Ana səhifə

Din elmi-texnoloji inkişafı ləngidirmi?


YazdırSend to friend

Burada daha bir məqamı anlamağa ehtiyac vardır; dinin hər hansı prinsipinin elmi-texnoloji inkişafı ləngitməsi heç bir şəkildə həmin prinsipin xətalı olduğunu sübut etməz, çünki hər şeydən əvvəl elmi-texnoloji inkişaf mənəviyyatda haqq meyarı ola bilməz. Təbii ki, elmi inkişaf insanların xeyrinə xidmət etdiyi müddətdə çox müsbət bir nəticədir, amma mənəviyyatımızı mühakimə edəcək bir meyar rolunu əsla oynamamalıdır və belə bir rolu oynamaq haqqı yoxdur. Mənəviyyatımız – haqq olduğu halda – bizim texnoloji inkişafımız üçün əyləc ola bilər. Hətta bunun tamamilə əksi də mümkündür və tarixən olub; mənəviyyatımıza zidd olan şərr ünsürlər elmin inkişafına dəstək verib. Tarixçilər buna Amerika Birləşmiş Ştatlarının və Avropa kontinentinin müasir tarixindən çox sayda misallar verirlər.

   ABŞ hökuməti 623 nəfər afro-amerikalı vətəndaşı onların xəbəri olmadan tibbi eksperimentə tabe tutmuşdu. 1932-ci ildə başladılan bu eksperiment 1972-ci ilə qədər davam edib və bu tibbi araşdırmanın məqsədi müalicə olunmadığı təqdirdə sifilis xəstəliyinin təsirlərini öyrənmək idi. Bu eksperiment nəticəsində tibb elminin yeni biliklər qazandırmasına baxmayaraq heç kim bu eksperimentin xeyirli və ya doğru bir iş olduğunu deyə bilmir.

   Daha bir misal verməli olsaq İngiltərə tarixinə baxa bilərik. Edam ilə cəzalandırılan cinayətlərin sayına görə heç bir ölkə on səkkizinci və on doqquzuncu əsrin Böyük Britaniyası ilə yarışa bilməz. 1688-ci ildən 1815-ci ilə qədər qəbul edilmiş cinayət qanunları ənənəvi olaraq ingilis tarixində “qanlı məcəllə” (bloody code) kimi tanınır. 1688-ci ildə ölüm ilə cəzalandırılan cinayətlərin sayı 50 olduğu halda, bu rəqəm 1765-ci ildə 160-a və 1815-ci ildə isə 225-ə çatmışdı. Qəbul edilmiş bu qanlı maddələr hər şeydən əvvəl aristokratiyanın mülkiyyətini oğrulardan qorumağı nəzərdə tuturdu və ən kiçik oğurluqlara görə də ölüm hökmü tətbiq edilirdi. “İngilis qanunu kiçikdən böyüyə doğru geniş sayda cinayətlərə, hətta 12 pens dəyərindəki malı oğurlamaq qədər kiçik bir cinayətə görə ölüm hökmü müəyyən etməyi ilə ad çıxarmışdı.” Bu hüquqi sistemin qəddar və zalım olmasında şəkk ola bilməz, amma bununla belə bu sistem on doqquzuncu əsrdə İngiltərədə tibb elminin inkişafına böyük dəstək verdi. Qanun, dar ağacından asılıb öldürülmüş canilərin cəsədlərinin tibb universitetlərində yarılaraq öyrənilməsinə icazə verirdi. Bu dövrdə professional həkimlər belə universitet təlimlərində istifadə etmək üçün rüşvət verərək cəsəd almağa çalışırdılar və ciddi bir şəkildə cəsəd ticarəti güclənmişdi. Üstəlik bu ticarət o qədər cazibəli gəlir mənbəyinə çevrilmişdi ki, bəziləri edam edilmiş canilərin cəsədlərini oğurlamaqla kifayətlənmir, hətta bunun üçün adam da öldürürdülər. Edinburgh şəhərində Burke və Hare’nin, Londonda isə Bishop və Williams’in bu məqsədlə qatil olduqları məlumdur.

   “Əsrlər sonra cəsəd oğurluğunu tibb elminin qotik erası olaraq tənqid etmək və bununla məşğul olanları yamanlamaq asandır. Bununla belə qəbir oğurluqlarına göz yummuş bir cərrah olaraq John Hunter eyni zamanda müasir tibbin, xüsusilə cərrahlığın əsasını qoydu.

   John Hunter’in autobioqrafiyasını yazmış Wendy Moore xatırladır ki, cəsəd oğurluğu Hunter ilə başlamamışdı, hətta Renessans dövrünün böyük alimi Leonardo da Vinci belə dar ağacından cəsəd oğurlayıb onları öyrənər və şəkillərini çəkərmiş. Belə bir zülmün elmi proqresi ortaya çıxardığını təsəvvür etmək, bunu anlamaq çətin deyildir, çünki elmin tərəqqisi üçün istifadə olunan materialların zülm yolu əldə edildiyini görə bilirik. Amma müharibələrin uzun vadədə necə rifah və tərəqqi gətirdiyini anlamaq isə hər adamın təsəvvür edə biləcəyi bir misal deyildir, çünki müharibə bəşəriyyətin zehnində yalnız qətl və məhv ilə əlaqələndirilir. Bununla belə tarixçi Ian Morris “War: What Is It Good For?” adlı kitabında müharibələrin necə daha stabil, daha uğurlu cəmiyyətlərin formalaşmasında rol oynadığını misallar ilə nümayiş etməyə çalışır.

  Bura qədər təqdim etdiyimiz misallar bizə şərrin və pisliyin bəzən cəmiyyətin elmi cəhətdən inkişafına gətirə biləcəyini göstərir. Digər tərəfdən bunun əksi də mümkündür; özlüyündə xeyir olan bir iş hansısa fərdin, qrupun və ya cəmiyyətin inkişafında ciddi bir maneəyə çevrilə bilər. Bunun ən bariz misalı sədəqənin Afrika ölkələrində və Haiti adasında gətirib çıxardığı vəziyyətdir. Harvard universitetinin məzunlarından olan zambiyalı Dambisa Moyo mövzu haqqında ayrıca bir kitab yazıb və kitabının girişində deyir: “Sədəqə pullarının səbəbi ilə bu gün Afrikada milyonlarla insan daha da kasıblaşıb; səfalət və fəqirlik qurtarmayıb, əksinə daha da artıb. Sədəqə yardımı inkişaf etməkdə olan dünya ölkələrinin əksər hissəsi üçün tam bir şəkildə siyasi, iqtisadi və humanitar bir fəlakət olub.” Sədəqə bütün dini konfessiyalar və humanist fikirlər tərəfindən xeyir olaraq qəbul edilir. Buna rəğmən bu cür pak və xeyirxah bir əməl gördüyümüz kimi tamamilə xoşa gəlməyən bir nəticə verə bilər."

 

"ATALARIN KÖLGƏSİNDƏ" kitabından

Müəllif: 


10-03-2020 12:15:44

Düğüme özel