Ana səhifə

Kəşf edilməyi gözləyən xəzinələr


YazdırSend to friend

Rəhman, Rəhim və tərbiyə edən Rəbb isminin əsl sahibi, gözəllər gözəli olan Allahın adı ilə. 

Hər bir uşaq əslində kəşf edilməmiş bir xəzinədir. Əgər onları doğru şəkildə kəşf edərsək onların necə böyük bir xəzinə olduqlarını, onlardan sabahların necə böyük müsəlmanları yetişə biləcəklərini və bununlada həm cəmiyyətə həm dinimizə həm də insanlığa böyük bir fayda toxuna biləcəyini açıq şəkildə şahidi ola bilərik. Əslində hər bir uşaq, daha əkini olmayan amma xeyirli bir əkini gözləyən böyük bir tarladır. Əgər cütçü bu tarlada iman tumurcuqlarını doğru şəkildə əkərək, onun yetişməsində köməkçi olarsa, bu halda o, bir az sonra bu tarlada necə böyük bir iman ağaclarının bar verdiyini görəcəkdir. Deməli, hər bir uşaq cənnəti qazanmaq üçün bir tarla bir vəsilədir. Gözəllər gözəli Allahın sayəsində uşaqlarımızın tərbiyəsi bizdən çox asılıdır. Əgər Allaha bağlı olaraq doğru şəkildə hərəkət etsək nəticədə də xeyir olacaqdır. Əgər şah damarımızdan belə ən yaxın olan Allahdan uzaq olaraq uşaqlarımızı Allahın deyil nəfsimizin istədiyi kimi tərbiyə etsək və onları öz yaradıcılarından kənarda tutsaq bu zaman şər baş verəcəkdir.

Günümüzdə uşaqları əhəmiyyətsiz hesab edir, onlarla təmasda çox az-az oluruq. Halbuki onlar bizdən, bizlərin onları kəşf etmələrini gözləyirlər. Onlar bizdən gələcəyin Musablarını, İbni Abbaslarını, Əbu Zərrlərini, Cəfəri Sadiqlərini, Talha və Zubeyrlərini, Xədicələrini, Fatimələrini, Ümmü Sələmələrini, Səfiyələrini, Aişə və Zeynəblərini yetişdirilmələrinə vəsilə olacağımızı gözləyirlər. Onlar bizdən az bir şey istəyərək irəlidə bizə və ətrafımıza çox şey verməyə iddialıdırlar. Uşaqlara öyrədilən şeylər daşda həkk olan yazılar kimidir. Uşaqlarımızı daim yaxşı əməllərə təşfiq edərək onlara yaxşı əməlləri aşılıyarsaq onlar da böyüdüklərində başqalarına yaxşı əməlləri aşılıyacaqlar. Əslində hər bir uşaq cəmiyyətə verilən bir mesajdır. Bunun üçün uşaqlarımızı düzgün şəkildə yetişdirməliyik ki, cəmiyyətə necə yaxşı nümunə ola biləcək bir insan mesajını verə bilək. Əks halda pis mesajlarla dolu olan cəmiyyətimizə bir pis mesajıda biz qatacağıq. Əgər biz uşaqlarımızı kəşf etməyib onları öz başına buraxsaq, nəfslərinə uyaraq özlərinə zülm edə bilərlər. Dünyamızda geniş sahədə tutuma malik olan və bəlkə də milyardlarla insanların başında gecə gündüz fəaliyyət göstərən cahiliyyət sisteminin bir çox hərəkətləri səhv olmaqla birlikdə bu sistemin ən böyük çatışmazlıqlarından biri də uşaqlara əhəmiyyət verməmə, onları əhəmiyyətsiz hesab etmə, uşaqlara dəyər verməmə kimi ünsürləridir. Buna görə də digər sistemlər kimi cahiliyyət sistemi də bu həyatın standartlarına cavab verməyib məğlubiyyətə uğrayaraq sıradan çıxır. Bir şüurlu müsəlman olaraq bu gün biz kömək əhatəmizi genişləndirərək mümkün olduğu qədəriylə evlərimizdə olan uşaqlarla kifayətlənməyib, tanıdığımız və ya tanıya biləcəyimiz bütün uşaqlara hər cür kömək əlimizi uzadaraq özümüzü passiv deyil aktiv müsəlman olmağa məcbur etməliyik.

