Ana səhifə

Doqquzuncu Söz: Namazın beş vaxta təyin edilməsinin hikməti


YazdırSend to friend

بِسْمِ اللّهِ الرّحْمنِ الرّحِيمِ

فَسُبْحَانَ اللّهِ حِينَ تُمْسُونَ وَحِينَ تُصْبِحُونَ وَلَهُ اْلحَمْدُ فِى السَّموَاتِ وَاْلاَرْضِ وَعَشِيًّا وَحِينَ تُظْهِرُونَ

    Ey qardaş! Məndən namazın bu müəyyən beş vaxta təyin edilmiş hikmətini soruşursan. Bir çox hikmətlərindən yalnız birinə işarə edərik.

     Bəli, hər bir namazın vaxtı mühüm bir inqilab başı olduğu kimi, əzəmətli İlahi icraların aynası və o icralar içində külli İlahi ehsanın bir əksi olduğundan Qadir-i Zülcəlala o vaxtlarda daha çox təsbih, təzim və hədsiz nemətlərinin iki vaxt ortasında toplanmış yekununa qarşı şükür və həmd demək olan namaza əmr edilmişdir. Bu incə və dərin mənanı bir qədər fəhm etmək üçün "beş nöqtə"ni nəfsimlə birgə dinləmək lazımdır...

     Birinci Nöqtə: Namazın mənası – Cənabi-Haqqı təsbih, təzim və şükürdür. Yəni cəlalına qarşı dillə və hərəkətlə "Sübhənallah" deyib təqdis etmək. Həm kamalına qarşı sözlə və əməllə "Allahu Əkbər" deyib təzim etmək, həm camalına qarşı qəlblə, dillə və bədənlə "Əlhəmdulillah" deyib şükür etməkdir. Demək, təsbih, təkbir və həmd namazın çəyirdəkləri hökmündədir. Onun üçündür ki, namazın hərəkət və zikrlərində bu üç şey hər tərəfində vardır. Həm ondandır ki, namazdan sonra namazın mənasını təkid etmək və möhkəmlətmək üçün bu mübarək kəlmə otuz üç dəfə təkrar edilir. Namazın mənası bu müxtəsər xülasələrlə təkid edilir.

     İkinci Nöqtə: İbadətin mənası budur ki: qul Dərgah-i İlahidə öz qüsurunu, acizliyini, fəqirliyini görüb kamal-ı Rububiyyətin, Qüdrət-i Samədaniyənin, Rəhmət-i İlahiyyənin önündə heyrət və məhəbbətlə səcdə etməkdir. Yəni Rububiyyətin səltənəti necə ki ibadəti və itaəti istər, rububiyyətin qüdsiyyəti, paklığı da istər ki, qul öz qüsurunu görüb tövbə ilə Rəbbini bütün nöqsanlardan pak, təmiz, müstəsna, zəlalət əhlinin batil fikirlərdən uzaq, ali, yüksək, kainatın bütün qüsurlarından təmiz, müqəddəs olduğunu təsbih ilə – "Subhanallah" ilə elan etsin.

     Həm də rububiyyətin mükəmməl qüdrəti də istər ki, qul öz zəifliyini, məxluqatın acizliyini görməklə Qüdrət-i Samədaniyənin əzəmətli əsərlərinə qarşı heyrət içində "Allahu Əkbər" deyib təvazö ilə rükuya gedib ona iltica və təvəkkül etsin.

     Həm rububiyyətin nəhayətsiz rəhmət xəzinəsi də istər ki, qul öz ehtiyacını, bütün məxluqatın ehtiyaclarını dua dili ilə bildirsin, Rəbbinin ehsanını, nemətlərini şükürlə – "Əlhəmdulillah" ilə elan etsin. Demək, namazın hərəkət və sözləri bu mənaları ehtiva edir və buna görə Allah- təala tərəfindən buyurulmuşdur.

     Üçüncü Nöqtə: Necə ki, insan bu böyük aləmin bir kiçik nüsxəsi olduğu kimi, "Fatihə" surəsi də Qurani- Azimüşşanın nurlu timsalıdır. Namaz da bütün ibadətlərin növlərinə şamil nurani bir "mündəricat"dır və bütün məxluqatın ibadətlərinə işarə edən müqəddəs bir xəritədir.

     Dördüncü Nöqtə: Saatın saniyə, dəqiqə, saat və günlərini sayan milləri bir-birinə baxdıqları, bir- birinin timsalı olduqları və bir-birini tamamladığı kimi, elə də Cənab-ı Haqqın böyük bir saatı olan bu dünyanın saniyəsi hökmündə olan gecə və gündüz dövranı; dəqiqələri sayan illər; saatları sayan insan ömrünün təbəqələri; günləri sayan dünya ömrünün dövrləri bir-birinə baxar, bir-birinin misalıdır, bir-birinin hökmündə və bir-birini xatırladarlar. Məsələn:

    Fəcr zamanı – günəş doğana qədər; baharın əvvəlinə, insanın ana bətninə düşdüyü anına, həm də göylərin və yerin altı gündə yaradılışının birinci gününə bənzər, xatırladar və onlardakı İlahi yaradılışı nəzərə çatdırır.

    Zöhr zamanı isə – yay mövsümünün ortasına, həm gənclik kamalına, həm dünyanın ömründəki insanın yaradılış dövrünə bənzər, işarə edər və onlardakı rəhmət təcəllilərini və nemətlərdəki ləzzətləri xatırladır.

    Əsr zamanı isə – payız mövsümünə, qocalıq vaxtına, həm də axır zaman Peyğəmbərinin (Əleyhissalatu Vəssalam) Səadət əsrinə bənzər və onlardakı İlahi işləri, Rahmani nemətləri xatırladır.

     Məğrib zamanı isə – payız mövsümünün axırında bir çox məxluqatın qürubunu, insanın vəfatını, dünyanın qiyamət ibtidasındakı xərabiyyətini xatırlatmaqla, təcəlliyyat-i Cəlaliyəni bildirər, bəşəri qəfət yuxusundan oyadar, xəbərdarlıq edər.

    İşa vaxtı isə – qaranlığın gündüzü tamamilə qara kəfənə bürüməsini, qışda ölmüş yerin üzünü bəyaz kəfən ilə örtməsini, həm də vəfat etmiş insanın özündən sonra qoyduğu izlərinin də vəfat edib unutqanlıq pərdəsi altına girməsini və bu imtahan məkanı olan dünyanın tamamilə qapanmasını xatırlatmaqla Qahhar-i Zülcəlalın cəlallı icralarını elan edər.

    Gecə vaxtı isə – həm qışı, həm qəbri, həm Bərzax aləmini bildirməklə bəşər ruhunun rəhməti-Rahmana nə dərəcədə möhtac olduğunu insana xatırladır.

    Və gecədə təhəccüd isə – qəbir gecəsində və Bərzax qaranlığında nə qədər lazımlı bir işıq olduğunu bildirər, xəbərdarlıq edər və bütün bu inqılablar içində Cənab-ı Münim-i Həqiqinin sonsuz nemətlərini xatırlatmaqla nə dərəcə həmdü sənaya layiq olduğunu elan edər.

    İkinci sabah isə – həşrin sabahını xatırladar. Bəli, bu gecənin sabahı və bu qışın baharı nə qədər məntiqli, lazımlı və qətidirsə, həşrin sabahı, Bərzaxın baharı da o qətiyyətdədir.

    Demək, bu beş vaxtın hər biri bir mühüm inqilab başında olduğu və böyük inqilabları xatırlatdığı kimi, Qüdrət-i Samədaniyənin gündəlik böyük icralarına işarə etməklə həm illik, həm əsrlik, həm minillik Qüdrətin möcüzələrini və Rəhmətin hədiyyələrini xatırladır. Demək, əsl fitri vəzifə, əsas ibadət və qəti borc olan fərz namaz bu vaxtlarda lazımdır və münasibdir.

     Beşinci Nöqtə: İnsan fitrətən çox zəifdir. Halbuki, hər şey ona ilişər, onu mütəəssir edər və kədərləndirər. Həm də çox acizdir. Halbuki, bəlaları və düşmənləri çoxdur. Həm də çox fəqirdir, yoxsuldur. Halbuki, ehtiyacları həddindən artıq çoxdur. Həm tənbəl və iqtidarsızdır. Halbuki, həyatın təklifləri çox ağırdır. Həm insaniyyət onu kainatla əlaqədar etmişdir. Halbuki, sevdiyi, ünsiyyət etdiyi şeylərin ölüm və ayrılığı mütəmadi olaraq onu incidir. Həm də ağıl ona yüksək məqsədlər və əbədi səmərələr göstərir. Halbuki, əli qısa, ömrü qısa, iqtidarı qısa, səbri qısadır.

     Məhz bu vəziyyətdə bir ruhun fəcr zamanında bir Qadir-i Zülcəlalın, bir Rahim-i Zülcəmalın dərgahına niyazla, namazla müraciət edib arzuhal etməsi, kömək və imdad istəməsi nə qədər mühüm və gündüz aləmində başına gələcək, belinə yüklənəcək işlərə, vəzifələrə dayanmaq üçün nə qədər lazımlı bir istinad nöqtəsi olduğu bədahətən anlaşılır.

     Və zöhr zamanı – o zaman gündüzün kamalı və qüruba meyli; gündəlik işlərin təkamülü, məşğuliyyətlərin təzyiqindən müvəqqəti bir istirahət zamanı; fani dünyanın və müvəqqəti və ağır işlərin verdiyi qəflət və sərsəmlikdən ruhun tənəffüsə ehtiyac vaxtı, İlahi nemətlərin təzahür etdiyi bir andır. Bəşər ruhu o təzyiqdən xilas olub, o qəflətdən sıyrılıb, o mənasız və fani şeylərdən ayrılıb Qayyum-u Baqi olan Münim-i Həqiqinin dərgahında əl bağlayaraq, yekun nemətlərinə şükür və həmd edib yardım istəmək; cəlal və əzəmətinə qarşı rüku ilə acizliyini bildirmək və zəvasız kamalına və misilsiz camalına qarşı səcdə edib heyrət, təvazö və məhəbbətini elan etmək demək olan zöhr namazını qılmaq nə qədər gözəl, nə qədər xoş, nə qədər lazım və münasib olduğunu anlamayan insan, insan deyil...

     Əsr vaxtı – o vaxt həm hüzünlü payız mövsümünün kədərli qocalıq halını və axır zamanın ələmli mövsümünü andırır və xatırlatdırır. Həm gündəlik işlərin nəticələnməsi, həm o gündə nail olduğu səhhət, salamat və xeyirli xidmət kimi İlahi nemətlərin böyük bir yekun təşkil etdiyi, həm də Günəşin qüruba meyl etməsi işarəsi ilə insan bir müsafir məmur və hər şey keçici, biqərar olduğunu elan etmək zamanıdır. İndi əbədiyyəti istəyən və əbəd üçün xəlq olunan, ehsana qarşı pərəstiş edən, ayrılıqlardan əzab çəkən insan qalxıb, dəstəmaz alıb bu əsr vaxtında ikindi namazını qılmaq üçün Qadim-i Baqi və Qayyum-u Sərmədinin dərgahına ərzü-hal edərək sonsuz və nəhayətsiz rəhmətinin iltifatına sığınıb, saysız-hesabsız nemətlərinə qarşı şükür və həmd edərək izzəti- Rububiyyətinə qarşı təvazökarlıqla rükuya gedib, Sərmədiyyət-i Uluhiyyətinə qarşı məhviyətkarlıqla səcdə edərək qəlbinə həqiqi təsəlli, ruhunda rahatlıq tapıb, əzəməti qarşısında kəmərbəstəi ubudiyyət demək olan əsr namazını qılmaq; nə qədər ülvi bir vəzifə, nə qədər münasib bir xidmət, nə qədər yerində bir fitrət borcunu əda etmək, bəlkə, olduqca xoş bir səadət əldə etmək olduğunu insan olan anlar.

