Ana səhifə

İnsan bədənindəki nizam.


YazdırSend to friend

İnsanın bədəni bir çox sistemin bir-biri ilə işlədiyi fabrik kimidir. Bildiyimiz fabriklərdən fərqli cəhəti isə sistemlərin bir çoxunun mikroskopik ölçülərdə olması və heç bir təmir və ya model yenilənməsi tələb etməməsidir. İnsan bədənində müəyyən məqsədlə, yəni bədənin canlı qalması üçün bütün sistemlər bir yerdə, əlaqəli şəkildə  işləyir. Hər gün çoxlu hərəkətlər edirik. Bunların çoxunu da əhəmiyyətsiz hesab edirik, halbuki nəfəs almaq belə, insanlar bilməsə də, əslində, insan bədənindəki qüsursuz əlaqənin nəticəsidir. İnsan bədənindəki əlaqə şəbəkəsi həmişə işləyən, ağlasığmaz mürəkkəblikdə və böyüklükdə bir şəbəkədir. Bunu nümunələrlə də görə bilərik. Məsələn, insan bədənindəki hərəkət sisteminə baxaq. Ən kiçik hərəkətimiz üçün belə skelet sistemi, əzələlər və sinir sistemi mükəmməl şəkildə işləyir.

 

 İnsan bədənindəki əlaqədə birinci növbədə məlumatlar doğru yerdən və doğru qəbul edilməlidirlər. Ancaq doğru məlumatların əldə edilməsi ilə yeni qiymətləndirmələr edilə bilər. Buna görə də insan bədənində inkişaf etmiş xəbəralma şəbəkəsi mövcuddur. Kompyuterdə bir iş gördüyümüzü düşünək. Bu əməliyyat əsnasında gözlərimiz beyinlə birlikdə işləyərək kompyuteri görür. Əllərimiz klaviaturanın üstündə işləyir. Bu əməliyyatı edərkən də gözlərimiz və beynimiz birlikdə hərəkət edir. Klaviaturadan istifadə edən əllərimizdəki əzələlər, bu əzələlərin bağlı olduğu sistem və nəticədə bu əzələləri idarə edən beyin birlikdə hərəkət edirlər. Bu əməliyyatlar aparılarkən bir tərəfdən də beyin bir çox fəaliyyəti birlikdə icra edir. Kompyuter nümunəsində də göründüyü kimi, bir hərəkəti etmək üçün hər şeydən əvvəl o hərəkətlə əlaqədar olan bədən orqanlarının hamısının mövqelərini və bir-birləri ilə əlaqələrini bilmək lazımdır. Bu məlumatlar beyinə gözlərdən, iç qulaqdakı tarazlıq mexanizmindən, əzələlərdən, oynaqlardan və dəridən gəlir.

 

Hər saniyə milyardlarla məlumat nəzərdən keçirilir, qiymətləndirilir və bunlara əsasən qərarlar verilir. İnsanın isə öz bədənindəki heyratamiz sürətdə baş verən bu əməliyyatlardan xəbəri belə yoxdur. İnsan yalnız hərəkət edir, gülür, danışır, qaçır, yemək yeyir, düşünür. Bu əməliyyatların baş verməsi üçün heç bir səy göstərmir. Yenə gündəlik həyatımızdan nümunələr üzərində düşünək. Sadə bir gülümsəmə üçün on yeddi əzələ eyni vaxtda işləməlidir. Bu əzələlərdən birinin işləməməsi və ya səhv işləməsi üz ifadəsini tamamilə dəyişdirə bilər. Yerimək üçün isə ayaqlarda, qıçlarda, ombada, qasıqlarda və kürəkdə əlli dörd əzələ işləməlidir.

 

Bu əlaqənin necə təmin edildiyinə  nəzər salsaq, son dərəcə qüsursuz bir dizayn ilə qarşılaşarıq. Yəni əzələlərin və oynaqların içində, bədənin o ankı mövqeyinə aid məlumatları verən milyardlarla kiçik, mikroskopik qəbuledici var. Bu qəbuledicilərdən gələn mesajlar mərkəzi sinir sisteminə çatır və burada aparılan qiymətləndirməyə görə əzələlərə yeni əmrlər göndərilir.

 

İnsan bədənindəki əlaqənin mükəmməlliyi bu nümunə ilə daha yaxşı aydın olacaq: Sadəcə əlinizi havaya qaldırmağınız üçün çiyniniz bükülməli, "biceps" və "triceps" deyilən ön və arxa qol əzələlərinizin sıra ilə sıxılıb boşalmalı, dirsəyiniz və biləyiniz arasındakı əzələlər biləyi çevirməlidir. Hərəkətin hər mərhələsində bu əzələlərin içindəki milyardlarla qəbuledici hər an əzələlərin mövqelərini mərkəzə bildirir. Mərkəzdən də əzələlərə bir an sonra nə edəcəkləri çatdırılır. Təbii ki, insan bütün bunların fərqinə varmaz, yalnız əlini qaldırmaq istəyər və qaldırar.

 

Məsələn, bədənin düz dayanması üçün qıç əzələlərində, ayaqlarda, kürəkdə, qarında, sinədə və boyunda olan milyardlarla qəbuledicidən gələn məlumat qiymətləndirilir və bu əmrlərin hamısı hər saniyə əzələlərə çatdırılır. Danışmaq üçün də xüsusi səy göstərmirik. İstədiyimiz sözlərin ağzımızdan çıxması üçün səs tellərinin hansı açıqlıqda, nə qədər titrəşməsi lazım olduğunu, ağzımızdakı, dilimizdəki, boğazımızdakı yüzlərlə əzələdən hansını, hansı sıra ilə neçə dəfə sıxıb-boşaldacağımızı, ciyərlərimizə neçə kub santimetr hava alacağımızı, bu havanı hansı sürətlə boşaldacağımızı oturub hesablamarıq. İstəsək də bunu edə bilmərik! Çünki ağzımızdan çıxan bir sözün meydana gəlməsi insanın tənəffüs sistemindən sinir sisteminə, əzələlərindən sümüklərinə qədər uzanan bir çox quruluşun mükəmməl uyğunlaşmasının və işləməsinin nəticəsidir.

 

Bu koordinasiyada yubanma olsaydı, nə olardı? Gülümsəmək istəyərkən üzümüzdə başqa ifadə meydana gələ bilər, ya da danışmaq istədiyimizdə bacara bilməzdik, yeriyə bilməzdik. Halbuki bunların heç biri olmaz. Hər gün, hər saat, qısaca desək, nə vaxt istəsək gülərik, danışarıq, gedə bilərik, biz bu əməliyyatları edərkən heç bir yubanma olmaz. Bu izah etdiklərimizin hamısı "sonsuz qüdrət" tələb edən bir Yaradılış nəticəsində reallaşır.

 

Buna görə də insan hər zaman bütün həyatını və varlığını onu yaradan Allaha borclu olduğunu bilməlidir. İnsanın öyünəcək, lovğalanacaq heç bir şeyi yoxdur. Sahib olduğu güc, sağlamlıq, ya da gözəllik özünün əsəri deyil və ona əbədi olaraq da verilməmişdir. Kim olur-olsun, hər insan bir gün mütləq yaşlanacaq, mütləq sağlamlığını və gözəlliyini itirəcək. Quranda bu həqiqətə belə diqqət çəkilmişdir:

 

    "Sizə verilən hər şey, yalnız dünya həyatının əmtəəsi və bəzəyidir. Allah qatında olan isə, daha xeyirli və daha davamlıdır. Yenə də, ağıllanmayacaqsınızmı?" (Qəsəs surəsi, 60)

 

Verilən nümunələrdən də göründüyü kimi, insan bədənindəki orqanların və sistemlərin hamısı "möcüzəvi" xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər araşdırıldığında insan varlığının necə incə hesablara əsaslandığını və yaradılışındakı möcüzələri görəcək və Allahın sonsuz elmini və bütün canlılar üzərindəki qüsursuz sənətini bir  daha qavrayacaq.



10-02-2012 12:00:00