Ana səhifə

İslamı təbliğ etməkdə və həyata keçirməkdə təlqinin yeri və önəmi nədir?


YazdırSend to friend

 

Təlqin  motivasiya etmək, yönləndirmək,hərəkətə gətirmək kimi mənaları ifadə edir. İnsan həm daxildən, həm də xaricdən gələn təlqinlərə qarşı həssas bir alıcıdır. “Mütləq bacarmalıyam, çalışsam bacararam” deyən biri müvəffəqiyyət yolunda mühüm bir sirri əldə etmişdir. Bu tərz bir təlqin şəxsin özü-özünü motivasiya etməsidir. Bir atanın oğluna “Oğlum, səbir et, bacaracaqsan, böyük insan olacaqsan” şəklindəki təlqini isə xarici bir təlqindir.

Təlqindən mənfi yöndə də istifadə edilə bilər. “Mən adam olmayacağam, bacara bilmərəm” deyən bir kəs özü-özünü pis təlqin edər və nəticədə, həqiqətən də bacarmaz. Atasından və ya müəllimindən, “Sən adam olmazsan. Səndən nə xeyir gələr, nə də fayda” şəklində mənfi bir təlqinə məruz qalan birisi də bütün enerjisini itirər, ümidsizlik bataqlığında çırpınar durar.

Hər insan təlqinin müsbət və mənfi izlərini öz həyatında görə bilər. Siz sağlam ikən, bir-iki adam sizə “xəstələnmisənmi, nəyin var?” desə, özünüzü xəstə hiss edərsiniz. Siz xəstə ikən, başda həkiminiz olmaqla, ətrafınızdakılar “Maşallah,yaxşısan, özünə gəlmisən” şəklində danışsalar, o dəqiqə yaxşı olduğunuzu hiss edərsiniz.

Yaxşı motivasiya edilmiş bir insanın edə bilməyəcəyi bir fədakarlıq yoxdur. Məsələn, varlı kəslərə Allah yolunda verməyin fəziləti yaxşı izah edilsə, sərvətlərinin mühüm bir qismini infaq edə bilərlər. Elm yolunda motivasiya edilmiş gənclər hər gün yüzlərcə səhifə kitabı bezmədən,sıxılmadan oxuya bilərlər. Düşmənlə döyüşən əsgərlərə şəhidliyin fəziləti anladıldıqda ölümü gülərək qarşılaya bilərlər.

Bu son misalı Quran ayələrinin işığında bir az da açmaq istəyirik. Belə ki:
Qəhraman millətimizi, əsrlərdir cihad meydanlarında şövqlə gəzdirən, toya-düyünə gedirmiş kimi ölümə aparan bu həqiqətdir: “Ölərsəm şəhidəm, qalarsam qazi.” Quranda bu “ İki gözəldən biri ” kimi  ifadə edilir. (5) Bu iki gözəl, “ya qalib gəlmək, ya da şəhid olmaqdır.” Şəhid olanların vəziyyəti bu şəkildə izah edilir: “Qətiyyən Allah yolunda öldürülənləri ölü sanma! Doğrusu onlar, Rəbbləri nəzərində diridirlər, mükafatlandırırlar. Allahın onlara verdiyi ehsana görə sevinclidirlər. Geridə qalanlara bunu müjdələmək istəyərlər: Onlara heç bir qorxu yoxdur və onlar üzülməyəcəklərdir.” (6)
Qazanmaq üçün kəmiyyət şərt deyildir. “Necə az topluluqlar sayca çox olanlara qalib gəlmişdir.” (7) Düşmənlər, çox  görünsələr də, qəlbləri dağınıqdır. (8)Məqsədi mənfəət olanların hədəfi şəhadət olanları məğlub etməsi mümkün deyildir.

Ancaq inananların da zaman-zaman bəşəri zəiflikləri ola bilər. O zaman, onlar da dağılar, məğlubiyyət acısını dadarlar. Məsələn, Uhud döyüşünün sonunda müsəlmanlar sarsılmışdı.Xüsusilə, qarşı tərəfin “Məhəmməd öldürüldü” qışqırıqları, müsəlmanları ,demək olar ki, ruhdan salmışdı. Bu münasibətlə gələn ayələrdə belə buyrulur:
“Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də necə peyğəmbərlər gəlib keçmişdir. İndi O ölər və ya öldürülərsə, geriyə mi qayıdacaqsınız? Kim bu şəkildə qayıdarsa, Allaha əsla zərər verə bilməz. Allah şükr edənləri mükafatlandıracaqdır.”
“Heç bir nəfs Allahın izni olmadan ölməz. Hər kəsin əcəli yazılmışdır. Kim dünya mənfəətini istəyirsə, ona ondan verərik. Kim də axirət savabını istəyirsə, ondan verərik. Şükr edənləri mükafatlandıracağıq.”
“Necə peyğəmbərlər gəldi, yanlarında bir çox rəbbanilər (Rəbbə qul olanlar) döyüşdü. Allah yolunda başlarına gələn müsibətdən dolayı ciddiyyətlərini itirmədilər, zəiflik gəstərmədilər, miskinlik etmədilər. Allah səbr edənləri sevər.
“Onların sözləri ancaq bu oldu: Ey Rəbbimiz, günahlarımızı və işimizdəki ifratçılığımızı bağışla. Ayaqlarımıza qüvvət ver. Kafirlərə qarşı bizə yardım et!
“Allah da onlara həm dünya mənfəəti verdi, həm də axirət savabının gözəlliyini verdi. Allah, muhsinləri sevər.” (9)
Bu ayələr, ümidlərini itirmiş bir topluluğu yenidən dirildəcək, şövqlə hərəkətə   gətirəcək təlqinlər mənzuməsidir.
Bir də, Təbük Səfərində iştirak etməyənlərlə bağlı bu xəbərdarlıqlara baxaq.
“Ey iman edənlər! ‘Allah yolunda səfərə çıxın!’ deyildiyi halda, sizə nə oldu ki yerinizdə ilişib qaldınız. Yoxsa, axirəti buraxıb dünya həyatına razı mı oldunuz. Halbuki, axirətin yanında dünya malı, çox az bir şeydir...” (10)
Quran-i Kərim cihada təşviq edərkən əvvəlkilərdən də misal gətirir: “Möminlərdən elə rical (ər kişilər) vardır ki, Allaha verdikləri sözə sadiq qaldılar. Kimi (şəhid oldu da) vədini yerinə gətirdi, kimi də gözləyir. Verdikləri sözü dəyişdirmədilər.” (11)
Təlqinin həyatı belə fəda etdirəcək bu təsirini gördükdən sonra hər cür fədakarlığa müsbət təlqinlərlə çatmağın mümkün olduğunu rahatlıqla söyləyə bilərik.

Qaynaqlar:
1. Əl-i İmran, 139.
2. Əl-i İmran, 110.
3. Ənfal, 39.
4. Aclûni, 462.
5. Tövbə, 52.
6. Əl-i İmran, 169-170.
7. Bəqərə, 249.
8. Həşir, 14.
9. Əl-i İmran, 144-148.
10. Tövbə, 38.
11. Əhzab, 23.



13-09-2013 12:00:00