Ana səhifə

FƏCRİ-SADİQİN ƏLAMƏTİ


YazdırSend to friend

Fəcr dan yerinin ağarması ilə üfüqün yarılması vaxtına verilən addır. Yəni dan yeri sökülüb, üfüqlə səmanın qaranlığı arasında işıqlı zolağın görünməsi “Fəcr” adlanır. Kazib və sadiq (yalançı və gerçək) olmaqla iki cür fəcr vardır. Aşağıdakı hədisi-şərif Fəcri-sadiqdən, yəni gerçək fəcrdən bəhs edir. 

Səmura ibn Cundubdan (Allah ondan razı olsun) rəvayət edilir. Peyğəmbər (sallallahu aleyhi va səlləm):

“Obaşdanlığınızda nə Bilalın əzanı, nə də üfüqdə yüksələn ağlıq sizi aldatmasın. Taki yayılıncaya qədər yeyə bilərsiniz,”

dedi. Hədisi-şərifi beş mühəddisdən yalnız İmam Buxari rəvayət etməyib. İmam Tirmizinin rəvayətində ifadə:

“Obaşdanlığınıza nə Bilalın əzanı, nə də səmaya yüksələn fəcr (ağlıq) mane olmasın. Amma üfüqə yayılan fəcr olsa (vaxtdır),”- şəklindədir. 

Hədisin ravisi Səmura ibn Cundub ibn Hilal əl-Fəzari Bəsrə şəhərində anadan olub. Atası vəfat etdikdən sonra anası ilə birlikdə Mədinəyə köçmüşdür. Mədinədə böyüyüb boya-başa çatmış, sonralar yenə Bəsrədə məskunlaşmışdır. Rəsulullahdan (sallallahu aleyhi va səlləm) bir neçə hədis rəvayət edibdir. Tabein nəslinin məşhur alimi İbn Sirin onun haqqında: “Səmura ibn Cundubun elmi çox iti idi,”- deyib. O hicrətin 60-cı ilində Bəsrədə vafat etmişdir.

Hədisi-şərifdə obaşdanlıq (imsaq) yeməyinin nə zamana qədər davam edilə biləcəyindən danışılır. Yuxarıda da qeyd edildiyi kimi, dan yerinin ağarmağı iki mərhələdən ibarətdir. Birinci mərhələdə ağlıq aşağıdan yuxarı, üfüqə şaquli vəziyyətdə yayılır. Bu fəcri-kazib yəni yalançı fəcrdir. Hədisi-şərifdən anladığımız budur ki, bu zaman yemək, içmək olar.

Dan yerinin sökülməsinin ikinci mərhələsində isə ağlıq üfüqə paralel, yəni üfüq boyunca yayılır. Bu fəcri-sadiq yəni gerçək fəcrdir. Bax bu zaman artıq oruca başlamaq vaxtı daxil olur. Bundan sonra obaşdanlıq (imsaq) yeməyi yemək olmaz. 

Unutmaq olmaz ki, qiyamətə qədər qaim olacaq islam dininin vaxt təyinatı elə qiyamətə qədər dəyişməyəcək olan real astronomik proseslərlə tənzimlənir. Ona görə texnologiya hər nə qədər inkişaf etsə də, elektron saatlardan, kosmik saatlardan daha dəqiq cihazlar icad edilsə də əsas olan fəcr-sadiq vaxtıdır. Çünki saat günün birində işləməyə bilər, amma fəcr hər gün öz vaxtında ağarır.

Mülkədar Hacıoğlu



11-07-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz