Ana səhifə

Həcc İbadəti


YazdırSend to friend

Bismilləhi-r-Rahməni-r-Rahim.

  Həcc ibadəti və Həclə əlaqədar hökmlər.

  Həcc sözünün lüğəti mənası hörmət və ehtirama layıq bir yeri ziyarət etməkdir. Dini bir termin olaraq, HƏCC- məxsusi vaxt ərzində Ərəfat adlanan yerdə bir qədər dayanmaq və ondan sonra Kə`bə evini qaydası üzrə təvaf edərək ziyarət etməkdir.

  Ümrənin lüğəti mənası da ziyarət deməkdir. Dini bir termin olaraq ÜMRƏ- Kə`bə evini təvaf etməkdən, SəfaMərvə adlanan iki yer arasında sə`y etməkdən (qaçmağa yaxın bir yerişlə yeriməkdən) ibarətdir. Ümrə ziyarəti üçün konkret bir vaxt yoxdur. İlin istənilən günündə ümrə ziyarəti edilə bilər. Sadəcə Ərəfə günü ilə Qurban bayramının dörd günü ərzində ümrə ziyarəti etmək məkruhdur. Çünki bu Həcc ziyarətinə məxsus günlərdir. Ramazan ayında ümrə ziyarəti isə bəyənilən məndub bir ziyarətdir.

   Həccin növləri: Şəri hökm baxımından həccin fərz, vacib, nafilə növləri kimi, icra baxımından da ifrad, təməttü` və qiran növləri vardır.

1)    Fərz həcc – şərtlərinə malik olan hər bir müsəlmanın ömründə bir dəfə icra etməli olduğu həcc fərz həcdir.

2)    Vacib həcc – nəzir edilmiş və ya başladıqdan sonra pozulmuş nafilə bir həccin qəzası üçün edilən həcc vacib həcdir.

3)    Nafilə həcc -  həddi büluğ yaşına çatmayan kəsin, bir də fərz olan həccini icra etmiş kəsin əlavə olaraq etdiyi həcc ziyarəti nafilə həcdir.

4) İfrad həcc – ümrə ziyarəti qoşulmayaraq, yalnız həcc ayinlərinin icrası ilə edilən həcc İfrad həcdir. Fərz, vacib və nafilə ola bilər. Bu şəkildə həcc edən kəsə “Müfrid” deyilir.

5) Təməttü` həcc – Həcc ziyarəti zamanı öncə ümrə ziyarəti üçün ehrama girilib, ümrə ayinləri icra edildikdən sonra geri vətəninə qayıtmadan təkrar ehrama girərək qaydası üzrə edilən fərz həcc Təməttü` həcdir. Başqa ifadə ilə desək ümrrə və həcc üçün ayrı-ayrılıqda ehrama girilərək icra edilən həcc Təməttü` həcdir. Bu İfrad həcdən fəzilətli və savablı həcdir.

6)Qiran həcc – Həcc aylarından əvvəl, yaxud həcc ayı daxilində miqata çatmadan, ya da miqatda ümrə və fərz həcc üçün birlikdə ehrama girib, bu niyyətlə ümrədən sonra qaydası üzrə həcc ayinlərinin icra edildiyi həcc Qiran həcdir. Başqa ifadə ilə desək bir dəfə ehrama girib ümrə və həccin bütün ayinlərini icra etdikdən sonra ehramdan çıxmaq şəklində olan həcc Qiran həcdir. Bu şəkildə olan həcc təməttü` həcdən daha fəzilətlidir.

   Həccin rüknləri (yəni fərzləri)

   Həccin rüknünü təşkil edən iki fərzi var. Biri Ərəfatda bir müddət gözləmək. Buna “Vüquf” deyilir. İkincisi də Kə`bə evini fərz bir ibadət mənasında təvaf etmək. Buna da “Təvaf” deyilir.

   Birinci rükn(fərz) Vüquf - Ərəfat Məkkeyi Mükərrəmənin cənub-şərqində, oradan altı saatlıq bir məsafədə yerləşən bir yerdir. Həcc ziyarəti edənlərin Ərəfatda dayanmaq zamanı Zülhiccə ayının ərəfə deyilən doqquzuncu gününün zəval vaxtından (günorta günəşin zenit nöqtəsindən keçib, batmağa tərəf meyllənməyə başladığı zaman). Qurban bayramının ilk gününü fəcrin doğması (gecənin sonunda, günəş doğan yerdən üfüqün ağarmağa başladığı vaxt) anına qədər olan bir zamandır. Bu müddət ərzində bir dəqiqə olsa belə Ərəfatda dayanmaqla bu ayin yerinə yetirilmiş olur. Oyaq, yatmış vəziyyətdə və ya huşu getmiş vəziyyətdə dayanmaqla da bu yerinə yetirilmiş sayılır.

   Təyin edilmiş bu müddətdən öncə və ya sonra, Ərəfatda dayanmaqla “Vüquf” yerinə yetirilmiş sayılmaz.

   Səhvən tərviyə gününü (Zülhiccənin səkkizinci günü) ərəfə günü hesab edərək vüquf edən kəs gerçək ərəfə günü yenidən vüquf etməlidir.

   Ərəfat meydanının ortasında “Cəbəlu-r-Rahmə” (Rəhmət dağı) deyilən yerdə üzü qibləyə dayanıb ayaq üstündə Allaha dua edib yalvarmaq çox fəzilətli və savablı bir əməldir.

   İkinci rükn (fərz) Təvaf – Kə`beyi Müəzzəmə Məkkeyi Mükərrəmə şəhərində Allah təalanın əmri ilə İbrahim əleyhissalam tərəfindən tikilmiş və ya bərpa edilmiş bir binadır. Bu bina bütün müsəlmanların qibləsidir. Bu qibləgaha ilahi bir yer, müqəddəs bir mə`bəd olmasına görə Beytullah da deyilir.

   Kə`bə evi Harami-şərif, Məscidu-l-haram deyilən böyük bir məscidin ortasında yerləşir. Üstü açıq olan bu böyük məsciddə Kəbədən başqa Zəmzəm quyusu və Məqami İbrahim deyilən yerlər də vardır.

    Ərəfatda vəqfədən sonra Kə`bə evinin ətrafında yeddi dəfə dövr etmək Həccin ikinci fərzi olan təvafdır. Bunun dörd dəfəsi fərzdir. 

   Təvafın vaxtı Qurban bayramının ilk günü fəcr doğduqdan sonra başalyıb həyatın son gününə qədər davam edir. Bu zaman kəsiminin arasında ediləcək təvafla həccin fərz olan iki ayini tamamlanmış olur.

2.Təvafın Növləri və İcra Şəkli

   Təvafın lüğəti mənası hər hansı bir şeyin ətrafında dolaşmaqdır. Dini termin olaraq TƏVAF- Kə`bə evinin ətrafında yeddi dəfə dolaşmaqdır.

   Kə`bənin cənub tərəfindəki künclərindən birinə Rüknü-Həcər, o birisinə də Rüknü-Yəməni deyilir. Rüknü-Həcərdə “Həcəru-l-Əsvəd” deyilən mübarək “Qara daş” yerləşir ki, Təvafa buradan başlanılır. Kə`bə evi sol tərəfdə qalmaq şərti ilə onun qapısına tərəf hərəkət edilərək ətrafında dolaşılır. Beləliklə “Qara daşdan” başlanılmış dövrə orada da tamamlanır. Bu şəkildə tamamlanan bir dövr “şaft” adlanır. Yeddi şaft ilə təvaf  tamam olur.

   Təvaf özünəməxsus bir namazdır. Allah təalaya edilən bir təzim və itaətin bir növüdür. Allahın Ərşi ətrafında dolaşan mələklərə bənzəmə şəklidir.

   Həm təvafa başlayarkən, həm də təvaf əsnasında “Qara daş”ın bərabərinə çatanda hər dəfə dayanılır. Namaza başlayırmış kimi əllər qaldırılır, təkbir (Allahu Əkbər) və təhlil (Lə İləhə İlləllah) deyilir. Mümkün olarsa öpülür, və yaxud əllə sürtülür. Bu da mümkün olmazsa sadəcə daşla üzbəüz dayanılıb əllər qaldırılaraq ona tərəf işarə edilir. Bu istilam adlanır, ki salamlamaq deməkdir.

Təvafın beş növü vardır:

1- Qudum təvafı: Məkkeyi Mükərrəməyə gələrkən edilən təvafdır. Bu təvafın hökmü afaqilər, yəni miqat xaricində yaşayanlar üçün sünnətdir.

2-Ziyarət təvafı: Bu Ərəfatdan qayıdarkən edilən təvafdır. Buna “İfadə” təvafı da deyilir. Həccin ikinci rüknü olan təvaf budur. Bunun ilk dörd şaftı fərzdir.

3- Vida təvafı: Minada daş atıldıqdan sonra Məkkəyə qayıdarkən edilən təvafdır. Afaqilər üçün bu təvafın hökmü vacibdir. Bununla həcc mərasimləri bitmiş olur. Bu təvafdan sonra hacılar vətənlərinə dönməyə başlayırlar.

4- Nafilə təvaf: Məkkədə olan müsəlmanların Kə`bə ətrafında əlavə olaraq etdikləri təvafdır. Afaqilərin, yəni miqat xaricindən gələnlərin belə bir təvafla məşğul olmaqları nafilə namaz qılmaqdan daha fəzilətlidir. Çünki belə bir fürsət hər zaman ələ düşmür.

5-Ümrə təvafı: Bunun dörd şaftı fərzdir və  Ümrənin rüknüdür. Başqa bir əməl bunu əvəz edə bilməz

   Təvaf əsnasında təkbir və təhlil edilir, salavat oxunur. Şaftları bir birinin arxasınca etməmək də olar. Dəstəmaz təzələmək və s kimi əməllər üçün təvafı saxlayıb qalanını sonra etməklə təvaf bitmiş olur və pozulmaz.  Təvafda qadın kişinin bir yerdə olması da maneə deyildir.

3.Həccin Fərz Olmasının Şərtləri

Bir kimsəyə həccin fərz olması üçün səkkiz şərt vardır. Yəni bir insan həccə getmək cavabdehliyini daşıması üçün bu şərtlər tələb olunur.

1-Müsəlman olmalıdır. Müsəlman olmayanlardan həcc soruşulmaz. Qeyri müsəlmanlar həcc etməklə mükəlləf deyildirlər. Ona görə də müsəlman olmayan birisi həcc edərsə, sonra islamı qəbul edərsə digər şərtləri də yerində olsa təkrar həcc etməlidir.

   Həmçinin, bir mömin həcc etdikdən sonra – Allah qorusun – dindən çıxar irtidad edərsə, sonra tövbə edib yenidən dinə qayıdarsa  digər şərtləri də yerində olsa təkrar həcc etməlidir.

2-Həddi buluğa çatmış olmalıdır. Bir uşaq ağıllı, zərəri ilə faydasını fərqləndirə biləcək yaşda da olsa üzərində həcc cavabdehliyi yoxdur. Onun etdiyi həcc nafilə həcc olur.  Həddi buluğ yaşına çatdıqdan sonra digər şərtləri də yerində olsa təkrar həcc etməlidir. Valideyni ilə həccə gedən uşaq həcc əməllərini valideyninin yardımı ilə özü icra edir. Bu onun üçün bir məşğələ hökmü daşıyır.

3- Ağıllı olmalıdır. Ruhu xəstələrin və dəlilərin üzərində həcc cavabdehliyi yoxdur.

4- Azad olmalıdır. Kölə və kənizlər (cariyələr) də həcc cavabdehliyi daşımırlar.

5- Həccin fərz olduğunu bilməlidir. Belə ki, müsəlmanların yaşamadığı bir ölkədə islamı qəbul etmiş kimsə həccin müsəlmanın üzərinə fərz olduğunu bilmədikcə ona həcc fərz olmaz. Amma müsəlmanlarla eyni ölkədə yaşayan qeri müsəlman hidayətə qovuşar və iman edərsə, artıq onun həccin fərz olub olmamasını bilməsi şərt deyildir. Həccin digər şərtlərinə sahib olarsa həcc ziyarətini yerinə yetirməlidir.

6-Həcc ibadətini yerinə yetirmək üçün sərbəst vaxtı olmalıdır. Belə ki həcc ibadətinin bütün şərtlərinə sahib olduğu vaxtan etibarən bu ibadəti yerinə yetirməyə əlverişli bir vaxt tapmadan ölən kimsə həcc cavabdehliyi daşımaz.

7-Hicaza (Məkkə və Mədinənin yerləşdiyi ərazinin əsl adı) gedib gələnə qədər özünün və ailəsinin ehtiyacları qarşılanmış olmalıdır. Əsas ehtiyaclardan sayılan əmlakın olması həcc etməyi fərz etməz. Məsələn böyük bir evi olan kimsə həcc etməklə mükəlləf deyildir. Amma əsas ehtiyaclardan əlavə bir əmlak olarsa o zaman onu satıb həcc etməsi fərz olur. Məsələn, bir müsəlmanın iki evi və bundan başqa da bir illik ehtiyacını qarşılayan gəliri olarsa evin birini satıb həccə getməlidir. Həmçinin kirayədə qalan bir müsəlman bir illik təminat məbləğindən əlavə yol puluna sahib olarsa o da həccə getməlidir. Çünki kirayədə qalmaq həccin fərz olmasına maneə deyil.

8-Öz vəziyyətinə uyğun minik vasitəsi və yol pulunun olması da həccin fərz olma şərtlərindəndir. Bu həcc aylarında  və yaxud yaşadığı ölkədən insanların həccə yola çıxdıqları vaxtda olmalıdır. Bu halda, yəni əsasi ehtiyaclardan əlavə həccə getmək üçün əlavə pulu olan kimsə digər şərtlərə də sahib olarsa həccə getmək onun üzərinə fərz olur və bu pulu başqa yerə xərcləyə bilməz. Xərcləsə üzərində həcc borcu qalmış olur. Amma bu zamandan əvvəl əldə olan pul başqa yerə xəclənə bilər, buna görə də ona həcc ziyarəti fərz olmaz. Məsələn Məhərrəm ayında həcc gedib gələcək qədər pulu olan adam Rəbiuləvvəl ayında bu pulu xərcləsə və əlində yetərli pul qalmasa həcc onun üzərinə fərz olmaz. Çünki adətən həccə Zülqədə ayında gedilir ki, bu da Rəbiuləvvəldən yeddi ay sonradır.

 Bunlar Həccin fərz olmasının şərtləridir. Yəni bu şərtlər olmalıdır ki, həcc fərz olsun. Bununla qarışdırılmaması lazım olan, həccin yerinə yetirilməsi şərtləri də vardır. Yəni aşağıdakı şərtlər də olmalıdır ki, həcc yerinə yetirilsin.

Həccin Yerinə Yetirilməsi Üçün Lazım Olan Şərtlər.

 Aşağıdakı beş şərtdən biri olmazsa, bir adama həcc fərz olsa da o həcc edə bilməz.

1-Bədən sağlam olmalıdır. Həcc ibadətini yerinə yetirmək üçün bədəni sağlam olmayana həcc fərz olmaz. Kor və çox zəif olub sərbəst hərəkət edə bilməyənlər də bura aiddir.

2-Həccin icra edilməsi üçün kənar maneələr də olmamalıdır. Məsələn həbsdə olan adam həcc fərz olmaz.

3-Yol təhlükəsizliyi olmalıdır. Yolda təhlükə olarsa həccə getmək fərz olmaz.

4-Üç günlük məsəfədən uzaq bir yerdən həccə  gələcək qadınların yanında əbədiyyən məhrəmi olan ağıllı və ən az həddi buluğ yaşına çatmış bir kişi olmalıdır. Belə bir kişi olarsa ərinin qadını həccə getməyə buraxmamasına baxılmaz. Çünki Həcc Allah`ın əmridir.

5-Həccə gedəcək qadın dul və ya boşanmış bir qadındırsa iddə müddəti bitmiş omalıdır.

Həccin Səhih Olmasının Şərtləri.

Həcc ziyarətinin səhih olması üçün dörd şərt vardır.

1-Müsəlman olmaq. (Bu həm fərz olmasının, həm də səhih olmasının şərtidir.

2-Məxsusi yerlərdə olub, məxsusi vəzifələri icra etmək. (Bu Ərəfatda vəqfə dayanmaqla, Kə`bəni təvaf etməkdir)

3-əyyən bir vaxt ərzində olmaq. (Bu vaxt Ərəfatda dayanmaq vaxtı və Kə`bəni təvaf etmək vaxtıdır. Bunları həccin fərzlərində izah etmişdik.)

4-Həcc niyyəti ilə ehrama girmiş olmaq. (Ehram mübah olan şeylərin bir qismini müəyyən bir müddətə insanın özünə haram etməsidir. Bu niyyət və təlbiyə ilə meydana çıxır. Təlbiyə

لبيك اللهم لبيك لبيك لا شريك لك لبيك إن الحمد و النعمة لك و الملك لا شريك لك

   Ləbbeykəllahummə ləbbeyk, Ləbbeykə ləə şəriikə ləkə ləbbeyk, İnnəlhəmdə vənne`mətə ləkə vəl-mulk. Ləə şərikə lək,- deməkdir.

Ehrama girərkən tikişli paltarlar soyunulur. Baş və ayaq yalın olur. Xanımı ilə cinsi yaxınlıq etmir. Xoş qoxulardan istifadə etmir. Ov etmir. Haram bölgəsindəki yaşıl ot və ağacları qoparmır, qırmır. Sacını, saqqalını kəsmir.

Qadınlar paltarlarını soyunmaz, baş və ayaqlarını açmaz, təlbiyə söyləyərkən səslərini yüksəltməzlər.

4.Miqatla əlaqədar məlumatlar

   Həccə afaqdan (bizim də istifadə etdiyimiz üfüq sözünün ərəb dilində cəm şəklidir. Müqəddəs torpaqların sərhəddi xaricində qalan yerlər afaq yəni üfüqlər adlanır) (miqat xaricindən) gələnlər üçün, ehrama girməkdən ötrü müəyyən yerlər vardır. Bu miqat adlanır. Miqat bir növ sərhəd məntəqəsidir. Miqatdan o tərəfə haram torpaqlar, yəni müqəddəs torpaqlar başlayır. Bura ehramsız daxil olmaq olmaz. Miqat beş məntəqədir ki, bunlar  Zulhuleyfə, Zati İrq, Cuhfə, Qarn Yələmləmdir. Bu məntəqələrə çatmadan da ehrama girmək olar. Amma bir zəvvar bu məntəqələrdən birini, yəni miqatı ehramsız olaraq keçərsə baxılır; əgər həcc mərasimlərindən bir mərasimə başlamadan miqata qayıdarsa, ehrama girərək təlbiyə gətirir və heç nə lazım olmur. Amma miqata qayıtmaz və ehrama niyyət edərsə, yaxud hac mərasimlərindən birini icra etdikdən sonra ehrama girmək üçün miqata qayıdarsa cəza olaraq bir Qurban (qoyun) kəsməli olur. Həcc vaxtını keçirməkdən qorxulmazsa miqata qayıtmaq daha fəzilətlidir.

   Məkkə şəhərində olanların Həcc ziyarəti üçün miqatı bu şəhərin özüdür. Onlar Məkkədə ehrama girirlər. Məkkənin sakinləri olmasalar belə bu belədir. Amma Ümrə ziyarəti üçün onlar da haram ərazi xaricinə, əksərən  “Tənim” deyilən yerə çıxıb orada ehrama girirlər.

5.Həccin Vacibləri

Aşağıda xatırladılan məsələlər həcc ibadətinin vacib hökmü daşıyan əməlləridir.

1- Ehrama miqat deyilən yerlərdən başlamaq.

Mədineyi Munəvvərə tərəfdən həccə gedənlər “Zul Huleyfə”dən, İraq, İran və Orta Asiya xalqları “Zati İrq”dən, Şam, Misir və Şimali Afrika xalqları Cuhfə bərabərliyindəki “Rabiğ” deyilən yerdən, Nəcdlilər “Qarn”dan, Yəmənlilər isə “Yələmləm”dən ehrama girirlər.

2- Ehramın qadağanlarına əməl etmək.

Tikişli paltar geyməmək, ov etməmək, saçlarını kəsməmək, pis söz söyləməmək və s.

3- Günəş günortadan döndükdən batana qədər Ərəfatda dayanmaq.

4- Qurban bayramının birinci gününün fəcrindən sonra günəş doğana qədər bir saat olsa belə Müzdəlifədə (Məkkəyə dörd, Ərəfata iki saatlıq məsafədə yerləşən bir yerin adıdır) dayanmaq.

5- Dörd şaftı fərz olan ziyarət təvafını yeddiyə tamamlamaq.

6-Ziyarət təvafını nəhr (qurbanların kəsilmə) günlərindən birində etmək. Bu bayramın birinci, ikinci və üçüncü günləridir.

7- Sədər (Vida) təvafini etmək.

8-Təvaf əsnasında dəstəmazlı olmaq və övrət məhəllini tamamən örtmək.

9-Kə`bənin təvafına hər dəfə Həcəri-Əsvəd (Qara daş) bərabərindən başlamaq. Təvafı yeriyərək etmək. (Xəstələr və gücsüzlər çiyinlər üzərində təvaf etdirilir)

10-Hər təvafdan (yeddi şaftdan) sonra iki rükət namaz qılmaq.

11-Təvafları  Hatim divarının arxasından etmək. Hatim divarı Kə`bənin Rüknü-İraqi deyilən divarının qarşısında yarımdairə şəklində olan bir divardır. Divarla Kə`bə arasında qalan əraziyə “Hicru-l-Kə`bə” deyilir və Kə`bənin bir hissəsi hesab edilir. Burada namaz qılınıb, dua edilir. Deyilən divar Kəbə ilə bitişik olmadığına görə ikisinin arasından da təvaf edilə bilər. Amma bu caiz deyildir. Hatim divarı da təvaf dairəsinin içində qalmalıdır.

 

12-Səfa Mərvə ( Məscidu-l-Harama yaxın bir yerdə olan iki təpənin adıdır. Bu iki təpə bir biri ilə gedi-gəliş yolu ilə birləşdirilmişdir. Səfadan başlayaraq dörd dəfə Mərvəyə gedilir və üç dəfə Mərvədən səfaya qayıdış da bunu yeddiyə tamamlayır və bu bir şə`y adlanır) təpələri arasında sə`y etmək və buna Səfa təpəsindən başlamaq. Üzrü olmayanların bunu piyada etmələri də vacibdir.

13- Mina deyilən yerdə cəmrələrə (daşlardan tikilmiş rəmzi dirəklər) daş atmaq. Cəmrə Məkkədən iki saatlıq bir məsafədə yerləşən, Mina adlanan qəsəbəsi ərazisində bir birinə bir ox atımı məsafədə yerləşən üç rəmzi daş dirəyin adıdır. Birinci Cəmrətu-l-Ulə, ikinci Cəmrətu-l-Vusta, üçüncü Cəmrətu-l-Aqəbə adlanır. Bu dirəklərə müvafiq olaraq Qurban bayramının birinci, ikinci və üçüncü günləri  “Bismillahi Allahu Əkbər” deyilərək hərəsinə yeddi daş atılır. Daşlar tək-tək atılmalıdır. Aqəbə cəmrəsinə atılan ilk daşla təlbiyə oxumaq dayandırılır. Yəni “Ləbbeykə” deyə başlayan zikr dayandırılır. 

14- Minada cəmrələri daşladıqdan sonra Qurban kəsmək. Bundan sonra da Haram bölgəsi daxilində Qurban bayramının üç günündən birində saçları qırxdırmaq ya kəsdirmək. Qadınlar saçlarının ucundan bir az qısaldırlar. Saç kəsmə ayini mütləq Haram bölgəsi daxilində edilməlidir. Kənarda edilərsə cəza olaraq bir qoyun qurban kəsmək lazım olur. Keçəl olanlar ülgücü boşuna gəzdirməklə bu vacibi icra etmiş olurlar.

15- Həccin vaciblərindən birini tərk etmək Həcc ibadətini pozmaz. Cəza olaraq bir qoyun qurban kəməklə bunu əvəz etmək olur.

6Həccin Sünnətləri

1-Ehrama girərkən qüsl etmək, və ya dəstəmaz almaq. Bu sadəcə təmizlik üçün olan bir yuyunmadır. Ona görə də həcc üçün ehrama girən bir qadın ay xəstəliyi və ya zahılıq halındadırsa yuyunması sünnətdir.

2-Ehramın sünnəti niyyəti ilə iki rükət namaz qılmaq. Bu namazın birinci rükətində “Kafirun”, ikinci rükətində “İxlas” surəsi oxunur.

3-Ehram niyyəti ilə ağ və təmiz olan iki hissədən ibarət parça ilə bürünmək. Bu parçaların təzəsi və ağ rəngdə olanı, yuyulmuş və başqa rəngdə olanından daha fəzilətlidir.

4-Ehramdan öncə gül yağı və s bu kimi xoş bir qoxu sürtmək.

5-Ehrama girdikdən sonra hər səhər, hər namaz qılanda, hər yoxuş və enişdə, hər yol dəstəsi ilə qarşılaşdıqda orta səslə üç dəfə təlbiyə (LəbbeykAllahummə...) söyləmək.

