Ana səhifə

Günahın Zərərləri


YazdırSend to friend

 

Günahlarda israr etmək haqqın aynası olmaq üçün yaradılan, iman yeri olan qəlbi qaraldar. Günah qəlbə nüfuz edib onu qaraldaraq iman nurunu oradan çıxarana qədər qəlbi qatılaşdırar. Hər bir günahın içində küfrə gedən bir yol vardır. Günah istiğfar (tövbə) ilə dərhal təmizlənməzsə, qəlbi pisliyə sürükləyər və Allahın itaətindən çıxmış bir qəlb halına salar.

Günah düşüncədən əmələ keçməzsə, cəzası olmaz. Rəsulullah (s.ə.s):

" Allah Təala ümmətimdən nəfslərində etməyi arzuladıqları şeyləri etmədikləri və danışmadıqları müddətcə əfv etdi." (Buxari, VII, 59)buyurmuşdur.

Məsuliyyət və cəza baxımından günahlar kəbair və sağir deyə iki növə bölünür.

Kəbair (böyük günahlar): Allahı tanımağa əngəl olan və edildikdə şəri cəzası olan və ya Allah Təalanın cəhənnəm əzabı ilə təhdid etdiyi günahlardır. Bir başqa görüşə görə, Allahın qadağan etdiyi hər şey böyük günahdır. Böyük günahların sayı ,hədis rəvayətlərini də nəzərə alaraq, yeddi, doqquz, yetmiş, iki yüz olaraq bildirilmişdir.. (Şərhu Əqidətit-Təhaviyyə, s. 370, 371).

Böyük günahların əsasları bunlardır: Allaha şərik qoşmaq, adam öldürmək,birinə zina böhtanı atmaq, zina etmək, islami cihaddan qaçmaq, sehir etmək, yetimin malını yemək, ata-anaya itaət etməmək, Məkkənin hərəmində günah işləmək, faiz yemək, oğurluq etmək,spirtli içki içmək, qumar oynamaq.

Bir Müslüman əhəmiyyət vermədən qəlbində təsdiq etdiyi halda böyük günah işləyərsə, dindən çıxıb kafir olmaz. Əhl-i sünnət böyük günah işləyən kimsənin kafir olmayacağını, cəhənnəmdə əbədi qalmayacağını, tövbə etmədən ölsə belə, Allah istəyərsə, fəzli-kərəmiylə onu bağışlayacağını, istəyərsə ədaləti ilə cəhənnəmdə ona əzab edəcəyini qəbul edir (Şərhu Əqidətit-Təhaviyyə s. 370).

Kəbairin (böyük günahların) ən böyüyü Allahı tanımamaq, zatında, sifətində və fellərində Ona şərik qoşmaqdır. Buna əkbərul-kəbair (ən böyük günah) deyilir.

"Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur."(Nisə, 4/48).

Allahın rəhmətindən ümidini kəsərək dikbaşlıq etməyə davam etmək və ya əzabından əmin olaraq günaha fikir vermədən tövbə etməmək caiz deyildir. Mömin nə qədər günah işləyərsə işləsin, qorxu və ümid arasında olmalı, Rəbbindən üz çevirməməlidir.

"(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!"(Zümər, 39/53)

"Eyni zamanda da əzabım da çox şiddətli əzabdır! " (Hicr, I5/50).

Mötəzilə böyük günah işləyənin mömin olmaqdan çıxacağını, iman ilə küfür arasında (əl-Mənzilə beynəl-Mənzitəteyn) qalacağını, tövbə etmədən ölərsə,əbədiyyən cəhənnəmdən çıxa bilməyəcəyini iddia edir.Xaricilər daha da iləri gedərək kiçik günah işləyən möminləri də küfr ilə ittiham etmişlərdir. Mötəzilə Quran-i Kərimdəki

"Kim bir mömini qəsdən öldürərsə, onun cəzası cəhənnəmdə uzun müddət (halidən) qalmaqdır..." (Nisə, 4/33)

ayəsini dəlil göstərir. Ancaq Ərəb dilində "Halidən" sözü əbədiyyət mənasını ifadə etdiyi kimi, uzun müddət mənasını da bildirir. Bu ayədə keçən"halidən"in uzun müddət mənasını verdiyi, yuxarıda zikr edilən ayədəki (Zümər, 39/53) məna ilə dəstəklənmişdir.

Bir mömin qəlbində təsdiq, dilində iqrar olduğu halda, günah işləyər və ya fərzləri yerinə yetirməkdə laqeydlik göstərər, ancaq bu günahların müqabilində cəzaya da layiq olduğuna inanarsa,bu şəxs günahkar mömindir. Allah Təalanın belə bir insanı küfürlə səciyyələndirməsi məcazidir. Yəni, neməti inkar nankorluq mənasındadır. Bir müsəlman günahı halal qəbul edər və ya etmədiyi fərzi inkar edərsə,həqiqi mənada, kafir olur.

İslamın əsasları ilə hökm etməmək böyük günahdır. Əgər İslamın dövrünün bitdiyini, çağımızda lüzumsuz olduğu inancı ilə İslami hökmlər tətbiq olunmursa, bu, küfürdür. İman-küfür məsələləri və möminlərin təkfir edilməsi müstəqil əsərlərin də mövzusu olmuşdur. Salim əl Bəhənsavinin "əl-Hökmü və Kadıyyətü Təkfiril-Müslim" adlı əsəri də bunlardan biridir.

Sağır (kiçik günahlar): Dünyada cəzanı, axirətdə də əzabı zəruri olan kiçik günahlardır. Davamlı işlədikdə kiçik günah kiçiklikdən çıxar. Tövbə edilib,məğfirət

edildikdə ,inşallah, əfv edilər. Alimlər "Günahın kiçikliyinə böyüklüyünə baxma, kimə qarşı işlədiyinə bax." demişlərdir. Allah ilə qulun arasına pərdə olan, Allahı tanımağa, qulluğa əngəl olan hər şey günahdır.

Günahlardan çəkinmək fərzləri etməkdən əvvəl gəlir. Əvvəlcə qəlb günahlardan təmizlənər, sonra fərzləri etməklə bəzədilər. Günahlar və haramlar dini duyğunu həlak edər, zəhərləyər. Ancaq bu zəhərlər görünüşdə bal kimidir; dadlı gələ bilər,ancaq insanın mənəvi duyğularını öldürər.

Unudulmamalıdır ki, her nemət sıxıntı qarşılığıdır. Cənnət və Camalullahı istəyənlər nəfsə dadlı gələn günahlara girməmək üçün bəzi sıxıntı və çətinliklərə dözməli və Allaha sığınmalıdırlar. Möminlər ehsan sirri ilə Rəblərinə onu görürmüş kimi qulluq edərlər. Sol çiyinlərində günahlarını yazan bir mələyin olduğunun şüuru içində hərəkət edərlər.

İmkan daxilində günahlardan çəkindikcə Allah kiçik günahları əfv edəcəkdir.

"Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq. "(Nisə, 4/31),

"(O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır..."(Nəcm, 53/32).

Allah Təala mömin qulların günahlarını etdikləri bəzi əməllər və ya söylədikləri bəzi söz və dualar səbəbiylə bağışlayar, günahlarına kəffarə edər. Hz. Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur:

"Dənizin köpükləri qədər günahı olsa da 'Lə iləhə illəllahu vəllahu əkbər, vəla havlə vəla quvvətə illə billəh' deyən yer üzündəki hər insanın günahına bu söz kəffarə olar." (Tirmizi, Vitr, 15).

"Heç bir qul yoxdur ki, bir günah işləsin və ardınca gözəlcə dəstəmaz alıb iki rükət namaz qılaraq bu günahdan dolayı bağışlanma diləsin də, Allah onu əfv etməsin." (Əhməd b. Hənbəl, I, 10).

Peyğəmbərlər məsumdur, günah işləməzlər. Ancaq "zəllə" deyilən, peyğəmbərlik məqamı üçün qüsur qəbul edilən əməlləri vardır. Əhl-i sünnət şəfaət, hesab, mizan, sirat, havz, cənnət, cəhənnəm, qəbir əzabı və münkər-nəkir sorğusunu haqq və dinin əsası qəbul etmişdir.

Günah və Üsyanın Nəticələri:

- Elmdən məhrum qalmaq: Çünki elm günahkara verilməz.

- Ruzinin kəsilməsi: Günahkar ruzisini haramdan qazanar, Allahın bərəkət və ehsanı yox olar.

- Qəlb və ruhun pozulması: Fitrətə uyğun hal pozular, hissizlik, vicdansızlıq, qorxusuzluqla tövbədən uzaqlaşar.Daxili dünyası qaralar, qəlbi paslanar, həya duyğusu və əxlaqı yox olar.

- İnsanlardan uzaqlaşma: Nəfsini, ən yaxınlarını və toplumu yadırğayan günahkar tənha qalmağa məhkum olar.

- Hər günah iz buraxır: Günahların nəticəsi vücud, ağıl və digər orqanlarda bir pislik doğurar. Hər günah digər günahı çəkər.

- Hər günah İslam xarici, gəlmiş-keçmiş bütün çirkin ulusların mirasıdır.Qürrələnmək Fironun; homoseksuallıq Lut qövmünün mirasıdır.

- Günah və üsyan Allahın əzabının haqq olmasına yol açar. Bəla və müsibət gələr. Günahın keçmiş,indiki və gələcək nəsillərə zərəri toxunar.

- Günahkarlar mələklərin tövbə və istiğfarlarından, Hz. Peyğəmbərin (s.ə.s) şəfaətindən məhrum qalarlar. Günahlar insanların imanını zəiflədir.

Günah haqqında Hz. Peyğəmbərin (s.ə.s) buyurduğu bəzi Hədis-i şəriflər:

"Zülüm üç növdür: Bir zülm var ki, Allah onu bağışlamaz. Bir zülm var ki ,Allah onu əfv edər. Bir zülm var ki, Allah onun mütləq hesabını soruşar: Allahın əfv etmədiyi zülm şirkdir. Çünki O, "Şirk böyük zülmdür." (Loğman, 31/13) buyurmuşdur. Allahın bağışlayacağı zülm isə qulların öz nəfslərinə zülmüdür. Rəbləri ilə özləri arasındakı işlərdə etdikləri xətalardır. Allahın mütləq hesab soruşacağı zülm də qulların birbirlərinə qarşı etdikləri haqsızlıqlarıdır. Allah bunların hesabını soruşar və edilən haqsızlıqları cəzalandırar."

"Uca Allah: " Ey qulum, sən mənə qulluq etmədin, ancaq məndən ümid istədin. Mən də səndə olanları bağışladım. Ey qulum, dünya qədər günahla gəlsən, Mənə şirk qoşmamısansa, Mən də səni dünya qədər məğfirətlə qarşılayaram. " buyurur."

"Qulun başına gələn bir müsibət, böyük-kiçik bir fəlakət daima öz günahı ucbatındandır. Allahın bağışladıqları da lap çoxdur."

"Canımı qüdrət əlində saxlayan Allaha and olsun ki, möminin başına gələn hər bir dərd, üzüntü, sıxıntı, hətta bədəninə batan hər bir tikan üçün Allah o kimsənin günahlarını əfv edər."

"Hər eşitdiyini söyləmək şəxsə günah olaraq kifayətdir."

"Kim bir müsəlman qardaşına şəfaət edər, şəfaət etdiyi kimsə özünə bu səbəbdən bir hədiyyə verər və o da bunu qəbul edərsə, böyük günah qapılarından birinə gəlmiş olar."

"Heç bir günahkar digərinin yükünü çəkməz."

"Allah canı boğazından çıxana qədər qulun tövbəsini qəbul edər."

"Fərz namazı, dəstəmaz, xuşu və rükunu tam olaraq edən hər bir müsəlmanın -böyük günah işləmədikcə-namazı əvvəlki günahlarına kəffarə olar."

"İnsanlar bir münkər görüb onu dəyişdirməzlərsə, Allahın onlara ümumi bir cəza verməyi yaxındır."

"Başqalarının işlədiyi günahlar ucbatından bizi də həlak etmə, Allahım! Bu yeddi həlakedici şeydən çəkinin: Şirk, sehir, adam öldürmək, faiz, yetim malı yemək, cihaddan qaçmaq, günahsız qadınlara zina böhtanı atmaq."

"Kim Ramazanda inanaraq, haqq rizası üçün oruc tutarsa, keçmiş günahları əfv edilər. Rüşvət alana da, verərə də lənət olsun. Halal bəlli, haram bəllidir və sən sənə şübhəli gələni burax. Zina və fuhuş bir toplumda yayğın olarsa, Allah əvvəlki nəsillərdə olmayan xəstəlikləri onlara bəla olaraq verər. Bir millət əksik çəkər və əksik ölçərsə, zülm, aclıq və yoxluqla cəzalandırılarlar. Bir millətin idarəçiləri uca Allahın endirdiyi hökm ilə hökm etməzsə, Allah onların birliyini dağıdar. Qul etdiyi üsyan və işlədiyi günah dolayısıyla ruzidən məhrum qalar."

"Hesaba çəkilmədən özünü hesaba çək. Başınıza gələcəkləri bilsəydiniz, az gülər , çox ağlayardınız.Etdiyin bir pislik səni üzürsə, sən möminsən. Ey qəlblər ixtiyarında olan Rəbbim, qəlbimi sənin dinin üzərində

sabit və davamlı qıl." (İbn Kəsir, I, 508, 528; Buxari, Libas, 24, Tıb, l, Savm, 1-15, Əhkam, 9, Buyu, 2, 3; Müslüm, Birr, 45 vd.; iman,143,144,145,153,154, Müqəddimə, 5; Əbu Davud Buyu, 82; Tirmizi, Təfsir, 44; Daavat, 90, 99; İbn Macə Əhkam, 2; Malik, Muvatta ; Hudud, 2,' ƏhmƏd b. Hənbəl, II, 164, 248; V, 154, 190, 194).

 

Zübeyr Təkkəşin



12-09-2013 12:00:00