Ana səhifə

Kainatdakı ümumi hikmət


YazdırSend to friend

Kainatda hər şeyin hikmətlə əhatə olunduğunu müşahidə edirik. Belə ki, hər şey faydalı olsun deyə və bir qayə üçün yaradılmışdır. Materialistlər məqsəd, səmərə və nəticəni, yəni hikməti inkar edərək Cənabi-Haqqın icraatının məqul (ağlabatan) olmadığını irəli sürürlər. Halbuki O, nəyəsə görə nəyisə eləməyə məcbur deyildir.

Quranda da buyrulur: “Aləmlərin Rəbbi Allah istəmədikcə siz bir şey istəyə bilməzsiniz (“İnsan” surəsi, 76/30). Üstəlik, insan Onun dilədiyindən başqa bir şeyi də diləyə bilməz. Çünki O, mütləq hakimdir. Eyni zamanda hər şeyi bir hikmətlə yaratmışdır.

İnsan bir anlıq özünə nəzər salsa, vücudunu meydana gətirən ünsürləri ayrı-ayrılıqda gözdən keçirsə, bir sıra hikmət və faydaların təbəssüm etdiyini, bircə atomun da, bircə zərrənin də lüzumsuz və əbəs yerə yaradılmadığını görər.

Nəhəng bir insanı xatırladan kainat da bu cür hikmətlərlə təchiz edilmişdir. Belə ki, bütün mövcudatda zərrə qədər də olsun mənasız, lazımsız bir şey tapmaq mümkün deyildir. Zahirən faydasız görünən, qımıldanmadan dayanan bir ağac yarpağında belə neçə-neçə hikmət və fayda gizlənmişdir! Hərçənd ki, Haqq-Təala bunları bu cür yaratmağa məcbur deyildir, ancaq Onun Hakim ismi bunu zəruri edir.

Bəli, makro aləmdən normo aləmə, oradan da mikro aləmədək bütün kainatda ümumi hikmət və məsləhət (faydalılıq, səmərəlilik) müşahidə edilir. İnsan yaradılış etibarilə bu üç aləmdə ən möhtərəm, ən seçilmiş varlıq olmağa layiqdir. Hələ təkcə maddi və fiziki (vücud) baxımından saysız-hesabsız hikmətlərlə sərəfraz olan insanın üç-beş günlük ömür yaşadıqdan sonra ölümlə yoxluğa məhkum edilməsi, yəni ikinci dirilişdən məhrum olması heç də ağlabatan görünmür.

Bəşər övladının maddi ehtiyaclarını belə tam təmin edə bilməyən fani bir dünyanın onun xəyal və əbədiyyət arzusu kimi kainata sığmayan istedad və qabiliyyətlərinə cavab verməsi qeyri-mümkündür. İnsanın heç bir duyğusu boş və əbəs yerə yaradılmamışdır. Demək ki, bu dünyada əbədi həyat arzusuna çata bilməyən insan övladı ona müəyyən bir hikmətlə verilən sonsuzluq duyğularının başqa bir aləmdə gerçəkləşdiyinə şahid olacaq.

 “Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman etdiniz? Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır. Ondan başqa heç bir tanrı yoxdur. O, kərim (uca, qiymətli) olan ərşin Rəbbidir(“Muminun” surəsi, 23/115,116)

Yəni; Siz elə zənn edirsiniz ki, əbəs yerə yaradılmısınız və Allahın hüzuruna qaytarılmayacaqsınız? Uca Allah belə ədalətsizlikdən xali və pakdır. Sizi dünyaya göndərən, maddi olan vücudunuzun bütün arzularını, ehtiyaclarını təmin edən, ucsuz-bucaqsız kainatda ən kiçik varlığın ən kiçik arzusunu yerinə yetirən Allah (c.c.) sizin “əbədiyyət” kimi ən böyük diləyinizi gözünüzdə qoymayacaq və bir gün əbədi aləmin qapılarını üzünüzə açacaqdır.

Bir gün Nəbilər Nəbisi səadət məskəni olan məscidində oturumuşdu. Bu vaxt məscidə bir dəstə əsir gətirdilər. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir qadının təşviş içində nəsə axtardığını gördü. Qadın rastına çıxan hər uşağı bağrına basır, qoxulayır, sonra buraxırdı. Nəhayət, öz körpəsini tapdı, sinəsinə sıxdı, öpüb qoxuladı.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu mənzərə qarşısında doluxsundu və hıçqıra-hıçqıra ağlayaraq barmağı ilə yanındakılara qadını göstərib:

– O qadını görürsünüz? – deyə soruşdu.

Səhabələr cavab verdilər:

– Bəli, ya Rəsulullah!

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) yenə üzünü onlara tutub:

– O qadın qucağındakı körpəsini Cəhənnəmə atarmı? – sual verdi.

Səhabələr:

– Xeyr, ya Rəsulullah! – dedilər.

İki Cahan Sərvəri bu hikmət dolu sözləri dedi:

– Allah o qadından daha şəfqətlidir, qullarını Cəhənnəmə atmaz. (Buxari, “Ədəb”, 18. Müslim, “Tövbə”, 22)

Bu hədislə izah etmək istəyirəm ki, bu qədər şəfqətli olan Allahın ədalət, rəhmaniyyət, rəhimiyyət, şəfqət və mərhəməti qulunu bir daha dirilməmək üzrə yoxluğun qaranlıq qoynuna atmağa imkan verərmi? Bəli, yoxluqla müqayisədə əbədi Cəhənnəm belə insanın ruhunda Cənnət qədər dəyərlidir. Yoxluq Cəhənnəmdən də betər olub insanın əbədiyyət istəyən ruhuna iztirab çəkdirən dəhşətli bir əzabdır.

Dünyadakı maddi nemətlər üçün mizan və ölçü yaradılmışdır. Ancaq ağıl, ruh, hiss, beyin və bunların nəticələri üçün hər hansı bir ölçü qoyulmamışdır. Ağılın səmərəsinə, fikirlərə, düşüncələrə aid ölçü vahidi yoxdur. Ancaq yediyimiz, içdiyimiz qidaların ölçü vahidi və müəyyən qiyməti vardır. Bunlar həm ölkədə və ya xaricdə valyuta məzənnəsinə görə müəyyən bir dəyər ifadə edir. İdxalat və ixracat bu əsasda həyata keçirilir. Kiçik bir torpaq parçasını da qiymətləndirmək mümkündür.

Lakin dərin ağılı, güclü müqayisə qabiliyyətini və iti zəkanı qiymətləndirmək üçün əlimizdə bir ölçü vahidi yoxdur. Məsələn, Şekspir və Hüqo kimi böyük şəxsiyyətlər əqli fəaliyyətlərinin səmərəsini bu dünyada görə bilməmişlər. Bu, məsələnin səthi tərəfidir.

Digər tərəfdən, məsələyə ciddi planda yanaşıb bir peyğəmbərin fətanətini (Peyğəmbərin üstün ağlın) düşünək. Məsələn, Peyğəmbərimizin ağlının, nəhayətsiz qəlbinin və hislərinin səmərələrini təsəvvür edək. Bir də bütün peyğəmbərlərin qəlbi duyğularını bir yerə toplayaq və nəzərə alaq ki, bunlar üçün heç bir mizan və tərəzi yaradılmamışdır, o zaman bu nəticə hasil olacaq: qəlbə aid bu mənəvi duyğular üçün də bir mizan və tərəzi yaradılacaq. Əgər bu mizan bu fani dünyada yoxdursa, demək, mütləq başqa bir aləmdə olacaq.

Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə, onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik (“Ənbiya” surəsi, 21/47.)

Ayədən də göründüyü kimi bu dünyada, insanın lədüniyyatını (Allahu-Təalanın insanın qəlbinə ilham etdiyi ülvi hislər, feyzlər.) ölçəcək bir mizan, bir tərəzi yoxdur. İnsan mənən kamilləşdikcə tərəqqi edən bir duyğunun səmərəsini ölçə bilmirik. İnsanın sirr, xafi kimi duyğularının, eyni zamanda ona dünyadan və dünyadakı hər şeydən üz çevirtdirən və onu Allahdan başqa heç kimə və heç nəyə əl açdırmayan bu ülvi hislərin ölçü vahidi yoxdur. Hətta qəlbi bu duyğularla dolub-daşan insanlar belə çox vaxt onların mahiyyətini bilmirlər. Elə isə bütün bu ülvi duyğuları da ölçmək üçün axirət adlanan bir günün olması və gəlməsi bir zərurətdir. Çünki yer üzündə insanın maddi varlığı, orqanları üçün bir ölçü yaradılmışdır. Ancaq onun maddi vücudundan daha parlaq, daha ülvi olan lədüniyyatı üçün heç bir mizan və ölçü gözə dəymir. Bu ölçü dünya həyatında yoxdursa, demək, axirətdə yaradılacaqdır.

And olsun, insanı Biz yaratdıq və nəfsinin ona nə pıçıldadığını bilirik, (çünki) Biz ona şah damarından daha yaxınıq(“Kaf” surəsi, 50/16.)

Yəni: İnsanı Biz yaratdıq, içində nə cür vəsvəsələrin var-gəl etdiyini bilirik. Əks aspektdən: “İnsanı Biz yaratdıq və qəlbində necə ülvi duyğuların olduğunu da bilirik.”

Allah pis düşüncələrlə oturub-duran, get-gedə dayazlaşan, cılızlaşan və yararsızlaşan qəlbsiz bir insanı o biri dünyada qupquru odun parçası kimi həşr edəcək. Ulu Yaradan əyni-başı köhnə, zahirən çox pərişan görünsə də, hər qətrəsində ümmanlar çağlayan böyük insanların da qəlbini bilir. Uca Xaliq onları da hesaba çəkəcək, onların mənəvi kamilliyi səviyyəsində mizan yaradacaq və kamillikləri səviyyəsində mükafat verəcəkdir.

Həşr üçün heç bir səbəb olmasa belə, əhsəni-təqvimdə yaradılışla şərəflənən insanın o biri aləmdə əməllərinin mizana qoyulması və əsl qiymətini alması üçün məhşər gününə, Böyük Məhkəməyə ehtiyac vardır. Cənabi-Haqq vaciblik və zəruriliyə görə hərəkət etməkdən xalidir. Ancaq Onun Hakim ismindən yola düşüb bu dünyadakı lütflərinə əsaslanaraq, “Məhşər bir gün mütləq qurulacaq” həqiqətinə varırıq.

Cənabi-Haqqın müəyyən qayə və məqsədə xidmət edən möhtəşəm bir səltənəti vardır. Bu səltənət atomlar aləmindən başlayaraq ən böyük sistemlərə qədər uzanır. Onun möhürünün bütün aləmlərdə görünməsi bu səltənətin dəlilidir. Mikro, normo və makro aləmin hər yerində Onun möhrü müşahidə edilir. Bu səltənətin möhtəşəmliyi ondadır ki, ən kiçiyindən ən böyüyünədək heç bir yerdə qeyri bir gücün müdaxiləsini qəbul etmir.

Uca Allah bir mizan yaratmışdır. Varlığından xəbərdar olsaq da, həqiqətini anlaya bilmədiyimiz bir qanunla hökm edir. Əsasən, adları bizim tərəfimizdən qoyulan qanunlar meydana gələn hadisələri izah etmək üçün yetərli səbəb deyildir. Məsələn, cisimlər arasındakı müvazinəti itələmə və cazibə qüvvələri ilə izah etməklə iş qurtarmır, çünki bu qüvvələr baş verən hadisənin əsl mahiyyətini yetərincə açıqlaya bilmir. Ancaq məsələnin dərinliklərini bilmədiyimizə görə bu qədərlə kifayətlənməyə məcburuq. Həmin prinsipin hər yerə şamil olması bizi aldadır. Halbuki bu prinsipin doğruluğu, yəni hər yerə şamil olması məsələnin mahiyyətini deyil, o prinsipi ortaya qoyanın güc və qüvvətini izah edir. Elm hadisələri təsvir edir, səbəbini izah etmir. Biz hadisələrin, gedən proseslərin və kainatdakı qanunların səbəbini izah edə bilməsək də, hər şeydə bir hikmətin varlığı açıq-aşkar görünür. Nəticə etibarilə, olmuş, olan və olacaq hər şeydə bir qayə və hikmət vardır.

Əbədiyyətə uzanan əməllərin sahibi, əbədiyyətdən və əbədi Zatdan başqa heç bir şeylə tətmin olmayan (Qane olmaq) “Əbəd! Əbəd!” deyə fəryad edən, Cənnət və Camalullahı arzulamaqdan doymayan insanın yaradılışında da bir qayə və hikmət vardır. İşıqlı insanlar bu qayə və hikməti vicdanlarının ən dərin nöqtələrində belə hiss edə bilirlər.

(*Camalullah – Allahın camalı. Həqiqi gözəllik. Həqiqi, Mütləq gözəllik Allaha aiddir və möminlər. Cənnətdə Allahı Camal sifəti ilə görəcəklər.)

Həzrət Əbu Bəkrin (r.a) İslamı qəbul etməsi ilə bağlı müxtəlif rəvayətlər gəlmişdir. Bu rəvayətlər arasında səhihlik etibarilə ən qüvvətli olanlardan biri də budur:

Örtüyünü bir kənara atıb xalqı İslama çağırmaq əmrini alan İki Cahan Sərvəri Allah Rəsulu (sallallahu aleyhi və səlləm) öz-özünə düşündü: “Mən bu həqiqəti birinci kimə açım, kiminlə başlayım?” O anda ilk ağlına gələn Həzrət Əbu Bəkir (r.a) oldu. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu düşüncələrə daldığı zaman Həzrət Əbu Bəkir (r.a) də öz evində belə düşünürdü: “Bilirəm ki, məni və bu kainatı xəlq edən bir yaradan var. Lakin Ona nə ad verim, bilmirəm. Bu məsələni gedib Məhəmmədə açım. Çünki O, bu cür məsələləri hər kəsdən yaxşı bilir”.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) və Həzrət Əbu Bəkir (r.a) bir-birindən xəbərsiz, biri Haqqın adını çatdırmaq, o biri isə Rəbbin adını öyrənmək fikri ilə evindən çıxır və küçədə üz-üzə gəlirlər. Bu gözlənilməz qarşılaşma ikisini də heyrətə salır. Evdən nə üçün çıxdıqlarının səbəbini bir-birindən soruşurlar. Hər ikisi də düşüncələrini deyir. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) sevinərək Həzrət Əbu Bəkri (r.a) haqq dinə dəvət edir. O da dərhal İslamı qəbul edib müsəlman olur. (İbn Kəsir, “əl-Bidayə vən nihayə”, III/27. Beyrut, 1966;)

Böyük bəsirət sahibləri əşya və hadisələrə baxaraq Cənabi-Haqqa yönələ bilirlər. Həzrət Əbu Bəkir (r.a) Yaradan haqda düşünmüş, Onu arayıb-axtarmış, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) da ona istiqamət verib əsl həqiqəti göstərmişdir.

Əşya və hadisələri araşdıran hər kəs onların üzərində parlayan ilahi möhürü görər, afaqi (kainata və ondakı dəlillərə, səbəblərə, qanunlara dair; bizdən xaricdəki aləmə dair; obyektiv.) və ənfüsi (bir şəxsə aid görüş və düşüncə; subyektiv.) təfəkkür nəticəsində bu hökmə varar: “Məni bu dünyada nəzarətsiz buraxmayan, əlbəttə, qəbrə girdikdən sonra da sahibsiz qoymayacaqdır. Bahar mövsümündə bitkilər aləmini həşr etdiyi kimi, mənim çəyirdək halına gəlmiş zərrələrimi də yenidən dirildəcək və bir Məhkəmeyi-Kübra quracaqdır”.

Kübra – Böyük.

Məhkəmeyi-Kübra – Böyük Məhkəmə, Məhşər.

Müəllif: 


21-05-2018 07:47:59