Ana səhifə

İslamda Ölüyə Oxunan Quranın Ona Fayda Verəcəyinə İnam Vardırmı?


YazdırSend to friend

   Əziz müsəlmanlar! Oxuyacağınız bu əsər: “Ölüyə Quran oxumanın ona heç bir faydası yoxdur”, - deyən insanlara cavab mahiyyətində hazırlanmışdır. Onlar bu sözləri ilə həm insanların psixologiyasını pozur, həm də Quran ayələrini yanlış açıqlayaraq insanları çaşdırırlar. Bu sözlərinin nə qədər yanlış olduğunu və bunu deyən insanların Quranı anlamaqdan nə qədər uzaq olduqlarını yazılarımızı səbirlə oxuduğunuz təqdirdə anlayacaqsınız.

Əvvəlcə ölüyə Quran oxumanın Qurana zidd olmadığını Quran ayələri ilə göstərəcək, sonra isə qarşı tərəfin dırnaqarası dəlillərinə cavab verəcəyik. Sonda isə aramızda yaranmış ixtilafı həll etmək üçün Quran-i Kərimin verdiyi tövsiyəni nəql edəcəyik.

Ölünün arxasınca Quran oxuyub savabını ona bağışlamağın Qurana zidd olmadığının dəlilləri...
 

   Əvvəlcə bir xeyirli işin başqasına faydalı olub-ola bilməyəcəyini və ya başqası üçün xeyirli iş görmənin digərinə bir fayda verib-verməyəcəyini öyrənək. Əlbəttə ki, İslamın əmr etdiyi bir çox gözəl işlər vardır. Bunlardan biri də duadır.

   "Əgər duanız olmasa, Rəbbim sizə nə qiymət verər?" (Furqan, 25/77) ayəsi ilə xeyir işlərin başının dua olduğu bildirilmişdir. Buna görə də başqası üçün görülən bir xeyir işin dua olduğunu fərz edək...

    Yusif surəsinin 97-98-ci ayələrində belə buyurulmuşdur:

 "(Oğlanları ona): “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər. (Yəqub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmanızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!"

Ayədə açıqca görünür ki, oğlanları Hz. Yaqubdan onlar üçün dua etməsini xahiş etmiş, Hz. Yaqub da onlara: "Belə olmaz, heç kimin xeyri başqasının əməl dəftərinə yazıla bilməz, gedin özünüz dua edin!- deməmiş, onlar üçün Allaha dua etmişdir.

İbrahim surəsinin 41-ci ayəsində belə buyurulmuşdur: "Ey Rəbbim! Haqq-hesab çəkilən gün (Qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!"

Ayədə Hz. İbrahimin etdiyi duanın bir hissəsi çatdırılmışdır. Buradan aydın olur ki, Hz. İbrahim: "Hər kəs öz hesabını ayrıca verər, heç kimin xeyri heç kimə fayda etməz", - şəklində düşünməmiş, digərləri üçün də dua etmişdir.

   Həşr surəsinin 10-cu ayəsində belə buyurulmuşdur: "Onlardan (mühacirlərdən və ənsardan) sonra gələnlər belə deyərlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla..."

   Bu ayədə də başqası üçün dua etmənin faydalı olacağından bəhs edilmişdir. Çünki bu davranış yersiz olsa idi, Quranda anılmaz və ya bu davranışdan bəhs edildikdən sonra onun yanlışlığı vurğulanardı. Madam ki vəfat etmiş insanlar haqqında xeyir-dua etmək Quranda anılmışdır və onun yanlış davranış olduğu bildirilməmiş, əksinə yuxarıdakı ayələrlə də dəstəklənmişdir, onda həm diri üçün, həm də vəfat etmiş insanlar üçün dua etmək faydalıdır.

   Deməli, ölü üçün dua etmək ona fayda verir. Bəs ölü üçün Quran-i Kərim oxumanın faydası vardırmı?

   Burada hədis-i şəriflərə etibar etmənin Qurana zidd olmadığını, əksinə səhih hədislərin bir dini dəyərə sahib olduğunun dəlillərini paylaşdığımızdan bu mövzu haqqındakı hədisləri nəql edirik:

"Yasin surəsi Quranın ürəyidir. Onu kimsə oxuyar və Allahdan axirət səadəti arzulayarsa, Allah onu məğfirət edər. Yasini ölülərinizin üzərinə oxuyun". (Müsnəd, 5/26)

"Kim atasının və ya anasının və ya bunlardan birinin qəbrinə cümə günü baş çəkərək orada Yasin surəsini oxusa, Allah qəbir sahibini bağışlayar". (İbni Macə)

   Din xüsusunda şəriət sahibi edilmiş Hz. Muhəmmədin (əsm) hədis-i şəriflərindən aydın olur ki, ölüyə Quran oxumaq onun üçün faydalıdır.

   Bütün bu izahlardan sonra ölünün arxasınca xeyir iş görüb savabını ona bağışlamağı Qurana zidd görənlərə bəzi suallarımız var:

  1. Siz heç Yusif surəsinin 97-98-ci ayələrini, İbrahim surəsinin 41-ci ayəsini, Həşr surəsinin 10-cu ayəsini və bənzərlərini oxumamısınızmı?

  2. Yoxsa, oxuduğunuz halda anlamamısınızmı?

  3. Olmaya, anladığınız halda camaatı aldatmağa çalışırsınızmı?

  4. Bəlkə, "Ölünün arxasınca dua etmək olar, lakin Quran oxumaq olmaz", - deyirsiniz? Bu sözünüzlə həm məntiq xətasına düşdüyünüzün, həm də dini baxımdan səhv etdiyinizin fərqində deyilsinizmi? 

  5. Allah Quran haqqında ən gözəl söz (Zümər, 39/23) demişdir. Bu o deməkdir ki, Kitabullah istənilən duadan daha ucadır. Siz isə dəyəri Qurandan daha az olan duanın ölüyə fayda verəcəyini deyir, ən gözəl söz olan - dəyəri istənilən duadan qatbəqat artıq olan Quranın isə ölüyə fayda verməyəcəyini deyirsiniz. Bu sözlərinizlə Qurana iftira atdığınızın və ilahi kəlamı bəşər sözlərindən daha aşağı səviyyədə tutduğunuzun fərqindəsinizmi?

Gəlin ölünün arxasınca Quran oxuyub savabını ona bağışlamağın Qurana zidd olmadığının dəlillərini burada yekunlaşdıraq və qarşı tərəfin iddialarına verdiyimiz cavablara keçək...

Ölüyə Quran oxumanın ona heç bir fayda verməyəcəyini iddia edənlərə cavablar...

İddia:
Quranda talaqdan, elmi həqiqətlərdən, peyğəmbər qissələrindən və s. bəhs edilir. Bu ayələri ölüyə oxumağın nə faydası ola bilər ki?

Cavab:
   Əlbəttə ki,Quran sadəcə şəriət məsələlərinin qeyd edildiyi bir kitab deyildir. Quran həm müsəlmanın dua kitabı, həm zikr kitabı, həm qorxudub əzabdan uzaqlaşdıran, həm Cənnət nemətlərini müjdələyən kitabdır.

Allah Quran-i Hakimdə belə buyurmuşdur: "...Namazda Qurandan sizə asan gələnini oxuyun..." (Müzəmmil, 73/20)

Niyə Allah namazda elmi həqiqətlərdən, peyğəmbər qissələrindən bəhs edən ayələri namazda oxumağımızı əmr edir? Bunun bir çox hikmətləri ola bilər; məsələn, ilahi kəlam olduğuna görə, ibrət almağımız üçün və s.

Eyni şəkildə bizim ölüyə Quran oxumaq səbəbimiz orada ölülərdən bəhs etməsi və ya etməməsi deyil, onun ilahi kəlam olmasıdır. Həm oxuduğumuzdan ibrət alır, həm də Allahın kitabını oxumaqdan yaranmış savabı məzar sahibinə hədiyyə edirik. Burada qəribə bir şey yoxdur.

İddia:
Yasin surəsinin 70-ci ayəsində buyurulmuşdur ki, Quran-i Kərim diri olanlar üçündür. Deməli, onu ölüyə oxumağın heç bir faydası yoxdur.

Cavab:
   1. Ən azından insan özünə sual verməlidir ki, vəfat etmiş yaxınları üçün Quran-i Kərim oxumağı tövsiyə edən Hz. Peyğəmbər və bu tövsiyəyə uyub ölülərinə Quran oxuyan bu qədər səhabə, tabiin Yasin surəsinin 70-ci ayəsindən xəbərsizdilərmi?

   2. Fatir surəsinin 22-ci ayəsində belə buyurulmuşdur: "Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə eşitdirər. Sən isə qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!"

  Gəlin bu ayəni təhlil edək: Ayədə buyurulub ki, Peyğəmbər İslamı, iman həqiqətlərini qəbirlərdə olan ölülərə eşitdirə bilməz. Buradan belə bir sual yaranır: Görəsən Hz. Peyğəmbər qəbirləri gəzib-dolaşıb, hər məzarın başında oturub onlara dindən bəhs edib, sonra da ayə nazil olub ki, ölülər səni eşidə bilməz, boşuna zəhmət çəkmə? Yəni Peyğəmbərimizin din anlayışı (haşa) bu qədər boş olub?

   Əlbəttə, olmayıb! O halda bu ayədə bəhs edilən 
dirilər- haqqı eşidən, anlayan, qəlbi korlaşmamış insanlardır; ölülər isə məkkəli müşriklər kimi qəlbi ölmüş və haqqa qarşı kar-kor olanlardır. Demək, qəbirlərdə olan insanlar ifadəsindən məqsəd mənəvi cəhətdən ölüm keçirmiş insanlardır. (Mustafa İslamoğlunun tərcüməsindən də bu ayəni onun da belə başa düşdüyü anlaşılır).

  Deməli, Yasin surəsinin 70-ci ayəsində də bəhs edilən dirilər qəlbi ölməmiş insanlardılar. Əks halda bu sözü məcazi qəbul etməsək, Peyğəmbərin qəbirdə olan ölülərin yanına gedib onlara Qurandan bəhs etdiyi kimi ağılsızlığı qəbul etməyə məcbur olarıq.

Onda Yasin surəsinin 70-ci ayəsi ölülərə Quran oxumağın yanlışlığını göstərmir.

İddia:
Nəcm surəsinin 39-cu ayəsində hər kəs üçün yalnız özünün gördüyü işlərin qarşılığının olduğundan bəhs edilir. Deməli, başqası üçün Quran oxumaq ona fayda verməz.

Cavab: 

Bu ayənin ölüyə Quran oxumağın ona fayda verməyəcəyinə dair bir tərəfi yoxdur.

   Nəcm surəsi 39-cu ayəsinin ərəbcəsindəki (وَأَن لَّيْسَ لِلْإِنسَانِ إِلَّا مَا سَعَى) lil-insani (لِلْإِنسَانِsözünün tərkibində keçən li hərfi təmlik ifadə edir. Buradan anlaşılır ki, hər kəsin mülkü özünün gördüyü işlərdən ibarətdir. Yəni mənim oxuduğum Quran tilavəti mənim malımdır, atamın oxuduğu Quran tilavəti onun malıdır. Heç kim başqasının malını sahiblənə bilməz. Lakin ayədən mənim Quran tilavətimin başqasına fayda verməyəcəyi nəticəsi çıxmır.

İddia:

Müddəsir surəsinin 38-ci ayəsində: "Hər kəs öz əməlinin girovudur!" - buyurulmuşdur. Bu da isbat edər ki, heç kimin Quran oxuması başqasına fayda verməz.

Cavab:

Bu ayənin də ölüyə Quran oxumağın ona fayda verməyəcəyinə dair bir tərəfi yoxdur. 

Bu ayədə Cəhənnəmliklərdən bəhs edilir. Cənnətliklər üçün belə bir ifadə yoxdur. Quran oxumaq da Cəhənnəmə soxan bir əməl deyil ki Müddəsir, 74/38 ilə ziddiyyət təşkil etsin.

Buna görə də Quran oxuyub savabını başqasına göndərmənin faydasız olduğuna dair burada bir dəlil yoxdur.

Gəlin ölüyə Quran oxumanın ona heç bir fayda verməyəcəyini iddia edənlərə verdiyimiz cavabları burada yekunlaşdıraq və aramızda yaranmış fikir ayrılığından xilas olmaq üçün Quran-i Kərimin verdiyi tövsiyəyə keçək...

Ölüyə Quran oxuna biləcəyini deyənlərlə əksini iddia edənlər arasında yaranmış fikir ayrılığından xilas olmaq üçün Quran-i Kərimin verdiyi tövsiyə...

 

Ölüyə Quran oxuna biləcəyini deyənlərlə əksini iddia edənlər arasında yaranmış fikir ayrılığından xilas olmaq üçün Quran-i Kərimin verdiyi tövsiyə...

Nisa surəsinin 59-cu ayəsində belə buyurulmuşdur: 

"Əgər bir məsələdə mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərinə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır". 

Ayədə ifadə edilən mübahisə vəziyyəti ölüyə Quran oxuna biləcəyini deyənlərlə əksini iddia edənlər arasında yaranmış durumu ifadə etməkdədir. O halda, bu ixtilafı həll etmək üçün Nisa, 4/59 ayəsinin verdiyi tövsiyəyə qulaq verməliyik.

Burada ixtilafı həll etmək üçün iki yoldan bəhs olunur: Məsələni Allaha həvalə etmək və ya Peyğəmbərinə həvalə etmək.

Ayənin mübahisəni həll etmək üçün verdiyi ilk tövsiyə onu Allaha həvalə etməkdir. Məsələni Allaha ərz etmək, hər halda göyə qalxıb Allahın nurunun təcəllisi ilə şərəflənərək mübahisə edilən məsələ haqqında Allahla söhbət etmək deyildir. Məsələni Allaha həvalə etmək onu Allahın kitabı olan Qurana həvalə etməkdir.

Biz mübahisəmizin həlli uğrunda Qurana baş vurduq. Ölüyə Quran oxumanın dinə zidd olmadığı haqqında dəlillər göstərdik, siz də ölüyə Quran oxumanın yanlışlığı haqqında özünüzə görə dəlillər göstərdiniz. Biz: "Siz ayələrə yanlış məna verirsiniz!" - dedik, sizlər də: "Yox, siz ayələri yanlış təfsir edirsiniz!" - dediniz. Aramızdakı ixtilaf və mübahisə hələ də davam edir: kimin haqlı, kimin haqsız olması ortaya çıxmadı. Bəs bu halda nə etməliyik?

Nisa surəsinin mübahisəni həll etmək üçün verdiyi ikinci tövsiyə onu Peyğəmbərə həvalə etmək idi.

Məsələni Allaha həvalə etmək, onu Allahın kitabına həvalə etməkdir. Bəs Peyğəmbərə həvalə etmək nədir? Əlbəttə, məsələni Peyğəmbərə həvalə etmək onun sözlərinə - hədislərinə yönəlməkdir.

Biz sizə deyirik ki, gəlin mübahisəmizi həll etmək üçün Peyğəmbərimizin hədislərinə yönələk, orada da ölüyə Quran oxumanın ona fayda verəcəyi haqqında bir çox dəlillər göstərək, fikir ayrılığını sonlandıraq. Siz isə belə cavab verirsiniz: "Yox, biz Peyğəmbərimizin hədislərinə etibar etmirik, hədislər uydurmadır, Quran bizə yetər!"

Amma siz Qurana uymadınız ki! Quran sizə ixtilafı ayələrin həll edə bilmədiyi zamanlarda mübahisəni yekunlaşdırmaq üçün hədislərə yönəlməyi əmr etdiyi halda, həm Qurana uymursunuz, həm də sizə Quranın kifayət etdiyini deyirsiniz.

Bu ədalətsiz davranışınızdan və ixtilafı həll etmək üçün Peyğəmbərə yönəlməkdən qorxmanızdan aydın olur ki, nə Quranın əmrlərinə tam uyursunuz, nə də dərdiniz həqiqəti ortalığa çıxarmaqdır.

Ölüyə Quran oxumaq haqqındakı əsərin sonuna gəlmiş olduq. Ağlı başında hər bir müsəlmanın bu əsəri - göstərdiyimiz dəlilləri və qarşı tərəfin iddialarına ayələr ilə verdiyimiz cavabları oxuduğu təqdirdə dində ölüyə Quran oxuyub savabını ona hədiyyə etmənin  caiz olduğuna şübhə ilə yanaşmayacağı qənaətindəyik.

www.islamdavardir.tk

Müəllif: 


19-07-2018 08:33:17