Ana səhifə

Hənəfidən başqa digər məzhəblərə görə saqqalın hökmü!


Maliki məzhəbinin məşhur alimi Qadi İyad, rahiməhullah, saqqalı qısaltmağın və qırxmağın haram deyil, məkruh olduğunu deyir: Muslimin şərhində deyir:

"(Saqqalı) kəsmək, qırxmaq və ütmək məkruhdur. Bunu zəmm edən hədis varid olmuşdur və əcəmlərin sünnəti isə saqqalı qırxmaq və kəsmək və bığları isə uzatmaqdır...Lakin (saqqalın) uzunluğundan və yanlarından götürməyə gəldikdə isə, bu gözəl bir əməldir. Saqqalı kəsmək və qopartmaq məkruh olduğu kimi, insanlar içində seçiləcək şəkildə uzatmaq və süsləmək də məkruhdur." ("əl-İkməl fi Şərhi Muslim", 1/120)

Qadi İyadın isə maliki məzhəbindəki mövqeyi məlumdur və malikilər məzhəbin görüşlərində digər kitablar arasında onun kitablarına da əsaslanırlar. Son dövr maliki alimlərindən olan Muhamməd bin Abdulbaqi əz-Zurqani əl-Maliki, rahiməhullah, (öl. hicri 1122) "Muvatta" kitabında İbn Ömərin peyğəmbərin, salləllahu aleyhi va səlləm, bığları qısaltmağı və saqqalı uzatmağı əmr etdiyini rəvayət etməsini şərh edərkən deyir:

"(Abdullah ibn Ömərdən: Allahın Elçisi, salləllahu aleyhi va səlləm, əmr etdi...) məndub qismində, eləcədə vacib qismində əmr etdiyi də söylənmişdir. (bığları qısaltmağı), yəni dodaqların üzərinə düşənləri götürərək dodağın açıq şəkildə görünməsini sağlamaq və İmamın bu barədə izahı daha əvvəl keçdi. Bığları qırxmağı qadağan edən alimlər də bu izahı qəbul edirlər...(İmam əl-Baci deyir) "İbn Ömərdən və Əbu Hureyrədən rəvayət olunur ki, onların hər ikisi də saqqaldan bir tutumdan artıq qalanı götürərdilər. Malikdən saqqalın çox uzanması barədə soruşdular və dedi: "Mənə görə ondan götürməli və kəsməlidir." Sitatın sonu. Tirmizi rəvayət etmişdir və demişdir: "Ğaribdir." Amr bin Şueybdən, o da atasından, o isə babasından rəvayt edir ki, peyğəmbər, salləllahu aleyhi va səlləm, saqqalının yanlarından və uzunundan bir səviyyədə alardı." yəni, hər tərəfdən eyni dairədə yaxınlaşdırardı. Çünki orta ölçülü olmaq sevilən bir işdir, saqqalı çox uzatmaq isə ifrata varmaqdır, bununla insanın görüntüsü eybəcərləşər və qeybət edən kəslərin dillərinə düşər...Peyğəmbərin bunu etməsi ilə əmr etməsi arasında ziddiyət yoxdur. Çünki onun bu əmri saqqaldan ehtiyac olmadan və ya süslənmək məqsədi ilə götürmək barəsindədir, lakin peyğəmbərin bunu etməsi isə saqqalın dağınıq olduğu və ya sahibinə əziyyət verə biləcək qədər ifrat şəkildə uzanması halına aiddir.

ət-Tibi dedi: "Nəhy olunan əcəmilərin etdiyi kimi saqqalı kəsməkdir və ya eşşəyin quyruğu kimi bağlamaqdır."

əl-Hafiz dedi: "Nəhy olunan saqqaldan bir az götürməkdən fərqli olaraq saqqalı tamamilə aradan qaldırmaq və ya buna yaxın hala salmaqdır." ("Şəhru əz-Zurqani alə Muvatta Maliki", 4/334)

***

Şafi məzhəbində isə məşhur olan görüş saqqalı saxlamağın vacib deyil, təkid olunmuş sünnət olmasıdır və buna görə də məşhur şafi muhaqqiqlərinin görüşünə görə saqqalı azaltmaq və ya qırxmaq haram deyil, məkruhdur.

Məsələn Şafi alimlərindən əl-Xattabi (öl: hicri 388) deyir:

"Saqqal buraxmağa gəldikdə isə, bu onu uzatmaq və artıqmaq deməkdir. Bizim üçün bəzi əcəmilərin etdiyi kimi saqqalımızı qırxmaq məkruhdur. Kisra camaatının zahiri görüşündən də biri saqqalı qırxmaq və bığları uzatmaq idi. Peyğəmbər, salləllahu aleyhi va səlləm, isə zahiri görünüşdə və davranışda onlara müxalifət etməyi buyurmuşdur." ("Məalim əs-Sunən", 1/42)

***

Digər məşhur Şafi alimi İbn əl-Mulaqqin deyir: “əl-Həlimi “Minhəc” əsərində deyir:

“Heç kəs üçün saqqalını və ya qaşlarını qırxması halal deyildir, lakin bığların kənarlarını qırxa bilər. Çünki onları qırxmaqda fayda vardır, bu isə yemək yağının həmin hissələrə yapışmaması üçündür və nəticədə gələn qoxudan xoşlanmazlar. Saqqalı qırxmaq isə bunun əksinədir, çünki saqqalı qırxmaq qüsurdur və insanlar içində seçilməkdir və qadınlara bənzəməkdir və bu, zəkəri kəsik olmaq kimidir.” (İbn əl-Mulaqqin deyir) Onun saqqal barədə dedikləri gözəldir, baxmayaraq ki məzhəbdəki rəy bunun məkruh olmasıdır.” (“əl-İləm bi Fəvaid Umdətil-Əhkam”, 1/711-712.:Təhqiq: Abdulaziz əl-Muşeyqih: Dar əl-Asimə, Riyad, hicri 1417 (1997))

***

Digər Şafi alimi Ziyaəddin Əbu Yəhya Zəkəriyya bin Muhamməd bin Zəkəriyya əl-Ənsari, rahiməhullah, yəmənli şafi alimi İbn əl-Muqrinin “ər-Ravda” əsərinə yazdığı şərhdə deyir:

 “Gözəl görünümü və ya saqqalsızlığı tərceh edərək onu, yəni saqqalı ilk çıxan zamanlarda yolmaq məkruhdur və namazın şərtləri mövzusunda keçən səbəbə görə də ağ tükləri yolmaq və ya ixtiyar olmağı arzu edərək və ya ağalıq etmək məqsədilə yaşda böyük görsənmək üçün tezləşdirmək, yəni tükləri kükürd ilə ağartmaq, dodağın altındakı tüklərin yanlarını və saqqalın yanlarını yolmaq və özünü zahid və öz nəfsinə qarşı diqqətsiz göstərmək üçün saqqalı eybəcərləşdirmək, bəzənmək və süslənmək üçün saqqalı qat-qat kəsmək və ya özündən xoşlanaraq və iftixar ilə saqqalın qaralığı və ağlığını tasarlamaq, artıq tük qoşaraq saqqalı artırmaq və ya azaltmaq – saçı dəyişdirməmək üçün- məkruhdur. “əl-Məcmu”da dedi: “əl-Ğazali “əl-İhya” əsərində dedi: “Sələf saqqalın artıq qalan hissəsi barədə ixtilaf etdi. Saqqalı bir ovucla tutub, artıq qalanını kəsməkdə bir bəis olmadığı söyləndi, beləki bunu İbn Ömər və bir qrup tabii etmişdir. Şabi və İbn Sirin bunu gözəl görmüşdür. Lakin əl-Həsən (əl-Basri) və Qatadə isə “Saqqalınızı uzadın” hədisi səbəbi ilə bunu xoş görmürdü.

əl-Ğazali dedi: Bu məsələ aydındır, çünki əgər uzunundan kəsməsən və kənarlarından almasan saqqal ifrat dərəcədə uzanar və xilqəti eybəcərləşdirər. Bığların kənarını uzatmaqda isə bir bəis yoxdur.”

əz-Zərkaşi dedi: Bu İmam Əhmədin “Müsnəd” əsərində rəvayət etdiyinə qarşıdır: “Bığlarınızın kənarlarını kəsin və yəhudilərə bənzəməyin!” (“Əsna əl-Mətalib Şərh Ravdatit-Talib”, 1/551)

Şafi alimləri ibn Zəkəriyya əl-Ənsariyə şeyxul-islam deyərək müraciət edirlər, bu isə onun məzhəbdəki mövqeyindən irəli gəlir.

***

Digər məşhur Şafi alimi əş-Şihəb Əhməd ər-Ramlinin görüşü isə onun fətvalar məcmusunda qeyd olunmuşdur:

“(əl-Aqiqa babı) (soruşuldu:) “Çənədəki tükləri qırxmaq və ya yolmaq haramdır ya yox? (Cavab verdi:) Kişinin saqqalını qırxması və yolması məkruhdur, haram deyildir. əl-Həliminin “Minhəc” əsərindəki “Heç kəsə nə saqqalını, nə də qaşlarını qırxmaq halal deyildir” sözləri zəifdir.”(“Fətava ər-Ramli”, səh: 569/Dar əl-Kutub əl-İlmiyyə)

***

İmam Əhməd ər-Ramlinin oğlu və misirli şafilərin fətvalarına əsaslandıqları alim İmam Şəmsuddin Muhamməd ər-Ramli isə "ən-Nihayə" əsərində deyir:

"Saçı ayırmaq və onu daramaq və saqqalı daramaq müstəhəbdir, saqqalı qoparmaq və qırxmaq isə məkruhdur."

***

Digər məşhur Şafi alimi İbn Hacər əl-Heytəmi deyir:

”Adətən (alimlər) bu bölmədə saqqal və bənzərləri barədə məkruh olan özəllikləri zikr edirlər. Bura (yəni, məkruh əməllərə) saqqalı, eləcədə qaşları qırxmaq və yolmaq aiddir. əl-Həliminin “bu, halal deyildir” sözü isə bunu (qırxmağın məkruh olmasını) inkar etmir, çünki onun sözlərini əməldəki sərbəstliyi nəfy etmək olaraq təvil etmək mümkündür. Onun sözünə müvafiq olan naslar isə (İmam əş-Şafinin sözü), əgər ”halal deyildir” sözü ilə gəlsəydi bunu da yuxarıda təvil edildiyi kimi təvil etmək mümkün olardı. Lakin əgər ”haramdır” deyibsə, bu məzhəbin etimad olunan rəyinə müxalif olardı. İbn Hibbanda səhih olaraq rəvayət olunmuşdur ki, ”peyğəmbər, salləllahu aleyhi va səlləm, saqqalın uzunundan və kənarlarından götürərdi.” Sanki İbn Ömər - Allah hər ikisindən də razı olsun - saqqalını bir ovuc tutaraq artıq qalanını kəsərkən bu əməlində bu hədisə istinad edirdi. Lakin saqqalı uzatmaq, yəni ondan heç bir şey götürməmək əmri isə iki Sahihdə sabit olmuşdur. Üstünlük də bu hədisə verilməlidir, çünki bu daha səhihdir və əvvəlki hədisi izah edərkən saqqalı uzatmaq əmrinin sadəcə olaraq bir məndubluq olması mümkündür. Bu təvil digərindən – yəni, saqqalın genişlənməsi və böyüməsi insanlar arasında söz-söhbətə səbəb ola bilməsi kimi təvil etməkdən – haqqa daha yaxındır. Çünki imamlarımızın sözlərindən anlaşılan budur ki, saqqaldan mütləq olaraq götürmək məkruhdur. Onların çox uzun saqqalın insanın zahiri görünüşünü çirkinləşdirməsi kimi iddiaları rədd olunur, çünki əslində insan saqqalını yumadıqda və ya yağlamadıqda zahiri görünüş çirklənir. Əzrai isə araşdırmasında boğazdan yuxarıdakı hər tükü qırxmağın məkruh olduğu qənaətinə varmışdır və başqaları isə bunun mübah olduğunu söyləmişlər. (“Tuhfətul-Muhtəc Şərhul-Minhəc”, 9/375-376)

İbn Hacərin bu sözləri barədə digər böyük Şafi alimi İbn Qasim əl-Abbadi haşiyəsində deyir:

“Onun” Lakin əgər ”haramdır” deyibsə” sözü: ”Şərh əl-Ubəb” də deyilir: ”fayda: Şeyxeyn (İmam ən-Nəvəvi və İmam ər-Rafi) deyir: ”Saqqalı qırxmaq məkruhdur”. İbn ər-Rafi isə ”əl-Kəfiyə” əsərinə yazdığı haşiyədə buna etiraz edərək deyir ki, Şafi, radiyallahu anhu, ”əl-Umm” əsərində bunun haram olduğunu söyləmişdir. əz-Zərkaşi dedi ki, bunu eləcədə əl-Həlimi ”Şuəb əl-İmən” əsərində və onun müəllimi əl-Qaffəl əş-Şaşi ”Məhasin əş-Şəria” əsərində söyləmişdir. əl-Əzrai dedi: ”Doğru olan budur ki, Qaləndərilərin elədiyi kimi heç bir səbəb olmadan saqqalı tamamilə qırxmaq haramdır.”(“Haşiyə İbni Qasim əl-Abbadi”, 9/376)

***

Şafi alimlərindən Zeynuddin bin Abdul Aziz əl Məlibəri (v 987 h/ 1579 m) dedi:

Bir camaatın xilafına kişinin əl və ayağını xınayla boyaması və saqqalını (dibdən) qırxması haramdır!

İmam Əzrai hulqumun/qırtlağın üzərində olan tükləri qırxmanın məkruh olduğunu təsbit etdi. Başqaları isə bunun mübah/caiz olduğunu söylədilər.” (Qaynaq: Zeynuddin əl Məlibəri: Fəthul Muin bi Şərhi Qurratil Ayn bi Muhimmətid Din: 2/387: Beyrut: Darul Fikr: 1418/1997. İkinci Nəşr.)

***

Şafi alimlərindən əl-Bəkri adı ilə məşhur olan Əbu Bəkr Muhamməd Şatta əd-Dimyəti, Şeyx Zeynuddin əl-Məlibərinin yuxarıdakı sözləri haqqında onun "Fəthul-Muin" əsərinə yazdığı məşhur haşiyəsində deyir:

"Onun "Saqqalı qırxmaq haramdır" sözü: əl-Ğazali, Şeyxul-İslam (Qadi Zəkəriyya əl-Ənsari),"ət-Tuhfə" əsərində İbn Hacər, ər-Ramli və əl-Xatib (əş-Şirbiniyə) və başqalarına görə isə etimad olunan görüş (saqqalı qırxmağın) məkruh olmasıdır." ("Haşiyə İanəh ət-Talibin alə Hal əl-Əlfəz Fəthul-Muin", 2/240)

***

Saqqalla bağlı qeyd etdiyimiz hökmlər normal hallara aiddir. Lakin, ölkəmizdəki real şərtlər bəzən iş, bəzən güc strukturlarının sıxışdırması kimi səbəblərdən fərqli ola bilir. Bu və bənzəri səbəbdən bəzi müsəlmanlar saqqallarını qırxmalı və ya çox azaltmalı olurlar.

Əgər mötəbər bir səbəbdən bu vacibə əməl edə bilməyənlər varsa, ümumi prinsip gərəyi əməl edə bildikləri qədər əməl etsinlər. Məsələn bir tutam saqqal buraxa bilməyənlər ən azından buraxa bildikləri miqdarda saqqallarını uzatsınlar.

Həmçinin saqqal uzadan qardaşların bunu zinət olaraq dəyərləndirmələri lazımdır. Saqqalı çirkinləşdirən çox uzatma, tüklərin uçuşması, pırtlaşıqlıq və bənzəri şeylərdəndən çəkinilməlidir. Bu məqaləni tamamlayıb, müsəlmanların bir müşkülünü çözməyi bizim əlimizlə gerçəkləşdirən Allaha bu nemətindən dolayı şükr edir və nemətlərinin davamını diləyirik. Tövfiq ancaq Allahdandır.



22-10-2014 12:00:00