Ana səhifə

İslamda Kişilərə Cənnətdə Huri Verilməsi Vardırmı?


YazdırSend to friend

Əziz müsəlmanlar! Oxuyacağınız bu əsər: “Cənnətdə həm kişilərə, həm də qadınlara hurilər veriləcəkdir, hurilər söhbət yoldaşlarıdır və cinsi məqsədlər üçün verilməyəcəkdir, - deyən insanlara cavab mahiyyətində hazırlanmışdır. Bu sözlərinin nə qədər yanlış olduğunu və bunu deyən insanların Quranı anlamaqdan, məntiqdən nə qədər uzaq olduqlarını yazılarımızı səbirlə oxuduğunuz təqdirdə anlayacaqsınız.

Əvvəlki yazılarımızdan fərqli olaraq öncə qarşı tərəfin iddialarına cavab verəcək, sonra isə hurilərin yalnız kişilərə və söhbət yoldaşı olarar yox, cinsi səbəblərdən veriləcəyini isbat edəcəyik. Sonda isə yenə 
aramızda yaranmış ixtilafı həll etmək üçün Quranın verdiyi tövsiyəni nəql edəcəyik...

Cənnətdə kişilərə hurilərin veriləcəyini inkar etmək hansı fəsadları yarada bilər?

  İnsan qüsursuz bir varlıq deyildir. Allah-u Təala hər bir insana nəfs vermiş və bunu imtahan səbəbi etmişdir. Təbii ki, insanların ən böyük imtahanlarından biri şəhvət hissi ilə olan imtahanlarıdır.

Şəhvət hissini tətmin etmənin yollarından biri zinadır. Zina Quran ayələrinin bəyanı ilə haramdır və cəmiyyətin mənəvi cəhətdən yavaş-yavaş ölməsinə səbəb olar. O halda zina da şəhvət hissi kimi bir imtahan səbəbidir və bu bataqlığa düşmək Rəbbimiz tərəfindən qadağan edilmişdir.

  Qullarının zina bataqlığına düşməsinin qarşısını almaq üçün bir çox həll yolları Allah (cc) tərəfindən göstərilmişdir. Evlənmək bunlardan ən gözəlidir. Çünki evlənmək namusu qoruyan bir qalxana bənzəyir. Bununla birlikdə evlənməyə gücü çatmayanlara hədislərdə oruc tutmaq tövsiyə edilmişdir ki, ac qalmaq nəfsi ilahi istəklərə boyun əydirər və şəhvət hissinin baş qaldırmasından qoruyar.

Eyni zamanda zina edən subaylara dəyənək, evlilərə rəcm cəzasının verilməsi də zinanın yayılmasını önləmək üçündür. Təsadüfi deyildir ki, cahiliyyə dövründə əxlaqsızlığın baş alıb getdiyi Məkkədə Peyğəmbərimizin və dörd xəlifənin dövründə - əlli ildən artıq müddətdə sadəcə altı rəcm cəzası tətbiq edilmişdir. Bu da zinaya verilən cəzaların zinanın cəmiyyətdə kök salmasına necə mane olduğunun bir dəlilidir. Çünki heç kim 15-20 dəqiqə zövq çəkib sonra daşqalaq edilməyi istəməz...

Bu tədbirlərlə yanaşı Rəbbimiz nəfsini zinadan qoruyanlara, həyatını təmiz yaşayanlara və Cənnətə getməyə layiq olanlara Cənnətdə hurilərin veriləcəyini xəbər vermişdir.

İnsanın fitrətindən irəli gəlir ki, bəzi şeyləri qarşılıq gözləyərək etsin. Bəsit bir nümunə verək: azyaşlı uşaqlar xəstələndiyi zaman xörək yemək istəməzlər. Onlara yemək təklif edən ana-atalarına isə: "Mən bunu yesəm, mənə nə alarsan?" - şəklində şərt qoşarlar.

Bənzər şəkildə insanlar da haram buyurulmuş, amma nəfsə xoş gələn şeyləri qarşılıq gözləyərək tərk edərlər. Ağlı başında heç kəs qumar oynamağı Uca Allahın camalına tamaşa etməkdən üstün saymaz. Və ya heç kim dünyanın zərər verici alkoqollarını Cənnətdəki içkilərdən üstün görməz. 

Bu səbəbdən də Allah insanlara bir şeyi haram edərkən onun minlərlə alternativini yaratmış (məsələn, donuz ətini haram etmiş, yüzlərlə heyvanınkını isə halal buyurmuşdur), eyni zamanda Cənnət nemətləri ilə də qullarını günahlardan uzaq olmağa çağırmışdır.

   Evlənməyən, oruc tutmağa da gücü çatmayan birisi, ən azından, onu təmiz həyat sürdüyü təqdirdə Cənnətdə gözləyəcək olan huriləri düşünər və yuxarıda qeyd etdiyimiz bir şeyi etmək üçün qarşılıq gözləmək duyğusu səbəbindən də zinadan uzaq olar. Hurilərin verilməsi dini cəhətdən bir gerçək olduğu kimi, psixoloji yöndən də insanlara müsbət təsir edəcəkdir.

Hurilərin cinsi səbəblərlə yox, söhbət yoldaşı olaraq veriləcəyini bildirmək, iradəsi zəif olan insanlarda bu düşüncənin yaranmasına səbəb olar: "Onsuz da bu dünyada da söhbət yoldaşlarım var. Evlənəsi imkanım da yoxdur, hurilər də verilməyəcəkmiş, onda niyə zina etməyim ki? Sonra da tövbə edərəm".

Deməli, kişilərə hurilərin veriləcəyini inkar etmək psixoloji cəhətdən zina faktlarının artmasına səbəb olar. Dini cəhətdən isə kişilərə hurilərin veriləcəyini inkar etmək bir tragikomediyadır. Bu barədə növbəti səhifələrdə daha ətraflı məlumat veriləcəkdir.

Sadəcə kişilərə cinsi istəklərini yerinə gətirmələri üçün hurilərin verilməsi ədalətsizlik olmazmı?

Cənnətdə kişilərə hurilərin veriləcəyini düşünmək Cənnətin sadəcə kişilərə məxsus yer olduğu fikrini yaratmaz. Belə ki, orada qadınlara da kifayət qədər nemətlər lütf ediləcəkdir. 

Hurilərin sadəcə kişilərə verilməsinin ədalətsizlik olduğunu düşünənlər ola bilər. Hər bir insanın nöqteyi-nəzəri və anlayış dərəcəsi fərqlidir. Məsələn, Quranda qadınlara mirasın 1/3-nin, kişilərə isə 2/3-nin verilməsini böyük bir hikmət olaraq anlamaq mümkündür. Lakin bunun səbəbini bilməyənlər mirasın belə bölüşdürülməsinin qadınlara edilmiş haqsızlıq olduğunu düşünə bilərlər.

Bir məclisə gedərkən qadınlar zinət əşyalarından istifadə etmək ehtiyacı duyarlar. Bəs kişilər qızıl taxmaq istəyir? Əlbəttə ki, yox.

Deməli, canlılardakı ehtiyaclar fərqli-fərqlidir. Cənnətdə kişilərə hurilər verilir deyə mütləq qadınlara da kişilər verilməlidir, əks halda ədalətsizlik olar? Xeyr, heç bir ədalətsizlik yaranmış olmaz. Çünki bərabərlik ilə ədalət fərqli şeylərdir. Bu barədə aşağıdakı rəsmə diqqət yetirək:
 

Gördüyünüz kimi bir şeyi hamıya eyni qədər vermək bərabərlik yaratsa da, həmişə ədaləti yaratmır. Ədalət hər kəsə ehtiyacını ödəyəcək qədər nemətin bəxş edilməsidir.

Eyni şəkildə, Cənnətdə kişilərə hurilər veriləcək deyə qadınlara da hurilərlə eyni funksiyanı yerinə yetirən kişilərin verilməsi bərabərlik yarada bilər, lakin bunun ədalət olduğunu demək nə dərəcədə düzgündür? Cənnətdə qadınların da cinsi məqsədlər üçün başqa kişilərə ehtiyac duyacağını haradan bilirik?

Kişilərin makyaj etmə, qızıl taxma istəyinin olmadığı kimi, qadınların da Cənnətdə çoxlu kişilərə qarşı cinsi istəkləri olmaya bilər...

Cənnətdə kişilərə hurilər veriləcəksə, qadınlara nələr veriləcək?

İslam dininə görə bu dünyada da kişilər ədalətsizlik etməyəcəkləri təqdirdə dördə qədər qadın ilə evlənə bilərlər. Lakin bir qadın sadəcə bir kişi ilə evlənə bilər. (Qadınların bir kişi ilə evlənməsinin hikmətləri başqa bir yazının mövzusu olduğundan, bu məsələni burada açmırıq).

Nəinki Cənnətdə, hələ bu dünyada belə qadınlara sadəcə bir kişi ilə evlənməyə icazə verilmişdir. Bu, fitrətə uyğun bir vəziyyətdir və (daha əvvəlki səhifədə izah olunduğu kimi) bərabərlik yaratmasa da, kifayət qədər ədalət yaradır.

Deməli, qadınların dünyada da, axirətdə də çoxlu kişilərlə birlikdə olmaları fitrətə uyğun deyil. Belə olduqda qadınlara Cənnətdə daha böyük nemətlər verilməlidir ki, ədalət yerini tapmış olsun. Bəs bu nemətlər hansılar ola bilər?

Cənnətdəki ən böyük nemət Allahın camalına tamaşa edə bilməkdir. Allah öz camalını qadınlara kişilərdən daha çox göstərəcək ola bilər. 

Beləliklə, kişilərə hurilər verilsə belə, Allah onlardan daha böyük nemət olan Camalullaha tamaşa nemətini qadınlara kişilərdən daha çox bəxş edərək ədaləti bərqərar edə bilər. 

"... Heç kəsə əsla haqsızlıq edilməz..." (Ənbiya, 21/47)

 

Hurilərin söhbət yoldaşı olacağını iddia edənlərə cavab və Cənnətdə kişilərə hurilərin veriləcəyinin dəlilləri...

  Hurilərin söhbət yoldaşı, dost kimi veriləcəyini iddia edənlər bu sözün kökü ilə, "havari" (İsa peyğəmbərin dostları) sözünün kökünün eyni olduğunu, havarilərin qadın olmadıqlarını, beləliklə də, hurilərin həm kişilərə, həm də qadınlara söhbət yoldaşı olaraq veriləcəyini iddia edirlər.

Məsələyə bu cür yanaşma heç də doğru deyildir. "Huri" sözünün də, "havari" sözünün də "havər" kökündən əmələ gəlməsi onların eyni şey olduğunu göstərir? Ya da bir şeyin nə olduğunu aydınlaşdırmaq üçün onun lüğəvi mənasına baxmaq lazımdır?

   Bildiyimiz kimi, sözlər həm lüğəvi mənaya, həm də istilahi (termin) mənasına sahib ola bilər. Dini mətnləri, xüsusən də Quranı doğru anlamaq üçün sözlərin əksər hissəsinin terminoloji mənasına baxmaq lazımdır. Əks halda ilahi əmrləri doğru başa düşmək mümkün olmaz. Məsələn, "salat" sözünün dəstək, dua mənaları var. Sadəcə lüğətə baxsaq, bu sözün dua mənasına gəldiyini düşünə bilərik. Halbuki "salat" sözünün termin olaraq mənası namazdır. Deməli, Allahın namazı əmr etdiyini başa düşmək üçün lüğətə baxmaq yox, bu sözün terminoloji mənasına baxmaq lazımdır. 

Havari sözünün termin olaraq mənası İsa peyğəmbərə dəstək olan, onun seçdiyi on iki nəfərdir. Huri sözünün isə terminoloji mənası isə Cənnətdə kişilərə veriləcək olan qadınlardır.

Göründüyü kimi, iki sözün də eyni kökdən gəlməsi onların termin kimi fərqli məna verməsinə mane deyildir. Bunu daha yaxşı başa düşməyimiz üçün (əksər oxucularımızın ərəbcə bilmədiyini nəzərə alaraq) Azərbaycan türkcəsində bir nümunə verək:

Kök sözünün bir mənası dolu bədənli, şişman adamdır. Eyni zamanda kök sözünün sarı, sarı-qırmızı rəngli tərəvəz mənası da vardır. Bunlar kök sözünün lüğəvi mənalarıdır. Kök sözü dilçilikdə termin kimi istifadə olunur: sözün kökü. Sözün kökü həmin sözün ayrılıqda məna verən hissəsinə deyilir. Məsələn, kitablar sözünün kökü "kitab"dır. Kök sözündən riyaziyyatda da termin olaraq istifadə edilir: ədədin kvadrat, kub, dördüncü dərəcədən və s. kökü. Məsələn, 25 ədədinin kvadrat kökü 5-dir. Çünki 5 x 5 = 25. 36 ədədinin kvadrat kökü 6-dır. Çünki 6 x 6 = 36 və s. Əlavə məlumat üçün buraya baxa bilərsiniz.

Yuxarıdakı izahlardan sonra bu nəticəyə gəlmək olar:

Kök sözü bir dənədir. Mənaları isə birdən çoxdur. Bu sözün lüğəvi mənaları:

  1. Dolu bədənli, şişman adam

  2. Sarı, sarı-qırmızı rəngli tərəvəz

Kök sözünün termin olaraq mənaları:

  1. Dilçilikdə: Sözün müstəqil məna daşıyan hissəsinə sözün kökü deyilir.

  2. Riyaziyyatda: n vahiddən fərqli natural ədəd olduqda , n-ci qüvvəti a-ya bərabər olan ədədə a ədədinin n-ci dərəcədən kökü deyilir.

Havər sözü bir dənədir. Bu sözün lüğəvi mənaları:

  1. Ağ rəngdə olmaq

  2. Yaxşıca bəyazlatmaq

Havər sözünün formalarının termin olaraq mənaları:

  1. Huri şəklində: Cənnətdə kişilərə veriləcək olan qadınlardır.

  2. Havari şəklində: İsa peyğəmbərə inanan və İsa (əs) tərəfindən seçilmiş on iki şəxs.

Deməli, kök sözü bir dənədir. Bu sözün özünün bir sıra mənaları vardır. Termin olaraq da bir neçə fərqli mənası vardır. Kök sözünün lüğəvi mənaları onun terminoloji mənalarına təsir etmir, yəni, sözün kökü deyildiyi zaman sözün şişman olanı yox, sözün müstəqil məna daşıyan hissəsi nəzərdə tutulur.

Eyni şəkildə havər sözü bir dənədir. Bu kökdən törəmiş sözlərin isə bir neçə lüğəvi mənası vardır. Bu sözün müxtəlif formalarının termin kimi də bir neçə fərqli mənası vardır. Havər sözünün lüğəvi mənaları onun terminoloji mənalarına təsir etmir. Bir termin kimi daşıdığı məzmun (havari) digər terminoloji mənasına (huri) da təsir etmir.

İnanırıq ki, anlaşılan üslubla nümunələr göstərərək hurilərin söhbət yoldaşı olduqlarını və havarilərə bənzədiklərini deyənlərin iddialarına cavab vermiş olduq. 

İndi isə hurilərin sadəcə kişilərə və şəhəvi hislərinə görə veriləcəyinin dəlillərini paylaşaq:

Dəlil 1:
Duxan surəsinin 54-cü ayəsində belə buyurulmuşdur: "Onları iri gözlü hurilərlə evləndirəcəyik".

Ayədəki onları evləndirəcəyik (زَوَّجْنَاهُمifadəsindən anlaşılır ki, hurilər söhbət yoldaşı olaraq verilməyəcəkdir. Onları şəklində tərcümə olunan (هُم) sözü Ərəb dilində kişilər üçün istifadə olunur. Ayrıca, hurilərin iri gözlü (عِينٍolduğu bildirilir. Allah niyə söhbət yoldaşının və ya dostun iri göslü olmasındah bəhs etsin? Deməli, iri gözlü və onları evləndirəcəyik ifadələri birlikdə təhlil etsək, bu nəticəyə gələrik ki, Cənnətdə kişilərə hurilər veriləcəkdir. Hər halda evləndikdən sonra bacı-qardaş həyatı yaşamayacaqlar...

Dəlil 2:
Hurilərdən çox incəliklə bəhs edilməsi də onların sıravi söhbət ortaqları olmadıqlarını isbat edər. Belə ki, Vaqiə surəsinin 22-23-cü ayələrində belə buyurulmuşdur: "İri gözlü, qəşəng hurilər də vardır. Sanki sədəf içində gizlənmiş incidirlər". Hurilərin sədəf içindəki incilərə bənzədilməsi, əlbəttə ki, onlara olan marağı artırmaq üçündür. Onda, onlar sıravi dostlar deyildirlər.

Saffat surəsinin 48-49-cu ayələrində belə buyurulmuşdur: "Onların yanında gözəl, baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır. Onlar, sanki örtülü (heç bir əl dəyməmiş) yumurtadırlar". Bu ayədə də Cənnətdəki hurilərdən incəliklə söz açılmışdır. Deməli, onlar elə-belə dostlar deyildirlər.

Bunlarla bərabər hurilərin bakirə olduqlarından (Vaqiə, 56/36), Cənnətdəki ərlərindən daha əvvəl heç bir varlığın onlara toxunmadığından (Rəhman, 55/56, 74) bəhs edilərək onların xüsusi olduqları bildirilmişdir.

Nəbə surəsinin 33-cü ayəsində belə buyuruluşdur: "Sinələri yenicə qabarmış həmyaşıd qızlar...Ayədəki kəvaib (كَاعِبَsözü kaib (كَاعِبَsözünün cəm formasıdır. Bir çox reformist ilahiyyatçı tərəfindən bu sözün mənası təhrif edilsə də, bütün alimlər bu sözün döşləri yenicə formalaşmış qızlar mənasına gəldiyi xüsusunda ittifaq etmişdirlər. Buraya  tıklayaraq internetdəki ən əhatəli lüğtdə də bu sözün həmin mənaya gəldiyinin şahidi ola bilərsiniz. 

Bu barədə belə bir iddia da var: Nəbə, 78/31 ayəsində Cənnət nemətlərinin müttəqilər üçün olduğundan bəhs edilir. Müttəqilərə qadınlar da daxildir. Nəbə, 78/33 ayəsinə "sinələri yenicə qabarmış qızlar" mənasını versək, qadınlara da qızların veriləcəyini anlamalıyıq?

Buna cavabımız belədir: Bir supermarket sahibinin belə dediyini düşünün: "Bu gün müştərilərimizə çoxlu şalvarlar, telefonlar, sırğalar satdıq və onlar sırğaları burada taxıb yoxladılar..." Müştərilərə həm kişilər, həm də qadınlar daxildir. Şalvarlar həm kişilərə, həm də qadınlara satıla bilər. Telefonlar da. Ancaq sırğalar yalnız qadınlara satıla bilər. (Söhbət normal qadın sırğalarından gedir). İndi siz belə düşünə bilərsinizmi ki, "müştərilərə kişilər də daxildir, onda sırğa sözünün başqa mənalarını axtaraq"? Əlbəttə, yox. Çünki məntiqi olan hər kəs sırğa sözünün müştəri adlandırılan insanların qadın olanlarına aid olduğunu anlayar. Eyni şəkildə müttəqilərə həm kişilər, həm də qadınlar daxildir. Lakin Nəbə, 78/33 ayəsi kişilərlə əlaqədardır. Buradakı yazı faydalı ola bilər.

 

Nəbə surəsi 31-33-cü ayələrinin açıqlaması.


Bütün bu izahlardan sonra - hurilərin xarici görkəmlərinin, gözəlliklərinin belə incə şəkildə təsvir olunduğunun şahidi olduqdan sonra bu nəticəyə gəlirik ki, Cənnətdəki hurilər kişilərə bu dünyada təmiz həyat sürmələri səbəbindən Allah tərəfindən veriləcək olan təmiz və gözəl zövcələrdir.

Dəlil 3:
Burada nəql etdiyimiz dəlillərlə hədislərin də dini bir önəmə sahib olduğu açıqca isbat edilmişdi. Hədislərdə hurilərin varlığından, sadəcə kişilərə veriləcəyindən və söhbət yoldaşı kimi verilməyəcəyindən bəhs edilmişdir. 

Deməli, hurilər kişilərə söhbət yoldaşı kimi yox, şəhvətlərini tətmin üçün veriləcək.

Dəlil 4:
Nisa surəsinin 115-ci ayəsində belə buyurulmuşdur: "Kim ki doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxar və möminlərin yolundan başqa bir yola uyarsa, onu üz tutduğu yolda qoyar və Cəhənnəmə soxarıq. Ora nə pis dönüş yeridir!"

Bu ayənin bəyanı ilə möminlərin yolundan başqa bir yola uymaq haramdır. Haram olan bir şeyi tərk etmək də vacib olduğundan, möminlərin yoluna uymaq vacibdir. Bundan əlavə ayədə müsəlmanlara Cəhənnəmə getmə səbəblərindən ikisi göstərilmişdir. 

  1. Peyğəmbərə qarşı çıxmaq

  2. Möminlərin yolundan başqa yola uymaq

Bildiyimiz kimi Peyğəmbərə qarşı çıxmaq Allaha qarşı çıxmaq (Nisa, 4/80) sayılacağından, bunun özü Cəhənnəmə getmək üçün yetərli olardı. Əgər möminlərin yolundan başqa yola uymaq təkbaşına Cəhənnəmə girmə səbəbi olmasaydı, Peyğəmbərə qarşı çıxmanın yanında yer almazdı. Çünki təkbaşına Cəhənnəmə girməklə təhdid edən bir səbəbin (Peyğəmbərə qarşı çıxmanın) yanında təhdid edəcək dərəcədə ciddi olmayan bir şeyin (möminlərin yolundan başqa yola uymanın) yer alması bəlağət qaydalarına zidd olar və Quranda yersiz fikirin olduğunu göstərərdi. Halbuki Quran bəlağətin bir incisidir və onda yersiz bir hərf belə yoxdur.

Deməli, həm Peyğəmbərə qarşı çıxmaq, həm də möminlərin yolundan başqa yola uymaq təkbaşına Cəhənnəmə girmə səbəbidir, möminlərin yolundan başqa yola uymaq - haqqında yekdil bir fikir olan, ümmətin əksər hissəsinin ittifaq etdiyi bir məsələyə müxalifət etmək haramdır.

Ümmət-i Muhəmmədin, demək olar ki, hamısı Cənnətdə kişilərə şəhvətlərini tətmin etmələri üçün hurilərin veriləcəyi xüsusunda ittifaq etmişdir. Onda ümmətin ittifaqı isbat edər ki, Cənnətdə kişilərə hurilər veriləcəkdir.

Gəlin hurilərin söhbət yoldaşı olacağını iddia edənlərə verdiyimiz cavabları və Cənnətdə kişilərə hurilərin veriləcəyinin dəlillərini burada yekunlaşdıraq və aramızda yaranmış ixtilafı həll etmək üçün Quranın verdiyi tövsiyəyə keçək...

 

 

Cənnətdə kişilərə hurilərin veriləcəyinə inananlarla bunu inkar edənlər arasında yaranmış fikir ayrılığından qurtulmaq üçün Quranın verdiyi tövsiyə...

   Nisa surəsinin 59-cu ayəsində belə buyurulmuşdur: "Əgər bir məsələdə mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərinə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır". 

Ayədə ifadə edilən mübahisə vəziyyəti Cənnətdə kişilərə hurilərin veriləcəyinə inananlarla bunu inkar edənlər arasında yaranmış durumu ifadə etməkdədir. O halda, bu ixtilafı həll etmək üçün Nisa, 4/59 ayəsinin verdiyi tövsiyəyə qulaq verməliyik.

Burada ixtilafı həll etmək üçün iki yoldan bəhs olunur: Məsələni Allaha həvalə etmək və ya Peyğəmbərinə həvalə etmək.

Ayənin mübahisəni həll etmək üçün verdiyi ilk tövsiyə onu Allaha həvalə etməkdir. Məsələni Allaha ərz etmək, hər halda göyə qalxıb Allahın nurunun təcəllisi ilə şərəflənərək mübahisə edilən məsələ haqqında Allahla söhbət etmək deyildir. Məsələni Allaha həvalə etmək onu Allahın kitabı olan Qurana həvalə etməkdir.

Biz mübahisəmizin həlli uğrunda Qurana baş vurduq. Cənnətdə kişilərə hurilərin veriləcəyinə dair dəlillər göstərdik, siz də onların verilməyəcəyi haqqında özünüzə görə dəlillər göstərdiniz. Biz: "Siz ayələrə yanlış məna verirsiniz!" - dedik, sizlər də: "Yox, siz ayələri yanlış təfsir edirsiniz!" - dediniz. Aramızdakı ixtilaf və mübahisə hələ də davam edir: kimin haqlı, kimin haqsız olması ortaya çıxmadı. Bəs bu halda nə etməliyik?

Nisa surəsinin mübahisəni həll etmək üçün verdiyi ikinci tövsiyə onu Peyğəmbərə həvalə etmək idi.

Məsələni Allaha həvalə etmək, onu Allahın kitabına həvalə etməkdir. Bəs Peyğəmbərə həvalə etmək nədir? Əlbəttə, məsələni Peyğəmbərə həvalə etmək onun sözlərinə - hədislərinə yönəlməkdir.

Biz sizə deyirik ki, gəlin mübahisəmizi həll etmək üçün Peyğəmbərimizin hədislərinə yönələk, orada da Cənnətdə kişilərə hurilərin cinsi məqsədlərlə veriləcəyi haqqında bir çox qüvvətli dəlillər göstərək, fikir ayrılığını sonlandıraq. Siz isə belə cavab verirsiniz: "Yox, biz Peyğəmbərimizin hədislərinə etibar etmirik, hədislər uydurmadır, Quran bizə yetər!"

Amma siz Qurana uymadınız ki! Quran sizə ixtilafı ayələrin həll edə bilmədiyi zamanlarda mübahisəni yekunlaşdırmaq üçün hədislərə yönəlməyi əmr etdiyi halda, həm Qurana uymursunuz, həm də sizə Quranın kifayət etdiyini deyirsiniz.

Bu ədalətsiz davranışınızdan və ixtilafı həll etmək üçün Peyğəmbərə yönəlməkdən qorxmanızdan aydın olur ki, nə Quranın əmrlərinə tam uyursunuz, nə də dərdiniz həqiqəti ortalığa çıxarmaqdır.

Hurilər haqqındakı əsərin sonuna gəlmiş olduq. Ağlı başında hər bir müsəlmanın bu əsəri - göstərdiyimiz dəlilləri və qarşı tərəfin iddialarına verdiyimiz cavabları oxuduğu təqdirdə Cənnətdə kişilərə hurilərin veriləcəyinə şübhə ilə yanaşmayacağı qənaətindəyik.

http://www.islamdavardir.tk/

 

Müəllif: 


19-07-2018 09:05:46