Ana səhifə

Dördüncü Söz: Namaz


YazdırSend to friend

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ
اَلصَّلاٰةُ عِمَادُ الدِّينِ

      Namaz nə qədər qiymətli və mühüm, həm nə qədər ucuz və az bir məsrəf ilə qazanılır; həm də namazsız adam nə qədər divanə və zərərli olduğunu "iki kərə iki dörd edər" dərəcəsində qəti anlamaq istəsən, bu ibrətli hekayəyə bax, gör...

      Bir zaman böyük bir hökmdar iki xidmətkarının hər birisinə iyirmi dörd qızıl verib, qalmaq üçün onları iki aylıq məsafədə olan xüsusi və gözəl bir malikanəsinə göndərir. Onlara əmr edir ki: "Bu pulla yol və bilet məsrəfi edin. Həm də oradakı məskəninizə lazım olan bəzi şeyləri alın. Bir günlük məsafədə bir dayanacaq vardır. Orada həm avtomobil, həm gəmi, həm qatar, həm də tayyarə vardır. Sərmayəyə görə minilir".

      İki xidmətkar dərs aldıqdan sonra gedirlər. Biri bəxtiyar idi ki, dayanacağa qədər az miqdar pul sərf edər. Lakin o məsrəf içində əfəndisinin xoşuna gələcək elə gözəl bir ticarət əldə edər ki, sərmayəsi birdən minə çıxar. Digəri - bədbəxt, sərsəri, avara olduğundan dayanacağa qədər iyirmi üç qızılını sərf edir. Qumara-mumara verib zay edir, yalnız bir qızılı qalır. Yoldaşı ona deyir: "Heç olmasa, bu qızılı bir biletə ver ki, bu uzun yolda piyada və ac qalmayasan. Həm də bizim əfəndimiz kərimdir; bəlkə, mərhəmət edər, etdiyin qüsuru əfv edər. Səni də təyyarəyə mindirərlər. Bir gün ərzində qalacağımız yerə gedərik. Yoxsa iki aylıq bir çöldə ac, piyada, tək getməyə məcbur olarsan". Əgər, bu adam inad edib o tək qızılını bir xəzinə açarı hökmündə olan biletə verməyib, müvəqqəti bir ləzzət üçün səfahətə sərf etsə, nə dərəcə ağılsız, zərərli, bədbəxt olduğunu ən ağılsız adam da anlamazmı?

      Bəli, ey namazsız adam və ey namazdan xoşlanmayan nəfsim!

     O hökmdar isə Rəbbimiz, Xaliqimizdir. O iki xidmətkar yolçu isə - biri dindardır, namazını şövq ilə qılar, digəri qafil, namazsız insanlardır. O iyirmi dörd qızıl isə iyirmi dörd saat hər günki ömürdür. O xüsusi malikanə isə Cənnətdir. O dayanacaq isə qəbirdir. O səyahət isə qəbrə, həşrə, əbədə gedəcək bəşər yolçuluğudur. Əmələ görə, təqva qüvvətinə görə o uzun yolu müxtəlif dərəcədə qət edərlər. Bir qisim əhli-təqva şimşək kimi min illik yolu bir gündə gedər. Bir qismi də xəyal kimi əlli min illik bir məsafəni bir gündə qət edər. Quran-ı Azimüşşan bu həqiqətə iki ayəsiylə işarə edər. O bilet isə namazdır. Bir tək saat, beş vaxt namaza dəstəmaz ilə kafi gəlir. Əcaba, iyirmi üç saatını bu qısacıq dünyəvi həyata sərf edən və o uzun əbədi həyata tək bir saatını sərf etməyən nə qədər zərər edər, nə qədər nəfsinə zülm edər, nə qədər ağıla zidd hərəkət edər! Əgər min adamın iştirak etdiyi bir lotoreya qumarına yarı malını verməyi ağıl qəbul edərsə - halbuki qazanc ehtimalı mində birdir – sonra iyirmi dörddə bir malını yüzdə doxsan doqquz qazanc ehtimalı olan əbədi bir xəzinəyə verməməyin nə qədər ağıldan və hikmətdən kənar hərəkət olduğunu, nə qədər ağıldan uzaq düşdüyünü özünü ağıllı zənn edən adam anlamazmı?

     Halbuki, namazda ruhun, qəlbin və ağlın böyük bir rahatı vardır. Həm cismə də o qədər ağır bir iş deyil. Həm namaz qılanın digər mübah dünyəvi əməlləri gözəl bir niyyət ilə ibadət hökmünə keçər. Bu surətdə bütün ömür sərmayəsini axirətə mal edə bilər. Fani ömrünü bir cəhətdə əbədiləşdirər.



09-05-2014 12:00:00