Ana səhifə

İkinci Söz: İmandaki Səadət


YazdırSend to friend

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ

اَلَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ 

İmanda nə qədər böyük bir səadət və nemət, nə qədər böyük bir ləzzət və rahatlıq olduğunu anlamaq istəsən, bu təmsilli hekayəciyə bax, dinlə:

Bir zaman iki adam həm kef, həm ticarət üçün səyahətə çıxırlar. Biri xudbin, talesiz bir tərəfə, digəri xudabin, bəxtiyar digər tərəfə yola düşər, gedərlər.

Xudbin adam həm özündən razı, həm özünü düşünən, həm bədbin olduğundan, bədbinliyin cəzası olaraq, nəzərində çox fəna bir məmləkətə düşür. Baxar ki, hər yerdə aciz biçarələr zorba, müdhiş adamların əllərindən və təxribatlarından fəryad edirlər. Gəzdiyi bütün yerlərdə belə qəmli, kədərli bir halı görür. Bütün məmləkət ümumi bir matəmxana şəklini almışdır. Bu əzablı və dəhşətli halı hiss etməmək üçün o, sərxoşluqdan başqa çarə tapmaz. Çünki hər kəs onun gözünə düşmən və əcnəbi kimi görünür. Və ortalıqda da müdhiş cənazələri və məyusanə ağlayan yetimləri görür. Vicdanı əzab içində qalır.

Digəri xudabin, xudapərəst və haqqı düşünən, gözəl əxlaqlı idi ki; nəzərində çox gözəl bir məmləkətə düşür. Məhz bu yaxşı adam girdiyi məmləkətdə bir ümumi şənlik görür. Hər tərəfdə bir sevinc, bir şənlik, bir cəzbə içində zikrxanalar... Hər kəs ona dost və qohum-əqraba kimi görünür. Bütün məmləkətdə alqışlar və təşəkkürlər ilə bir ümumi tərxisat şənliyi görür. Həm təkbir (Allahu Əkbər) və təhlil (lə iləhə illəllah) ilə sevinc içində xidmətə gedənlər üçün çalınan bir davul, bir musiqi səsi eşidir.

Əvvəlki bədbəxtin həm özünün, həm ümum xalqın ələmi ilə kədərlənməsinə müqabil, bu bəxtiyar, həm özünün, həm də ümum xalqın süruru ilə sevinir və fərəhlənir. Gözəl bir ticarət əlinə keçər, Allaha şükür edər. Sonra o biri adama rast gələr, halını anlar. Ona deyər: "Sən divanə olmusan. Daxilindəki çirkinliklər zahirinə əks etmiş olmalı ki, gülməyi ağlamaq, tərxisatı soymaq və talan etmək zənn etmisən. Ağlını başına al, qəlbini təmizlə. Ta ki bu müsibətli pərdə sənin nəzərindən qalxsın, həqiqəti görə biləsən. Çünki son dərəcə ədalətli, mərhəmətli, rəiyətpərvər, iqtidarlı, intizamlı, şəfqətli bir Sultanın məmləkəti, həm bu dərəcə göz önündə tərəqqi və mükəmməliyyət əsərləri göstərən bir məmləkət, sənin vəhminin göstərdiyi surətdə ola bilməz". Sonra o bədbəxtin ağlı başına gəlir, peşman olur: "Bəli, mən eyş-işrətdən divanə olmuşdum. Allah səndən razı olsun ki, cəhənnəm kimi bir halətdən məni qurtardın" – deyir.

Ey nəfsim! Bil ki, əvvəlki adam kafirdir və ya qafil bir fasiqdir. Bu dünya onun nəzərində bir ümumi matəmxanadır. Bütün canlılar ayrılıq və ölüm silləsi ilə ağlayan yetimlərdir. Heyvan və insan isə, əcəl pəncəsi ilə parçalanan kimsəsizlərdir. Dağlar və dənizlər kimi böyük mövcudat ruhsuz, müdhiş cənazələr mahiyyətindədirlər. Daha bunun kimi çox ələmli, əzici, dəhşətli vahimələr küfründən və zəlalətindən nəş'ət edib ona mənəvi əzab verər.

Digər adam isə mömindir. Cənabı-Xaliqi tanıyar, təsdiq edər.

Onun nəzərində bu dünya Rəhmanın bir zikirxanası, bəşər və heyvan təlimgahı, ins və cin tayfasının bir imtahan meydanıdır. Heyvanların və insanların vəfatları isə bir tərxisdir. Həyat vəzifəsini bitirənlər bu fani məkandan mənəvi sevinc içində digər bir aləmə gedərlər ta ki, yeni vəzifədarlara yer açılsın, gəlib çalışsınlar. Heyvan və insanların təvəllüdü isə xidmətə çağrılmaq, silah altına, vəzifə başına gəlməkdir. Bütün canlılar bir vəzifəli, məsrur əsgər, istiqamətli, məmnun məmurlardır. Bütün sədalar isə ya vəzifənin başlamasındakı zikr və təsbih və ya istirahətdən gələn şükür və fərah, ya da işləmək sevincindən nəşət edən nəğmələrdir. Bütün mövcudat, o möminin nəzərində, Seyyid-i Kəriminin və Malik-i Rahiminin bir sevimli xidmətkarı, bir dost məmuru, bir şirin kitabıdır. Daha bunun kimi bir çox ləziz və şirin, lətif və ülvi həqiqətlər imanından təcəlli edər, təzahür edər.

Demək, iman bir mənəvi Tuba-i Cənnət çəyirdəyini daşıyır. Küfr isə mənəvi bir Cəhənnəm zəqqumunun toxumunu saxlayır.

Demək, salamat və əmniyyət yalnız İslamiyyətdə və imandadır.

Elə isə biz daima: اَلْحَمْدُ ِللّهِ عَلَى دِينِ اْلاِسْلاَمِ وَ كَمَالِ اْلاِيمَانِ deməliyik.



29-04-2014 12:00:00