Ana səhifə

Filosof və hüquqşünas ateist Thomas Nagelin darvinizm və materialist naturalizmi tənqidi.


YazdırSend to friend

Thomas Nagel ateistdir, hər şeydən əvvəl bunun nöqtəsini qoyaq. İxtisasca filosof və hüquqşünasdır və Cornell, Oxford və Harvard kimi universitetlərin yetirməsidir. Onun "Mind & Cosmos" adlı kitabı materialist reduksionizmi və darvinist təkamül nəzəriyyəsini tənqid edir, bu iki təsəvvürün absurd olduğunu öyrədir. Kitabın xülasəsini sizinlə bölüşmək istəyirəm.

Hər şeydən əvvəl qeyd edək ki, Nagel darvinizmi tənqid edərkən onu elmi tərəfdən, yəni biologiya fənnindən arqumentlər gətirərək tənqid etmir. Nagel'in tənqidi əqli və fəlsəfi əsaslara dayanır. Kitabda bəzi bioloji dəlillərə işarələr olması doğrudur, amma kitabın ana hissəsini fəlsəfi arqumentlər təşkil edir. Ona görə darvinizm doğru ola bilməz, çünki darvinizmin doğruluğu absurd nəticələrə gətirib çıxarır.

Kitabında darvinizmin və materialist naturalizmin qarşısında duran ən birinci çətinlik şüur fenomeninə izah gətirməkdir. Nagel şüurun özlüyündə mental bir varlıq olduğunu gözəl anlayır və həmçinin gözəl anlayır ki, materialist ateistlər şüura öz zatı etibarı ilə tərif verməkdən çəkinirlər, şüuru daha çox onun simptomları ilə tərif etməyə çalışırlar. Bu, problemi həll etmək deyildir, sadəcə olaraq sanki onu görmədən yanında keçməyə çalışmaqdır. Şüur sadəcə insanlara deyil, həm də heyvanlara aid mental bir varlıqdır və hələ bu günə qədər şüuru fiziki terminlər ilə izah etmək uğurlu nəticə verməyib və Nagel inanır ki, heç bir zaman uğurlu nəticə verməyəcək, çünki şüurun maddiyyatdan kənar bir şey olduğu aşkardır, bunun əksini iddia etmək sağlam düşüncəyə ziddir. Bu baxımdan ateist riyaziyyatçı və fizik Roger Penrose'un fikri Nagelin dediyini təsdiqləyir.

Qarşıya qoyulan ikinci problem insanlardakı koqnitiv qabiliyyətdir, dərk etmək və intellekt xüsusiyyətləridir. Bu, şüurdan da yuxarı bir mərtəbədir. Nagel qeyd edir ki, bunu kompyuter kimi izah etmək cəhdləri süquta uğrayıb. Burada Alvin Plantinga'nın "təkamül ilə naturalizmin uyğunsuzluğu" arqumentini Nagel parafraza edir və etiraf edir ki, əgər darvinizm doğrudursa o zaman bizim "idrak, intellekt, koqnitiv qabiliyyət" kimi təsəvvür etdiyimiz hər bir şey sadəcə bir illüziyadır, yəni əslində "haqqı öyrənməyi, dərk etməyi məqsəd qoyduğumuza" inandığımız halda beynimiz sadəcə olaraq bizim yaşamağımız, sağ qalmağımız üçün gərəkli olan ssenariyaları bizə haqq kimi göstərir. Çünki darvinist təkamüldəki əsas qayə yaşamaq, sağ qalmaq qayəsidir, haqqı bilməyin bu qayədə heç bir rolu yoxdur. Ona görə də darvinizm doğrudursa o halda bizim dünya haqqındakı təsəvvürlərimizin - naturalizm də bura daxildir - heç birinin doğru olduğunu iddia edə bilmərik.

    Nagel ən sonunda darvinizm ilə uyğun gəlməyən daha bir məsələni işıqlandırır. "Mənəvi dəyərlər" məsələsinə toxunan Nagel qeyd edir ki, darvinizmə inanan insan heç bir şəkildə "moral realist" ola bilməz. Moral realistlər kimlərdir? Onlar bizim şəxsi rəylərimizdən, emosiyalarımızdan asılı olmayaraq real həyatda doğru ilə batilin, xeyir ilə şərrin mövcud olduğuna inanan kəslərdir. Maraqlı tərəf budur ki, bəzi ateistlər özlərini "moral realist" hesab edirlər və Nagel də onlardan biridir. Bu bölmədə o, digər filosof Sharon Street'in yazısına istinad edir ki, orada Street də darvinizm ilə "moral realizmin" ziddiyyətdə olduğunu təsdiqləyir. Nagel bu nöqtədə Street ilə iki fərqli nəticəyə varır; Street darvinizmin elmi fakt olduğuna inandığı üçün moral realizmi inkar edir, Nagel isə moral realizmin doğru olduğuna inandığı üçün darvinizmi inkar edir.

   Bir sözlə Nagel özü ateist naturalist olsa da, materialist naturalizmi, reduksionizmi inkar edir. Nagel dizaynın olduğuna inanır, amma bu dizayn heç də teizmdəki dizayn ilə eyni deyildir. Nagel inanır ki, naturalizmin içində yeni bir təsəvvür formalaşmalıdır; elə bir təsəvvür ki, mental varlıqlar da onun bir hissəsi olsun, çünki materialist naturalizm mental varlıqları izah etməkdə acizdir. Beləliklə də onun ümid etdiyi yeni elmi nəzəriyyə "dizayn və məqsədi" gərəkdirən yeni təbiət qanunlarını kəşf etməlidir. Thomas Nagelə görə "suyun yuxarıdan aşağı axması" qanun olaraq suyun hədəfini müəyyən etdiyi kimi təbiətdə də bəzi qanunlar olmalıdır ki, bu qanunlar mövcud varlıqlar üçün istiqamət müəyyən edir. Canlılarda belə bir qanun üçün namizəd, "öz-təşkilatlanma" (self-organization) qanunudur. Kitabda teizmdəki dizayn arqumenti ilə Nagelin özünün təklif etdiyi dizayn arqumenti arasında fərq vardır; o, bu fərqi belə izah edir ki, teizmin dizaynında bir "niyyət, qəsd" mövcuddur, amma Nagelin dizayn anlayışında "niyyət" və "qəsdə" yer yoxdur, yəni təbiət hansısa varlığın (Allahın) iradəsi ilə hərəkət etmir, onun dizayn anlayışında sadəcə olaraq niyyəsiz bir hədəf, bir istiqamət, qəsdsiz bir məqsəd vardır. Nagel etiraf edir ki, onun ümid bağladığı bu yeni nəzəriyyənin hələ heç bir əsər-əlaməti görünmür, amma əgər teizm doğru deyilsə, o zaman yerdə tək bu variant qalır. Özü ateist olduğu üçün teizmin doğruluğunu qəbul etmir.

Bəs yaxşı Nagel nə üçün teizmi qəbul etmir? Bu sualın cavabını Nagel özü başqa kitabında verir:

"It isn't just that I don't believe in God and, naturally, hope that I'm right in my belief. It's that I hope there is no God! I don't want there to be a God; I don't want the universe to be like that."

"Bu sadəcə olaraq "mən Allaha inanmıram" məsələsi deyildir, təbii ki, mən öz inancımda doğru olduğuma ümid edirəm. Əslində mən Allahın olmamasını arzu edirəm! Mən Allahın olmasını heç cür istəmirəm, kainatın o cür olmasını istəmirəm." ("The Last Word", səh: 130; Oxford University Press, New York, 1997)

Müəllif: 


10-03-2020 12:36:39