ortadadır. Yandırıcı hüceyrələrin sancması ilə dərhal öləcək və yeyilmək üzrə dəniz pionlarının ağzına göndəriləcək. Halbuki, təlxək balıqları bu yandırıcı hüceyrələrlə əhatə olunmuş sahədə heç bir zərər görmürlər. Hətta bu balıqlar hər hansı bir səbəbdən qorxduqları zaman evlərinə qaçırmış kimi dəniz pionlarının qolları arasına sığınır və gecəni orada keçirirlər. Dəniz pionları da bu ortaqlıqdan faydalanırlar. Bir təlxək balığı dərhal yeyilib bitirilməyən bir ov tapdıqda, bunu dəniz pionuna aparır və onunla paylaşır. Bir növ kirayə olan bu ödənişdən əlavə təlxək balığı dəniz pionunu təmizləyir və ətrafındakı suyu hərəkət etdirir.

Təlxək balığı ilə dəniz pionu, onlara ortaq həyat proqramını bəxş edən Yaradıcılarını bilməyə bilər. Lakin, düşünə bilən hər insan, 150.000.000 km. uzaqlıqdan dənizin dərinliklərindəki bitki planktonların fotosintez etmələri üçün işığı imdada göndərən, hüceyrədən insana, dənizlərdən dağlara qədər hər şeydə köməkləşməyi həyat qanunu olaraq qoyan Yaradıcımızı (c. c.) bilir. Balıq ilə insan arasındakı ən böyük fərq də budur.

Delfin, ümumiyyətlə tək bala doğurur. Dişi delfinin hamiləliyi 11 ay ilə bir il arasında dəyişir və doğum ümumiyyətlə yarım saat qədər sürür. Dişi bir delfinin doğum vaxtı gəldiyi zaman, yanında iki dişi delfin meydana çıxır. Xala adı verilən bu delfinlərin ilk vəzifəsi, qan qoxusuna gələ biləcək köpək balıqlarına və ya digər ola biləcək təhlükələrə qarşı ana və balanı qorumaqdır. Xala delfinlərdən biri, daha sonra da ana ilə birlikdə gəzərək, balaya baxmaqda ona kömək edir. Bala, dərin sularda doğulduğu anda nəfəs ala bilmək üçün su üzünə çıxmaq məcburiyyətindədir. Ana, dərhal balanın altına dalır və onu kürəyi ilə itələyərək su üzərinə çıxardır. Daim toplu halda yaşayan delfinlər, aralarından biri yaralandığı təqdirdə dərhal onun köməyinə qaçar və yaralı yoldaşlarını su üzünə çıxararaq nəfəs almasını təmin edirlər.

"Bild der Zeit" jurnalında nəşr edilən "qəddar görülən heyvanlar dünyası" başlıqlı yazıda, mövzumuzla əlaqədar bu ifadələr qeyd olunub:

"Yemək və yeyilmək, heyvanlar dünyasında hər gün rast gəlinən bir hadisədir. Və bu dünya, insana asanlıqla “qəddar təbiət” dedirəcək hadisələrlə doludur. Gerçəkdə bizim düşüncəsizcə qəddarlıq deyə təyin etdiyimiz şey, bütün bu heyvanlara aid davranışların bir zənciridir. Bitkilər və heyvanlar, müəyyən bir hadisəyə, müəyyən bir tərzdə reaksiya verəcək şəkildə proqramlaşdırılıblar. Təbii ki öyrənilmiş davranışlar, bunlardan fərqlidir.

Dünyaya müəyyən bir proqramla gələn heyvan, ətraf mühitin ona göndərdiyi siqnallara cavab verir. Bəzən bu cavablar, bizləri çaşdıracaq şəkildə təsir edir. Təbiətdə biz insanlara belə qəddar görünən şey, yemək və yeyilməkdə bir məna axtarmamaqdan irəli gəlir.

Dəniz ulduzundan mürəkkəb balığına, kilkədən balinaya, amöbdən su çanaqlı bağasına qədər hər bir canlı, ayrı-ayrı sənətli yaradılışları, müxtəlif silahları, bir-birindən orijinal müdafiə etmə üsulları və fərqli həyat proqramları ilə, təklikdə Yaradıcılarına dəlil olduqları kimi, hamısı birdən günəş kimi parlaq bir şəkildə Allahı (c. c.) göstərir. Dənizlər aləmindəki göz qamaşdırıcı ehtişam və nizamın, hədsiz bir qüdrət, geniş bir elm, sonsuz bir hikmət sahibini bildirdiyini, ağıl və qəlb gözü ilə gördükdən sonra, hikmətini bilmədən "böyük balığın, kiçiyini udmasını" həyat fəlsəfəsi olaraq qəbul etmək mümkün deyil.

Dənizlərdəki kiçik balıqların da böyük balıqlar qədər olması və həyatlarını davam etdirməsi göstərir ki, udmaq və udulmaq başıboş buraxılmayıb. Balıqların bir dəfədə milyonlarla yumurta qoyması, yalnız həyatda qalmaq üçün mübarizə tərzində qəbul edilə bilməz. Bu saysız yumurta, nəsillərinin davamını təmin etməklə yanaşı, digər canlılara qida olaraq kömək şəklində proqramlaşdırılmışdır. Milyonlarla yumurtanı yumurtlayan balıq, yumurtaların sənətkarı ola bilməyəcəyi, yalnız yaradılış proqramına uyğun olaraq yumurtlaya biləcəyi kimi, dənizlərdəki qida piramidası proqramı da özbaşına və ya təsadüfən ola bilməz.

Hər bir balığın milyonlarla balığı dünyaya gətirməsi və onların da udulmadan həyatlarını davam etdirmələri halında, dənizlərin qısa bir zaman sonra daşaraq bütün quruları zəbt edəcəyini və ya balıqla dolaraq çirklənəcəyini düşünəcək olsaq, udulmanın bir “mübarizə” deyil, bir proqram gərəyi olduğunu görə bilərik.

İldə bir və ya iki dəfə kürtə yatan, bunun üçün də ortalama otuz yumurtaya ehtiyacı olan toyuğun, az qala bütün il boyunca yumurta verməsini, nə ilə izah edəcəyik?

Ətrafımızı saran və həyatın bir köməkləşmə olduğunu göstərən bu qədər gerçəyə baxmayaraq, mində bir nisbətindəki mübarizəyə, udma və udulmağa baxıb, həyatın mübarizədən ibarət olduğunu söyləmək mümkündürmü?



26-04-2011 12:00:00