Ana səhifə

Kitab verdiyimiz kəslər, onu öz oğulları kimi tanıyırlar, ayəsindəki bilinən kimdir?


YazdırSend to friend

   Sualda keçən ayənin tərcüməsi:

"Özlərinə kitab verdiyimiz kimsələr, onu (kitablarında əlamətlərini gördükləri o axır zaman peyğəmbərini) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Nəfslərinə ziyan edən o kəslər, məhz onlar iman etməzlər." (Ən'am surəsi, 6/20).

   Zəmaxşəri və digər bir çox müfəssir, ayədə Əhl-i kitabın tanıdıqları ifadə edilənin Hz Muhamməd (s.ə.s.) olduğunu bildirmişdir, bəziləri də bunun Qur`an-ı Kərim olduğunu söyləmişlər. (bax: Zamaxşarı, Şövqani, İbn Aşur, Elmalılı, Ənam, 20-ci ayənin təfsiri)

   İlk anlayışa görə Əhl-i kitab, xüsusilə xristianlar öz müqəddəs kitablarında Hz. Muhammədin (s.ə.s.) peyğəmbərliyinə bağlı bəzi işarələr olduğunu bilirdilər. (Bax. Əraf 7/157)

  İkinci anlayışın daha məqsədəuyğun olduğunu düşünən İbn Aşura görə Əhl-i kitab alimləri Qur`anın Allah qatından gəldiyini bilirdi. Çünki Qur`an, onların kitablarında da xəbər verilmiş olan məlumatları ehtiva edir. Ayrıca onların kitablarında, son peyğəmbər ilə əlaqədar məlumatlar olduğuna görə, Qur`anı bildirəni də bu baxımdan tanıyırdılar.

    Mövzuyla əlaqədar digər bir ayənin tərcüməsi də belədir:

"Özlərinə kitab verdiyimiz kəslər, onu (o peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Buna baxmayaraq şübhəsiz onlardan bir dəstə, özləri bilə-bilə haqqı gizlədirlər. Haqq, Rəbbindən (gələn)dir; elə isə əsla şübhə edənlərdən olma!"(Bəqərə, 2 / 146-147)

   Bu ayədə, Hz. Muhamməd alayhissalamın İncil və Tövratda olan vəsflərinə əsasən, öz uşaqlarını digər insanlardan ayırıb tanıdıqları kimi, onu da bu şəkildə tanıdıqları vurğulanmışdır. Rəvayətə görə, Hz. Ömər, Yəhudi alimlərindən Abdullah b. Selam'a "həqiqətən -kitabınıza əsaslanaraq- Hz. Muhammədi uşaqlarınızı tanıdığınız kimi tanıyırdınızmı?" deyə soruşmuş, o da "Onlardan daha çox tanıyırdıq" söyləmişdir. (Bax. Təbəri, Qurtubi, Razi, İbn Kəsir, İbn Aşur, Nəsəfi, Bəqərə 146. ayənin təfsiri)

    Çox əhəmiyyətli bir nöqtə də budur ki: Əgər, Hz. Muhamməd aleyhissalamın üzərində israrla dayandığı və Tövratda bunun mütləq var olduğunu söylədiyi xüsuslar, həqiqətdə olmamış olsaydı, hər kəsdən əvvəl -ona iman edən yəhudi alimlərindən- Abdullah b. Salam kimi insanlar, bir an İslam dinində qalmaz, dərhal əvvəlki dinlərinə dönərdilər. Bu xüsus, xristian alimlərinə də aiddir. Onların həyatları boyunca İslam dininə səmimi olaraq göstərdikləri bağlılıq, bu ayənin və Hz. Muhamməd aleyhissalamın doğruluğunun açıq göstəricisidir.

   Ayədəki "tanımaq, bilmək" ifadəsindən aydın olduğuna görə kitab verilənlərdən məqsəd, xüsusilə yəhudi və xristian din alimləridir. Onların tanıdıqlarının nə və ya kim olduğu barəsində təfsirlərdə fərqli fikirlər vardır.

    Təbərinin nəql etdiyi rəvayətlərin hamısına əsasən tanıyıb bildikləri şey, Məscidi-Haramın qiblə olmasıdır. (Təbəri, əlaqədar ayənin təfsiri)

    Ancaq Razi bu şərhi zəif görməkdə və burada Hz. Muhamməd aleyhissalamın peyğəmbərliyinin nəzərdə tutulduğu yönündəki görüşü mənimsəməkdədir. Çünki:

    a) Bu ifadənin dərhal əvvəlində Hz. Peyğəmbərə məlumat gəldiyindən söz edilməkdədir ki, bu məlumat ən ümumi ifadəsiylə nübuvvətdir (peyğəmbərlikdir)

   c) Əhl-i kitabın bir mövzu haqqında vaxtından əvvəl məlumat sahibi edilmələri hadisəsi bir möcüzədir; bu xüsusdakı möcüzə isə Hz. Muhamməd aleyhissalamın həqiqətən peyğəmbər olduğuna dair öz müqəddəs kitablarında mövcud olan məlumatdır. Qiblə dəyişikliyi isə vəhy yolu ilə bildirilmişdir; vəhyə inanmaq üçün əvvəlcə Peyğəmbəri qəbul etmək lazımdır. Ayədə Əhl-i kitabın o Peyğəmbəri öz kitablarında verilən məlumatlarla çox yaxşı tanıdıqları, buna görə də peyğəmbərliyini qəbul etmələri lazım olduğu ifadə edilməkdədir.

    Nəticə olaraq uca Allah, Tövrat və İncildə Hz. Muhamməd (s.ə.s.) 'in gələcəyi ilə əlaqədar məlumat vermişdi. (Bax. Əraf 7/157; Saf 61/6) Yəhudilər və xaçpərəstlər da bir peyğəmbər gözləyir, ancaq irqçi və fanatik bir zehniyyətə sahib olduqları üçün, onun öz qövmləri arasından çıxması lazım olduğunu düşünürdülər. Bu səbəblə Ərəblər arasından təvazökar bir ailədən yetim bir uşağın böyüyüb Allah tərəfindən peyğəmbər seçilmiş olmasını həzm edə bilmədilər; onun peyğəmbərliyini, digər təbliğlərini, bu arada qiblə ilə əlaqədar yeni hökmü rədd etdilər; beləcə əslində öz müqəddəs kitabları vasitəsiylə məlumat sahibi olduqları bir gerçəyi də gizləmiş oldular.

    147. ayədə Əhl-i kitab nə deyir-desin, əsl həqiqətin, Allah qatından ortaya qoyulan məlumat və hökmlər olduğu ifadə edilərək Hz. Peyğəmbər (s.ə.s.) 'in şəxsində müsəlmanlar, gərək qiblə dəyişikliyi gərəksə digər dini və ictimai mövzularda yəhudilərlə xristianların yanlış təlqinlərinə qapılaraq şübhəyə düşməmələri istiqamətində xəbərdar edilir.

   Belə bir xəbərdarlıq 145. ayənin sonunda da "Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, məhz o vaxt sən kəsinliklə haqqı tapdalayanlardan olarsan." Şəklində də edilmişdi.

   Digər bir çox ayədə də bənzər xəbərdarlıqlar yer almaqda olub bütün bunlar, müsəlmanların yad mədəniyyətlərin təsirinə qapılmadan öz dəyərlərini və inanclarını qorumaları lazım olduğu, ancaq bu sayədə ayaqda qala biləcəkləri gerçəyini beyinlərə və qəlblərə yerləşdirməyi məqsəd qoymaqdadır. Xüsusilə Müsəlman ziyalıların son əsr ərzində yəhudi-xristian fikir dünyasının təsir sahəsinə girərək, dini və mədəni sahələrdə şübhəçi, təqlidçi və gedərək inkarçı anlayışlara qapılmaları və bu pozulmanın doğurduğu kimlik böhranları, bu böhranların zamanla əxlaqi, ictimai, siyasi və iqtisadi təlatümlərə və böhranlara çevrilməsi, Qur 'anın bu xəbərdarlığının İslam cəmiyyətləri üçün nə qədər həyati bir əhəmiyyətə sahib olduğunu göstərir.

Müəllif: 


02-09-2018 01:47:40