Ana səhifə

Həmd və şükür arasındakı fərq nədir?


YazdırSend to friend

Həmd: "Bir lütfkarlığa qarşı qəlbin mədh və şükür duyğularıyla dolması və o lütfkarlıq sahibinə təzim etməsi."

Həmd ilə şükür əlaqəsi ümumi-xüsusi olaraq yekunlaşdırıla bilər. Yəni hər şükür eyni zamanda bir həmddir. Ancaq hər həmd şükür deyil. Həmd, bizə və bütün məxluqata edilən ikram və izzətləri Allaha təqdim etməkdir. Şükür isə daha xüsusi olaraq bizə edilən ikramlara qarşılıq edilir. Bu səbəblə şükür sözü həmdin yerini tuta bilməz. Həmd daha geniş və şümulludur.

Quranın xülasəsi olan Fatihə surəsi, "Aləmlərin Rəbbinə həmd" ilə başlayır. Deməli, aləmlərin tərbiyə edilmələri insan üçün bir lütfkarlıq, bir ikramdır, ona Rəbbinin bir lütfüdür.

Günəş bir tərbiyədən keçib ki ziya verir, istilik verir, planetlərini ətrafında çevirir. Onu beləcə tərbiyə edən Allahı mədh və səna edirik. Bir də bu tərbiyənin insana baxan cəhəti var. Günəşin beləcə tərbiyə görməsi sayəsində insanoğlu ondan istifadə edə bilir. Yəni, bu tərbiyə insana bir lütfkarlıqdır. Bu lütfkarlığa qarşı da Rəbbimizə şükür borcluyuq. Beləliklə həmd, bu mədhlə bu şükürü birlikdə ifadə edən mühüm bir zikrdir.

Oksigenlə hidrogeni ayrı-ayrı tərbiyə edən, sonra bunların ikisini yeni bir tərbiyədən keçirərək su halına gətirən Rəbb-ül Aləminə həmd edirik. Çünki, su yaratmaq, çay, göl, dəniz yaratmaq Allahın əzim bir sənəti olduğu kimi insanoğluna da böyük bir lütfkarlığıdır.

Gözümüzü görməyə, əlimizi tutmağa, ciyərimizi tənəffüsə uyğun olaraq tərbiyə edən Rəbbimizə həmd edirik.

Dünyanın Günəş ətrafında, Ayın da Dünya ətrafında dönməsi böyük bir qüdrət təcəllisi olduğu kimi, insan üçün böyük bir İlahi lütfkarlıqdır və ikramdır. Onları beləcə tərbiyə edən Allaha həmd edirik.

Möminlər üçün cənnəti, kafirlər üçün cəhənnəmi tərbiyə edən Xaliqimizə həmd edirik.

Qurani Kərimin "Rəbb-ül Aləminə" həmd ilə başlayıb, "Rəbbünnəsə" sığınmaqla sona çatması nə qədər mənalıdır. Rəbb-ül Aləmin; bütün aləmlərin tərbiyə edicisi. Rəbbünnəs də insanı bütün orqanlarıyla və bütün duyğularıyla tərbiyə edən Allahdır. Aləmlərin tərbiyəsi, insana baxdığı, insanın faydalanmasına ən uyğun şəkildə edildiyi üçün, aləmləri tərbiyə edən ancaq insanın Rəbbidir. Bir başqa ifadəylə insanın Rəbbi ancaq aləmləri tərbiyə edən zat ola bilər. İnsan bu lövhəni təfəkkür etdiyində ruh və qəlbi sonsuz bir minnət, mədh və şükür ilə dolar. Allaha sonsuz həmd edər.

Fikrimizə kainat kitabını oxuma gücü verən, qəlbimizə iman və marifəti yerləşdirən Rəbbimizə həmd edirik. Qəlb gözümüzü hidayətiylə açması və bizə özünü bildirməsi, tanıtdırması, sevdirməsi, Allahın ən böyük bir lütfkarlığı, bir ikramı olduğu qədər, ən incə bir sənətidir də. Dünənin nütfəsi bu gün Rəbbini tanıyır, Onu sevir, Onun sənətlərini təfəkkür edə bilir.

Sənətkarını bilən əsər, katibini tanıyan kitab... Bunlar bəşər xəyalının çata bilməyəcəyi nöqtələrdir. Hidayətlə nurlanan bir möminin qəlbi, Allahın belə möcüzəvi bir sənətidir.

İnsan özündə təcəlli edən bu kamal üçün həm Rəbbini mədh və səna edər, həm də bu böyük lütf qarşısında Ona sonsuz dərəcədə şükür edər.

Həmd yalnız insana məxsus deyil. Digər məxluqların da heç olmasa hal diliylə həmdləri vardır. Bir ulduz, Allaha həmd edər, yox ikən var olduğu üçün. Çünki, yoxu var etmək həm İlahi bir sənət, həm də o ulduza bir lütfkarlıqdır.

Bir çiçək də Allaha həmd edər. Suyu, torpağı tərbiyə edərək çiçək halına gətirdiyi üçün Allahı hal diliylə mədh və səna etdiyi kimi, ona çiçək olmağı lütf etdiyi üçün də yenə Rəbbinə şükür edər. Bax bu mədh və şükür onun həmdidir.

Digər varlıqları da bunlara müqayisə etsək, hər varlığın Allahı təsbeh etdiyi kimi Ona həmd də etdiyini bir dərəcə hiss edə bilərik.



26-04-2011 12:00:00