Ana səhifə

İnsanların ehtiyaclarını qarşılamaq və onlara yaxşılıq etmənin əhəmiyyəti nədir?


YazdırSend to friend

Bir Müsəlmanın başqalarına zərər verməməsi, hər kəsə yaxşılıq etməsi ən əhəmiyyətli əxlaqi vəzifələrindən biridir. Rəsulullah (s.ə.v): "Müsəlman, digər Müsəlmanların əlindən və dilindən əmin olduqları adamdır," buyurmuşdur. (Buxari İman, 3-4; Müslim, İman, 64-66)

 Peyğəmbərimiz: "Allah qatında dostların ən yaxşısı yoldaşına, qonşuların ən yaxşısı da qonşusuna ən yaxşı davrananıdır," buyurmuşdur. (Buxari, İman, 31; Tirmizi, Birr, 28)

Mömin, həmişə yaxşılıq etmək fürsətlərini axtaran, belə bir fürsət ələ keçincə də heç vaxt itirmədən yaxşılıq edən, özünü yaxşılıq etmə düşüncəsinə həsr etmiş insan deməkdir. Hətta ona görə yaxşılıq yalnız insana deyil, heyvana və ya bitkiyə də edilə bilər. Bu mənada acan bir heyvana yemək vermək, qurumağa üz tutmuş bir ağacı sulamaq da bir yaxşılıqdır.

 Peyğəmbər Əfəndimiz (s.ə.v.) heyvanlara edilən yaxşılıq və pisliyə bu iki nümunəni verir: "Allah (c. c.) bir it üzündən, əxlaqsız bir qadını bağışlayıb cənnətinə aldı. İt bir quyunun başında, susuzluqdan dili sallanmış bir vəziyyətdə ləhləyərək dayanırdı. Tam o əsnada oradan keçməkdə olan bu qadın, itin halını görüncə dözə bilmədi. Dərhal belindən kəmərini çıxarıb ayaqqabısına bağladı, bununla quyudan su çıxarıb itə içirdi, beləcə it ölümdən xilas oldu. Bu qadının bir itə qarşı bu davranışı onun əfvinə vəsilə oldu və Allah (c. c.) onu cənnətinə qoydu." (Buxari, Ənbiya, 54; Müslim, Salam, 153-155)

 İkinci nümunəni isə Allah Rəsulu belə izah edir: "Bir qadın bir pişik üzündən cəhənnəmə girdi. Nə o pişiyə yedirdi-içirdi, nə də yolladı ki çöldə ovlansın. Və pişik aclıqdan öldü. O qadın da buna görə cəhənnəmə girdi." (Buxari, Müsakat, 9; Müslim, Salam, 151-152)

 Əşrəfi-məxluqat olan insana edilən yaxşılıq isə, digər varlıqlara qarşı edilən yaxşılıqlarla müqayisə edilməyəcək qədər qiymətli və üstündür. Bir ayədə yaxşılıq ediləcək kəslər əhəmiyyət dərəcəsinə görə belə sadalanır:

 

 "Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir." (Nisa, 4/36)

 

Ayəyə diqqətlə baxanda, Allaha inanmaq və Ona heç bir şeyi ortaq qoşmayıb səmimiyyət ilə ibadət etmək nəzərə verildikdən sonra, cəmiyyətin hamısını əhatə edəcək şəkildə geniş bir dairəyə yaxşılıq etməyimiz əmr edilir. Əvvəl ata-anaya yaxşılıqla rəftar etmək, qohumlara lütfkar davranmaq, yetimlərə və yoxsullara yardım etmək sıralanır. Sonra, evi yaxın olan və ya qohum olan qonşuya yaxşılıq və evi uzaq olan və ya qohum olmayan ya da Müsəlman olmayan uzaq qonşuya yaxşılıq zikr edilir.

Mərhum Elmalılı, bu ayəni təfsir edərkən qonşu ilə əlaqədar hissəsində bu hədisi-şərifi xatırladır: "Qonşu üç hissəyə ayrılır. Birincisi, qonşu qohum və Müsəlman isə üç haqqı vardır; qonşuluq haqqı, qohumluq haqqı və İslamiyyət haqqı. İkincisi, qohum deyilsə iki haqqı vardır; qonşuluq haqqı və İslamiyyət haqqı. Üçüncüsünün isə bir haqqı vardır: qonşuluq haqqı ki, bu xristian, yəhudi və müşrik qonşudur." Deməli, qonşu başqa dindən və ya dinsiz də olsa, ona yaxşılıq etmək qonşuluq haqqıdır. Dünyanın hər yerində və hər mühitdə təsirli olan ən gözəl yaxşılıq isə, möminin sahib olduğu gözəllikləri haqqıyla və özünə yaraşan şəkildə təmsil etməsi, bu yaxşılıq və gözəllikləri şəxsi həyatında, ailə həyatında və ictimai həyatda göstərməsidir. Ayədə daha sonra dost və yoldaşlara yaxşılıq əmr edilir ki, ən yaxın dost və yoldaşımız isə həyat yoldaşımızdır. Buna görədir ki ona həyat yoldaşı deyilmişdir. Həyat yoldaşımızdan sonra digər dostlarımız və tanışlarımız gəlir.

Bilindiyi kimi qohumlar arasındakı hər cür yaxşılıq, “sılai-rəhm” təbiriylə ifadə edilmişdir. Sılai-rəhm, şirin sözlü, gülər üzlü olmaqdan salamlaşmağa, hal-əhval soruşmaqdan gözəl diləklərə, ziyarətlərinə getməkdən ehtiyaclarını görməyə, dərdlərini paylaşmaqdan maliyyə köməyinə qədər bir çox yaxşılıq və lütfkarlığı ehtiva edir. Xüsusilə indiki vaxtda bu yaxşılıq və lütfkarlıq yolları az qala unudulmuş və qohumluq bağları tamamilə qoparılmışdır.

Təəssüf ki, artıq ata-analar, nənə və babalar bir az yaşlanıb əldən-ayaqdan düşüncə, özlərini düşkünlər evində tapırlar. Buralara “hüzur evi” adı verilir. Ancaq insan, uşaqlarının, nəvələrinin olmadığı, o qədər qayğıyla böyütdüyü balalarını sevə bilmədiyi, onlara baxıb "mən də bir anayam, bir atayam!" deyə bilmədiyi, özünə sevgi və hörmətlə baxan yaxınlarını görə bilmədiyi, onun üçün süfrəyə bir qabın qoyulmadığı və çox vaxt axtarılıb-soruşulmadığı bir yerdə nə qədər hüzurlu olar ki! Biz öz fikrimizdə mövhum bir hüzur yerləşdirmişik, orada hüzur var deyə düşünürük. Onları da bizim var olduğunu sandığımız hüzuru hiss etmələri üçün məcbur edirik. "Nə gözəl yeyib-içib yatırlar, daha nə lazımdı ki?"-deyirik sanki. Halbuki insan, yeyib-içib yatan və bu şəkildə hüzur tapa bilən bir məxluq deyil. İnsan, ətrafındakılar ilə əlaqədar olan, övlad və nəvələriylə, hətta nəvələrinin nəvələriylə belə münasibəti olan bir varlıqdır. Lakin təəssüf ki, biz bu gün onu, yemə, içmə və yatmağa həbs etmiş vəziyyətdəyik.

Bu müəssisələr əlbəttə bəzilərimiz üçün bir ehtiyacdır, lazımlıdır. Özlərini evində-ocağında tutacaq bir bağı qalmayanlar üçün hüzur evidir. Amma yaşlılarını evdən uzaqlaşdıranlar bu vəziyyətin onlar üçün həqiqətən hüzur olub-olmadığını təkrar düşünməlidirlər.

