Ana səhifə

Hava proqnozu qeybi bilməkdir?


YazdırSend to friend

Loğman surəsinin 34-cü ayəsində məalən belə buyurulur:

 

 “Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır.”

 

 Bu ayə məalindən də aydın olacağı kimi, müqayyəbatı-xəmsədən (bilinə bilməyən beş şey) olan hava təxminlərinin hökmü nədir? Görəsən hava proqnozu mütəxəssisləri bilinməyəni bilirlər?

Cənabı Haqq yağışın yağma zamanını, səbəblərə və öyrəşdiyimiz qanunlara buraxmayıb birbaşa öz ilahi qüdrətinə və iradəsinə bağlamışdır. Halbuki, ümumiyyətlə digər fellərində səbəbləri və qanunları, qüdrətinə pərdə etmişdir.

Yağış, həyata qaynaq və rəhmətə vəsilədir. Digər nemətlər kimi, bizlərə çatmasında araya qəti qanunlar qoyulmamışdır. Yəni, insanlara dua qapısı bağlanmaması üçün, ilahi hikmət belə pərdələri araya qoymamışdır. Əşrəfi-məxluqat və xəlifeyi-zəmin olan insanın həyatını davam etdirə bilməsi üçün lazımlı olan su; hidrolojik dövrü-daim deyə təsvir etdiyimiz, yer ilə atmosfer arasındakı gəl-get hərəkəti ilə, insanlara çatır. Bir bölgədən atmosferə yüksələn su buxarı yenə eyni yerə yağmur olaraq düşmür. Başqa bölgələrə də nə vaxt yağmur olaraq düşəcəyi bilinmir.

Bu vəziyyətdə meteorologiya elminin həqiqəti nədir? Hava proqnozu hesabatlarının hazırlanması üçün edilən bu qədər xərc bihudədirmi? Yoxsa bu hesabatlar hazırlanmamalıdır?

Bu bir gerçəkdir ki; meteorologiya elminin bildiyi qeybə aid şeylər deyil. Bu elm Allahın insanlara lütf etdiyi ağıl və elm nemətlərini birləşdirərək çox yaxınlaşmış olan yağış hadisəsini bir müddət əvvəldən təxmin etməkdir. Bu təxmin işi də səmaya baxılaraq deyil, meteoroloji xəritələrə baxılaraq edilir. Bu mövzunu bir az daha açsaq məsələ aydın olacaq:

Halı hazırda bütün ölkə meteoroloji stansiyaları bir ailə kimidir. Meteorologiya saatı, beynəlxalq sinoptik kodları, meteoroloji hadisələrin simvolları... Hamısı bütün ölkələrdə eynidir. Sanki meteorologiya tək dil, tək ölkə kimidir. Orta sinoptik rəsəd saatı deyə ifadə etdiyimiz 00, 06, 12, 18 gmt (greenwich mean time) saatlarında bütün dünya meteorologiya stansiyalarındakı vəzifəli sinoptiklər, stansiyalarının o andakı hava vəziyyətini, beynəlxalq meteoroloji kodlarına uyğun olaraq şifrələyib öz ölkələrindəki mərkəzlərə, ölkələr də bu məlumatları yoxlayıb dünyanın müəyyən nöqtələrindəki əsas toplama mərkəzlərinə göndərirlər. Bu toplama mərkəzləri, rəsəd məlumatlarını müəyyən saatlarda bütün dünyaya radiofaks və kompüter vasitəsi ilə çatdırır. Bu məlumatlar, ölkələrin və stansiyaların yalnız kod nömrələri ilə təmsil edildiyi meteoroloji xəritələrə kompüter tərəfindən işlənir və bərabər təzyiq əyriləri çəkilərək fərqli hava kütlələrini təmsil edən cəbhə sistemlərinin istiqaməti və sürəti təyin olunur.

Bu nöqtədən sonra növbə təxmin etməyə gəlmişdir artıq. Görüldüyü kimi qeybi olan heç bir şey yoxdur. Meteoroloji xəritələrdən oxunan və şərh olunan məlumatlar hər stansiya üçün eyni saatda ölçülmüş və yazılmış məlumatlardır. Yəni, qeybdən çıxmış, hər hansı bir nöqtəyə görə daha qərb meridian dərəcələrində əlamətləri görülmüş yağışlı hava kütləsini daşıyan hava axınlarının sürəti ölçülərək, hava təxmini ediləcək olan nöqtəyə nə vaxt çatacağının təyin edilməsindən ibarətdir. Bu anda inkişaf etmiş ölkələrdə radar texnologiyası ilə, cəbhə sistemləri və buna bağlı hava hərəkətlərini, anında radar və kompüter ekranından izləmək olur.

Meteorologiya elmindəki bu inkişaflara baxmayaraq yüz faiz doğru proqnoz vermək çox çətindir. Xüsusilə təxmin müddəti uzandıqca proqnozun doğru çıxma faizi aşağı düşür. Meteoroloqları ən çox yanıldan hava hadisələrindən biri də xalq arasında qırx ikindi yağışları olaraq bilinən, bahar aylarının qərarsız yağmurlarıdır. Bu dövrlərdə hava təxminlərinin doğru çıxan nisbəti, yüzdə altmışa qədər düşür.

Yalnız meteorologiya elminin pəncərəsindən baxdıqda da, elm və texnologiyadakı baş döndürücü inkişaflar, insanın ancaq acizliyini anlamasına vəsilə olur. Nəticə olaraq elm, müqayyəbatı-xəmsə deyilən, tək Allahın bildiyi qeybə aid şeyləri deyil, əlamətləri görünmüş, maddi aləmdə meydana çıxmış olanları təsbit edə bilər.



07-06-2011 12:00:00