Ana səhifə

İçimizdə bütləşdirdiklərimiz nələrdir?


YazdırSend to friend

Allahdan başqa qul, kölə olduğumuz hər şey nəfsimizin bir bütüdür. Bu büt bəzən pul olar, bəzən mövqe, bəzən nüfuz, bəzən şöhrət, bəzən elm, bəzən fiziki gözəllik, bəzən əsil-nəcabət, bəzən akademik karyera, bəzən zənginlik ola bilər.

Prinsip olaraq, bizi həqiqi məbud olan Rəbbimizdən uzaqlaşdıran və ya ona göstərməli olduğumuz sevgi və hörmətdə ortaq olan hər şey bir növ bütdür.

Halbuki, Allaha olan hörmət və sevgimizin bir inikası olaraq qəlbimizdə olan sevgi və hörmətlər, Allaha aparan yolların yol nişanları hökmündədir. Peyğəmbər sevgisi, din sevgisi, Quran sevgisi, Allahın vəli qullarının sevgisi və bunların hörməti, uşaq sevgisi bunlardandır.

Dünyanı, Allahın Rəbbani bir məktubu olaraq oxumaq və sevmək və ya axirətin bir tarlası olaraq görüb sevmək, Allahın sevgisinə zidd deyil, əksinə Onun sevgisini gücləndirən sevgi mənbələridir, Allahın sevgisinin bir aynasıdır.

İnsan, bu ölümlü həyata bəzi duyğularla gözlərini açar. Şübhəsiz onda doğuşdan mövcud olan bu duyğular dünya həyatına canlılıq, hərəkət, rəng və məna gətirir. Ancaq öz başına buraxılıb din, əxlaq və elmlə istiqamətləndirilməzsə, yəni halal bir dairədə tutulmazsa çox zərərli nəticələr verər. Ən azından maddəni hədəf seçməyinə, onu bir baxıma ilahlaşdırmasına səbəb ola bilər. Eləcə adamın bütün istək və enerjisini, düşüncə və qabiliyyətini bu istiqamətə çevirib yönəldər .

Ağıl, din ilə birləşib duyğu və düşüncələrimizi yaxşıya, doğruya, gözələ, tək sözlə halal dairədə tutmağa yönəldər və yaradılanla yaradan arasında qulluq və ilahlıq əlaqəsini təmin edərsə, insan duyğularının əsiri və ya peyki olmaqdan xilas olar. Beləcə gerçək həyat üçün dünya nemətlərinin bir vasitə olduğunu, əsl məqsədin ilahi riza istiqamətində bu vasitələri bilərək yerində istifadə etmək surəti ilə Allaha tərtəmiz qovuşmaq olduğunu anlayar.

Bu baxımdan

 

 "Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən? " (Furqan, 25/43)

 

ayəsindən alınacaq çox dərslər vardır.

Məkkəli bütpərəstlərin zehniyyət quruluşunu xülasə edib tənqid edən bu ayə, universal planda son dərəcə mənalı, aydınladıcı dərslər ehtiva etməkdə; insanlığın ümumi bir zəifliyinə işarə etməkdədir. Necə ki tarixin hər dövründə, hətta bu gündə də insanlığın əsas problemi, bədənsəl arzularını, maddi mənfəətlərini, mövqe və nüfuz ehtiraslarını ağıl və ürfan işığından, doğru inanc və sağlam düşüncədən, haqq və ədalət ölçülərinə görə hökm və qərar verib həyatlarını bu ölçülərlə təşkil etməkdən daha əhəmiyyətli görmələridir.

Bu ayə, bütün dəyişməz ölçüləri, bilinən meyarları, yerləşmiş dəyərləri tapdalayan, bir kimsənin xaricə əks etmiş ruhi vəziyyətini, çox dərin bir örnəklə gözlər önünə sərir. Bu ruh halında olan bir adam, tamamilə arzusuna boyun əyir, ehtirasların məhbusu olur, öz şəxsinə ibadət edir. Bir ilah halına gətirib ibadət etdiyi, boyun əydiyi azğın ehtirası ilə zidd düşən heç bir ölçüyə uymur, heç bir sərhəd tanımır, heç bir məntiq qaydasını dinləmir.

İslamiyyət isə, insanları bütlərin köləliyindən, nəfsin əsarətindən, batil inancların təhəkkümündən qurtarıb Allaha qul etmək, Onun dərgahında boyun bükdürmək istəyir…



26-04-2011 12:00:00