     Məğrib vaxtı – o zaman həm qışın başlamasından yay və payız aləminin nazənin və gözəl məxluqatının hüznlü vidalaşması içində qürub etmə zamanını andırır. Həm də insanın vəfatı ilə bütün sevdiklərindən qəm və kədər içində ayrılıb qəbrə girmə zamanını xatırladır. Həm dünyanın – şiddətli zəlzələ nəticəsində – vəfatı ilə bütün sakinləri başqa aləmlərə köçməsi və bu imtahan məkanının lampasının söndürülməsi zamanını andırır, xatırladır. Zavalda qürub edən məhbublara pərəstiş edənlərə şiddətlə xəbərdarlıq edən bir zamandır. Məhz axşam namazı üçün belə bir vaxtda fitrətən bir Cəmal-i Baqiyi arzulayan bəşər ruhu bu əzəmətli işləri edən və bu böyük aləmləri çevirən, dəyişdirən Qadim-i Ləmyəzəl və Baqi-yi Layəzalın əzəmətli ərşinə üzünü çevirib bu fanilərin üstündə "Allahu Əkbər" deyib onlardan əllərini çəkib Mövlaya xidmət üçün əl bağlayıb Daim-i Baqinin hüzurunda qiyam edib "Əlhəmdulillah"deməklə qüsursuz kamalına, misilsiz camalına, nəhayətsiz rəhmətinə qarşı həmd-ü səna edib اِيّاكَنَعْبُدُوَاِيّاكَنَسْتَعِين deməklə muinsiz Rububiyyətinə, şəriksiz Uluhiyyətinə, vəzirsiz səltənətinə qarşı ibadət etmək, kömək diləmək, həm nəhayətsiz böyüklüyünə, hədsiz qüdrətinə və acizsiz izzətinə qarşı rükuya gedib bütün kainatla birlikdə zəifliyini, acizliyini, ehtiyacını göstərməklə سُبْحَانَرَبّىَالْعَظِيمِ deyib Rəbb-i Azimini təsbih edib, həm zavalsız camal-i Zatına, dəyişməz qüdsi sifətinə, kəmal-i sərmədiyətinə qarşı səcdə edib heyrət və təvazökarlıq içində faniləri tərk etməklə məhəbbət və ibadətini elan edib, həm bütün fanilərə bədəl bir Cəmil-i Baqi, bir Rahim-i Sərmədi tapıb سُبْحَانَرَبِّىَاْلاَعْلَى  deməklə zavaldan uzaq, qüsurdan pak Rəbb-i Alasını təqdis etmək; sonra təşəhhüd edib, oturub bütün məxluqatın təhiyyat-ı mübarəkələrini və salavat-ı tayyibələrini öz hesabına o Cəmil-i Ləmyəzəl və Cəlil-i Layəzala hədiyyə edib və Rəsul-i Əkrəminə salam etməklə beyətini yeniləmək və əmrlərinə itaətini göstərib və imanını təzələməklə nurlandırmaq üçün bu kainat qəsrinin hikmətli intizamını müşahidə edib Sani-i Zülcəlalın vəhdaniyyətinə şahidlik etmək; həm səltənət-i Rububiyyətinin dəllalı və əmrlərinin təbliğ edicisi və kainat kitabının tərcümanı olan Məhəmməd Əleyhissalatu Vəssalamın risalətinə şahidlik etmək demək olan məğrib namazını qılmaq nə qədər lətif, pakbir vəzifə, nə qədər əziz, ləziz bir xidmət, nə qədər xoş və gözəl bir ibadət, nə qədər ciddi bir həqiqət və bu fani müsafixanada daimanə bir söhbət və bir səadət olduğunu anlamayan adam necə adam ola bilər!

     İşa vaxtında – o vaxt gündüzün üfüqdə qalan əlamətləri də qeyb olub, gecə aləmi kainatı bürüyər. مُقَلِّبُالَّيْلِوَالنَّهَارِ olan Qadiri Zül-cəlalın o bəyaz səhifə ni bu qara səhifəyə çevirməsində ki Rabbani icralarıyla, yayın zinətli yaşıl səhifəsini, qışın donmuş ağ səhifəsinə çevirməsindəki   مُسَخِّرُالشَّمْسِوَالْقَمَرِ olan Hakimi Zülkəmalın İlahi icralarını xatırladır. Həm zamanın keçməsi ilə qəbir əhlinin geridə qalmış izlərinin də bu dünyadan kəsilməsi ilə tamamilə başqa aləmə keçməsindəki "ölüm və həyatın Xaliqinin" fəaliyyətini xatırladır. Həm də dar, fani dünyanın tamamilə xarab olub, əzəmətli səkəratı ilə vəfat edib, geniş, əbədi və əzəmətli axirət aləminin inkişafında "yer və göyün Xaliqinin" cəlalının icralarını və camalının təcəllilərini bildirən, xatırlatdıran bir zamandır. Həm bu kainatın Malik və Mutasarrıf-ı Həqiqisi, Məbud və Mahbub-u Həqiqisi o Zat ola bilər ki, gecə və gündüzü, qış və yazı, dünya və axirəti bir kitabın səhifələri kimi asanlıqla çevirir, yazır, pozur, dəyişdirir. Bütün bunlara hökm edən, bir Qadir-i Mütləq olduğunu isbat edən bir vəziyyətdir.

     Məhz nəhayətsiz aciz, zəif, nəhayətsiz kasıb, möhtac, nəhayətsiz bir gələcək zülmətinə dalmaqda, həm də nəhayətsiz hadisələr içində çalxanmaqda olan bəşər ruhu yatsı namazını qılmaq üçün bu mənadakı "işada" İbrahimvari لآَاُحِبُّاْلاَفِلِين deyib Məbud-u Ləmyəzəl, Məhbub-u Layəzalın dərgahına namaz ilə iltica edib və bu fani aləmdə, fani ömürdə, qaranlıq dünyada və qaranlıq gələcəkdə bir Baqiy-i Sərmədi ilə münacat edib bir parça daimi söhbətə, bir neçə dəqiqə əbədi ömür içində dünyasına nur səpəcək, gələcəyini işıqlandıracaq, mövcudatın və sevdiklərinin ayrılığından meydana gələn yaralarına məlhəm sürəcək olan Rahman-i Rahimin iltifat-ı Rəhmətini və hidayət nurunu görüb istəmək; həm onu müvəqqəti unudan və gizlənən dünyanı o da unudub, dərdlərini qəlbin ağlaması ilə dərgah-ı Rəhmətdə töküb; həm nə olar-nə olmaz, ölümə bənzəyən yuxuya girmədən əvvəl son ibadət vəzifəsini yerinə yetirib, gündəlik əməl dəftərini gözəl surətdə bağlamaq üçün namaza qiyam etmək, yəni bütün fani sevdiklərinə bədəl bir Məbud və Mahbub-u Baqinin və bütün dilənçilik etdiyi acizlərə bədəl bir Qadir-i Kərimin və bütün titrədiyi zərərlilərin şərindən xilas olmaq üçün bir Hafiz-i Rahimin hüzuruna çıxmaq… həm "Fatihə" ilə başlamaq, yəni bir şeyə yaramayan və yerində olmayan naqis, fəqir məxluqları mədh və minnətdarlığa bədəl bir Kamil-i Mütləq və Ğaniyy-i Mütləq və Rahim-i Kərim olan aləmlərin Rəbbini mədh-ü səna etmək; həm اِيّاكَنَعْبُدُ  xitabına tərəqqi etmək, yəni kiçikliyi, heçliyi, kimsəsizliyi ilə bərabər, əzəl və əbəd sultanı olan Malik-i Yəvmiddinə bağlanması ilə bu kainatda nazlı bir qonaq və əhəmiyyətli bir vəzifədar məqamına girib, اِيّاكَنَعْبُدُوَاِيّاكَنَسْتَعِينُ deməklə bütün məxluqat naminə kainatın camaat və cəmiyyətindəki ibadət və istəklərini ona təqdim etmək; həm  اِهْدِنَاالصِّرَاطَاْلمُسْتَقِيمَ deməklə gələcəyin qaranlığı içində əbədi səadətə gedən, nurani yol olan sirat-i müstəqimə hidayəti istəmək; həm indi yatmış bitkilər, heyvanlar kimi; gizlənmiş Günəşlər, parlaq ulduzlar bir nəfər kimi əmrinə tabe olduqları və bu aləm müsafirxanasında bir lampası və xidmətkarı olan Zat-ı Zülcəlalın böyüklüyünü düşünüb "Allahu Əkbər" deyib rükuya getmək; həm bütün məxluqatın külli səcdəsini düşünüb, yəni bu gecədə yatmış məxluqat kimi hər ildə, hər əsrdəki mövcudatın növlərini, hətta Yer, hətta Dünya, bir müntəzəm ordu, bəlkə bir müti nəfər kimi dünyəvi ibadət vəzifəsindən كُنْفَيَكُونُ əmri ilə tərxis edildiyi zaman, yəni qeyb aləminə göndərildiyi vaxt, nəhayət intizam ilə üfüqdə qürub səccadəsində "Allahu Əkbər" deyib səcdə etdikləri; həm كُنْفَيَكُونُ  əmrindən gələn bir əhya və xəbərdarlıq çağırışı ilə yenə baharda qismən eynən, qismən mislən həşr olub, qiyam edib, Mövlanın xidmətində olduqları kimi, bu insancıq onlara iqtidaən o Rahman-i Zülkəmalın, o Rahim-i Zülcəmalın hüzurunda məhəbbət və təvazö içində "Allahu Əkbər" deyib səcdəyə getmək; yəni bir növ meraca çıxmaq demək olan işa namazını qılmaq nə qədər xoş, nə qədər gözəl, nə qədər şirin, nə qədər yüksək, nə qədər əziz və ləziz, nə qədər məqbul və münasib bir vəzifə, bir xidmət, bir ibadət, bir ciddi həqiqət olduğunu, əlbəttə, anladın.

     Demək, bu beş vaxt hər biri böyük bir inqilab işarətləri və Rəbbin böyük icralarının əmarələri və Allahın külli nemətləndirmə əlamətləri olduğundan; borc olan fərz namazın o zamanlara təsisi, sonsuz dərəcə hikmətlidir...


سُبْحَانَكَ لاَ عِلْمَ لَنَآ اِلاَّ مَا عَلَّمْتَنَآ اِنَّكَ اَنْتَ الْعَلِيمُ الْحَكِيمُ

اَللّهُمَّ صَلِّ وَ سَلِّمْ عَلَى مَنْ اَرْسَلْتَهُ مُعَلِّمًا لِعِبَادِكَ لِيُعَلِّمَهُمْ كَيْفِيَّةَ مَعْرِفَتِكَ وَ الْعُبُودِيَّةَ لَكَ وَ مُعَرِّفًا لِكُنُوزِ اَسْمَآئِكَ وَ تَرْجُمَانًا ِلاَيَاتِ كِتَابِ كَآئِنَاتِكَ وَ مِرْآتاً بِعُبُودِيَّتِهِ لِجَمَالِ رُبُوبِيَّتِكَ وَ عَلَى اَلِهِ وَ صَحْبِهِ اَجْمَعِينَ وَ ارْحَمْنَا وَ ارْحَمِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ آمِينَ بِرَحْمَتِكَ يَآ اَرْحَمَ الرَّاحِمِينَ



10-05-2014 12:00:00