Yuxarıda verdiyimiz ayənin sonunda, yaxşılıq edəcəyimiz digər bir qrup olaraq yolda qalmış insanlar nəzərə verilməkdədir. Ayənin ərəbcəsində keçən “ibn səbil”sözü, həm yolda qalmışları, həm də evimizə qonaq olaraq gələnləri əhatə edir. Ayə son olaraq kölələrə yaxşılıq etməyi əmr edir. Ancaq Allaha şükür ki, bu gün köləlik yoxdur.

Qısacası, ayəyə geniş nəzərlə məna verdikdə, dini, dili, irqi və mədəniyyəti nə olursa olsun, bütün insanlara yaxşılıq etməli olduğumuzu söyləmək mümkündür. Əslində biz, özünə düşmənlik edənlərə belə yaxşılıq etmə fürsəti axtaran, beləcə onu etdiyi pisliyə qarşılıq cəzalandırmaq yerinə, düşünməyə və peşman olub yaxşılıq yoluna dönməyə sövq edən anlayışı, bu və bənzəri ayələrdən almışıq.

Yaxşılığın ruhu: Allah rizası

Allah, hər insanın içinə yaxşılıq etmə hissini yerləşdirmişdir. Beləliklə də hər fərdin içində yaxşılıq etmə hissi potensial olaraq vardır. Bu insan fitrətinin bir gərəyidir. Ancaq Allahın hər kəsin içinə yerləşdirdiyi yaxşılıq etmə hissindən qaynaqlanan bir yaxşılıq ilə Cənabı Haqqı təfəkkür etmə mülahizəsiylə edilən bir yaxşılıq arasında fəzilət baxımından əhəmiyyətli fərq vardır. Necə ki, sevərkən və ya nifrət edərkən Allah üçün etmək lazımdır, elə də yaxşılığı Allah üçün etmək möminə daha çox savab qazandıracaq və eyni zamanda bu niyyət ilə yaxşılıq etmək, əməllərə ayrı bir dərinlik də qatacaq.

Bunu bir misal ilə dəqiqləşdirək: Mömin, çətin vəziyyətdə qalmış bir qarışqanı, özündə potensial olaraq mövcud olan yaxşılıq etmək düşüncəsiylə, içində olduğu o çətin vəziyyətdən qurtara bilər. Bunun savab olmadığını söyləmək mümkün deyil. Ancaq bu işi, "mənim içimdə belə bir yaxşılıq etmək düşüncəsi var. Amma , Allahım, bunu sırf Sənin razılığını qazanmaq üçün edirəm," duyğu və düşüncəsi ilə etmək, yaxşılıq etməyə ayrı bir dərinlik qazandırar. Elə isə ediləcək yaxşılıqda daşıdığımız niyyət, o yaxşılığın ruhudur, necə ki digər bütün ibadətlərimiz üçün də bu, belədir. Buna ixlas deyilir.

Sözlərimizi, Allahın geniş rəhmətini və yaxşı niyyəti dilə gətirən bir hədislə bitirək:

"Şübhəsiz ki, Allah yaxşılıqları və pislikləri yazmış, sonra onları bəyan etmişdir. İndi kim bir yaxşılıq etmək istəsə, amma edə bilməsə, Allah onu öz qatında tam bir həsənə (savab əməl) olaraq yazar. O xeyirli işi etməyə niyyət edər və onu edərsə, Allah (c.c.) onu on qatdan yeddi yüz qata və daha da çox qatlayaraq həsənat yazar. Əgər bir pislik etmək istəyər, amma etməzsə, Allah onu nəzdi-uluhiyyətində tam bir həsənə olaraq yazar. O pisliyi etmək istəyər və edərsə, Allah onu bir tək seyyiə (pis əməl) olaraq yazar." (Buxari, Rikak, 31; Müslim, İman, 207)

 

Qeyd: Bu yazı, Diyanət Avropa Aylıq Jurnal 2008 İyun sayından alınmışdır.

Dos. Dr. Mustafa Ünvər, 19 May Univ. İlahiyyat Fak.



26-04-2011 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz