Ana səhifə

On Haqq


Allah`ın haqqı

Bu haqq hər bir müsəlman üçün ən mühüm olan haqdır. Bu əzəmətli haqqı ödəmək hər bir müsəlmanın borcudur. Uca Allah bizi analarımızın bətnlərində bir şəkildən başqa şəklə salıb, sonra insan olaraq bu dünyaya gətirib:

«Biz, həqiqətən, insanı tər-təmiz (süzülmüş) palçıqdan yaratdıq. Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu yeni bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uca, nə qədər uludur!»  (əl-Muminun surəsi, 12-14.)

Uca Allah biz insanlara bol nemətlər verib ki, bəlkə ona şükür edək:

«Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, bəlkə şükür edəsiniz» (ən-Nəhl surəsi, 78.)

Uca Allah bizdən yalnız Onun təkliyinə ibadət etməyi istəyir. O istəyir ki, biz insanlar Onun əmrlərini yerinə yetirək və qadağan etdiyi şeylərdən çəkinək:

«Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən o nlardan Məni yedirtmələrini də istəmirəm. Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət sahibi olan da Allahdır!» (əz-Zariyat surəsi, 56-58.)

«Ey Adəm övladı! Məgər Mən sizə: "Şeytana ibadət etməyin, o sizin açıq düşməninizdir!" - deyə buyurma- dımmı?! Və: "Mənə ibadət edin, bu doğru yoldur!" - deyə əmr etmədimmi?! Həqiqətən, Şeytan içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?» (Ya Sin surəsi, 60-62.)

Hər bir müsəlman ona vacib olan ibadətləri bacardığı qədər yerinə yetirməlidir:

«Allah heç kəsi qüvvəsi çatmayan işi görməyə vadar etməz» (əl-Bəqərə surəsi, 286.)

«Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun» (ət-Təğabun surəsi, 16)

«Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu Əkbər" deməklə) təzim və bəlkə də şükür edəsiniz» (əl-Bəqərə surəsi, 185)

Babasil xəstəliyinə tutulmuş İmran bin Hüseyn (Allah ondan razı olsun) namazını necə qılması haqqında Peyğəmbər sallallahu aleyhi və səlləm`dən soruşduqda, o belə demişdir: «Ayaq üstə qıl, bacarmırsansa, oturan yerdə qıl, onu da bacarmırsansa, uzanan yerdə qıl!» (əl-Buxari, 1117-ci hədis.)

Uca Allah Onun haqqını ödəməyənlərin halını vəsf edərək buyurur:

«Biz cinlərdən və insanlardan çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri var, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!» (əl-Əraf surəsi, 179.)

Allahın dinini yer üzündə bərqərar etmək, Allahın haqqını ödəməkdəndir. Allahın göndərdiyi sonuncu səmavi din olan İslamın əsasları üç qisimdir: 1) İslam; 2) İman; 3) Ehsan.

İSLAM

İslamın ərkanı beşdir:

1. Şəhadət gətirmək (Allahın tək, Məhəmmədin Onun qulu və elçisi olmasını təsdiq etmək):

«Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər» (Ali İmran surəsi, 18.)

«Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın elçisi və3 peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir» (əl-Əhzab surəsi, 40.)

2. Namaz - gündəlik beş namazı öz vaxtında qılmaq;

3. Zəkat vermək:

«Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, digər bütün dinlərdən islama dönərək - ibadət etsinlər, namaz qılıb, zəkat versinlər. Doğru-düzgün din budur» (əl-Bəyyinə surəsi, 5)

4. Oruc tutmaq:

«Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz» . (əl-Bəqərə surəsi, 183.)

5. Həcc:

«Onun yoluna (ərzaq, minik, sağlamlıq və təhlükəsizlik baxımından) gücü çatan hər bir kəsin Həccə gedib o evi (müqəddəs Kəbəni) ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, özünə zülm etmiş olar. Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir» . (Ali İmran surəsi, 97.)

İMAN

İmanın ərkanı altıdır

1. Allaha iman;

2. Mələklərə iman;

3. Səmavi kitablara iman;

4. Peyğəmbərlərə iman;

5. Axirət gününə iman:

«Yaxşı əməl heç də (ibadət vaxtı) üzünüzü günçıxan və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanandır» (əl-Bəqərə surəsi, 177)

6. Xeyir və şərin qədərinin Allahdan olmasına iman:

 «Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq»  (əl-Qəmər surəsi, 49.)

İmanın şöbələri altmış doqquzdur.

Əbu Hüreyrədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər Sallallahu aleyhi və səlləm demişdir:

«İman altmış və bir neçə şöbədən ibarətdir, həya da imanın şöbəsindəndir» («Səhih əl-Buxari», «İman kitabı», 1/9, səh. 67.)

Şərh: İmanın şöbələri üç əsas qismə bölünür:

 

I. Qəlbə aid olan əməllər.

İmanın bu qismi iyirmi dörd növdür:

1 - Allaha iman

2 - Mələklərə iman

3 - Allahın nazil etdiyi kitablara iman

4 - Allahın göndərdiyi elçilərə iman

5 - Qiyamət gününə iman

6 - Xeyir və şərin qədərinin Allahdan olmasına iman

7 - Allahı sevmək

8 - Allah xatirinə sevmək və qəzəblənmək

9 - Muhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm`i sevmək

10 - İxlas (Allah uğrunda görülən hər işdə riya və nifaqı tərk etmək)

11 - Tövbə etmək

12 - Qorxu (yəni Allahdan qorxmaq)

13- Həyalı olmaq

14 - Şükür etmək

15 - Səbir etmək

16 - Ümid etmək (Allahın rəhmətinə)

17 - Vəfalı olmaq

18 - Qəza və Qədərə razı olmaq

19 - Rəhmli olmaq

20 - Təvazökar olmaq

21 - Təkəbbürlü olmamaq

22 - Həsəd, paxıllıq etməmək

23 - Kin saxlamamaq

24 - Qəzəblənməmək

II. Dilə aid olan əməllər.

İmanın bu qismi yeddi növdür:

1 - Şəhadət gətirmək

2 - Quran oxumaq

3 - Faydalı elm öyrənmək

4 - Faydalı elm öyrətmək

5 - Dua etmək

6 - Zikr etmək

7 - Faydası olmayan sözlər danışmamaq

 

III. Bədənə aid olan əməllər.

İmanın bu qismi otuz səkkiz növdür:

1-Zahiri və daxili təmizlik

2-Övrət yerini örtmək

3-Namaz qılmaq

4-Zəkat vermək

5- Oruc tutmaq

6 - Qul azad etmək

7 - Həcc və Ümrə ziyarəti etmək

8 - Yaxşılıq etmək, qonaqpərvər olmaq

9 - Kəbənin ətrafında təvaf etmək

10 - Qədr gecəsini ibadətlə keçirmək

11 - Etikaf etmək (Ramazan ayının axırıncı on gününü

məsciddə qalmaq)

12 - Hicrət etmək

13 - Nəzir etdikdə onu ödəmək

14 - Allaha itaət edib, Ona asi olmayaraq imanı qüvvətləndirmək

15 - Hər hansı bir günaha görə müəyyən cəriməni (kəffarəni) ödəmək

16 - Evlənmək və ya ərə getmək

17 - Ailəni dolandırmaq

18 - Valideynlərin qayğısına qalmaq, onlara asi olmamaq

19 - Uşaqları tərbiyə etmək

20 - Qohumluq əlaqələrini möhkəmləndirmək

21 - Ağaya itaət etmək, qul ilə mülayim rəftar etmək

22 - Ədalətlə hökm vermək

23 - Qonşuya yaxşılıq etmək

24 - İxtiyar sahiblərinə itaət etmək

25 - Müsəlman camaatı ilə həmrəy olmaq

26 - Borc aldıqda onu qaytarmaq

27 - İnsanlar arasında sülh yaratmaq

28 - Cihad etmək (nəfslə, şeytanla və s.)

29 - Əxlaqlı olmaq, gözəl rəftar etmək

30 - Sədəqə vermək (Allah yolunda maldan xərcləmək)

31 - İsraf etməmək

32 - Salamı almaq

33 - İnsanlara əziyyət verməmək;

34- Xeyirli işlərdə şərik olmaq

35 - Əmanətə xəyanət etməmək

36 - Boş söhbətlərdən, faydasız işlərdən uzaq olmaq

37 - Asqırıb «əlhəmdulilləh-Həmd (şükür, tərif və s.) Allaha məxsusdur» deyənə «yarhəmukəllah-Allah sənə rəhm etsin» demək

38 - Əziyyət verən bir şeyi yoldan kənar etmək

 

EHSAN

Yəni, Allaha elə ibadət et ki, sanki sən Onu görürsən, bunu bacarmasan, O səni görürmüş kimi Ona ibadət et:

«Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir (möhsünlərlədir)» (ən-Nəhl» surəsi, 128.)

«O Allah ki, səni namaza duranda da görür, səcdə edənlər içində dolananda da. Həqiqətən, (hər şeyi) eşidən və bilən O`dur» (əş-Şüəra surəsi, 218-220.)

Muhəmməd peyğəmbərinin (sallallahu aleyhi və səlləm) haqqı

Muhəmməd Aleyhissalatu Vəssalam Fil ilində (miladi tarixlə 570 və ya 571- ci il) anadan olub, Uca Allah onu 40 yaşında bütün bəşəriyyət (insanlar və cinlər) üçün peyğəmbər seçmişdir:

De ki: "Ey insanlar! Mən Allahın sizin hamınız üçün göndərilmiş elçisiyəm"» (əl-Əraf surəsi, 158)

«[Ya Peyğəmbər!] De: "Mənə vəhy olundu ki, bir dəstə cin dedilər: - Biz çox qəribə, təsəvvür edilməz dərəcədə gözəl olan bir Quran eşitdik. O, haqq yolu göstərir. Biz ona iman gətirdik və heç kəsi Rəbbimizə şərik qoşmayacağıq"»  (əl-Cinn surəsi, 1-2.)

On üç il Məkkədə və on il Mədinədə olan insanları Allahın dini olan İslama dəvət etmişdir. Allah onu bir şahid kimi insanlara göndərib:

«Həqiqətən, Biz səni bir şahid, bir müjdəçi və bir qorxudan peyğəmbər kimi göndərdik» (əl-Fəth surəsi, 8.)

Belə olduğu halda:

1. Onun əmrlərini yerinə yetirib, qadağan etdiyi şeylərdən çəkinməliyik ki, bu da ona olan haqqımızdır. Uca Allah Quranda buyurur:

«Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) aşkar möcüzələr və kitablarla göndərdik. Sənə (peyğəmbərə) də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə onlar da düşünüb dərk edələr!»   (ən-Nəhl surəsi, 44.)

«Peyğəmbər sizə nə verirsə (şəriət hökmü) onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin, Allahdan qorxun!» (əl-Həşr surəsi, 7.)

«De ki: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və mərhəmətlidir» ( Ali İmran surəsi, 31.) 

Bu ayələrdən belə nəticə çıxır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm`in sünnəsini tətbiq etmək, onun haqqını ödəmək deməkdir.

Sünnənin lüğəti mənası yol deməkdir. Şəriətdə olan mənası isə - Peyğəmbərin (aleyhissalatu vəssalam) dedikləri, etdikləri, səhabələrinin dediklərini, etdiklərini təsdiq etməsi və onun zahiri görünüşüdür.

Peyğəmbərin (s.a.v) sünnəsi də Allah tərəfindən nazil olunub:

«O havadan (kefi istəyəni) danışmır, danışdığı ancaq nazil olan bir vəhydir» (ən-Nəcm» surəsi, 3-4.)

Hər bir müsəlmanın borcudur ki, şəriət hökmlərində Allah`ı (subhanəhu və təala) və Onun rəsulunu (sallallahu aleyhi və səlləm) hakim təyin etsin:

«Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Onun elçisinə həvalə edin. Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır» (ən-Nisa» surəsi, 59.)

«Amma xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar» (ən-Nisa surəsi, 65.)

Peyğəmbər  haqqını qəsdən inkar edənin yeri cəhənnəmdir:

«Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib (sünnəni inkar edib) möminlərdən (səhabələrdən) qeyrisinin yoluna uyarsa, onu istədiyi yola yönəldər və cəhənnəmə varid edərik. Ora necə də pis yerdir» (ən-Nisa surəsi, 115)

Onun (Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər” (ən-Nur surəsi, 63.)

Ümumiyyətlə, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsi altı qisimdir:

Birinci: səbəbi olan sünnə. Yəni Peyğəmbərin (s.a.v) hər hansı bir səbəbə görə etdiyi ibadət.

Buna misal: Peyğəmbər aleyhissalatu vəssalam asqırdıqdan sonra «əl-həmdu lilləh» deyərdi. Deməli, səbəbsiz yerə bunu etmək sünnəyə müxalifdir. Məsələn, əsnədikdə «əl-həmdu lilləh» demək olmaz.

İkinci: keyfiyyəti olan sünnə. Yəni Peyğəmbərin (s.av) hər hansı bir keyfiyyətdə etdiyi ibadət.

Buna misal: Peyğəmbər aleyhissalatu vəssalam namaz qıldıqda səcdəni rükudan sonra edərdi. Deməli, rükudan qabaq səcdə etmək sünnəyə müxalifdir.

Üçüncü: miqdarı olan sünnə. Yəni Peyğəmbər aleyhissalatu vəssalam`ın hər hansı bir miqdarda etdiyi ibadət.

Buna misal: Peyğəmbər sallallahu aleyhi və səlləm zöhr namazını 4 rükət qılardı. Deməli, Zöhr namazını 4 rükətdən artıq və ya əskik qılmaq sünnəyə müxalifdir.

Dördüncü: cinsi olan sünnə. Yəni Peyğəmbərin (s.a.v) hər hansı bir cinsdən etdiyi ibadət.

Buna misal: Peyğəmbər qurban bayramında (zilhiccə ayının 10-u, 11-i, 12-si və 13-ü, yəni qurban günləri) üç cinsdən qurban kəsməyi buyurmuşdur. Bu heyvanlar dəvə, öküz, qoçdur. Deməli, qurban bayramında bu heyvanlardan başqa ətinin yeyilməsi halal olan heyvanı (xoruz, at və s.) qurban kəsmək sünnəyə müxalifdir.

Beşinci: zamanı olan sünnə. Yəni Peyğəmbər aleyhissalatu vəssalam`ın hər

hansı bir zamanda etdiyi ibadət.

Buna misal. Peyğəmbər aleyhissalatu vəssalam məğrib namazını gün batdıqdan sonra qılardı. Deməli, gün batmamış məğrib namazını qılmaq sünnəyə müxalifdir.

Altıncı: məkanı olan sünnə. Yəni Peyğəmbərin hər hansı bir məkanda etdiyi ibadət.

Buna misal: Peyğəmbər (s.a.v) etikafı (Ramazan ayının axır on gününü müəyyən olunmuş yerdə keçirmək) məsciddə edərdi. Deməli, etikafı məsciddən başqa yerdə keçirmək sünnəyə müxalifdir.

Qeyd: Sünnəyə müxalif olan ibadət qəbul olunmur.

Hz Aişə`dən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

«Bizim etdiyimiz əməllərə yenilik əlavə edən kimsənin əlavəsi rədd olunur» (Müslim, 4467.)

2. Həmçinin onu bütün məxluqatdan çox sevmək onun haqlarındandır. Ənəs bin Malikin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

«Sizdən biriniz məni valideynindən, övladından və cəmi insanlardan çox sevməyincə imanı (kamil) olmaz» (Müslim, 167.)

Valideynin haqqı

Allah və Onun elçisindən sonra, hər kəs üçün ən fəzilətli olan onun valideynidir. Övlad üçün ata-ananın hər birinin özünə görə fəziləti var. Lakin, ananın fəziləti daha çoxdur:

«Biz insana ata-anasına yaxşılıq etməyi (valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı» (Loğman surəsi, 14.)

1. Onların qayğısını çəkmək və onlarla yaxşı rəftar etmək övladın borcudur:

«Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara "Uf!" - belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış. Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" - de» («əl-İsra» surəsi, 23-24)

Əbu Hüreyrə (Allah ondan razı olsun) deyir: «bir kişi Peyğəmbərin (sallallahu aleyhi və sələm) yanına gəlib dedi:

"Ey Allahın elçisi! Kimə daha çox qayğı göstərməliyəm?" O dedi: "Anana". Kişi soruşdu: "Sonra kimə?" Peyğəmbər (s.av) dedi: "Anana". Kişi təkrar soruşdu: "Bəs daha sonra kimə?" O yenə cavab verdi: "Anana". Kişi bir daha soruşdu: "Bəs daha sonra kimə?" Peyğəmbər aleyhissalatu vəssalam bu dəfə dedi: "Atana"» (Buxari, 5971)

Bu qayğı təkcə bizə yox, bizdən əvvəlki ümmətlərə də buyurulmuşdur.

2. Valideyni söydürməmək onun haqlarındandır.

Abdullah bin Amrdan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

«İnsanın valideynlərini lənətləməsi (söyməsi) böyük günahlardandır». (Səhabələr): «Ey Allahın elçisi! İnsan valideynlərini lənətləyərmi?» - deyə soruşduqda, o dedi:

«Birinin ata-anasını söyür, o da qayıdıb onun ata-anasını söyür» (əl-Buxari, 5973)

3. Valideyni İslama dəvət etmək onun haqlarındandır.

Əbu Hüreyrə (Allah ondan razı olsun) belə rəvayət edir:

 «Mən müşrik olan anamı İslama dəvət edirdim. Bir gün yenə onu dəvət etdikdə, Peyğəmbər aleyhissalâtu vəssəlâm haqqında nalayiq sözlər dedi. Mən ağlaya-ağlaya Peyğəmbər aleyhissalâtu vəssəlâm`ın yanına gəlib, dedim: "Ey Allahın elçisi! Mən anamı islama dəvət edirdim, o bunu inkar edib, sənin haqqında nalayiq sözlər dedi. Allaha dua et, Əbu Hüreyrənin anasına hidayət versin!" Peyğəmbər aleyhissalâtu vəssəlâm dedi:

"Allahım, Əbu Hüreyrənin anasına hidayət ver!"

Mən Peyğəmbər sallallahu aleyhi və səlləm`in duasından sonra sevincək evə getdim. Qapıya çatdıqda anam ayaq səslərimi eşitdi və mənə yerimdə durmağı əmr etdi. Sonra çimib (qüsl edib) paltarını geyindi, qapını açıb mənə dedi: "Əbu Hüreyrə! Şəhadət verirəm ki, Allah`dan başqa (ibadət haqqı olan) məbud yoxdur və Muhəmməd Onun qulu və elçisidir". Mən sevincimdən ağlaya-ağlaya Peyğəmbərin yanına gəlib ona dedim: "Ey Allahın elçisi! Gözün aydın! Allah sənin duanı qəbul etdi və Əbu Hüreyrənin anasına hidayət verdi» (Müslim, 6346.)

Qeyd: Valideyn kafir olsa belə, onun dünyəvi haqqını ödəməliyik (gözəl rəftar etmək, kömək etmək, sözünə qulaq asmaq və s.). Lakin Allah`ın haram buyurduğu işlərə sövq etsələr, əməl etməməliyik.

4. Valideynlər vəfat etdikdən sonra onlar üçün dua etmək, Allahdan bağışlanma diləmək də onların haqlarındandır:

«Ey Rəbbimiz! Haqq-hesab çəkilən gün məni, ata-anamı və möminləri bağışla!» (İbrahim surəsi, 41)

Övladın haqqı

Övladı İslam tərbiyəsi ilə tərbiyələndirib cəhənnəm odundan qorumaq Allahın əmrlərindəndir:

«Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı cəhənnəm odundan qoruyun!»(ət-Təhrim surəsi,6)

Abdullah bin Ömərin (radıyallahu anh) rəvayət etdiyi hədisdə Peyğəmbər aleyhissalâtu vəssəlâm demişdir:

«Hər biriniz qəyyumsunuz və hər biriniz tabeçiliyinizdə olanlar haqqında sorğu-sual olunacaqsınız» (əl-Buxari, 893)

1. Övladı əzizləmək onun haqlarındandır:

Əbu Hüreyrə radıyallahu anh deyir: «Peyğəmbər sallallahu aleyhi və səlləm Əlinin (radıyallahu anh) oğlu Həsəni (Allah ondan razı olsun) öpdü. Yanında oturan əl-Əqra bin Həbis ət- Təmimi bunu görüb dedi: "Mənim on övladım var, onlardan heç birini öpməmişəm". Peyğəmbər aleyhissalâtu vəssəlâm ona baxıb dedi:

"Rəhm etməyənə rəhm olunmaz"» (əl-Buxari, 5997.)

2. Övlad üçün xeyirli dua etmək onun haqlarındandır:

Əbu Hüreyrədən (radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər aleyhissalâtu vəssəlâm demişdir:

"Üç nəfərin - məzlumun, müsafirin və valideynin övladı üçün etdiyi duanın qəbul olunmasına şəkk yoxdur" (Səhihul-ədəbil-mufrad)

3. Övladın qayğısına qalmaq onun haqlarındandır. Əbu Səid əl-Xudridən rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

"Üç qız uşağının və ya üç bacının qayğısına qalan cənnətə daxil olar" (Səhihul-ədəbil-mufrad, 79.)

4. Övladı tərbiyə etmək onun haqlarındandır.

İslam tərbiyəsi iki mənbədən götürülür:

1. Qur`an-i Kərim,

2. Səhih hədislər:

«Həqiqətən, Allahın elçisi Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl nümunədir» («əl-Əhzab» surəsi, 21)

İslamda tərbiyənin üslubları:

- nəsihət vermək (Qur`an ayələri, səhih hədislər və gözəl sözlərlə);

- Quran və səhih hədislərdə varid olan tərbiyəvi hekayələri danışmaq;

- nümunə olmaq (yəni, tərbiyə edən özü tərbiyə olunan üçün nümunə olmalıdır);

- çəkindirmək (pis işlərdən) və həvəsləndirmək (yaxşı işlərə);

- tərbiyəsiz və əxlaqsızların pis aqibətlərini misal çəkmək.

 

Qohum-əqrəbanın haqqı

Bu haqqı ödəmək hər bir müsəlmana (əvvəlki haqlar kimi) vacibdir:

«Qohum-əqrəbanın haqqını ver» (əl-İsra surəsi, 26.)

Əbu Hüreyrədən (radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər aleyhissalâtu vəssəlâm demişdir:

"Ruzisinin çoxalmasını, ömrünün uzanmasını istəyən şəxs qohumluq əlaqələrini möhkəmləndirsin" (əl-Buxari, 585)

Cubeyr bin Mutimin (radıyallahu anh) rəvayət etdiyi hədisdə Peyğəmbər aleyhissalâtu vəssəlâm demişdir:

"Qohumluq əlaqələrini kəsən cənnətə daxil olmaz" (əl-Buxari, 5984)

Qohum-əqrəbanı İslama dəvət etmək, onların haqlarındandır:

«Elə isə Allahla yanaşı başqa bir tanrıya ibadət etməkdən çəkin, yoxsa əzaba düçar edilənlərdən olarsan! Və ən yaxın qohumlarını qorxut!» (əş-Şüəra surəsi, 213-214)

İnsanların çoxu bu haqqı unudaraq qohumlarını tərk

edir. Halbuki, sadəcə onların əhvalını öyrənməklə (soruşmaqla) boynunda olan haqqı ödəmiş olar. Bəziləri də yalnız qohumları onları yad edəndə o da onları yad edir. Bu da şəriətə müxalifdir. Şəriətə görə isə çətinlikdə də, firavanlıqda da qohumları ziyarət edib onların haqqını ödəmək lazımdır.

Qeyd: Qohum kafir olsa belə, onun haqqı ödəməliyik.

 

Qonşunun haqqı

«Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qohum-qonşuya, yaxın yoldaş və dostlara, müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri və lovğalıq edənləri sevməz»   (ən-Nisa surəsi, 36.)

Əbu Hüreyrədən (radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

"Allaha və axirət gününə inanan qonşusuna yaxşılıq etsin" (Müslim, 174.)

Qonşunun haqqı aşağıdakı kimidir:

1. Evdə bişirilən yeməkdən imkan daxilində qonşuya vermək:

Əbu Zərdən (radıyallahu anh)  rəvayət olunan hədisdə Peyğəmbər aleyhissalâtu vəssəlâm demişdir:

"Ey Əbu Zərr, yemək bişirdikdə suyunu çox et və qonşuna da ondan ver!" (Səhihul-ədəbil-mufrad, 83.)

2. Qonşunun qadını ilə zina və qonşudan oğurluq etmək haramdır:

Əl-Miqdəd bin əl-Əsvəd radıyallahu anh rəvayət edir: «Peyğəmbərdən (aleyhissalâtu vəssəlâm) zina və oğurluq haqqında soruşduqda, o dedi:

"Qonşunun qadını ilə zina etmək, başqa on qadınla edilən zinadan, qonşudan edilən oğurluq isə başqa on oğurluqdan daha pis və günahı da daha çoxdur"» (Səhihul-ədəbil-mufrad,76)

3. Qonşuya əziyyət verməmək: Əbu Hüreyrə radıyallahu anh rəvayət edir: «Peyğəmbər sallallahu aleyhi və səlləm`ə deyildi:

"Ey Allahın elçisi! Filan qadın gecələri namaz qılıb, gündüzləri oruc tutub, yaxşı əməllər edib sədəqə verir, lakin qonşusuna dili ilə  əziyyət verir". Peyğəmbər aleyhissalâtu vəssəlâm dedi:

"O qadında xeyir yoxdur və o, cəhənnəm əhlindəndir"» (Səhihul-ədəbil-mufrad, 88.)

4. Qonşu kafir olsa da, ona yaxşılıq etmək.

Mücahid deyir: «Abdullah bin Amrın (radıyallahu anh) xidmətçisi qoç soyurdu. Abdullah  ona dedi: "Qurtardıqda ondan bir pay əvvəlcə qonşumuz yəhudiyə ver!" Bir nəfər dedi: "Yəhudiyə? Allah səni islah etsin!" Abdullah radıyallahu anh dedi:

"Peyğəmbər aleyhissalâtu vəssəlâm qonşu haqqında bizə o qədər nəsihət verirdi ki, ona miras payı ayıracağını zənn edirdik"» (Səhihul-ədəbil-mufrad, 95.)

Ərlə arvadın bir-birinə olan haqqı

«Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun» (ən-Nisa surəsi, 19.)

«Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlaşdıqları üçün) onlardan bir dərəcə üstündürlər» (əl-Bəqərə surəsi, 228.)

Ərlə arvad bir-birinin haqqını tam ödəyərsə, xoşbəxt olarlar. Ümumiyyətlə, bu haqq üç qisimdir:

1. Bədən ilə əlaqəli haqq;

2. Mal ilə əlaqəli haqq;

3. İctimai haqq.

Ərin boynunda olan haqlar

1. Yemək, içmək, geyim və yaşayış yeri ilə qadını təmin etmək:

«Arvadın yeməyi və geyimi öz qüvvəsi dairəsində uşağın atasının üzərinə düşür» (əl-Bəqərə surəsi, 233.)

2. Qadını Allah`ın və Onun elçisinin (aleyhissalâtu vəssəlâm) buyurduğu qaydada tərbiyələndirmək:

«Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və kişilərin öz mallarından (qadınları üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal- dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzlərsə) onlardan yatağınızı ayırın və (yüngülcə) döyün (zədə vurmamaq, sındırmamaq, bədənində iz qoymamaq, üzə vurmamaq və s. kobud hərəkətlər etməmək şərti ilə)! Sizə itaət etdikdə isə onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah uca və böyükdür» (ən-Nisa surəsi, 34.)

Əbu Hüreyrədən (radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

"Qadınlara diqqət edin, qadın qabırğadan yaranıb. Qabırğanın ən əyri hissəsi onun yuxarı tərəfidir, düzəltmək istəsən sındıracaqsan, düzəltməsən əyri qalacaq. Qadınlara diqqət edin!"  (əl-Buxari, 3331.)

3. Qadınlarla kobud rəftar etməmək:

«Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər» (Ali İmran, surəsi, 159.)

Arvadın boynunda olan haqlar

1. Ərinə qulluq (dünyəvi işlərdə) və itaət (dini) etməlidir:

Hz Aişədən (radıyallahu anhâ) rəvayət olunan hədisdə Peyğəmbər aleyhissalâtu vəssəlâm demişdir:

"Allahdan qeyrisinə səcdə etmək caiz olsaydı, qadına ərinə səcdə etməsini əmr edərdim"  (İbn Macə, 2/1852.)

Əbu Hüreyrədən (radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər aleyhissalâtu vəssəlâm demişdir:

"Qadın ərinin izni olmadan (fərz olmayan) oruc tutmamalıdır" (əl-Buxari, 5192.)

Əbu Hüreyrədən (radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

"Kişi qadınını yatağına çağırdıqda, o (qadın) onun (ərinin) istəyini yerinə yetirmədiyi üzündən əri qəzəblənmiş halda yatarsa, mələklər səhərə qədər o qadına lənət edərlər" (Müslim, 3526.)

Qeyd: Qadın yalnız üzrlü səbəbə görə cinsi əlaqədən imtina edə bilər.

2. Qadının əri ilə (və ərin qadını ilə) məzələnməsi (öpmək, qucaqlamaq və s.):

Cabir bin Abdullahdan radıyallahu anh rəvayət olunan hədisdə Peyğəmbər aleyhissalâtu vəssəlâm demişdir:

"Allah zikri olmayan hər bir şey oyun-oyuncaqdır, dörd şeydən başqa: kişinin arvadı ilə məzələnməsi, atını əhlilləşdirməsi, iki hədəf arasında qaçması və üzməyi öyrənməsi" (Səhih hədislər silsiləsi, 309.)

3. Qadın, ərinin ona etdiyi yaxşılıqlara qarşı nankor olmamalıdır:

Əbu Səid əl-Xudri (radıyallahu anh) rəvayət edir: «Peyğəmbər aleyhissalâtu vəssəlâm bayram günü (qurban və fitrə) qadınların yanına gəlib dedi:

"Ey qadınlar! Allah yolunda sədəqə verin! Cəhənnəm əhlinin əksəriyyətinin qadınlar olduğu mənə göstərildi". Onlar: "Nə üçün, ey Allahın elçisi?" - deyə soruşdular. O dedi:

"Bu, sizin çox lənət etdiyinizə və ərlərinizə qarşı nankor olduğunuza (ərin əziyyətini heç etməyinizə) görədir"» (əl-Buxari, 304.)

Hakimlərin haqqı

Hakim hər hansı bir topluya hökmranlıq edəndir. Məsələn, prezident xalqının, müəllim tələbələrinin, komandir əsgərlərinin, kişi ailəsinin hakimidir.  

1. Hakimlərə tabe olmaq:

«Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə (hakimlərə) itaət edin!» (ən-Nisa surəsi, 59.)

Əbu Hüreyrədən (radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

"Mənə itaət edən Allaha itaət etmiş, mənə asi olan da Allaha asi olmuş olur. Əmirə itaət edən mənə itaət etmiş, ona asi olan isə mənə asi olmuş olur" (Müslim, 4724.)

Yalnız Allahın haram buyurduğu işlərə (oğurluq, zinakarlıq, narkotik maddələrin istifadəsi və s.) itaət etmək haramdır.

Abdullah bin Ömərdən (radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər aleyhissalâtu vəssəlâm demişdir:

"Hər bir müsəlmana xoşuna gələn və gəlməyən işlərdə (əmiri) eşidib, itaət etmək vacibdir. Yalnız Allaha asi olan işlərdə itaət etmək olmaz" (Müslim, 4740.)

2. Onların işinə qarışmamaq:

Əbu Hüreyrədən (radıyallahu anh)rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

 "Kişinin (və ya qadının) islamının gözəlliyi, ona aid olmayan şeyləri tərk etməsindədir" (ət-Tirmizi, 2317.)

Əl-Həsən ibn Əli (radıyallahu anh) rəvayət edib deyir: «Mən Peyğəmbərdən (aleyhissalâtu vəssəlâm):

"Sənə aid olanı götür, aid olmayanı isə tərk et!" - sözlərini əzbərlədim»  (əl-Müsənnəf Əbd ər-Razzəq, 4984.)

3. Öz nəfsiniz üçün istədiyiniz xeyirdən və hidayətdən onlar üçün də istəmək bu haqdandır:

Ənəs bin Malikin (radıyallahu anh) rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

"Sizdən biriniz nəfsinə istədiyini qardaşı (və ya bacısı, ata-anası və s.) üçün istəməyincə imanı kamil olmaz" (əl-Buxari, 13)

4. Allahın onlara verdiyi var-dövlətə göz dikməmək və həsəd aparmamaq:

Səhl bin Səd əs-Səidinin (radıyallahu anh) rəvayət etdiyi hədis: «Bir kişi gəlib Peyğəmbərə (aleyhissalâtu vəssəlâm) dedi:

"Ey Allahın elçisi! Mənə elə bir əməl öyrət ki, onu etdikdə həm Allah, həm də insanlar məni sevsin".

Peyğəmbər aleyhissalâtu vəssəlâm dedi: "Dünyaya göz dikmə, Allah səni sevsin. İnsanların əlindəkinə göz dikmə,insanlar səni sevsin"» (İbn Macə, 4102; Səhih hədislər silsiləsi, 944)

Müsəlmanların bir-birinə olan haqqı

1. Möminlər öz aralarında biri-birilərinə qarşı mərhəmətli, mülayimdirlər:

«Muhəmməd Allah`ın elçisidir. Onlunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, (öz aralarında isə) bir-birinə qarşı mərhəmətlidirlər» . (əl-Fəth surəsi, 29)

Əbu Musadan (Allah ondan razı olsun) rəvayət olunan hədis: «Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

"Möminlər bina kimidir, bir-birinə dayaq olur".

Sonra o (aleyhissalâtu vəssəlâm) əllərinin barmaqlarını bir-birinə keçirtdi» (əl-Buxari, 6026)

Əbu Hüreyrədən (radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

"Mömin bəndə (mömin) qardaşına yardım etdikcə Allah da ona yardım edər" (Müslim, 6793.)  

2. Müsəlman olan şəxs başqa müsəlmanlara zərər vurmamalıdır:

Abdullah ibn Amrdan (radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər aleyhissalâtu vəssəlâm demişdir:

 "(Həqiqi) müsəlmanın əlindən və dilindən başqa müsəlmanlar zərər çəkməz" (əl-Buxari, 10.)

Bu hədisdə əl və dil ən çox hərəkətdə olan əza olduğu üçün xüsusiləşdirildi. Deməli, müsəlman hər bir əzasını xeyir üçün istifadə etməlidir.

3. Müsəlman bacardığı qədər pisliyi yaxşılıqla dəf etməli və ya onun əvəzini pisliklə çıxmamalıdır:

«Sən pisliyi yaxşılıqla dəf et!» (əl-Muminun surəsi, 96.)  

«Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən. Bu (xislət) yalnız (dünyada məşəqqətlərə) səbr edənlərə verilir və yalnız böyük ismət (savab, fəzilət) sahiblərinə əta olunur» (Fussilət surəsi, 34-35.)

«Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman onlarla gözəl, yumşaq danışarlar» (əl-Furqan surəsi, 63.)

4. Müsəlman qardaşının səhvini gördükdə (gizlində) onu düzəltmək üçün çalışmalı və camaat arasında onu ifşa etməməlidir:

Əbu Səid əl-Xudridən (radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər aleyhissalâtu vəssəlâm demişdir:

"Sizdən biriniz münkər (günah) gördükdə onu əli ilə düzəltsin! Ona qadir olmasa, dili ilə düzəltsin! Ona qadir olmasa, qəlbi ilə (o münkərə) nifrət etsin ki, bu da imanın ən zəif mərtəbəsidir" (Müslim, 175.)

Əbu Hüreyrədən (radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

"Kim bir müsəlmanın eybini örtərsə, Allah da dünya və axirətdə onun eybini örtər" (Müslim, 6793)

5. Müsəlman ticarət etdikdə də aldatmamalıdır:

«Vay halına çəkidə və ölçüdə aldadanların! O kəslər ki, özləri xalqdan bir şey aldıqları zaman onu tam ölçüb alar, xalq üçün bir şey ölçdükdə və çəkdikdə onu əskildərlər» (əl-Mutaffifin surəsi, 1-3)

Əbu Hüreyrədən (radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

"Bizə qarşı silah qaldıran və bizi aldadan (ticarətdə və s.) bizdən deyildir"

(Müslim, 164)

6. Möminlərə əziyyət verməmək də bu haqlardandır:

«Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər» (əl-Əhzab surəsi, 58)  

Bundan əlavə Peyğəmbərin (aleyhissalâtu vəssəlâm) hər bir müsəlman üçün xüsusiləşdirdiyi haqlar var.

Əbu Hüreyrədən (radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

"Müsəlmanın müsəlman üzərində haqqı altıdır". "Onlar hansılardır?" - deyə soruşulduqda, o demişdir: "Qarşılaşdıqda salamını almaq, dəvət etdikdə dəvətini qəbul etmək, nəsihət istədikdə nəsihət vermək,  asqırıb "əlhəmdu lilləh" desə, ona "yərhəmukəllah" demək, xəstələndikdə ziyarət etmək və vəfat etdikdə cənazəsinin ardınca getmək" (Müslim, 5616.)

7. Müsəlmanların arasında sülh yaratmaq:

«Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə rəhm olunasınız» (əl-Hücurat surəsi, 10)

Qeyri-müsəlmanların haqqı

Kafirlər və müşriklər Allahın, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) və müsəlmanların düşmənidir. Lakin bununla belə onların haqqını ödəmək, onlara qarşı ədalətli olmaq biz müsəlmanların borcudur:

«Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allah`dan qorxun. Allah etdiklərinizdən xəbərdardır» (əl-Maidə surəsi,8)

Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət olunan hədis:

«Peyğəmbər sallallahu aleyhi və səlləm Rəbbindən rəvayət edib deyir ki,"O dedi: - Ey qullarım! Mən zülm etməyi nəfsimə haram etdim. Sizin bir-birinizə  zülm etməyinizi də sizə haram etdim. Bir-birinizə zülm etməyin!"» (Müslim, 6517)

 Ümumiyyətlə kafirlər dörd qisimdir:

1. İslamın və müsəlmanların düşməni:

«Hər kimsə Allah`a və Peyğəmbərinə itaət etməyib Onun sərhədlərini aşarsa, Allah da onu həmişəlik cəhənnəmə daxil edər. Onu rüsvayçı əzab gözləyir» (ən-Nisa surəsi, 14)

2. Aman istəyənlər. Onların haqqı, təyin olunmuş məkan və zaman ərzində onları himayəyə götürməkdir:

«Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin. Sonra onu əmin olduğu yerə çatdır» (ət-Tövbə surəsi, 6)

3. Əhd bağlayanlar. Onların haqqı, onlarla bağlanan əhdə vəfa etmək və təyin olunmuş müddət ərzində bağlanan ittifaqı pozmamaqdır:

«Müqavilə bağladıqdan sonra sizə qarşı bir əskiklik etməmiş və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş (müşriklər) istisnadır. Onlarla olan əhdinizə axıra qədər (müddəti bitənədək) vəfa edin» (ət-Tövbə surəsi, 4)

4. Zimmilər. Bunlar İslam dövlətində daimi sakin olan yəhudi, xaçpərəst, məcusi və qeyriləridir:

Zimmə əhlinin haqqı

1. Zimmə əhdini pozmamaq:

«Əhd etdiyiniz zaman Allah`a verdiyiniz əhdi yerinə yetirin!» (ən-Nəhl surəsi, 91)

2. İslam dinini qəbul etməyi onlara məcbur etməmək:

«Dində məcburiyyət yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) fərqlənir» (əl-Bəqərə surəsi, 256)

3. Onları himayə və müdafiə etmək.

4. Onları sirdaş tutmayaraq onlara yaxşılıq etmək:

«Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxarmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər. Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxarançıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalimlərdir»  (əl-Mumtəhinə surəsi, 8-9)

5. Günah olan işlərə (araq içmək, donuz əti yemək və s.) müsəlmanları dəvət etməyincə, o işləri etməkdə onlara mane olmamaq.

6. Qanlarına və mallarına bais olmamaq.

7. Zülm etməmək və bacara bilmədiyi bir işi etməyə məcbur etməmək.

Bu gün İslam aləmində ədalətsizlik baş alıb gedir ki, bu da İslama ləkə vurur və İslam dəvətinə mane olur. Müsəlmanların başlarına gələn bir çox bəlalar da məhz bu ədalətsizliklərinə görədir. Ömər bin əl-Xəttab (Allah ondan razı olsun) demişdir:

«Biz müsəlmanlar Allahın islam dini ilə izzətləndirdiyi bir ümmətik, nə vaxta qədər ki, islam dinindən başqa bir şeylə izzətlənmək istəyəcəyik, Allah da bizi zəlil edəcək».

 

Bu gün İslam aləmində ədalətsizlik baş alıb gedir ki,bu da İslama ləkə vurur və İslam dəvətinə mane olur.Müsəlmanların başlarına gələn bir çox bəlalar da məhz bu ədalətsizliklərinə görədir. Ömər bin əl-Xəttab (Allah ondan razı olsun) demişdir:

«Biz müsəlmanlar Allahın islam dini ilə izzətləndirdiyi bir ümmətik, nə vaxta qədər ki, islam dinindən başqa bir şeylə izzətlənmək istəyəcəyik, Allah da bizi zəlil edəcə.

Əziz müsəlman qardaş və bacılarım! Bu on haqqı lazımınca yerinə yetirməyə çalışın və bu işdə Allahın müsəlmanlara kömək etməsini Ondan diləyin!   



27-08-2014 12:00:00