Ana səhifə

Botanika alimləri, bioloqlar və digər elm adamları həyatın qaynağı haqqında çox şey söyləyə bilmirlər. Mövzuya dini yöndən necə baxa bilərik?


YazdırSend to friend

Həyatın qaynağını bir çox elm adamı araşdırır. Bir nöqtəyə qədər gedib çıxırlar, orada dayanırlar. "Elm hələ oralara çatmayıb," deyə qəlibləşmiş bir üzr vardır əllərində. Açıqlaya bilmədikləri məsələlərdə ona sarılırlar. Fikrimizə görə, bu şəxslər metod seçimində səhv edirlər.

Həyatın qaynağını araşdırarkən geriyə doğru gedirlər və sonunda qarşılarında cansız əşyanı görüncə dayanırlar. Onlarla həyat arasında əlaqə qura bilmədikləri üçün, gözləməkdən başqa çarə də tapa bilmirlər. Əslində o nöqtədə dayanmasalar və yollarına davam etsələr, daha yaxşı olacaq. Bir an üçün həyatı bir tərəfə qoysalar və o cansız əşyanın mənbəyini araşdırsalar, həyatın da qaynağını tapacaqlar.

Bu kainat və içindəkilər, hamısı cansız olmaqda birləşən, yüzdən çox elementdən toxunmuşlar. Bunların hər biri fərqli xüsusiyyətlərə malikdir. Bu nöqtədə dayansalar, "Bu varlıqlara bu sifətləri kim və nə üçün verdi?" deyə düşünsələr məsələnin qaynağına çatacaqlar.

Cansızın bir xüsusiyyəti, hərəkət etməməkdir. Bir başqası da düşünə bilməmək, bir başqası böyüməmək, inkişaf etməməkdir. Bundan başqa, hiss edə bilməmək, anlaya bilməməkdir. Bu nöqsan sifətlərə sahib elementlərin bir araya gətirilmələri ilə fərqli varlıqlar çıxıb ortaya. Biri dağ olub, digəri daş. Biri su olub, o biri hava. Biri ulduz olub, digəri günəş. Biri ay olub, o birisi dünya...

Bütün bu varlıqların, bir-biriylə bir alış-verişləri olmayıb. Bu səbəbdən də kimin nə işə yaradığı bir sual olaraq qalıb ortada.

Elmin həll edə bilmədiyi sahələri atlayırıq: deyərkən, bitkilər yaradıldı. Beləcə kainat bir baxıma məna qazandı. Günəşin yanması, dünyanın dönməsi məna qazandı. Gecə, gündüz, torpaq, hava, atmosfer məna qazandılar, bitkilərə xidmətçi olmaq surətiylə.

Amma hələ bitkilərin özləri bir məna qazanmamışdılar. Nə üçün bu və ya digər xüsusiyyətlərə sahib olduqları mələklər və ruhanilərin məchulu olaraq qalmağa davam edirdi. Deyərkən heyvanlar yaradıldı... Milyonu keçən bitki növü yanında, bir o qədər də heyvan növü gəldi dünyaya. Hər biri öz süfrəsinin başına oturdu. Bu heyvanların hamısı yemədə, içmədə müştərək olduqları halda, hər birinin digərindən fərqli xüsusiyyətləri var. Bu qabiliyyətlər yalnız yemək üçün deyil. Nə öküzün qüvvəti otu qoparmaq üçün, nə də atın sürəti otu tutmaq üçündür. Bu və bənzəri nə qədər həqiqətlər bir başqa həqiqətdən xəbər verirdilər. Bu heyvanların xidmət edəcəkləri bir ayrı məxluq olmalıdır! Və sonunda insan yaradıldı... Hər bir heyvanın, öz ruzisini əldə etməsinin yanında, əsl məqsədinin insanda mərkəzləşdiyi ortaya çıxdı. Hamısının insana görə və insan üçün yaradıldıqları bütün aydınlığıyla oxundu zəmin üzündə...

İndi bu son nəticədən elementlərə bir anda keçəndə qarşımıza bu həqiqət çıxır: İnsanın bu qədər fərqli ehtiyacları ilə, elementlərin fərqliliyi arasında yaxın bir əlaqə var. Bu əlaqəni kim qurdu?.. Bu elementlərin nə üçün biri dəmir oldu, digəri mis, biri azot oldu, o biri karbon?..

Bu cansız, cahil varlıqlara bu mahiyyətləri geydirən və onları həyata görə təşkil edən biri var. Həyatın qaynağı ancaq Onun rəhmətidir, Onun hikmətidir, Onun əhya (həyat vermə) felidir, Onun tərziq (ruzi vermə) felidir.

Bu həqiqət əvvəlcə qəbul ediləcək ki, ilk canlının necə yaradıldığı mövzusunda edilən araşdırmalar bir məna qazana bilsin. Əks halda, zaman itirməkdən, insanları boşuna məşğul etməkdən, yaxud sapdırmaqdan başqa bir şey əldə edilməz.

Aləmlərin Rəbbi olan Allah, bitkilərə yalnız böyüyüb inkişaf xüsusiyyəti verərkən, heyvanları hiss dünyasına qovuşdurub və insan həyatını qəlb, ağıl, vicdan, yaddaş kimi nə qədər sərmayələrlə zənginləşdirib. Və bu həyat, Allahın həyat sifətinə ən parlaq bir ayna olub.

Həyatın, "Bu kainatın ən əhəmiyyətli məqsədi, həm ən böyük nəticəsi, həm ən parlaq nuru, həm ən lətif mayası, həm çox süzülmüş bir xülasəsi, həm ən mükəmməl meyvəsi, həm ən yüksək kamalı, həm ən gözəl camalı..." (Ləmalar) olma xüsusiyyəti kamalıyla və ən gözəl şəkliylə insan həyatında özünü göstərib.

Sifətlər, qabiliyyətlər, qüvvətlər və hisslərlə qaynaşan bu həyat möcüzəsini maddəyə vermək, yaxud cansız elementlərin təkamülü ilə izah etmək mümkündürmü?



26-04-2011 12:00:00