Ana səhifə

Hüsnü-zənn və sui-zənn


YazdırSend to friend

İnsanın əşya və hadisələrə baxışı necədirsə, xarakter və ruhi-mənəvi durumu da tədricən o düşüncə ətrafında formalaşmağa başlayır. Gözəl görmək gözəl düşünməyə zəmin hazırladığı kimi pis görmək də pis düşüncələrə gətirib çıxarır. İnsan xarakterinin formalaşmasında düşüncə və əməl bir-birini tamamlayan önəmli amillərdir. Gözəl görməyi vərdişə çevirmiş bir insan gözəl əməllər işləyər, əşya və hadisələrə müsbət yanaşar və həyatdan ləzzət alar. Əksinə, hər şeyi pis görməyə adət etmiş  bir insan heç vaxt gözəlliyi seçə bilməz, müsbət düşünməz və həyatın həqiqi ləzzətini dada bilməz. Yüksək ruh və qüsursuz xarakterlər ortaya çıxaran ən mühüm güc gözəl düşüncə və təmiz niyyətdir. Bu cür insanlar həqiqi səadətin qoynunda səfa sürməklə yanaşı, müşk-ənbər saçan gül bağçası kimi ətrafa müsbət enerji verərlər.

Zənnin bir qismi gözəldir, digər qismi isə çirkindir. Gözəl olan hüsnü-zənn, çirkin olana isə sui-zənn deyilir. Allah və möminlər barəsində gözəl düşünmək vacibdir, insanlar barəsində pis düşünmək isə caiz deyildir. Açıq-aşkar haqsızlıq və günah edən insanlar haqqında sui-zənn bəsləmək qadağan olmasa da, savab da qazandırmır. 

Sui-zənn başqaları haqqında pis fikirləşmək demək olub insanı qeybətə sürükləyən başlıca mənəvi xəstəliklərdən biridir. Sui-zənn qəlbin qeybətidir və başqaları haqqında pis düşüncələrin qəlbdə özünə yer tapmasıdır. Sui-zənn qəlbi və ağılı xəstə, məzacı pozulmuş insanların mübtəla olduğu bir mərəzdir. O, toplumun maddi və mənəvi həyatına qəsd edən şeytani hiylədir. Allah-Təala sui-zənnin çirkinliyi ilə bağlı: “Ey iman gətirənlər! Çox zənnə-gümana düşməkdən çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın,”[1]buyurmuş, möminlərin birlik və həmrəyliyinə təhlükə törədən sui-zəndən uzaq olmağı əmr etmişdir.

  İslamın insanlara aşıladığı gözəlliklərdən biri də hüsnü-zənn əxlaqı, yəni əşya və hadisələrə gözəl baxmaqdır. İnsanlar haqqında mümkün qədər hüsnü-zənn bəsləmək və yaxşı düşünmək əsas vəzifəmiz olmalıdır. Həm də insan üçün gözəl keyfiyyətlər əsasdır, günah isə müvəqqəti haldır. Pis əməllər də dəlil və əlamətləri ilə ortaya çıxanadək hər bir insan məsum sayılır. Bu qanun hüquqda “Bəraət haqqı əsasdır, iddia sübut olunmadıqca təqsirləndirilən şəxs günahsızdır” (yəni günahı sübuta yetirilənə qədər insan günahsızdır) şəklində ifadə edilir və hamı da hüququn təməl prinsiplərindən biri olan bu qaydaya hörmət etməyə borcludur. Uca dinimiz hüsnü-zənnin tam əksi olan sui-zənn düşüncəsinə qarşı olduqca mühafizəkardır və sui-zənni heç bir halda dəstəkləmir. Çünki o, bir çox pisliklərin mənbəyidir.

  “Başqalarını da özü kimi görmək” (Oğru elə bilir hamı oğrudur, doğru elə bilir hamı doğrudur) anlayışından çıxış edərək ruhən xəstə olanlar ətrafa xəstə gözlüklə baxır, hamını  xəstə kimi görüb sui-zənnə girirlər. Məsələn, işi-peşəsi onun bunun malını soyub-talamaq olan bir oğru yolda bir adamın bir dükanın vitrinlərinə və ya qıfılına baxdığını görəndə dərhal onu “oğru” sanır. Niyyətini “oxuyub”, əsassız yerə “oğru” damğasını vurur. Bu cür ruhi-mənəvi mərəzlərə tutulmuş insalar paranoik kimi hər şeyi pisliyə yozar, hər kölgəni həqiqət zənn edər və hər ehtimalı reallıq sayar. Qarışqadan fil düzəldərək, sui-zəndən başqa bir şey olmayan əsassız məlumatları “qəlb” qazanında əridib müxtəlif qəliblərə tökər və bunlardan çıxış edərək hökm verərlər. Bütün bunlardan sonra da zənn və ehtimallara “əsaslanaraq” verdikləri yanlış hökmlərlə insanları ittiham edərlər.

  Sui-zənn möminlərə əsla yaraşmır. Lakin əfsuslar olsun ki, bu xəstəlik son vaxtlar geniş yayılaraq ən səmimi möminlərə öz təsirini göstərməyə başlamışdır. Bir çox insanın hislərini və ya şüuraltını azacıq qurcalasanız, orada nə qədər şübhə, tərəddüd və sui-zənn yatdığını görər, böyük əksəriyyətin müxtəlif düşüncələrlə sui-zənn paranoyasına mübtəla olduğunu və təpədən-dırnağacan bu xəstəliyə yoluxduğunu müşahidə edərsiniz. Bəzən bir insanı bircə sözünə və ya davranışına görə silib atmaq şəklində təzahür edən bu günah bir küncdə dayanıb ovunu pusan əqrəb kimi möminlərin qəlbinə zəhər damcıladır, mənəvi səviyyəsinə xələl gətirir. Halbuki, dünya və axirət səadətnə gedən ömür yolunda rəhbərimiz olan Quran qulağı dedi-qodulardan, gözü çirkin mənzərələrdən çəkməyi, şüuraltında yığılmış sui-zənn tör-töküntülərini təmizləməyi və ya belə bir tör-töküntünün əmələ gəlməsinə imkan verməməyi, sonra da dili çirkin sözlər danışıb qeybət etməkdən qorumağı əmr edir. Bu, ilahi əxlaqa yiyələnmək deməkdir. Çünki Rəbbimiz heç kimi bircə qüsurundan ötrü həlak etməmişdir. Bu gün dünyada nə qədər lənətə layiq çirkin işlər görülsə də, O, hələ də səma qapılarını açıq saxlayaraq yağışını əsirgəmir və torpağı ilə süfrəmizə cürbəcür nemətlər  ərməğan edir.

  Səadət əsrində bir nəfər səhabələrin yanına gedib salam verir, onlar da salamı alırlar. Həmin adam oradan uzaqlaşandan sonra camaatın içərisindən bir nəfər onun barəsində: “Vallahi! Allah üçün mənim bu adamdan xoşum gəlmir,”– deyir. Oradakılar: “Nə pis söz danışdın! Vallah, dediyini gedib ona söyləyəcəksən!”– deyərək ondan tələb edirlər ki, onun hansı cəhətindən xoşu gəlmirsə, gedib özünə desin. Bu məqsədlə bir nəfəri vasitəçi seçib qeybəti edilən adamın yanına göndərirlər. O da gedib məsələni həmin şəxsə danışır. Haqqında deyilənlərə qulaq asan həmin adam birbaş Allah Rəsulunun hüzuruna yollanır və baş verənləri danışıb qeybətini edənlə üzləşmək istədiyini bildirir. Bundan sonra qeybət edənə xəbər verilir və bir müddət sonra o da Allah Rəsulunun məclisinə gəlir. Allah Rəsulu baş verənləri ona (qeybət edənə) deyir və o da təsdiqləyir. Peyğəmbərimiz nə üçün din qardaşından xoşu gəlmədiyini soruşur. O  da bu cavabı verir:  “Ya Rəsulullah! Bu adam mənim qonşumdur və onu yaxından tanıyıram. Mən onu həm dindarın, həm də günahkarın qıldığı beş vaxt namazdan savayı bir namaz qıldığını görməmişəm”. O da özünü belə müdafiə edir: “Ya Rəsulullah! Bir soruşun ki, heç bu adam mənim beş vaxt namazı vaxtından gec qıldığımı və ya qəzaya saxladığımı, dəstəmazda bir qüsur etdiyimi, qıldığım namazların rükü və səcdələrində tənbəllik göstərib tədili-ərkana riayət etmədiyimi  görübmü?”

 Allah Rəsulu üzünü şikayət edənə tutub cavab verməsini istəyir. O da: “Xeyr!”– deyir, lakin qonşusunun başqa cəhətindən şikayətçi olur: “Mən qonşumun dindarın da, günahkarın da tutduğu Ramazan orucundan savayı oruc tutduğunu heç vaxt görməmişəm”. O şəxs də bu iddiaya belə cavab verir: “Ya Rəsulullah! Soruşun ki, heç mənim Ramazan ayında oruclu ola-ola yemək yediyimi görübmü və ya orucun savabını azaldan bir xəta işlədiyimə şahid olubmu?” Rəsulullah üzünü bir daha iddiaçıya tutub cavabını gözləyir. İddiaçı da: “Xeyr!”– deyə cavab verir və ardınca üçüncü – sonuncu şikayətini dilə gətirir: “Ya Rəsulullah! Mən onu günahkarların da, dindarların da verməli olduğu (və ya verdiyi) zəkatdan başqa heç vaxt Allah üçün sədəqə verməsinə, infaq etməsinə şahid olmamışam”. Bu iddiaya da belə cavab verilir: “Ya Rəsulullah! Bir soruşun ki, heç o, məni zəkatımı verməmək üçün malımı gizlətdiyimi görübmü və ya zəkat verdiyim insanlara “sizə ancaq bu qədər vərəcəyəm” kimi sözlər dediyimi eşidibmi?” Allah Rəsulu bir daha şikayətçiyə sarı dönüb cavab verməsini gözləyir. “Xeyr!” deməkdən başqa çarəsi qalmamışdı. Bütün bu baş verənlərdən sonra Allah Rəsulu üzünü şikayətçiyə tutub bu ibrətamiz sözləri deyir: “Qalx! Ehtimal ki, şikayəti edilən şikayət edəndən daha xeyirlidir”[2].

  Budur, bizim xeyirli saydığımız bir şey, bəzən şər olduğu kimi, şər gördüyümüz bəzi şeylər də xeyirli olur. Allah Rəsulu: “Hər eşitdiyi şeyi (araşdırmadan) orada-burada danışmaq insana yalan kimi bəs edər,”[3] ‒ buyurmaqla bizə çox önəmli xəbərdarlıq edir. Gözə və qulağa dəyən hər şeyi dilə gətirmək günah və mənəvi duyğuları ölümə sürükləyən təhlükəli xəstəlikdir. Dilimiz sakit durmur, illah da, danışmaq istəyirsə, Allahın zikri ilə məşğul olsun, Quran oxusun, qəlb və ruhi həyatımıza yeni üfüqlər açan kitabların mütaliəsi ilə məşğul olsun ki, boş işlərə, dedi-qodulara, sui-zənn və qeybətlərə vaxtı qalmasın.

  Sədi Şirazi uşaqlıq illərində gecələri namaz, dua və Quran oxumaqla keçirərmiş. Yenə bir gecə Quran oxuyarkən oyaq olan atasından soruşur:

‒ Niyə insanlar gecələri yatmaqla keçirir? Qalxıb iki rükət namaz qıla bilməzlər?

Atası da oğlunun şikayətinə ibrətamiz cavab verir:

‒ Oyaq qalıb başqalarının qeybətini etməkdənsə, kaş ki sən də yataydın!

  Sui-zənn və qeybət bir-biri ilə əlaqəli çox namərd və xain günahdır. Bəzən məsum və munis ifadələrin içində gizlənib hiss olunmurlar. Nəfs bir ibadətin ardınca cuşa gəlib: “Bax mən gecənin qaranlığında təhəccüd namazı qılmaq üçün qalxıram, amma heç kimin işığı yanmır. Necə böyük iş gördüm,”– deyib qürrələnir və ya nafilə ibadətlərini gözündə böyüdüb özünü ucaldaraq başqalarını alçaldır. Belə hallarda dərhal nəfsin ağzından vurmaq və xain hücumlarının qarşısını almaq lazımdır.

  Ata-babalarımız “Su yatar, düşmən yatmaz” deyib. Doğrudan da, belədir. Üstəlik möminlərin ən böyük düşməni nəfs və şeytan gözünü belə qırpmır. İnsanı günaha təhrik etmək, fikrini qarışdırmaq, qəlbə fitnə-fəsad salmaq üçün hər an hücuma hazır dayanır. Məsum sözlərin qəlibinə qeybət dinamiti yerləşdirir və insanın o qədər saleh əməlini bir anda göyə sovurur. İnsana elə söz dedirdir ki, meşəyə düşən qığılcım kimi hər şey bərbad olur. Belə təhlükəli düşmənlərə qarşı son dərəcə diqqətli yaşamalı, iyirmi dörd saat növbə çəkən əsgər kimi nəfs və şeytana qarşı ayıq-sayıq olmalıyıq.

Bir böyük İslam alimi ümidsizlik, ücb (xudpəsəndlik, özündənrazılıq) və qürur kimi sui-zənni də dörd böyük xəstəlikdən biri hesab etmiş, insaları əşya və hadisələrə hüsnü-zənn gözü ilə baxmağa çağırmışdır. Peyğəmbərimiz də: “Hüsnü-zənn ibadətin gözəlliyindəndir,”– buyurmuş və əshabi-kiramdan bütün möminlərə qarşı yaxşı niyyətli olmaq barədə əhd almışdır[4]

Allah Rəsuluna (s.a.s) istinad edilən bir sözdə qınaq və məzəmmətə səbəb olan  yerlərdən və insanları sui-zənnə sövq edən davranışlardan uzaq olmaq əmr edilir[5]. Peyğəmbərimiz etiqafda olanda zövcəsi Həzrət Safiyyə (r.a) ziyarətinə gəlmişdi. Allah Rəsulu onu yola salırdı. Bu vaxt ənsardan iki səhabə oradan keçirdi. Allah Rəsulunu görüb addımlarını yeyinlətdilər. Bunu görən Rəsulullah (s.a.s): “Yavaş olun, o, (mənim zövcəm) Safiyyə binti Huyeydir,”– deyə izah elədi. Səhabələr: “Subhanallah (Sənin haqqında necə pis şey düşünə bilərik?!), ya Rəsulullah!”– deyə cavab verdilər. Peyğəmbərimiz (s.a.s) buyurdu: “Şübhəsiz, şeytan insanın qanında dolaşır. Bu səbəbdən qəlbinizə şübhə düşməsindən qorxdum”[6].

  Allah Rəsulunun bu həssaslığı “mömin şəffaf olmalıdır”, “fitnə-fəsada səbəb ola biləcək əməllərə əsla yol verməməlidir” deyir. Bəli, sui-zənn bəsləmək ciddi yanlışlıq olduğu kimi insanları bu fikrə sövq edən hərəkətlərə yol vermək də dərin qəflətdir. Möminlərin boynuna düşən önəmli bir məsuliyyət də belə bir qəflətdən uzaq durmaq, həm dünyada, həm də axirətdə hesabı asan olan həyatı yaşamaqdır.

Hər kəs Allahın razılığına qovuşmağı qarşısına məqsəd qoymalıdır. Bu ideal məqsəd  bizə əsas işimizlə məşğul olmağa kömək edəcək və başqaları haqda dedi-qodu etməyə, sui-zənlərə qapılmağa, qeybət qırmağa imkan verməyəcək. Gedəcəyi yeri və yönü təyin etməmiş bir gəminin mənzil başına çatması mümkün olmadığı kimi, qayəsiz yaşayan möminin aidiyyəti olmayan işlərlə məşğul olmaması da müşküldür. Belə bir diqqətsizliyin və nizamsızlığın qarşısını yalnız Allahın rizasını qayə seçməklə, bu yolda lüzumsuz sözlərə vaxt itirmədən  mətanətlə  addımlamaqla almaq mümkündür.

Hüsnü-zənn imandan gələn zərurətdir[7]. Dinin ruhunu qavrayıb imanda dərinləşənlər və ihsan şüuru ilə yaşayanlar daima əşya və hadisələrə hüsnü-zənlə baxarlar. Elə isə böyük mütəfəkkirin  dediyi kimi: “Lazım gəlsə, qulaqlarımıza qurğuşun tökəcək, amma möminlər haqqında xoşagəlməz və lüzumsuz sözləri əsla dinləməyəcəyik. Lazım gəlsə, gözlərimizə mil çəkdirəcəyik, amma qardaşlarımızın mənfi cəhətlərini araşdırmayacaq, qüsurlarını görməyəcəyik. İnanan insanların heç birini bir sözünün və ya hərəkətinin güdazına verib pis fikirləşməyəcək, qəlbimizi sui-zənlərlə kirlətməyəcək, gözümüzə, qəlbimizə və qulağımıza görə hesab verəcəyimizi bir an da unutmayacağıq. Hamını özümüzdən üstün görüb “Hamı yaxşı mən yaman, hamı buğda mən saman” anlayışı ilə hərəkət edəcəyik. Öz qüsur və ya səhvlərimizi sui-zənnin təhriki ilə kiməsə şamil etməyəcəyik. Hikmətini bilmədiyimiz hərəkət və davranışları pisləməyəcəyik. Üstəlik tanıdığımız və hörmətlə yanaşdığımız insanların bəzi hal və hərəkətlərinə sui-zənn bəsləməyəcəyik. Sözün qısası, sui-zəndə haqlı çıxmaqdansa, hüsnü-zəndə yanılmağı seçəcəyik”[8].

[1] “Hucurat” surəsi, 49⁄12

[2] Əhməd ibn Hənbəl, “əl-Müsnəd” 5/455

[3] Müslim, “Müqəddimə” 5

[4] Əbu Davud, “Ədəb” 81; Əhməd ibn Hənbəl, “əl-Müsnəd” 2/297, 304, 407, 491; İbn Hibban, “Səhih”,  2/399

[5] Acluni, “Kəşfül-xafa” 1/45

[6] Müslim, “Salam” 24; Əbu Davud, “Ədəb” 89

[7] Əbu Davud, “Cənaiz” 13, “Ədəb” 81

[8] İkindi Yağmurları s. 120; Vuslat Muştusu s. 277

 


20-05-2018 01:55:19

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz