Ana səhifə

Hədis elmi ilə bağlı bəzi terminlər


YazdırSend to friend

 

B. HƏDİS

Hədis kəlməsi, lüğətdə yeni, xəbər və söz mənalarına gəlir. Həzrət Aişənin Ənsara dua edərkən bu kəlməni “qədimin ziddi” yəni “yeni” mənasında işlətmişdir.

جَزَاهُمُ اللهُ فِي الْحَدِيثِ وَ الْقَدِيمِ

“Həm köhnə həm də təzə həyatlarında Allah onları xeyirlə mükafatlandırsın.” [1]

Ayədəki ( هَلْ اَتَاكَ حَدِيثُ مُوس ) “Musanın xəbəri sənə gəldimi?” [2] ifadəsində də hədis kəlməsi xəbər mənasında istifadə edilmişdir.

Hədis kəlməsinin termin mənası isə söz, feil, təqrir, yaradılma və ya xasiyyəti ilə əlaqəli bir sifət olaraq həzrət Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) nisbət edilən hər şeyin onu görənlər tərəfindən müəyyənləşdirilib ifadələndirilməsidir.

Həzrət Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) Əbu Hüreyrəyə xitab edərək söylədiyi sözün içində keçən “hədis” termini, sanki sonraki dövrlərdə həzrət Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) sözlərinə hədis deyilməsi üçün göstərilən işarəyə bənzəyir. Bu mətn belədir:

Əbu Hüreyrə Peyğəmbərə (sallAllahu aleyhi və səlləm); “Qiyamət günündə sənin şəfaətinə nail olacaq ən xoşbəxt şəxs kimdir ey Allahın Elçisi?”-deyə soruşanda həzrət Peyğəmbər (sallAllahu aleyhi və səlləm) ona belə cavab vermişdi: “...Ey Əbu Hüreyrə hədisə qarşı sevgini bildiyim üçün səndən öncə heç kimin bu xəbər haqqında mənə sual soruşmayacağını güman edirdim. Qiyamət günü mənim şəfaətimə nail olacaq ən xoşbəxt adam səmimi qəlbdən La ilahə illallah deyəndir”.[3]

 

Hədis bir növ “həzrət Peyğəmbər (sallAllahu aleyhi və səlləm) bilgisi” mənasına gəlir. Tərifə görə, həzrət Peyğəmbəri (sallAllahu aleyhi və səlləm) tanıdan, Onun hər hansı bir cəhəti haqqında məlumat verən ilk üç nəsilə aid sözlü ifadələr də hədis olma vəsfini qazanmış olur. Hədis kəlməsinin cəmi əhadisdir.

1. Sünnə ilə hədis arasindaki fərqlər

Hədis kəlməsi, ümumiyyətlə həzrət Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) sözlərinə nisbət edilməklə bərabər, İslam alimləri tərəfindən kəlmənin dəlalət etdiyi məna cəhətindən bəzi fərqli görüşlər də irəli sürülmüşdür. Odur ki, bəzi usul alimlərinə görə hədis, həzrət Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) söz, fel və təqrirlərinə nisbət olunub ki, bu mənasıyla kəlmə, eyni mənada istifadə olunan Sünnə ilə sinonimdir. Bəzi hədis alimləri isə, hədis kəlməsini, sadəcə həzrət Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) sözlərinə deyil, səhabə və tabiundan nəql olunan məvquf və məqtu xəbərlərə də nisbət edir. Bu baxımdan xəbərin də sinonimidir. Bəziləri isə yuxarıda da qeyd olunduğu kimi, hədisi sadəcə həzrət Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) rəvayət edilən sözlər üçün istifadə etmiş, başqalarından gələn sözlərə də xəbər demişlər. Belə olan halda, hədislə xəbər arasında müəyyən bir fərqin olduğu açıq-aydın görünür.

Hədisçilər arasında məşhur olan görüşə görə hədis, nübüvvətdən əvvəl və nübüvvətdən sonra həzrət Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) rəvayət edilən bütün söz, fel və təqrirlərdən ibarətdir; ancaq müsəlmanların tabe olmaqla əmr olunduqları Sünnə, bu üç şəkildə ortaya çıxan və dinə aid olan hədislərdir. Buna görə, əgər həzrət Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) sünnəsi, ondan söz olaraq meydana çıxar və bizə hədis olaraq çatarsa, bu hədisin təsdiqi lazım gələr. Əgər hədis, icab, təhrim və ya ibaha cəhətindən hökm ifadə edirsə ona tabe olmaq lazımdır; çünki peyğəmbərlərin nübüvvətinə dəlalət edən ayələr, onların, Allahu Təaladan nəqlən xəbər verdikləri şeylərdə xətasız olduqlarını göstərir. Buna görə də onların xəbərləri doğrudur. Əsasən nübüvvətin mənası da budur. Bunun içində, Allahın peyğəmbərlərə qeybdən xəbər verməsi də mövcuddur. Bu xəbəri alan peyğəmbər, onu insanlara çattırar. Onsuz da peyğəmbərlərin vəzifəsi, xalqı dəvət və Rəbbinin risalətini onlara təbliğ etməkdir. Həzrət Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) Sünnəsi feil olaraq ortaya çıxar və bu fel bizə qədər gəlib çatarsa, bu felə tabe olmaq lazımdır. Tabe olunması həzrət Peyğəmbər tərəfindən əmr olunan bəzi fellər də var ki, bunların da ayrı bir xüsusiyyətləri vardır. Məsələn; “mən necə namaz qılıramsa siz də elə namaz qılın”, sözü feli bir Sünnəyə tabe olunmasını əmr edən qövlü bir Sünnədir.

 

Həzrət Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) təqrirləri də yenə onun hədisi içərisində yer alır. Məsələn; Həzrət Aişənin qızlarla oynamasını, və yaxud bayram günlərində cariyələrin mahnı söyləmələrinə bir şey deməməsi (ikrarı) buna misaldır. Bunların hamısı hədisdən sayılır və məqsəd din adına dəlil ola biləcək hökmləri müəyyənləşdirməkdir; bu isə, ancaq həzrət Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) söz, fel və təqrirləriylə mümkündür.

Yuxarda da qeyd etdiyimiz kimi hədisə, həzrət Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) nübüvvətdən əvvəlki xəbərləri də daxildir. Daha nübüvvət gəlmədən əvvəl məsələn Hira mağarasında ibadətlə məşğul olması, sirətinin (surətinin) gözəlliyi, əxlaqının yüksəkliyi, doğruluğu, oxuma yazma bilməyən bir ümmi olması kimi, onunla əlaqəli xəbərlər, onun nübüvvətinin dəlili sayıldığı kimi, hamısı da müsəlmanlar üçün bir nümunə vəsiqəsidir. Ancaq nübüvvətdən əvvəlki xəbərlər həzrət Peyğəmbəri (sallAllahu aleyhi və səlləm) tanımaq və ona inanmaq üçündür; bunlarla əməl etmək şərt deyil.

 

Hədis və Sünnə arasındakı fərqləri iki qrup halında xülasələşdirə bilərik:

 

Birincisi: Hədis, Peyğəmbərimizin (sallAllahu aleyhi və səlləm) söz, fel və təqrirləri ilə bərabər onun sifətlərəini (şəmailini) də əhatə edir. Sünnə isə onun izlədiyi yolu ifadə edir. Bu etibarla hədis Peyğəmbərmizin (sallAllahu aleyhi və səlləm) sözünü və felini əhatə etdiyi halda, sünnə sadəcə felinə aiddir. Hədis, Peyğəmbərimizə (sallAllahu aleyhi və səlləm) nisbət edilən bütün rəvayətləri içinə aldığı üçün Sünnədən daha genişdir.

İkincisi: Sünnə, dini və hüquqi tədbiqə işarət edər, ancaq hər hədis, bir hökm və ya bir tədbiqatı içinə almaya bilər. Bunun üçün də sünnə daha çox praktik tədbiqat yönündən hədis isə sözlü nəql yönundən önə çıxır.

Hədislə sünnənin ortaq yönləri isə, ikisinin də Peyğəmbərimizə (sallAllahu aleyhi və səlləm) aid olması və rəvayət yolu ilə bizə çatmasıdır.

 

2. Hədisin dindəki yeri

İnsan, təbii olaraq bəzi şəxsiyyətləri özünə nümunə və rəhbər olaraq seçmə xüsusiyyətinə malikdir. Nümunə alınan şəxs tarixi bir şəxsiyyət olduğu kimi, öz çevrəsindən biri də olabilər. Bu vəziyyət daha çox, insanın özündən daha fərqli və daha üstün gördüyü şəxsi nümunə alma təmayülündən meydana gəlir. Allah insanın fitri istedadına uyğun olaraq, onlara yol göstərmək və rəhbərlik etmək məqsədiylə göndərdiyi Elçilərin də yüksək əxlaqla vəsiflənmiş və insanlar üçün nümunə alınacaq bir şəxsiyyət olaraq göstərmişdir. Şuphəsiz Peyğəmbər (sallAllahu aleyhi və səlləm) də bir insandır, ancaq adi bir insan deyil, bir insanın ola biləcəyi ən yüksək dərəcədə mükəmməl bir insandır.

Uca Allah, yeganə din İslamı insanlara təqdim etmək və İslamın bünövrəsini meydana gətirən Quranı təbliğ etmək, açıqlamaq və tətbiqdə şəxsən göstərmək məksədiylə həzrət Mühammədi (sallAllahu aleyhi və səlləm) da mükəmməl vəsiflərə bürünmüş nümunə bir elçi olaraq göndərmişdir. O peyğəmbərlikdən əvvəlki həyatında olHƏDİS duğu kimi peyğəmbərilik dövründə də hər yönüylə insanlara nümunəlik etmiş və Allahın iradəsinə uyğun necə yaşanacağını nümayiş etmişdir. Eyni cəmiyyətdə birlikdə yaşadığı insanlar (sahabilər) də hər zaman Onun açıqlamalarını diqqətə alaraq davranışlarını həyata keçirmişdir. Hətta bəzən onu şəklən izləyib təqlid etmişlər. Qısacası, Onun elçiliyinə və nümunəliyinə diqqət yetirmədən İslamı doğru anlamaq və düzgün bir şəkildə insanlara çattırmaq mümkün deyil.

İslamın təfəkkür və quruluşun əsasını iki ünsür təşkil edir. Bunlar: Allahın kitabı Quran və Rəsulunun həyat tərzi olan sünnəsidir. Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) vida həcci əsnasında son tövsiyələri olaraq dilə gətirdiyi ifadələr buna açıq bir şəkildə işarə edir:

“Sizə, tabe olduğunuz müddət ərzində sapıtmayacağınız iki şey bıraxdım; Allahın Kitabı və Rəsulunun sünnəsi.” [4]

Buna görə ortaya qoyulacaq hərhansı görüş və ya tətbiqə, ancaq bu iki qaynağa nisbət etmək surətiylə İslami xarakteristika qazandırmaq mümkündür. Əksi halda ortaya çıxacaq tətbiqin və yaxud quruluşun İslama uyğunluğundan söz etmək olmaz. Elə isə Quranın yanında sünnə də bu dinin əsas təməlidir.

Sünnə Quranın yaşanmış təfsiri, İslamın isə tətbiqidir. Odur ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) təfsir olunan bir Quran və yaşayan bir İslam idi. Odur ki, Qurani- kərimi hədislər olmadan anlamaq imkansızdır. Məsələn; Qurani kərim namazın, orucun, zəkatın və həccin fərz olduğunu bildirmişdir. [5] Peyğəmbərimiz (sallAllahu aleyhi və səlləm) də bu ibadətləri əda edərək açıqlayır.

 

Həmçinin Qurani Kərimdə, “Namazın zamanlı olaraq fərz qılındığı” [6] bildirilmiş, ancaq bu zamanların müəyyən olunmasını, necə namaz qılınmasını, rəkatlarını sayısını Peyğəmbərimiz (sallAllahu aleyhi və səlləm) açıqlamış və tədbiq edərək müsəlmanlara öyrətmişdir. Digər ibadətlər və hüquqi hökmlərlə əlaqəli olaraq gələn və bunların necə yerinə yetiriləcəyini bildirən hədislər də buna daxildir. Demək olar ki, hədis Qurani Kərimin gizli (bilinməyən) və ümumi olan hökmlərini izah edir və açıqlayır.

Hədislər eyni zamanda Qurani Kərimin mütləq olan bəzi hökmlərini təqyid edib sinifləndirir. Ümum ifadə edən ayələrini də təxsis edir. Məsələn; Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) “qatilə miras yoxdur” [7], hədisi ilə mirası, Allahın Kitabında qeyd etdiyi mirasçılardan ancaq qatilin xaricindəkilərə xüsusiləşdirməsi (təxsis etməsi) kimi.

Hədislər, Qurani Kərimdən sonra ikinci qaynaq olduğu üçün Quranda olmayan hökmləri qoyar: Məsələn; qatır, əhilləşdirilmiş eşşəklərin, şir, pələng, it kimi heyvanlarla, şahin, qartal, çalağan kimi yırtıcı quşların ətlərinin yeyilməməsi hökmü Qurani-kərimdə bidirilməmiş, bunların haram olduğunu hədislər ortaya qoymuşdur. Dənizdən ölü olaraq çıxarılan balığın yeyilə bilməsinə də Sünnə hökm vermişdir.

Nəticə olaraq ifadə edə bilərik ki, hədis, İslamın Qurandan sonra ikinci mənbəyi olduğu üçün əhəmiyyətlidir. İslamı tam və doğru bir şəkildə yaşaya bilmək üçün hədisləri öyrənmək şərt və vacibdir.

_________________________________________

1. Əhməd ibn Hənbəl, Müsnəd, VI, 8.

2. Ta ha, 20/9.

3. Buxari, Elm, 33.

4. İmam Malik, Muvəttə, Qədər, 3.

5. Bəqərə, 2/43, 183; Nisa, 4/3; Ali İmran, 3/97; Həcc, 22/78.

6. Nisa, 4/103.

7. Tirmizi, Fəraiz, 17; Əhməd ibn Hənbəl, I, 49.

 

 



27-05-2018 02:34:55

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz