Ana səhifə

Genetika və molekulyar biologiya üzrə italiyan professoru Giuseppe (Cüzeppe) Sermontinin yaradılış ilə bağlı fikirləri


YazdırSend to friend

   Hər şeydən əvvəl Giuseppe (Cüzeppe) Sermonti (1925-2018) haqqında məlumat verək. O, genetika və molekulyar biologiya üzrə italiyan professordur. Roma şəhərində Mikrobioloji Genetika fakultəsinin əsasını qoyur. 1974-cü ildən Perugia universitetinin nəzdindəki Genetika İnstitutuna rəhbərlik edib, həmçinin 1970, 1971-ci illərdə İtaliyanın Genetika Cəmiyyətinə sədrlik edib. Moskvada keçirilmiş XIV Beynəlxalq genetiklər konqressinin vitse-prezidenti olub. Bir sözlə Cüzeppe tanınmış, etibar qazanmış bir alimdir.

  Onun ingilis dilinə "Why Is A Fly Not A Horse" adı ilə tərcümə olunmuş "Dimenticare Darwin" (Darvini Unut) kitabını maraqla oxudum və deyərdim ki, kitabın dilimizə tərcümə edilməsi lazımdır. Cüzeppe dindar biri deyildir və sözün düzü ateist yoxsa aqnostik ya da deist olduğunu bilmirəm və kitabı da dini və ya fəlsəfi prizmadan yazmayıb. Məhz təkamülçü bioloqların arasındakı ən sonuncü münaqişələri işıqlandırıb və darvinizmin, xüsusilə neo-darvinizmin üzləşdiyi ciddi problemlərə toxunur.

   1. Mutasiyaların heç bir şəkildə təkamül generatoru rolunu oynamadığını qeyd edir. Əlavə edir ki, "darvinist təkamülün ehtiyac duyduğu transqressiyalar (nizam pozuntuları) heç bir zaman sənədləşdirilməyib..."

   2. Tədrici təkamülün nə molekulyar bazisdə, nə də fossil qeydlərində mövcud olmadığını təsdiqləyir. Növlərin kompleksləşməyə doğru tədricən kamilləşdiyini göstərən heç bir sübutun olmadığına diqqət çəkir.

  3. DNT molekulunun miqdarına əsaslanaraq növlərin daha komlpleks mərtəbəyə doğru təkamül etdiyini göstərməyin də işə yaramadığını deyir. Bəzi heyvan növlərinin insandan qat-qat daha çox DNT materialına sahib olduğunu misal verir.

  4. İrsi olan, canlıların morfologiyası ilə əlaqəli olan çox şeyin əsası DNT-də tapılmayıb. Üstəlik DNT gözlənildiyi kimi heç də hər bir canlının, hər bir xüsusiyyətini müəyyən etmir. Cüzeppe deyir: "Biz əgər pişikdə gözün formalaşmasından məsul olan geni, göz formalaşdırma genindən məhrum olmuş kor milçəyin yumurtasına idxal etsək milçəkdə özünün normal qırmızı cilalı gözü formalaşacaq, baxmayaraq ki, gen dairəvi mavi gözlü pişikdən gəlir." Buna görə də sual verir: "O zaman milçəyi milçək edən, pişiyi pişik edən nədir?" Cüzeppe bunun DNT olmadığını qəti olaraq deyir və qeyd edir ki, bu sualının cavabını heç bir bioloq bilmir.

  5. 1982-ci ildə maraqlı bir hadisənin baş verdiyini qeyd edir. Molekulyar bioloqlar insanlar ilə meymunların molekullarındakı mutasiyalara baxdıqdan sonra onların 1.3 milyon il əvvəl ayrıldıqlarına qərar verdilər. Bu isə paleontoloqların dedikləri ilə uyğun gəlmirdi, çünki onlar 3 milyon il əvvələ aid insan fossilləri tapırdılar.Bu ziddiyyəti aradan qaldırmaq üçün insan hesab edilən bəzi fossillər insanlıq növündən kənara atıldı və molekulyar bioloqlar da insan-meymun haçalanmasını 7 milyon il əvvələ götürməyə razılaşdılar. Bunu etmək üçün insanlarda molekulyar saatın digər canlılara nisbətdə daha yavaş döyündüyünü dedilər.

   6. Cüzeppe qeyd edir ki, bu, onun üçün hələ də problem olaraq qalırdı. Çünki meymun fossilləri mövcud deyildi. Yəni tapılan meymun fossilləri yüz min il əvvələ gedir, amma bir neçə milyon il əvvələ aid meymun fossilləri yox idi.

  7. Daha bir uyğunsuzluğa diqqət çəkir. Əgər təkamül daha mükəmməl növə doğru inkişafdırsa o zaman nə üçün meymunların mitoxondriya DNT-sində 34 mutasiya qeydə alındığı halda, insanlarda təkcə 13-ü qeydə alınıb?! Belə çıxır ki, meymunlar insanlara nisbətdə daha çox təkamül ediblər. Həmçinin molekulyar araşdırmalar onu göstərir ki, meymunlar və insanlar üçün iddia olunan əcdad, meymundan daha çox insana bənzəyib, çünki onların xromosomları insanların xromosomuna xeyli yaxındır. Belə çıxır ki, insan meymuna bənzər varlıqdan əmələ gəlməyib, əksinə meymun insana bənzər varlıqdan əmələ gəlib!!!

  8. Kitabda fossillərə bir neçə yerdə toxunur. Vurğulayır ki, fossillər növlərin bir-birindən əmələ gəldiyini göstərmir. Əksinə fossillər onu göstərir ki, ayrı-ayrı periodlarda birdən-birə, qısa bir zaman ərzində tamamilə yeni növlər əmələ gəlirlər və bu, dəfələrlə təkrarlanıb. Cüzeppe həyat ağacının fossillərdə öz əksini tapmadığını deyir. Ona görə həyat ağacı əvəzinə, kökü görünməyən çox sayda kol öz əksini tapır. Darvinin fossillərdə tapa bilmədiyi linklərin bu gün belə tapılmadığını vurğulayır.

   9. Maraqlı və problemli məlumatlardan biri də yarpaq və ya çöp formasında olan həşəratlar barəsindədir. Cüzeppe qeyd edir ki, hələ yarpaqlar və güllərin mövcud olmadığı dövrdən yüz minlərlə il əvvəl bu cür həşəratlar mövcud olub və bunu fossillərdə tapmaq mümkündür. Bunu qatar ixtira edilmədən əvvəl dəmir yollarının çəkilməsinə, stansiyaların tikilməsinə bənzədir. Bu problemə adekvat bir cavabın olmadığını deyir.

   10. Kitabda insanın yaradılışı haqqında bunu deyir: "My thesis all along has been that Man was born all of a sudden, in a great leap - i.e., in non-Darwinian fashion." "Mənim həmişə tezisim bu olub ki, İnsan anidən əmələ gəlib, böyük bir sıçrayışla, qeyri-darvinist yol ilə."

   11. Bir başqa yerdə bunu deyir:
"To the assertion "there's no mind unless there's a body" - no thought unless there's a brain - I assert the contrary: "There can be no body unless there's a mind", no form unless there's a founding principle, no lizard's tail unless there's the idea of it."
"Bədənsiz şüur/ağıl ola bilməz", yəni beyinsiz fikir ola bilməz iddiasına gəldikdə isə mən bunun əksini iddia edirəm: "Şüur/ağıl olmadan bədən ola bilməz", əsaslandırıcı bir prinsip olmadan forma ola bilməz, kərtənkələ quyruğu, onun haqqında bir ideya olmadan mövcud ola bilməz."

   Cüzeppenin kitabını oxuyan hər bir kəs başa düşəcək ki, o, təbiətdə dizaynın olduğuna inanır, Platonun idealizmini təsdiqləyir. Lakin sanki bioloqlar arasında öz statusuna kölgə düşməsindən ehtiyat etdiyi üçün Allaha inandığını açıq etiraf etmir.

Müəllif: 


10-03-2020 12:28:09