Uşaqlarımız bizlərə gözəllər gözəli Allah tərəfindən bəxş edilən böyük nemətlərdən biri olmaqla yanaşı, Allahın bizlərə olan lütfü və bu dünyada ürəyimizin istədiyi hədiyyələrdən biridirlər. Necə ki varlıq aləmi Allahın sevgisinin bir ifadəsidirsə, uşaq da insanın sevgisinin bir məhsuludur. Hər uşaq cənnət meyvəsidir və bu meyvə məhəbbət ağacında bitər. Həzrəti Peyğəmbər(s.a.s) buyurur: "Uşaq ürək meyvəsidir və cənnət ruzisindəndir. Uşaqlarınıza yaxşı baxın, onları gözəl tərbiyə edin." Sevgiylə böyüdülən uşaq sevgi, ümid və həyat dolu bir insana çevrilərsə, sevgisiz yetişdirilən bir uşaq isə nifrət, kin və intiqam hissləriylə dolu uşağa çevrilə bilər. Ailə uşağa verdiyi sevgini bir sədəqə, həm də sədəqələrin ən gözəli olduğunu bilmək məcburiyyətindədir. Çünki, uşaqları çox sevən və həmişə onlara xüsusi nəvaziş göstərən Muhəmməd (s.a.s) buyurur: "Bir kimsənin uşağını tərbiyə etməsi və ona ədəb öyrətməsi, hər gün sədəqə verməsindən xeyirlidir." 

Sevgi ilə tərbiyə, tərbiyələrin ən gözəlidir və Allahın əxlaqıyla əxlaqlanmaq deməkdir. Hz. Peyğəmbəri (s.a.s) uşaqları öpüb sevərkən görən bir adam: "Demək sən uşaqları öpürsən? Mənim bu qədər uşağım var, indiyə qədər heç birini öpmədim" dəyincə Hz. Peyğəmbərin (s.a.s) cavabı belə olur: "Allah sənin ürəyindəki mərhəməti söküb götürübsə, mən nə edə bilərəm ki?" (Buxari, Ədəb 18). 

Digər bir hədisdə isə: "Kiçiklərimizə şəfqətli olmayan, böyüklərimizi saymayan bizdən deyildir."buyurulmaqdadır.

Uşaqlar İslam fitrəti ilə doğulduqları üçün onlar biz müsəlmanların qardaşıdırlar. Müsəlman bir insan, dünyanın harasında bir uşaq görərsə ona dindaşı gözü ilə baxmaq məcburiyyətindədir. Bu səbəblə dünyanın bütün uşaqlarını sevmək, bir müsəlman üçün din qardaşlığı çərçivəsində bir vəzifədir. Əslində heç bir körpə anasından pis doğulmayıb və heç bir körpə günahkar deyildir. Böyük islam alimlərindən olan İmam Qəzali buyurur ki: "Uşağın ürəyi saf və təmizdir." 

Həqiqətən də Allah bizim əllərimizə məsum və günahsız olan övladları bəxş edirsə onların tərbiyələrindən, bəslənmələrinə qədər məsul olan bizik. Uşaqlarımızı halal işlərdən qazandığımız halal ruzilər ilə bəsləməliyik ki, onlar sağlam şüurla yanaşı sağlam ruhla yetişə bilsinlər. Unutmamaq lazımdır ki, yedikləri ilə insanın davranışları arasında çox sirli həmçinin dolaşıq əlaqələr mövcuddur. İnsanın xarakteri, səciyəsi, qabiliyyəti, duyğu və düşüncə dünyası və hətta rəftar və davranışları yediklərindən tamamilə ayrı hesab edilə bilməz. Günümüzdə əgər halal və haramlara diqqət etmədən, qeybət və dedi-qodu edərək, uşağının bir dediyini iki etmədən, uşağın ruhundan çox yeməyini, geyəcəyini, düşünərək qohumu ziyarət etmir, ana-atamıza baxmır, üstəlik hər danışdığımızda da yalan danışaraq uşaqlarımıza gəldik də isə nəsihət edib sonra “bu uşaq niyə belə olub? söz dinləmir!” deyə özümüzə sual verərsək, cavabıda “təbii ki, dinləməyəcəkdir” şəklində olacaqdır. 

Sağlam cəmiyyətlər yalnız sağlam analar vasitəsi ilə yetişdirilirlər. Bir cəmiyyətin keyfiyyəti, anaların keyfiyyətinin göstəricisidir. Bəzi analar uşaqlarına baxmaqdansa səbəbsiz olaraq şəxsi karyeralarını göz önündə tutaraq uşaqlarına baxıcı tutur, onlara göstərilməsi lazım olduğu qayğını göstərmirlər. Halbuki heç bir baxıcı xala, ananın yerini verə bilməz. Bir ananı analığından saxlayan hər iş, həm anaya həm uşağa və həm də cəmiyyətə bir zülmdür. Analıq bir ananın həyatını dolduracaq böyük həcmli bir ''iş"dir. Bu gün qadınlar küçələrə, fabriklərə, ofislərə, rəsmi dairələrə məhkum edilməklə, qadın təbiətinə xariciləşdirildi. Öz təbiətinə xariciləşən qadın təəssüf ki, analıq duyğusuna da xariciləşdi.

   

Həyatda nə əksək onu da biçərik. İbni Miskeveyh buyurur:

"Uşaq valideynlərinin yanında əmanətdir. Onun tərtəmiz ürəyi naxış və sürətdən kənar, aydın və mücərrəd bir cövhərdir. Bu mübarək ürək, özünə nəqş edilən hər şeyə meyillidir. Nə tərəfə meyl etdirilsə oraya meyl edər."

   Biz uşağımıza əgər xeyiri öyrətsək, o da xeyir üzərində böyüyər. Dünya və axirətə sahib olar, bizlər də yəni ana və atalar da savabında ortaq olarıq. Əgər şərə alışdırılsa, heyvanlar kimi onlara laqeydlik edilsə, bu halda onlar həlaka doğru gedərək məhv ola bilərlər. Günah da onun tərbiyəsiylə mükəlləf olanın üzərindədir. Necə ki Allahu Təala Quranı Kərimdə buyurur:

“Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır.“(66;6)

Bu ayə ilə əlaqədar Əli bin Əbu Talha, İbn Abbasın belə dediyini rəvayət etməkdədir: "Siz özünüzü qoruyun, ailə xalqınıza da zikr və dua etmələrini əmr edin ta ki, Allah sizin vasitənizlə onları da qorusun".

Həzrəti Əli və digər bir neçə səhabə isə bu ayənin təfsiri haqqında belə buyurublar: "Etdiyiniz işlərlə özünüzü qoruyun, onlara edəcəyiniz tövsiyələrlə də ailə xalqınızı qoruyun". Allahu Təalanın Təhrim sürəsindəki bu əmrini bəzən unudur, bəzən xatırlamır, hətta bəzən də Rəbbimizin belə bir ayə buyurmasından bixəbərik. Halbuki bu ayə ilə Allah insanı daim və ciddi şəkildə xəbərdar etməklə yanaşı bu məsələnin nə qədər əhəmiyyətli bir məsələ olmasından xəbər verir. Bu ayəni təfsir etsək bunları qeyd etmək olar: Ey insan qulaqlarını aç və eşit! Özündən, əhlindən məsul olduğunu unutma. Rahatlanalaraq özünü və onları nəzarətsiz olaraq bir anlıq belə cahiliyyətin və gəldi-gedər dünya əyləncəsinin qoyununa buraxma.

İslam alimlərindən biri isə bu ayənin təfsiri ilə əlaqədar bunları buyurur: "Əgər özünüzü və yaxınlarınızı qorumasanız, yaşadığınız məkanlar cəhənnəmə dönər və o cəhənnəmin yanacağı da o məkanların içində yaşayan insanlar olar."

Səhih hədisdə Həzrəti Peyğəmbərin (s.a.s) belə buyurduğu ifadə edilməkdədir: "Hamınız çobansınız və hamınız sürüsündən məsuldur. İnsanların başındakı imam bir çobandır və o, onlardan məsuldur. Adam ailə xalqı üzərində bir çobandır və onlardan məsuldur." (Buxari, I, 304, II. 848, 901, 902, III, 1010, V, 19H8, 1996, VI, 2611; Müslim, III, 1459: Tirmizi, IV, 208; Əbu Davud, III, 130; Müsnəd, II, 5, 54, 111, 121)

Peyğəmbər (s.a.s) digər bir hədisində: "Uşaqlarınıza və ev xalqına xeyir və yaxşılıq öyrədin, onları yaxşıca tərbiyə edib, ədəbləndirin" buyurmaqdadır.

Davamlı təkrarlanan "əhlinizdən məsulsunuz" ilahi əmrəni, sanki uşaqlarımıza ən gözəl geyimləri geydirməklə, qarınlarını ən gözəl yeməklərlə doyurmaqla, masalarına kompüter, altlarına velosiped, ayaqlarına ayaqqabı almaq kimi dar çərçivələrdə qəbul edirik. Halbuki ailə həyatı içində, böyüklərə düşən vəzifə, uşaqlara nümunə olaraq, dünyəvi zövqlərdən fədakarlıq etmənin gərəyini izah etmək, Allah və Rəsulunu razı edəcək əməlləri səmimiyyətlə etməyi öyrətməkdən ibarətdir.

Uşaqlarımız, tv-dən və ətraflarındakı yoldaşlarının davranışlarından səhvli olan halları nümunə götürüb, öz həyatlarına tətbiq edirlərsə bu halda bilinməlidir ki, uşaq tərbiyəsini ailədən almamış, ana kifayət qədər ana ola bilməmiş, ata da yetərincə ata olmamışdır. Uşaqlar ana atanın əlindən itib getmişsə bizim, Allah qarşısındakı vəziyyətimiz və həyatın içindəki mövqeyimiz doğru deyildir. Çünki doğru yolda kimsə itə bilməz. Bunu bilməliyik ki, uşaqlarımızın qüsurları, bizim onlara qarşı etdiyimiz qüsurların davamından başqa bir şey deyildir.

Yenə digər bir başqa hədisdə:

"Şübhəsiz ki, Allahın sənin üzərində bir haqqı vardır, nəfsində sənin üzərində bir haqqı vardır, uşaq və övladında sənin üzərində haqqı vardır. O halda hər haqq sahibinin haqqını ver! "(Əbu Davud)

Bu hədisdən də anlaşılır ki, uşaqlarımızın bizim üzərimizdə böyük bir haqqları vardır. Uşağımızın yaxşı bir müsəlman olmasını istəyiriksə, əvvəlcə özümüzə nəzər etməliyik. Çünki uşaq tərbiyəsi məsələsində əvvəlcə ailə faktoru üzərində dayanaraq, ideal bir uşağın ancaq ideal bir ailə mühitində yetişəcəyinə inanmağımız lazımdır.

Bədiüzzaman Səid Nursi: "Uşağın ilk və ən təsirli müəllimi onun anasıdır" deyə buyurur. Ən böyük alimlər belə, ilk etiqad dərsini analarından almışdırlar. Bu sətirləri yazanda ilk iman dərsini anasından almışdır. Ananın uşağına olan sevgisinin, ona olan fədakarlığının qaynağı Allaha imandan kənar bir yol ola bilməz. Ana övladına haramı və halalı öyrədər. Doğruluğu və cömərdliyi, qohum və qonşulara köməyi, yaxşılığı və fədakarlığı öyrədər.

Hər bir ana uşağına qarşı şəfqət və sevgi ünsürlərini özündə cəmləşdirməsi ilə yanaşı uşağına qarşı məlumatlı və diqqətçi olma ünsürlərini də özündə cəmləşdirməlidir. Bu ünsürləri özündə cəmləşdirən ana kamil ana olmaqla yanaşı, uşağını ən gözəl şəlkildə yetişdirə bilən bir insandır.

Allahın sayəsində insanlara ilk sevgi dərslərinidə analar verir. Şəfqət qəhrəmanı olan analar, saf və duru sevgini, səmimi məhəbbət dərsini, ağrıyaraq ağlama və mərhəmət dərsini insanlara öyrədən analardır. Necə ki Allahına bağlı olaraq bunları edən qadının ayağının altında olduğunu söyləyir aləmlərə rəhmət olan peyğəmbərimiz(s.a.s): "Cənnət, anaların ayaqları altındadır. "(Nəsai)

Bu hədis əslində ixlaslı sevginin, mərhəmətin və fədakarlığın qarşılığıdır.

Peyğəmbər (s.a.s) belə buyurmuşdur: "Uşağın ata üzərindəki haqqı, uşağına gözəl bir ad verməsi və onu İslam ədəbi ilə tərbiyə edərək öyrətməsidir".

Uşağınızda gördüyünüz pis bir xasiyyətin günahını, mütləq özünüzdə axtarın. Əksər hallarda ana və ata uşaqda gördüyü səhv bir davranışın günahını ya uşağa ya da ətrafa yükləmə meylindədir. Uşaq, ailədən gördüklərini təqlid edərək böyüyər. Əgər siz, ona yaxşı bir tərbiyə vermisinizsə, ətrafdan eşitdikləri ona çox təsir etməyəcək.

Pis tərbiyənin ilk və ən təsirli pilləsi, pis nümunə sərgiləməkdirsə, pis tərbiyənin ikinci pilləsi uşaqlarımıza kafi zaman ayırmamaqdır. Yalnız dərsi üçün uşaqlarla bir-iki saat birlikdə olmaqla, ana və atalar vəzifələrini bitmiş saya bilməzlər. Çünki, uşaq geri qalan zamanını küçədə, təsadüfi yoldaşlarla və ya evdə televiziya qarşısında keçirməkdədir.

Uşağına ayırması lazım olan qiymətli vaxtlarını, qonaq qarşılamaqla və dedi-qodu etməklə keçirən bir ananın onun üzərində nə haqqı ola bilər? Belə bir ana, hərhalda, yaxşı bir ana olduğunu iddia edə bilməz. Sərvətinə sərvət qatmağa çalışan, işindən başqa bir şey düşünməyən, axşamlarını ya hesab edərək və ya çayxanada yoldaşlarıyla oyun oynayaraq keçirən bir ata da, yaxşı bir ata olduğunu söyləyə bilməz. Qısacası, vəhy ilə inşa olunmayan ailə cəmiyyəti bir gün mütləq zəlzələyə uğramağa möhtacdır.

Pis tərbiyənin üçüncü pilləsi isə tərbiyə metondundaki buraxılan səhvlərdir. Bu pillə elə dərindir ki, məsələn əgər çox şən və keyfiniz yerində olduğu zaman onların ən böyük dəcəlliklərini təbəssüm və qəhqəhə ilə qarşılasanız, işlərinizin yaxşı getmədiyi və canınızın sıxıldığı zamanlarda da, marağınızı çəkmək üçün etdikləri kiçik dəcəllikləri, döyməklə, təhqir və söyüşlə qarşılasanız, səmimi olaraq etiraf etdiyi bir günahında da cəza görüb, lakin inkar etdiyində də döyülməkdən xilas olarsa, xahiş və yalvarma ilə sizdən bir ehtiyacını qopara bilməyib, ancaq kaprizlik və təpinmə ilə bunu əldə edərsə, normal zamanda görə bilmədiyi diqqəti, şəfqət və sevgini, bir xəstəlik və ya qəza əsnasında görərsə tərbiyə metodunuz iflic və məhv olmuş deməkdir.

Uşaq təhsilində örnək davranışlar sözlərdən daha təsirli ola bilər. İbni Sina buyurur ki: "Uşaq təhsilində təşviq, təhdiddən daha yaxşı nəticə verər".

Uşaqda yetkinlik əlamətləri görüldüyü zaman, onu gözəl şəkildə güdmək lazımdır. Yetkinlik əlamətlərinin başlanğıcı, həya başlanğıclarının meydana çıxmasıdır. Çünki uşaq, çəkindiyi və utandığı zaman, bir qism hərəkətləri tərk etdiyi an, ağılın nuru onun üzərində doğulmuşdur ki, bir qisim şeyləri çirkin görür və bir qisminə də müxalif çıxır. Uşaq elə bir hala gəlir ki, bir sıra şeylərdən utanmaqdadır. Bu isə, Allahu Təalanın uşağa vermiş olduğu bir hədiyyəsidir. Bu vəziyyət, uşağın əxlaqının normala döndüyünü, ürəyinin səfinə qovuşduğunu göstərər və bu vəziyyət uşağın həddi-büluğ çağında ağılının kamala çatacağını da müjdələr. Bu baxımdan utancaq bir uşağı nəzarətsiz buraxmaq uyğun deyil. Əksinə ona utanması və utanmaması lazım olan şeyləri öyrətmək surətiylə onun ədəbinə kömək edilməlidir. Uşağın gizlicə etdiyi hər şeydən onu daşınmağa çağırmaq lazımdır. Çünki uşaq gizlicə etdiyi bir şeyi çirkin qəbul etdiyi üçün belə edir. Bu baxımdan uşağı bundan daşınmağa çağırmaq, çirkin davranışları tərk etməyi öyrətmək lazımdır. 

Uşağımızı günün bir qisimində mümkün olduğu qədər gəzməyə, aktiv hərəkətlər etməyə, idman fəaliyyətlərinə alışdırmalıyıq ki, uşaq tənbəlliyə alışmasın.

Uşağı yersiz cəzalandırsaq, cəzanın lazımlı olduğu zaman isə nə edəcəyimizi bilməyə bilərik. Uşaqlarımız yaxşı işlər etdiklərində üzlərinə qarşı, xüsusilə başqalarının yanında təqdir edilə bilər, onların səhvlərini dərhal üzlərinə vurmayaraq hələ başqalarının yanında bunu heç etməməliyik. Əgər səhvlərində təkrarçı olsalar onlara səbirlə yaxınlaşaraq başqalarının görmədiyi yerdə onları tənqid edə bilər, doğrunu izah edə bilərik. 

Uşağımızın qarşısında əsla iki qütb deyil, yekparə olmağımız lazımdır. Uşağımıza qarşı qəti və tutarlı davranmaq, öyüd verməklə yanaşı daha çox nümunə olan ata-ana olmağımız lazımdır. Uşağımıza yaxşını-pisi, doğrunu-səhvi təlqin etmək, öyrətmək bizə bir borcdur. 

Uşaqlarımızdan gözlədiklərimizin bir anda reallaşmasını istəməyimiz səhv olardı. Unutmayaq ki, çəmən toxumları üç gündə, çinar toxumları isə üç ayda yaşıllaşar. Çəmənin ömürü bir neçə aylıq olursa çinarın ömürü bir neçə əsr sürür. Onları dinləməyə çalışaraq, onları anlayaq. Əsla dinlər kimi etməyək. Qarşılarına həmişə yetkinlər olaraq gəlməyərək bir də uşaq olaraq gəlməyi bacaraq. 


Sədi Şirazi uşaq haqqında: "Uşaqlarımızı quzu kimi böyütməyək ki, gələcəkdə qoyun kimi güdülməsinlər" deyə buyurur. Bizdə o cücərtilərimizi tamamilə sərbəst buraxsaq bu halda onların istəklərinin sonu gəlməz. Lazım olduğunda "xeyr" deməsini də bilməliyik. Hər istədiklərini "bəli" ilə qarşılayaraq onları heç böyüdə bilmərik. Onlara hər istədiklərini almayaq. Bu al-mənili ətrafda hər istədiklərini almağımızın onlara doyumsuz və bədbəxt bir şəxsiyyət qazandıracağını unutmayaq.

Uşaqlarımızın yoldaşlarını evə dəvət edib, onları tanıyaq. Bu həm bizim onlara dəyər verdiyimizi göstərəcək, həm də bizə, uşağımızın yaxın ətrafdakı yoldaşlarını görərək onu nəzarət etmə imkanı verəcək. Uşaqlarımızın etdiyi davranışların nəticələrini görməyə onlara kömək edək. 

Unutmayın ki, bir qadının dünya həyatında əldə edə biləcəyi ən böyük xoşbəxtlik ana olmaqdır və bir ananın dünyaya təqdim edə biləcəyi ən əhəmiyyətli hədiyyə, imanlı, şəxsiyyətli, xoşbəxt və azad olaraq yetişdirilmiş olan uşaqlardır. 

Ananın uşağın ilk və ən təsirli müəllimi olmasına baxmayaraq, ananın analıq edə bilməsi üçün mütləq məsuliyyətinin şüurunda olan bir ata-ərə ehtiyacı vardır. Əgər ata uşağın məsuliyyətinin hamısını qadına yüklərsə, yoldaşına da kömək etməzsə üstəlik uşaqdan ötəri ananı günahlandırmaq kimi çox pis bir rəftara əl atarsa o zaman həm özünə həm də ailəsinə çox böyük zərər vermiş olar. Ananı uşaqlara qarşı əksiltməmək ağıllı ata-ərlərin ən qabaqcıl olan vəzifələrindəndir.

Gözəllər gözəli Allahın yaratdığı bu mükəmməl aləmdə heç bir ağacın heç bir ağaca, heç bir barmaq izinin heç bir barmaq izinə, heç bir qum dənəsinin heç bir qum dənəsinə, heç bir uşağın da heç bir uşağa bənzəri olmadığı kimi hər uşağın tərbiyəsi, ruhu, xasiyyət və xüsusiyyətləri də digər uşaqlardan fərqlidir. Onun üçün uşaq tərbiyəsinin hər yerdə, hər zamanda hər kəs üçün etibarlı tək bir standartı yoxdur və ola bilməz də. Necə ki Həzrəti Əli buyurur: "Övladınızı, olduğunuz zamandan başqa bir zaman üçün təlim və tərbiyə edin. Çünki onlar sizin zamanınızdan başqa bir zaman üçün yaradılıblar. Uşağınızın tərbiyəsində əsla qüsur və qəflət etməyin". Həzrəti Əlinin bu möhtəşəm təklifində isə diqqət çəkən ən əhəmiyyətli ünsürlərdən biridə uşaqlarımızı öz və ya özümüzdən əvvəlki zamanlara aid təlim və tərbiyə etməli deyil uşağın yaşayacağı zamana görə təlim və tərbiyə etməliyik. Əks halda uşaqlarımız bir çox problemlərlə qarşılaşaraq zamana uyğunlaşamazlar və özlərini rahat hiss edə bilməzlər. Həzrəti Əlinin sözlərini Sokratda özünün bu ifadəsi ilə təsdiq edir: "Uşaqlarınızı sizin izinizdə olmağa məcbur etməyin. Çünki onlar sizin zamanınızdan başqa bir zaman üçün yaradılmışlar."

Bir alimin də vurğuladığı kimi: ''Uşaq doğulduğu andan etibarən öyrənməyə başlayır. Əgər siz ilk illərdə ona təhlükəsizlik duyğusunu verər, onu sevgi və şəfqətlə bəsləsəniz o gələcəkdə "əmin olan və özündən əmin olunan" ümid, sevgi və inanc dolu bir insan olacaq. Əgər uşağınıza ilk illərdə təhlükəsizlik duyğusunu verə bilməsəniz, ömür boyu kimsəyə güvənməyən və kimsənin özünə güvənmədiyi, ümidsiz, sevgisiz və xoşagəlməz, pessimist bir insan olaraq yetişdirə bilərsiniz.

Biz uşaqlarımızdan məsul olduğumuz üçün onların bu günlərini düşündüyümüz kimi sabahlarını da düşünməyimiz lazımdır. Mümkün olduğu qədəriylə heç bir ana və ata uşağını qardaş-bacısız buraxmamalıdır. Çünki qardaş və bacısız bir uşağın ömür boyu qardaş və bacısı olmayacaq, özü də ömür boyu nə əmi, nə dayı və ya nə bibi nə də xala olmayacaqdır. Nə qədər təəccüblü olsa belə, ən asan uşaq yetişdirmə üsulu cüt-cüt böyüdülmə üsuludur. Yəni, uşağı tək buraxmayıb məqbul bir aradan sonra ona ikinci bir qardaş verib onu yalnız yetişdirməmək. Bu vəziyyətdə, həm ana-ata bir uşaq üçün verdiyi əməklə iki uşağı birdən yetişdirmiş olacaq, həm də uşaqlar bir-birlərinə arxa olaraq tək və yalnız olmanın ömür boyu sürə bilən psixoloji narahatlıqlarına tutulmayacaqlar.

Uşağımıza namaz qılmağı əmr etməzdən əvvəl uşağımızı mükəmməl bir şəkildə dinimiz haqqında məlumatlandırmağı, məlumatlandırdıqdan sonra bildiklərinə sevdirməklə birlikdə inandırmağı təmin edərək sonrada şüurlandıraraq, arxasından da öyrəndiklərinə tətbiqi öyrətsək uşağımızın gələcəkdə necə gözəl əxlaqlı möminə çevrildiyinin şahidi olarıq. Bunları etmədən uşağa sevdirmədən, məlumatlandırmadan və hamısından əhəmiyyətlisi şüurlandırmadan namaz qılmağa məcbur etsəniz, yalnız ağıl yetkin olana qədər namaz qıldıra bilərsiniz. Halbuki namaz, ağıl yetkin olduqdan sonra fərz olar. 

Hər uşağın şəxsiyyəti yeddi yaşına qədər meydana gəlir. Halbuki, işi bilməyən ana-atalar hər şeyin yeddi yaşından sonra başladığını sanarlar. Bu yaş, hər şeyin başladığı deyil, az qala şəxsiyyət meydana gəlməsinin tamamlandığı yaşdır. Bu demək deyil ki, uşağına geri qalan uşaqlıq illərində ediləcək bir şey yoxdur və sizə, artıq oturub halınıza ağlamaqdan başqa bir şey düşməz. Əlbəttə, yeddi yaşından sonra da ediləcək çox şey vardır, lakin uşağın şəxsiyyət skeleti ilk yeddi il içərisində qurulur, daha sonra edilənlər isə bu skeletin büründürülməsi və bəzənməsidir.

Ana və atalıq böyük bir ustalıq tələb edən gerçək bir sənətdir Bu sənəti icra edə bilmək üçün hər vaxt lazımlı məlumat və təcrübələrlə donanmaya çalışmaq, uşaq tərbiyəsi ilə bağlı mümkün olduğu qədər təhsilimizi artırmalıyıq. Davamlı özümüzü yeniləmə səyində olmalıyıq. Madam ki, uşaq bir nəsildir, üstəlik bu uşaq bizim nəsilimiz və bizim əsərimizdir, lazım olan qayğı və incəliyi göstərməyimiz çox vacibdir.

Gözəllər gözəli əl-Hafiz olan Allah övladlarımızı qorusun, bizləri də onların şərindən qorusun, onları Allah üçün yaşayan, Allah rızasını qazanan və Allahın iman neməti ilə bəzənmiş qullarından etsin inşAllah. Sonda Həzrəti İbrahimin duası ilə bitirmək gözəl olardı: "Rəbbim! Mənə salehlərdən (bir övlad) lütfkarlıq et! "(37;100) Amin...

 

Müəllif: 


29-06-2018 03:15:52