Ana səhifə

Duha və Əvvabin Namazları


Duha namazına quşluq namazı da deyilir. Hz. Peyğəmbərin duha vaxtında iki rükətlə on rükət arasında namaz qıldığı və bu namaza insanları təşviq etdiyi haqqında müxtəlif hədislər var. Əbu Hureyrənin rəvayət etdiyi bir hədisdə:

Kim iki rükət duha namazı qılmağa davam edərsə, dəniz köpüyü qədər günahları olsa da bağışlanar.” (612. İbni Macə, İqamə , 187. h. No. 1382. Eyni hədis Əbu Hureyrədən də rəvayət edilmişdir. Tirmizi,Vitr, 15. H. No. 476.

Ənəs İbn Malik Hz Peyğəmbər sallallahu aleyhi və səlləm`in belə buyurduğunu rəvayət edir:

 “Kim on iki rükat (daha) quşluq namazı qılarsa, Allah onun üçün cənnətdə bir köşk qurar.” (İbn Macə, İqamə , 187. h. No. 1380; Tirmizi, vitr, 15. h. No. 473. Tirmizi bu hədisə qərib demişdir.)

Abdullah İbn Şəqiqin “Nəbi sallallahu aleyhi və səlləm duha namazı qılırdımı'?” sualına Hz. Aişə: “Xeyr! Yalnız səfərdən qayıdanda qılardı” cavabını vərmişdir. (Müslim, Müsafirin, 75-76.)

Muazənin (Radiyallahu anhnha) “Rəsulullah neçə rükət duha namazı qılırdı?” sualına isə “dörd rükət və Allahın istədiyi qədər əlavə edirdi.” -cavabını vərmişdir. (Müslim, Müsafirin, 75-76; İbn Macə, İqamə, 187. h. No. 1381.)

Ümmü Hani binti Əbi Talib isə Hz. Peyğəmbərin Məkkənin fəthi günü səkkiz rükət quşluq namazı qıldığını, sonra bu namazı qıldığını görən olmadığını bildirmişdir. (Müslim, Müsafirin, 80-83.)

Duha namazı qılmaq müstəhəbdir. Günəşin bir mizraq yüksəlməsindən, yəni günəşin doğmasından 45-50 dəqiqə keçəndən sonra zəval vaxtına qədər qılına bilər.

Əvvabin Namazı

Əvvab “tövbə edən, sığınan” deməkdir. Bunun cəmi olan Əvvabin namazı tövbə edən və Allaha sığınanların namazı deməkdir. Bu namaz altı rükətdir. Axşam namazından sonra iki və ya üç salamla qılınır. Qur`ani-Kərim Əvvabin namazından belə bəhs edir:

“Rəbbiniz ürəklərinizdə olanları (qəlblərinizin sirlərini) ən yaxşı biləndir. Əgər əməlisaleh olsanız (ata-ananıza bilmədən etdiyiniz pislikdən peşman olub tövbə etsəniz və bundan sonra onlarla yaxşı davransanız, bilin ki) Rəbbiniz, həqiqətən, tövbəkarları (əvvabin) bağışlayandır!” (İsra,17/25)

Ammar İbn Yasirdən bu hədis rəvayət edilmişdir: “hər kim axşam namazından sonar altı rükət namaz qılarsa günahları dənizin köpüklərii qədər də olsa, Allah onları bağışlayar.” (Heysəmi, Məcməuz- Zəvaid, ll, 230)

Hz. Peyğəmbər də axşam namazından sonra altı rükət namaz qılmış, bu namazın da Əvvabin sayıldığını bildirmişdir. (İsra, 17/25; İbn Kəsir, Təfsir, İstanbul, 1985, V, 64, 65: Şövkani, Neyl, III, 64)

Əbu Hureyrə (Radiyallahu anh) Rəsulullahın (sallallahu aleyhi və səlləm) belə buyurduğunu deyir:

“Kim axşam namazından sonra, pis (nalayiq) bir söz söyləmədən altı rükət namaz qılarsa, bu, həmin şəxs üçün on illik ibadətə bərabərdir.” (İbn Macə, İqamə, 185, H. No: 1374: Tirmizi, Salat, 204, H. No: 435. Tirmizi Əbu Hureyrədən rəvayətə “qərib” demişdir. Çünki sənəddə adı keçən Ömər İbn Hişam üçün M. B. İsmail “münkərul-hədis " deyərək onu zəif saymışdır.)



23-06-2015 12:00:00