Ana səhifə

İFTAR


YazdırSend to friend

   Orucu pozmaq, orucu açmaq, ramazanda axşam yeməyi, oruc pozmaq vaxtı. iftarın ziddi, yəni oruca başlamaq, "imsaq" termini ilə ifadə edilir. Orucun başlanğıc və sonu Qur'an Kərimdə belə müəyyən edilir:

"Fəcrdə ağ sap qara sapdan ayırd edilənə qədər yeyin, için. Sonra orucunuzu gecəyə qədər davam etdirin" (əl-Bəqərə, 2/187).

   Ayədəki qara sap gecə; ağ sap isə gündüz mənasında istifadə edilmişdir. Orucda gündüzün başlanğıcı, İslâm âlimlərinin böyük əksəriyyətinə görə, ikinci fəcirdən (fəcr-i sadiq) etibarəndir. Sona çatması isə günəşin batmasıdır (ət-Təbəri, Câmiu'l-Bəyan, Misir 1388/1968, II, 177 vd .; ibn Kəsir, Müxtəsəru Təfsiri İbni Kəsir, Beyrut 1402/1981, l, 165, 166). Hz. Peyğəmbər qara və ağ sapdan gecənin qaranlığı ilə gündüzün aydınlığının nəzərdə tutulduğunu bildirmişdir (bax. Buxari, Təfsiri Surə, 2/28; Müslim, Siyam, 33; Əbu Davud, Savm, 17; Darimi, Savm, 7).

   Bu ayədəki; "Orucu gecəyə qədər tamamlayın" ifadəsi, iftarın günəş batdıqdan sonra edilməsini bildirir.

    Hz. Peyğəmbər, bir ramazan günü səfər əsnasında günəş batdıqda, Bilâl`a (r.ə) bir şeylər hazırlamasını söyləmiş, hələ günəş işıqlarının tam itmədiyini görən Hz. Bilalın tərəddüd etməsi üzərinə belə buyurmuşdur:

"Gündüz sona çatıb, gecənin şərq tərəfdən girdiyini gördüyümüz zaman oruclunun iftar vaxtı gəlmişdir" (Buxari, Savm, 33, 34, 35; Müslim, Siyam, 51, 53; Dârimî, Savm, 11) .

   Hədis-i şəriflərdə iftarın tez edilməsi, gecikdirilməməsi istənilmişdir.

"İnsanlar iftarı tez etdikləri müddətcə, xeyr üzrə davam etmiş olarlar" (Buxari, Savm, 45; Müslim, Siyam, 48; Tirmizi, Savm, 13; İbn Macə, Sıyam, 24; Dârimî, Savm, 11; Malik, Muvatta ', Siyam, 6, 7; Əhməd b. Hənbəl, Müsnəd, V, 147, 172, 331, 334, 337)

    Bir Qüdsi hədisdə belə buyurulur:

"Qullarımın mənə ən sevimli olanı, onların iftara ən tələsənidir" (Tirmizî, Savm, 13; Əhməd İbn Hənbəl, II, 238, 329).

    Ənəs b. Malik (r.ə) 'dən, Hz. Peyğəmbərin iftar etmədikcə axşam namazı qılmadıqları, heç olmasa bir qurtum su içdikləri rəvayət edilmişdir. İftara tələsməyin səbəbi budur. Yəhudi və Xristianlar, oruclu olduqları zaman iftara ulduzlar görülənə qədər gecikdirərdilər. Onlara bənzəməmək için iftara tələsmək müstəhəb sayılmışdır. Sahuru son vaxtına qədər gecikdirmək də müstəhəbdir (Kamil Miras, Təcridi Sarih Tərcüməsi, Ankara 1984, VI, 286).

     Hz. Peyğəmbər ümmətinə visal orucunu qadağan etmişdir. visal; bir günün orucunu, başqa günün orucuna yeyib içmədən birləşdirməkdir.

Ənəs b. Malikdən rəvayətə görə, Hz. Peyğəmbər (s.a.s); "Bir günün orucunu o biri günün orucuna əlavə etməyin" buyurmuş. Əshabi-kiramın "Ya Rəsulullah, siz orucları bir-birinə əlavə edirsiniz" demələri üzərinə; "Mən sizin kimi deyiləm. Rəbbim tərəfindən yedirilib içirilirəm" cavabını vermişdir (Buxârî, Savm, 48, 49, İ'tisam, 5; Tirmizî, Savm, 62; Dârimî, Savm, 14; Müslim, Siyam, 59; əbû Dâvud, Savm , 24).

   Visal orucu Hz. Peyğəmbərə məxsus əməllərdəndir. Çünki iki-üç gün müddətli bir orucda Cənab-ı Haqq peyğəmbərinə güc verir. Necə ki hədisdə bu xüsusa işarə edilmişdir. Eyni güc və qüvvətə ümməti nail olmaya bilər (İbn Kəsir, a.k.ə, I, 167; K. Miras, a.k.ə, VI, 290, 291).

    Hz. Peyğəmbərdən iftar edərkən oxuduğu bəzi dualar nəql edilmişdir:

  "Allahummə ləkə sumtu və bikə âməntü və əleykə təvəkkəltu və alə rızqikə eftartu, fə təkabbəl minnəə. innəkə Sumtə's-səmiu'l-â`lim."

Mənası: "Allahım! Sənin üçün oruc tutdum. Sənə iman etdim. Sənə təvəkkül etdim. Ruzinlə iftar edirəm. Bizdən bunu qəbul et. Şübhəsiz Sən, hər şeyi eşidən və bilənsən"

  Başqa bir dua belədir: "Zəhəbə'z-zamən, va'btələti'l-uruku və səbətə'l əcru inşaallah"

  Mənası: "Susuzluq getdi. Damarlar islandı. İnşaallah savab sabit oldu" (bax. İbn Macə, Sıyâm, 48; İbn Qeyyim, Zâdü'l-Mead, II, 52).

Qısaca belə də dua edilə bilər: "Ya vâsia'l-mağfirəti. Vağfirlî və li vâlidəyyə və li'l-mü'minînə yəvmə yəqûmu'l hisəb"

Mənası: "Ey bağışlaması bol olan Allah'ım! Məni, ana-atamı və bütün möminləri hesab günündə məğfirət et" (bax. İbrahim Surəsi, 14/41; Tirmizî, Dua, 82).

   Hədisi-şərifdə belə buyurulmuşdur:

"Üç kimsənin duası rədd olunmaz; Ədalətli hökmdarın duası, İftar zamanı oruclunun duası, məzlumun duası, Allahu Təala bu duaları səmaya qaldırır, səmanın qapılarını açar və" izzət və cəlalıma and olsun ki, bir müddət sonra da olsa, sənə yardım edəcəyəm "deyə and içərr" (əl-Azizi, es-Siracu'l-Munir Şərhu'l Câmii's-Sağîr, II, 182; İbn Qeyyim əl-Cövziyyə, Zâdü'l-Mead, II, 52).

   Rəsulullah sallallahu aleyhi va səlləm iftar vaxtının sevincindən söz edərkən belə buyurmuşdur: "Möminin sevindiyi iki sevinci vardır. Biri iftar vaxtındakı orucu açmaq sevinci, digəri Rəbbinə qovuşduğu zamanki (orucunun mükafatı ilə) sevincidir" (Buxârî, Savm, 9; Müslim, Siyam, 163, 165; Nəsəi, Sıyâm, 42; Əhməd b. Hənbəl, Müsnəd, II, 232, 273, 516, III, 5).

Şamil İA

Müəllif: 


03-06-2017 08:24:36