Ana səhifə

İyirmi Birinci Söz: Namaz yaxşıdır. Fəqət hər gün beş dəfə qılmaq çoxdur. Bitmədiyindən usanc verir?


YazdırSend to friend

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ
اِنَّ الصَّلٰوةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَاباً مَوْقوُتاً 

    Bir dəfə yaşca, cismən, rütbəcə böyük bir adam mənə dedi: "Namaz yaxşıdır. Fəqət hər gün beş dəfə qılmaq çoxdur. Bitmədiyindən usanc verir".

    O şəxsin bu sözündən xeyli zaman keçdikdən sonra nəfsimi dinlədim.

    Eşitdim ki, eyni sözləri söyləyir. Ona baxdım, gördüm ki, tənbəllik qulağı ilə şeytandan eyni dərsi alır. O vaxt anladım ki, həmin şəxs o sözü bütün nəfslərin namına söyləmiş kimidir və ya söylətdirilmişdir. O zaman mən də dedim: "Madam ki, nəfsim əmmarədir, nəfsini islah etməyən başqasını islah edə bilməz. Elə isə öz nəfsimdən başlayaram".

    Dedim: Ey nəfs! Cəhl-i mürəkkəb içində, tənbəllik döşəyində, qəflət yuxusunda söylədiyin bu sözə müqabil "beş tənbeh"i məndən eşit.

    Birinci tənbeh: Ey bədbəxt nəfsim! Əcaba, ömrün əbədidirmi? Əlində qəti sənədin varmı ki, gələcək ilə, bəlkə, sabaha qədər qalacaqsan? Sənə usanc verən əbədi yaşamaq zənnidir. Kef üçün, əbədi dünyada qalacaq kimi nazlanırsan. Əgər anlasa idin ki, ömürün azdır, üstəlik faydasız gedir. Əlbəttə, onun iyirmi dörddən birini həqiqi əbədi həyatın səadətinə səbəb olacaq gözəl, xoş, rahat və rəhmət bir xidmətə sərf etmək nəinki usanmaq, bəlkə ciddi bir şövq və xoş bir zövqü təhrikə səbəb olur.

    İkinci tənbeh: Ey mədəsini düşünən nəfsim! Əcaba, hər gün çörək yeyirsən, su içirsən, havanı tənəfüs edirsən – sənə onlar usanc verirmi? Əlbəttə ki, vermir; çünki ehtiyac təkrarlandığından usanc deyil, ləzzət alırsan. Elə isə, cismimin xanəsində sənin yoldaşların olan qəlbimin qidası, ruhumun abi-həyatı və Rabbani lətifələrimin xoş havasını cəzb və cəlb edən namaz da səni usandırmamalıdır. Bəli, nəhayətsiz təəssürat və ələmlərə məruz, mübtəla və nəhayətsiz ləzzətlərə və əməllərə məftun və sevdalı bir qəlbin qidası və qüvvəti hər şeyə qadir bir Rahim-i Kərimin qapısını niyaz ilə döyməklə əldə edilir. Bəli, bu fani dünyada sürətlə ayrılıq fəryadı qoparıb gedən, əksər mövcudatla əlaqədar bir ruhun abi-həyatı isə, hər şeyə bədəl bir Məbud-u Baqinin, bir Mahbub-u Sərmədinin rəhmət çeşməsinə namaz ilə yönəlməklə içilə bilir. Bəli, fitrətən əbədiyyəti istəyən və əbəd üçün xəlq olunan və əzəli, əbədi bir Zatın aynası olan və nəhayətsiz dərəcədə nəzakətli və lətafətli olan şüurlu insani hisslər, nurlu Rabbani duyğular, bu kədərli, əzici və sıxıntılı, keçici, zülmətli və boğucu olan dünyəvi hadisələr içində, əlbəcaq namazın pəncərəsi ilə nəfəs ala bilər.

   Üçüncü tənbeh: Ey səbrsiz nəfsim! Əcaba, keçmiş günlərdəki ibadət zəhmətini və namazın məşəqqətini və müsibət ələmini bu gün düşünüb əzabçəkmək, həm gələcək günlərdəki ibadət vəzifəsini, namaz xidmətini və müsibət ələmini, bu gün təsəvvür edib səbirsizlik göstərmək heç ağıla sığarmı? Bu səbirsizlikdə misalın belə bir sərsəm komandana bənzər ki, düşmənin sağ cinah qüvvəsi onun sağındakı qüvvəsinə birləşmiş və ona təzə bir qüvvət olduğu halda, o tutub mühüm bir qüvvətini sağ cinaha göndərər, mərkəzi zəiflədər. Həm də sol cinahda düşmənin əsgəri yox ikən və daha gəlmədən, böyük bir qüvvət göndərər, "Atəş et!" əmrini verər. Mərkəzi tamamilə qüvvədən salar. Düşmən işi anlar, mərkəzə hücum edər, tarü-mar edər. Bəli, buna bənzərsən. Çünki keçmiş günlərin zəhməti bu gün rəhmətə çevrilmiş, ələmi getmiş, ləzzəti qalmış. Zəhməti, kəramətə və məşəqqəti, savaba inqilab etmiş. Elə isə ondan usanc almaq deyil, bəlkə, yeni bir şövq, təzə bir zövq və davam etməyə ciddi bir güc almaq lazım gəlir. Madam ki, gələcək günlər hələ gəlməyib, indidən düşünüb usanmaq və bezmək eynilə o günlərdə aclığı və susuzluğu bu gün düşünüb qışqırıb bağırmaq kimi bir divanəlikdir. Madam, həqiqət belədir, ağıl sahibi isən, ibadət məsələsində yalnız bu günü düşün və onun bir saatını mükafatı çox böyük, zəhməti çox az, xoş və gözəl və ülvi bir xidmətə sərf edirəm, de. O vaxt sənin acı ümidsizliyin, şirin bir səy və çalışmaya inqilab edər.

    Ey səbirsiz nəfsim! Sən üç səbr ilə mükəlləfsən. Biri – İtaət, ibadət edərkən səbrdir. Biri – Günahlara qarşı səbrdir. Digəri – Müsibətə qarşı səbrdir. Ağlın varsa, bu üçüncü tənbehdəki təmsildə görünən həqiqəti rəhbər tut. Mərdanə "Ya Səbr" de, səbr et. Cənab-ı Haqqın sənə verdiyi səbr qüvvətini əgər yanlış yolda dağıtmasan, hər məşəqqətə və hər müsibətə kafi gələ bilir və o qüvvətlə dayan!

    Dördüncü tənbeh: Ey sərsəm nəfsim! Əcaba, bu ibadət vəzifəsi nəticəsizdirmi, mükafatı azdırmı ki, sənə usanc verir? Halbuki, bir adam sənə bir az pul versə və yaxud səni qorxutsa, axşama qədər səni çalışdırar və ümidlə çalışarsan. Əcaba, bu dünya müsafirxanasında aciz və fəqir qəlbinə qüvvət və zənginlik və əlbəttə, bir mənzilin olan qəbrində qida və ziya və hər halda məhkəmən olan Məhşərdə sənəd və rütbə və istər-istəməz üstündən keçiləcək Sirat körpüsündə nur və buraq olacaq bir namaz nəticəsizdirmi və yaxud mükafatı azdırmı? Bir adam sənə qiymətli bir hədiyyə vəd etsə, yüz gün səni işlədər. Vədinə xilaf çıxa bilər, o adama etimad edərsən, ümidlə işlərsən. Əcaba, haqqında vədinə xilaf çıxmaq qeyri-mümkün olan bir Zat (Allah) Cənnət kimi bir mükafatı və əbədi səadət kimi bir hədiyyəni sənə vəd etsə, çox qısa bir zamanda, çox gözəl bir vəzifədə səni çalışdırsa, sən xidmət etməsən və ya istəksiz, ürəksiz, məcburi, yarı- yarımçıq xidmətinlə Onu vədində ittiham etsən və hədiyyəsinə xor baxsan, çox şiddətli və dəhşətli bir əzab veriləcəyini heç düşünmürsənmi? Dünyada həbsin qorxusundan ən ağır işlərdə bezmədən işlədiyi halda, Cəhənnəm kimi əbədi bir həbsin qorxusu ən xəfif və lətif bir xidmət üçün sənə qüvvət vermirmi?

   Beşinci tənbeh: Ey dünyapərəst nəfsim! Əcaba, ibadətdəki tənbəlliyin və namazdakı qüsurun dünyəvi işlərin çoxluğundandırmı? Yoxsa məişət dərdinin işlərindən vaxt tapa bilmədiyindəndirmi? Əcaba, sırf dünya üçünmü yaradılmışsan ki, bütün vaxtını ona sərf edirsən? Sən istedadınla bütün heyvanatın fövqündə olduğunu və dünyəvi həyat ləvazımatını tədarükdə iqtidarınla bir sərçə quşuna yetişə bilmədiyini bilirsən. Bundan nə üçün anlamırsan ki, əsl vəzifən heyvan kimi çabalamaq deyil. Bəlkə həqiqi bir insan kimi, həqiqi və daimi bir həyat üçün səy etməkdir. Bununla yanaşı dünyəvi işlər – məşğələlər dediyin, çoxu sənə aid olmayan və lazımsız olaraq qarışdığın və qarışdırdığın faydasız məşğələlərdir. Ən lazımlısını buraxıb, guya, minlər il ömrün varmış kimi ən lazımsız məlumat ilə vaxt keçirirsən.

   Məsələn, "Saturnun ətrafındakı halqaların keyfiyyəti necədir və Amerika toyuqları nə qədərdir?" kimi qiymətsiz şeylərlə qiymətli vaxtını keçirirsən. Guya astronomiya elmindən və statistika fənnindən bir kamal alırsan.

   Əgər desən: "Məni namazdan və ibadətdən geri qoyan və usanc verən elə lazımsız şeylər deyil, bəlkə, məişət dərdinin zəruri işləridir". Elə isə mən də sənə deyərəm ki, əgər yüz qəpik bir gündəlik ilə çalışsan, sonra biri gəlsə, desə ki: "Gəl on dəqiqə qədər buranı qaz, yüz manat qiymətində bir brilyant və bir zümrüd tapacaqsan", sən ona: "Yox, gələ bilmərəm. Çünki on qəpik gündəliyimdən kəsiləcək, maaşım azalacaq," – desən, nə qədər divanəcə bir bəhanə olduğunu, əlbəttə, bilərsən.

   Eynən onun kimi, sən bu bağında nəfəqən üçün işləyirsən. Əgər fərz namazı tərk etsən, bütün səyin səmərəsi tək dünyəvi, əhəmiyyətsiz və bərəkətsiz bir nəfəqədən ibarət qalar. Əgər sən istirahət və tənəff üs vaxtını ruhun rahatına, qəlbin tənəffüsünə səbəb olan namaza sərf etsən, o vaxt bərəkətli dünyəvi nəfəqə ilə bərabər, sənin axirət nəfəqənə və hazırlığına əhəmiyyətli bir mənbə olan iki mənəvi mədən taparsan: 

   Birinci mədən, bütün bağındakı (Haşiyə)1 yetişdirdiyin - çiçəkli olsun, meyvəli olsun - hər bitkinin, hər ağacın təsbihatından gözəl niyyət ilə bir hissə alarsan.

   İkinci mədən, həm bu bağdan çıxan məhsullardan kim yesə – heyvan olsun, insan olsun, inək olsun, milçək olsun, müştəri olsun, oğru olsun - sənə bir sədəqə hökmünə keçər. Fəqət bu şərtlə ki, sən Rəzzaq-i Həqiqi naminə və izni dairəsində qənaət etsən və onun malını onun məxluqatına verən bir sədəqə paylayıcı məmuru nəzəri ilə baxasan...

   Bax, namazı tərk edən nə qədər böyük bir xəsarət edər, nə qədər əhəmiyyətli bir sərvəti itirər və səyə çox böyük bir şövq verən və əməldə böyük bir mənəvi qüvvəni təmin edən o iki nəticədən və o iki mədəndən məhrum qalar, iflas olar. Hətta qocaldıqca bağbanlıqdan usanar, ümidsizlənər. "Nəyimə lazım?" deyər. "Mən onsuz da dünyadan gedirəm. Bu qədər zəhməti nə üçün çəkəcəyəm?" – deyəcək, özünü tənbəlliyə atacaq. Fəqət əvvəlki adam deyər: "Daha çox ibadətlə yanaşı halal yolla çalışacağam. Ta ki, qəbrimə daha çox nur göndərəcəyəm, axirətimə daha çox tədarük görəcəyəm".

   Xülasə: Ey nəfs! Bil ki, dünənki gün sənin əlindən çıxdı. Sabah isə sənin əlində sənəd yox ki, ona maliksən. Elə isə həqiqi ömrünü yaşadığın gün bil. Ən azından günün bir saatını ehtiyat akcəsi kimi həqiqi gələcək üçün təşkil olunan bir axirət sandıqcası olan bir məscidə və ya bir səccadəyə at. Həm də bil ki, hər yeni gün həm sənə, həm də hər kəsə yeni bir aləmin qapısıdır. Əgər namaz qılmazsan, sənin o günkü aləmin zülmətli və pərişan bir halda gedər, sənin əleyhində Aləm-i misalda şəhadət edər. Çünki hər kəsin hər gün bu aləmdən bir xüsusi aləmi var. O aləmin keyfiyyəti o adamın qəlbinə və əməlinə tabedir. Necə ki aynanda görünən möhtəşəm bir saray aynanın rənginə baxar. Qaradırsa, qara görünər. Qırmızıdırsa, qırmızı görünər. Həm də onun keyfiyyətinə baxar. O ayna şüşəsi düzdürsə, sarayı gözəl göstərər. Düz deyilsə, çirkin göstərər. Ən incə şeyləri kobud göstərdiyi kimi, sən qəlbinlə, ağlınla, əməlinlə, könlünlə öz aləminin şəklini dəyişdirərsən. Ya əleyhində, ya lehində şəhadət etdirə bilərsən. Əgər namazı qılsan, o namazın ilə o aləmin Sani-i Zülcəlalına yönəlsən, birdən sənə baxan aləmin nurlanar. Sanki, namazın bir elektrik lampası və namaza niyyətin onun düyməsinə toxunması kimi, o aləmin zülmətini dağıdar və o dünyəvi hərcü-mərc qarmaqarışıq pərişaniyyət içindəki dəyişiklik və hərəkətlər hikmətli bir intizam və mənalı bir qüdrət kitabəsi olduğunu göstərər.  اَللهُ نُورُ السَّمٰوَاتِ وَاْلاَرْضِ nurlu ayəsindən bir nurunu sənin qəlbinə səpər. Sənin o günkü aləmini o nurun inikası ilə işıqlandırar. Sənin lehində nuraniyyətlə şəhadət etdirər.

   Əsla demə: "Mənim namazım hara, namazın bu həqiqəti hara?" Necə ki bir xurma çəyirdəyi bir xurma ağacı kimi öz ağacını vəsf edər. Fərq tək icmal və təfsil ilə olduğu kimi, sənin və mənim kimi bir avamın –hiss etməsə belə– namazı böyük bir vəlinin namazı kimi bu nurdan bir hissəsi var, bu həqiqətdən bir sirri vardır (şüurun dərk etməsə belə). Fəqət dərəcələrinə görə inkişafı və nurlanması ayrı-ayrıdır. Necə ki bir xurma çəyirdəyindən ta mükəmməl bir xurma ağacına qədər nə qədər mərtəbələr var, eləcə də namazın dərəcələrində də daha çox mərtəbə vardır. Fəqət bütün o mərtəbələrdə o nurani həqiqətin əsası mövcutdur.

(Haşiyə): Bu məqam bir bağda bir şəxsə bir dərsdir ki, bu tərz ilə bəyan edilmiş.


اَللّٰهُمَّ صَلِّ وَسَلِّمْ عَلٰى مَنْ قَالَ (اَلصَّلٰوةُ عِمَادُ الدِّينِ) وَعَلٰۤى اٰلِهِ وَصَحْبِهِۤ اَجْمَعِينَ 



11-05-2014 12:00:00