6-Təlbiyələrdən sonra Rəsulullaha (Sallallahu aleyhi va səlləm) çoxlu salatu-salam oxumaq.

7-Salatu-salamdan sonra Allaha yalvararaq dua etmək. Bu duanı xüsusən çox etmək:

اللهم إني أسئلك رضاك و الجنة و أعوذ بك من غضبك و النار

Allahummə inni əs`əlukə ridakə və-l-cənnətə və əu`uzu bikə min ğadabikə və-n-Nar.

8-Məkkeyi-Mükərrəməyə daxil olmaq üçün yuyunmaq, gündüz vaxtı daxil olmaq, Kə`bəni görərkən dua etmək, Onun önündə təkbir və təhlil gətirmək.

9-Qudum təvafı etmək. (Gecikib Məkkəyə daxil olmadan bir başa Ərafata çıxanlar bu təvafı etməz.)

10-Məkkədə olduğu müddətcə fürsət tapan kimi çoxlu təvaf etmək.

11-Ziyarət  təvafında kişilərin “İztiba” etməkləri. (İztiba təvafa başlamazdan əvvəl çiynə atılan ehram parçasını sağ qoltuğun altından keçirib sol çiyin üzərinə atmaqdır.)

12-Ziyarət təvafının ilk üç şaftında kişilərin “Rəməl” etməkləri. (Rəməl- qısa addımlarla çiyinləri tərpədərək yüyürməyə bənzər bir yerişdir).

13-SəfaMərvə arasında sə`y edərkən kişilərin oradakı iki yaşıl dirək arasındakı məsafəni qaçaraq keçib sonra yeriməkləri.

14-Zulhiccə ayının yeddinci günü günorta namazından sonra Məkkədə tək bir xütbə oxuyub insanlara həcc ayinlərini öyrətmək

15-Zulhiccənin səkkizinci günü günəş doğduqdan sonra Məkkədən Minaya getmək və o gecəni Minada gecələmək.

16-Zulhiccənin doqquzuncu günü, günəş doğduqdan sonra Minadan Ərafata çıxmaq.

17-Qurban bayramının ilk günü bir xütbə oxuyub həccin geridə qalan vəzifələrini anlatmaq.

18-Ərafat və Müzdəlifədə qılınan namazlarda yalvararaq, ağlayaraq, bacarmasa ağlamsınaraq özünə, qohum-qardaşına və bütün müsəlmanlara xeyirli dualar etmək.

19-Günəş batdıqdan sonra asta-asta Ərafatdan enmək.

20-Bayram gecəsi Müzdəlifədə gecələyib bayram səhəri Minaya enmək. Nəhr (qurban kəsmə ) günlərində Minada qalmaq.

21-Minada cəmrələr daşlanarkən sağ tərəfini Minaya, sol tərəfini Məkkəyə tutmaq. Birinci Cəmrətu-l-Uləni, sonra Cəmrətu-l-Vustanı, sonra da Aqəbə cəmrəsini sırasına uyğun olaraq daşlamaq.

22-Cəmrələri daşlamağa birinci gün günəş doğması ilə günortadan keçməsi vaxtı arasında, digər iki gündə isə günəşin günortadan keçməsindən batması arasında başlamaq.

23-Minadan Məkkəyə tez enmək. Ən gec Zulhiccənin on ikinci günü günəş batmazdan yola çıxmaq. Günəş batana qədər Minada qalmaq günahdır.

24-Minadan Məkkəyə enərkən Muhasəb və Əbtah deyilən yerlərdə azacıq dayanmaq

25-Vida təvafından və iki rükət namaz qıldıqdan sonra Zəmzəm suyundan  Kə`bəyə yönələrək ayaq üstə doyunca içmək, bu mübarək sudan başa və bədənə tökmək.

26-Həcəru-l-əsvədlə (Qara daş) Kə`bənin qapısı arasındakı Mültəzəm deyilən yerə sinəsini və üzünü sürtmək.

27-Heç kəsə əziyyət vermədən Kə`bənin örtüyündən tutub dua etmək.

28-Mədineyi-Münəvvərəyə gedib Rəsulullahı (Sallallahu aleyhi va səlləm) ziyarət  etmək.

Həccin sünnətlərini tərk edən fəzilətlərdən məhrum olur, daha doğrusu qurban kəsmək kimi bir cəza tələb etməyən bir günah işləmiş olur.



16-09-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz