Ana səhifə

Hansı Qadınlarla İzdivac Haramdır?


YazdırSend to friend

İslama görə nikah maneələri əbədi və müvəqqəti olmaqla iki qisimdir:

A) Hansı qadınlarla nigah əbədi haramdır.

B) Hansı qadınlarla nigah müvəqqəti haramdır.

A) Hansı qadınlarla nigah əbədi haramdır:

Bunlar da öz növbəsində bir neçə yerə bölünür:

1. Qan qohumluğu səbəbilə haram olanlar: Analar, nənələr, qızlar, oğlun qızları, qızın qızları, bacılar, qardaş və bacıların qızları, bibilər, xalalar, bibinin bibiləri və xalanın xalaları da bu qrupa daxildir.

Ayədə belə buyurulur:

"Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızlarının nikahı haram edilmişdir ...” (32. Nisa, 4/23.)

2. Nikah səbəbilə haram olanlar: (Bunlara "sıhri" deyilir.)

a. Ata və babaların arvadları:

Ayədə belə buyurulur:

"Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və pis bir yoldur!" (Nisa, 4/22. 34.)

b. Oğul və nəvələrin arvadları:

Ayədə belə buyurulur:

"...Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək sizə haramdır...” (Nisa, 4/23)

c. Qayınana:

Ayədə belə buyurulur:

"...Arvadlarınızın anaları ilə evlənmək sizə haramdır...” (Nisa, 4/23.)

ç. Ögey qızlar:

Yəni cinsi əlaqəyə girilən qadının himayədə olan qızları (ögey qızlar) ilə evlənmək də haramdır. Burada onu da qeyd etnək lazımdır ki, ögey qızın kişiyə haram olması üçün anası ilə bağlanan nikah kifayət etmir. Bu nikah cinsi əlaqə ilə ta- mamlanmalıdır. Buna görə də cinsi əlaqəyə girilmədən boşanan qadınların qızları ilə evlənmək günah deyildir.

Ayədə belə buyurulur:

"...Yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək sizə haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir..." (Nisa, 4/23.)

Yuxarıda qeyd olunanlarla evlənmə qadağası nikah yolu ilə əmələ gələn qohumluğa xitam verilsə belə (yəni boşanma hadisəsindən sonra belə) əbədi olaraq davam edir. (Bax. Nisa, 4/22; Buxari, Şəhadat, 7; Müslim, Rəda, 1)

3. Süd əmmək səbəbilə haram olanlar:

Buraya yeddi xanım daxildir ki, bunlardan ikisi Qurani- Kərimdə qeyd edilmişdir.

Ayədə belə buyurulur:

"...Süd analarınız, süd bacılarınızla evlənmək sizə haramdır.(Nisa, 4/23)

a.     Süd anası:

Süd anası məfhumuna insanın süd əmdiyi qadın, eləcə də həmin qadının anası, nənələri daxildir. Bunlarla evlənmək haramdır.

b.    Süd bacısı:

Süd bacısı məfhumuna oğlanın anasından süd əmən qız, oğlanın süd anasının (süd əmdiyi qadının) qızı və oğlanla birgə eyni bir qadından süd əmən qız (süd anasında onunla müştərək olan qız) daxildir. (Bir qız oğlanın anasından süd əmdiyi zaman o qızla evlənmək həm o oğlana, həm də onun bütün qardaşlarına haram olur. Lakin həmin qızın bacıları ilə evlənmək oğlana (və onun qardaşlarına) halaldır, çünki onlar (qızın bacıları) oğlanın anasından süd əmməmişlər. Oğlana süd əmdiyi qadının (süd anasının) qızı və ya qızın bacıları ilə evlənmək haramdır. Ancaq o qız və bacıları oğlanın qardaşlarına halaldır, çünki nə o qız oğlanın anasından, nə də oğlanın qardaşları o qızın anasından süd əmmişdir.)

Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm bu qadağanın əhatəsini aşağıdakı hədisi-şərif ilə genişləndirmişdir:

"Qan qohumluğu səbəbilə haram olanlar süd əmmə səbəbilə də haramdır.” (Buxari, Şəhadat, 7 (2502,2503))

İbn Abbasdan (r.anhumə): Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm Həmzənin (Allah ondan razı olsun) qızı haqqında belə demişdir: "O mənə halal olmaz, qan qohumluğu səbəbilə haram olanlar süd əmmə səbəbilə də haramdır. O mənim süd bacım olmuşdur.” (Buxari, Şəhadat, 7 (2502,); Müslim, Rada, 1444)

c. Süd qardaşın qızı

ç. Süd bacının qızı

d. Süd bibi - şəxsin atası ilə eyni bir qadından süd əmən xanım

e. Süd xala - şəxsin anası ilə eyni bir qadından süd əmən xanım.

ə. Süd qızı - şəxsin həyat yoldaşından süd əmən xanım. Bu təqdirdə həmin şəxs o xanımın süd atası olur.

Həmçinin qadına süd atası, süd oğlu, süd qardaşı və onun oğlu, süd əmisi və süd dayısı ilə evlənmək də haramdır.

Habelə süd qayınana - arvadın süd anası, arvadın süd qızı -arvad birinci ərdə olarkən süd əmizdirdiyi qız, süd atanın arvadı və süd oğlun həyat yoldaşı- şəxsin arvadından süd əmən kəsin arvadı ilə evlənmək də o şəxsə haramdır.

B) Hansı qadınlarla nigah müvəqqəti haramdır:

Buradakı haramlıq müvəqqəti olduğundan bu haramlığı meydana gətirən səbəb aradan qalxdıqda həmin xanımlarla evlənmək halal olur. Bu növ nikaha aşağıdakılar daxildir:

1. İki bacı ilə birlikdə evlənmək:

Bu xanımlar istər doğma bacı, istərsə də süd bacısı olsunlar fərqi yoxdur. Onların kəbinləri istər ayrı-ayrılıqda, istərsə də birlikdə kəsilsin həmin kəbinlər yenə də haram sayılır.

"...İki bacını birlikdə almaq da sizə haramdır..." (Nisa, 4/23.)

Evli olan bacı vəfat edər və ya boşanarsa iddəti bitdikdən sonra, (haramlığın səbəbi aradan qalxdığına görə) ərinin onun bacısıyla (yəni öz baldızıyla) evlənməsi halal olar. (Ancaq insanın yaşadığı yerdə belə hal qeyri adi iş kimi qarşılanarsa, belə nikaha təşəbbüs etməmək daha münasibdir. Doğrusunu Allah bilir!)

2. Qadını xalası, bibisi, bacısı qızı, qardaşı qızı, oğlunun qızı, qızının qızı (nəvələri) ilə birlikdə almaq:

Hədisdə belə buyurulur:

"Bir qadınla nə bibisi, nə də xalası ilə bir yerdə evlənilməz." (Buxari, Nikah, 4820)

Belə nikah qohumluq bağlarına xələl gətirir.

Qadın vəfat edər və ya boşanarsa iddəti bitdikdən sonra, digərləri ilə evlənmək haramlığı ortadan qalxar.

3. Eyni anda dörddən çox qadınla evlənmək:

Qeys bin Əsləmdən (Allah ondan razı olsun): İslamı qəbul etdiyim zaman səkkiz arvadım var idi. Bunu Hz. Peyğəmbərə (Aleyhissalatu Vəssalam) bildirdim və buyurdu ki: "Həmin qadınlardan dördünü seç (digərlərini boşa). " (Əbu Davud, Talaq, 2241. 45.)

4. Müşrik - bütpərəstlə evlənmək:

"Allaha şərik qoşan qadınlar iman gətirmədikcə onlarla evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz bir müşrik qadından daha yaxşıdır..." (Bəqərə, 2/221)

Müsəlman bir xanıma da həmçinin qeyri-müsəlman birinə ərə getmək haramdır.

"...Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə qədər mömin qadınları (onlara) ərə verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha yaxşıdır. Onlar (müşrik qadınlar və kişilər sizi) Cəhənnəmə, Allah isə Öz izni ilə Cənnətə, məğfirətə (bağışlanmağa) çağırır və yaxşı düşünüb ibrət almaq üçün insanlara hökmlərini aydınlaşdırır." (Bəqərə, 2/221)

Bu şəkildə bağlanan nikaha dərhal son verilməlidir. Belə nikah aktı batildir, etibarsızdır.

Ancaq müsəlman kişinin əhli-kitabdan olan qadınla evlənməsi caizdir. Çünki bu, onun haqqa gəlməsinə səbəb ola bilər. Lakin kişinin qeyri-müsəlman həyat yoldaşını dinini dəyişdirməyə məcbur etməyə və zorla İslamı qəbul etdirməyə ixtiyarı yoxdur.

"...Həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!” (Maidə, 5/5.)

5. Əri olan qadınla evlənmək:

İslam qadın üçün sadəcə bir kişi ilə ailə qurmaq əsasını mənimsəmişdir. Bu səbəblə evli olan bir qadın həmin kişidən ayrılıb, iddətini başa vurmadıqca bir başqasıyla evlənə bilməz. Quranda "...Ərli qadınlarla evlənmək sizə haram edildi” (Nisa, 4/24)  buyurulur.

6. İddət gözləyən qadınla evlənmək:

Nikaha ölüm, boşanma və ya fəsx (ləğvetmə) səbəblərindən biri ilə xitam verildikdən sonra qadının təzədən nikah qıydırması üçün gözləmək məcburiyyətində olduğu müddətə "iddət" deyilir. Nəsillərin qarışmaması üçün müasir dünyəvi hüquq sistemlərində belə iddət müddəti qoyulmuşdur. Əri ölən qadının iddət müddəti 4 ay 10 gün (Bəqərə, 2/234), boşanan qadının iddəti 3 aybaşı və ya təmizlənmə müddəti (Bəqərə, 2/228), hamilə qadının iddəti isə doğuma qədərdir (Talaq, 65/4). Aybaşı olmayan qız uşaqları və klimakteriya dövründəki qadınların iddəti üç aydır.( Talaq, 65/4.)

Hənəfilərə görə, əri itkin düşən və sağ olub-olmadığı da bilinməyən bir qadın ərinin yaşıdları ölənədək gözləməlidir. Maliki və hənbəlilərə görə isə 4 il gözlədikdən sonra məhkəmə tərəfindən ərinin itkin düşməsinə dair qərar verilə bilər. Məhkəmə qərarından etibarən 4 ay 10 gün vəfat iddəti gözlədikdən sonra isə evlənib-evlənməmək mövzusunda sərbəst olur. (İbnül-Hümam, Fəthul-Qədir, IV, 440 vd.; İbn Abidin, eaə, III, 160; İbn Rüşd, Bidayətül-Müctəhid, II,52)

Şafei məzhəbində əri itkin düşmüş bir xanım ərinin ölümündən tam əmin olmadığı müddətcə evlənməməlidir. Çünki ölümü qəti şəkildə məlum olmayan bir şəxs sağ qəbul edilir. İmam Şafei belə demişdir: Belə bir xanım sınağa çəkilmişdir, qoy səbir etsin. Ölüm xəbəri gəlməyənədək evlənməsin.

Müsəlmanla evli olan xristian və ya yəhudi qadın da iddət mövzusunda müsəlman qadınla eynidir.

7. Üç dəfə boşanma:

İslamda ər arvadını ən çox üç dəfə boşamaq hüququna malikdir. Yoldaşını üçüncü dəfə boşayan ərin bu qadınla təzədən evlənə bilməsi üçün bu qadının başqa bir kişi ilə boşanma məqsədi olmadan evlənməsi və bu ikinci evlilik sona çatarsa, iddət müddətlərini də gözləməklə təzədən ilk əri ilə evlənə biləcəyi bildirilmişdir. Quranda belə buyurulur:

"Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşayarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hədlərinə (hökmlərinə) riayət edəcəklərinə inamları olduğu təqdirdə, (həmin qadının birinci əri ilə) təkrar evlənməsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi hədləridir  (hökmləridir)." (Bəqərə, 2/230.)

ARİF ABDULLAH: İslam nöqteyi-nəzərindən evlilik və məhrəm xüsuslar/ İpəkyolu Nəşriyyatı ,BAKI - 2011 



07-09-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz