Ana səhifə

İnsan deyilən SARAY.


YazdırSend to friend

    Bəli, insan bir çəyirdə bənzər. Necə ki o çəyirdəyə qüdrətdən mənəvi və əhəmiyyətli cihazlar və qədərdən incə və qiymətli proqram verilmiş. Ta ki torpaq altında çalışıb, ta o dar aləmdən çıxıb, geniş olan hava aləminə girib, Xâliqindən istedad diliylə bir ağac olmasını istəyib, özünə layiq bir mükəmməliyə çatsın. Əgər o çəyirdək, pis xasiyətinə görə, ona verilən  mənəvi cihazları torpaq altında bəzi zərərli maddələrin cəlbinə sərf etsə, o dar yerdə, qısa bir zamanda, faydasız təfəssüh edib çürüyəcəkdir.

    Əgər o çəyirdək, o mənəvi cihazlarını, فَالِقُ الْحُبِّ وَالنَّوٰى  ayətinin yaradılışa dair əmrini yerinə yetirib  gözəl istifadə etsə, o dar aləmdən çıxacaq, meyvəli böyük bir ağac olmaqla, kiçicik cüzi həqiqəti və mənəvi ruhu böyük bir küllü həqiqət surətini alacaqdır.

   Məhz, eynilə onun kimi, insanın mahiyyətinə, qüdrətdən əhəmiyyətli cihazlar və qədərdən qiymətli proqramlar əmanət verilmişdir. Əgər insan, bu dar yer aləmində, dünyəvi həyat torpağı altında o mənəvi cihazlarını nəfsin həvəslərinə sərf etsə; pozulan çəyirdək kimi, cüzi bir ləzzət üçün, qısa bir ömürdə, dar bir yerdə və sıxıntılı bir halda çürüyüb təfəssüh edərək, mənəvi məsuliyyətini bədbəxt ruhuna yüklənəcək, bu dünyadan köçüb gedəcək.

    Əgər o istedad çəyirdəyini İslamiyyət suyuyla, imanın ziyasıyla, ibadət torpağı altında tərbiyə edərək, Qur'an əmrlərini yerinə yetirib mənəvi cihazlarını həqiqi qayələrinə yönəltsə; əlbəttə misal və bərzəx aləmində qol və budaq verəcək və axirət aləmi və Cənnətdə hədsiz kəmalat və nemətlərə vəsilə olacaq bir ölümsüz ağacın və bir daimi həqiqətin cihâzlarını özündə cəmləyən, dəyərli bir çəyirdəkrövnəqdâr bir maşın və bu kainat ağacının mübarək və münəvvər bir meyvəsi olacaqdır.

    Bəli, həqiqi tərəqqi isə, insana verilən qəlb, sirr, ruh, ağıl, hətta xəyal və sair qüvvələrin əbədi həyata üzlərini çevirərək, hər birinin özünə layiq xüsusi bir ibadət vəzifəsi ilə məşğul olmasıdır.

     Yoxsa, küfr əhlinin tərəqqi zənn etdikləri, dünya həyatının bütün incəliklərinə girmək və zövqlərinin hər çeşidini, hətta ən süflîsini (bayağı) dadmaq üçün bütün incə duyğularını və qəlb və ağılını nəfs-i əmmarəyə təslim edib xidmətçi versə, o tərəqqi deyil, süqutdur.

    Bu həqiqəti, bir xəyali hadisədə belə bir təmsildə gördüm ki: Mən böyük bir şəhərə girirəm. Baxdım ki, o şəhərdə böyük saraylar var. Bəzi sarayların qapısına baxıram; çox şənlik, parlaq bir teatr kimi diqqətin nəzərini cəlb edən, hər kəsi əyləndirən bir cazibədarlıq vardı. Diqqət etdim ki, o sarayın əfəndisi qapıya gəlmiş, itlə oynayır və oynamasına kömək edir. Xanımlar yad gənclərlə şirin söhbətlər edirlər. Yetişmiş qızlar da uşaqların oynamasını tənzim edirlər. Qapıcı da onlara başçılıq edirmiş kimi bir aktyor halını almış. O vaxt anladım ki, o böyük sarayın içərisi bom boş, bütün incə vəzifələr istifadəsiz qalmış, əxlaqları süqut etmiş ki, qapıda bu surəti almışlar.

    Sonra keçdim, başqa bir böyük saraya rast gəldim. Gördüm ki, qapıda uzanmış vəfadar bir it və qaba, sərt, sakit bir qapıçı sönük bir vəziyyət vardır. Maraqlı gəldi, nə üçün o elə, bu belə? İçəriyə girdim. Baxdım ki, içərisi çox şənlik. Dairə dairə üstündə, ayrı-ayrı incə vəzifələrlə saray əhli məşğuldurlar. Birinci dairədəki adamlar, sarayın idarəsini, tədbirini görürlər. Üstündəki dairədə qızlar, uşaqlar dərs oxuyurlar. Onun da üstündə xanımlar, çox lətif sənətlər, gözəl naxışlarla məşğul olurlar. Ən yuxarıda əfəndi, padşahla xəbərləşib xalqın istirahətini təmin etmək üçün və öz kamillik və tərəqqiləri üçün, özünə xas və ülvi vəzifələrlə məşğul olduqlarını gördüm. Mən onlara görünmədiyim üçün, qadağandır demədilər, gəzə bildim.

    Sonra çıxdım, baxdım. O şəhərin hər tərəfində bu iki qisim saraylar var. Soruşdum.

  Dedilər: "O qapısı şənlik və içi boş saraylar, kafirlərin irəli gələnlərinindir və zəlalət əhlinindir. Digərləri, namuslu Müsəlman böyüklərinindir."

    Sonra bir küncdə bir saraya rast gəldim. Üstündə "Səid" adını gördüm. Maraqlı gəldi. Bir az diqqət etdim, surətimi üstündə görürmüş kimi mənə gəldi. Tam bir təəccübümdən bağıraraq ağlım başıma gəldi, ayıldım.

    Bax, o xəyali hadisəni sənə təbir edəcəyəm. Allah xeyir etsin.

   Məhz, o şəhər, bəşəriyyətin ictimai həyatı və insanlığın mədəniyyət şəhəri. O saraylar, hər birisi bir insandır. O saray əhli isə, insandakı göz, qulaq, qəlb, sirr, ruh, ağıl kimi lətaif və nəfs və həva və şəhvət qüvvəsi və qəzəb qüvvəsi kimi şeylərdir. Hər insanda hər bir lətifənin ayrı-ayrı ibadət vəzifələri var. Ayrı-ayrı ləzzətləri, ələmləri var. Nəfs və həva, şəhvət və qəzəb qüvvəsi, bir qapıçı və it hökmündədirlər. Məhz o yüksək lətaifi nəfs və həvaya ram etmək və əsas vəzifələrini unutdurmaq, əlbəttə süqutdur, tərəqqi deyildir.  Sair cəhətləri sən təbir edə bilərsən.

(Risale-i Nur Külliyatı | Sözler | Yirmi Üçüncü Söz | İkinci Mebhas-ın bir hissəsinin tərcüməsidir.)

Müəllif: 


14-04-2017 05:12:29