Ana səhifə

Köləlik insanlıq cinayətidir?


YazdırSend to friend

Cavab 1:

Kölə və cariyə azad bir insanın malı olan, özlərinə aid haqları yox deyiləcək qədər məhdud olan qadın (cariyə) və kişi (abd) insanlardır. Köləlik və cariyəlik İslamdan çox əvvəlki dövrlərdən bəri vardır. İnsanların kölə və cariyələrə baxışı, onlara verdikləri haqlar və rəftar formaları da müxtəlif olmuşdur. İslam gələndə dünyada və Ərəbistanda köləlik çox məşhur idi. Köləliyin birdən ləğv edilməsi ictimai və iqtisadi bir çox problemə gətirib çıxaracaqdı, çünki kölə sahiblərinin iqtisadi və ictimai həyatları kölələrin varlığı üzərində qurulmuşdu. Həyatlarında azadlığı tanımamış və dadmamış olan kölələr də birdən sərbəst buraxılsalar nə edəcəklərini bilməyəcək, bəlkə köhnə sahiblərinə müraciət edərək kölə olmağı istəyəcəkdilər. Buna görə İslam, köləliyi birdən ləğv etmək yerinə əvvəl kölələrin vəziyyətini düzəltməyi, onlara -öz iradələriylə işləyib əvəzlərini ödəyərək azad olmaq daxil- bir sıra haqlar verməyi seçdi. Zaman içində köləliyin tamamilə ortadan qalxması üçün də tədbirlər gördü, qaydalar qoydu.

Kölələrin vəziyyətlərini düzəltmək üçün alınan tədbirlərə bəzi nümunələr vermək lazım olsa:

-Kölələrə təhqir və işgəncə etmək qadağan edilmiş, sahibləri nə yeyir və geyirlərsə onlara da onun yedirilib-geydirilməsi istənmiş, güclərinin çatmadığı və ya çətinlik çəkəcəkləri işləri tapşırmamaları, tapşırsalar sahiblərinin onlara kömək etmələri əmr edilmişdir. Bu haqlar o qədər geniş idi ki, Cövdət Paşa buna görə bu epiqram cümləni ifadə etmişdi: “İslamda kölə almaq, kölə olmaq deməkdir.”

Zaman içində köləliyin tamamilə ortadan qalxmasına yönəlmiş tədbirlərdən bu qədərini xatırladaq:

a) Bir kölə əvəzini ödəyərək azad olmaq istəsə -kölənin vəziyyəti uyğun olduğu halda- sahibi bu təklifi qəbul edəcək və ona bəzi günlər bu məqsədlə işləməsi üçün icazə verəcək.

b) Kölələrin əvəzləri ödənərək azad edilmələri üçün zəkat büdcəsinə ödənək qoyulmuşdur.

c) Sahibi -şəri əqd gərəyi- qadın kölə ilə ər-arvad həyatı yaşayar və cariyə uşaq dünyaya gətirsə, bu uşaq azad olduğu kimi anasının da statusu dəyişir, “ümmül-vələd” adını alan cariyə artıq alınıb-satıla bilməz, əri ölüncə də tam mənasıyla azad olur.

d) Daimi (uzunmüddətli) kölələşdirmənin qaynaqları ortadan qaldırılmış, müvəqqəti və daha çox misilləmə zəruriliyi üzündən döyüş əsirlərinin kölə olaraq qazilərə paylanması uyğun hesab edilmişdir. Bundan əlavə azad bir insanı kölə etmək şiddətlə qadağan edilmiş, Hz. Peyğəmbər (s.ə.v.) “Bunu edənlər qiyamətdə qarşılarında şikayətçi olaraq məni görəcəklər,”- buyurmuşdur. Hərbi əsirlərə ediləcək rəftar haqqında qərar vermək dövlətin idarəçilərinə buraxıldığı üçün idarəçilərin “qarşılıqsız azad etmə, əvəz ilə sərbəst buraxma, müsəlman əsirlər ilə dəyişmə” kimi bir qərar verdikəri halda köləliyin heç bir qanuni qaynağı qalmamış olacaq.

e) And içib yerinə yetirməmək, Ramazan orucu tutarkən cinsi təmas edərək oruc pozma, səhvən adam öldürmə kimi bir çox vəziyyətdə köləsi olana kölə azad etmə məcburiyyəti qoyulmuşdur. Belə bir məcburiyyət olmadığı halda kölə azad edənlərə böyük mükafatlar vəd edilmişdir....

Bütün bunlara baxmayaraq İslam tarixində köləliyin davam etməsi və bu insanlıq ayıbını başqa millətlərin, olduqca gec də olsa müsəlmanlardan əvvəl qaldırmağa təşəbbüs göstərmələri bəzi müsəlmanların öz qüsurudur; dinlərini yaxşı anlamamaları, Allah və Rəsulunun məqsədini reallaşdırma mövzusunda ciddi davranmamaları, dünya mənfəətini axirətinkindən üstün tutmaları səbəbilə belə olmuşdur. (Hayrettin Karaman, Köləlik Məsələsi)

İslamiyyət niyə köləliyi birdən-birə ortadan qaldırmadı?

“Niyə İslam hüququ, bu cür müəssisələrlə köləliyi tədricən qaldırmaq məqsədi olduğu halda, birdən birə köləliyi ləğv etmədi?” sualına Hz. Peyğəmbər, sosial-iqtisadi baxımdan çox əhəmiyyət ifadə edən bir cavab verir: Bilindiyi kimi, ayədə mükatəbə əqdi “Əgər onlar haqqında xeyirli olduğunu bilirsinizsə” şərtinə bağlanmışdır. Bu xeyirli olmağı, Hz. Peyğəmbər bu ifadələri ilə açıqlayır:

“Yəni bir sənət sahibi olub öz dolanışıqlarını təmin edəcək və həyatı tək başına davam edə biləcək güc özlərində var isə əqd edin. Əks halda onları insanların üzərinə yırtıcı itlər kimi yollamayın.”

Yəni istər mükatəbə əqdilə istərsə başqa yollarla kölələri azadlıqlarına qovuşduraraq azad etmək də hər vaxt xeyirli deyil. Düşünün ki, cəmiyyəti təşkil edən fərdlərin yüzdə əllisi kölədir. Bir anda bunları azadlığa qovuşdurub küçələrə başıboş yolladığınızı təsəvvür edin. Cəmiyyət həyatı iflic olacaq. İllərcə, bəlkə əsrlərcə başqalarının yanında işə öyrəşmiş və müstəqil həyatı heç sınamamış insanları birdən küçəyə yollasanız, həm ictimai baxımdan və həm də iqtisadi baxımdan bu insanları fəlakətə sürükləmiş olarsınız. Köləliyin tədrici olaraq ortadan qaldırılmasının ən əhəmiyyətli hikmətlərindən biri də budur. (1)

İslamiyyət köləliklə əlaqədar hansı yenilikləri gətirmişdir? Digər sistemlərdən fərqli olan istiqamətləri nələrdir?

İslamiyyət, əvvəlki hüquq sistemlərində olan köləlik müəssisəsini iki baxımdan mədəni bir qəlibə salmışdır:

Birincisi: Köləliyin səbəblərini yüngülləşdirmişdir. Daha əvvəl və xüsusilə Roma və bənzəri hüquq sistemlərində doqquz-ona çıxan köləlik səbəblərini ikiyə endirmişdir. Bundan başqa, insanlığın fitrətinə tərs olan bu müəssisəni ortadan qaldırmaq üçün müxtəlif tədbirlər görmüşdür. Kölə azad etmənin mənən təşviq edilməsi, kölələrə əvəzini ödəmək şərtilə azad olma imkanının verilməsi (mükatəbə), kölələrin bu vəziyyətdən qurtarılması üçün onlara zəkat verilməsinin tövsiyə edilməsi və zıhar, and pozma və bənzəri bəzi günahlardan ötəri dini bir müəyyidə (sanksiya) olaraq qoyulan kəffarələrin birinci alternativi olaraq kölə azad etməyi şərt qoyması, bunlara misal olaraq verilə bilər.

İkincisi: Köləliyi mədəni hala salmağın ikinci yolu da mövcud kölələrə qanuni dairədə yaxşı rəftar edilməsini israrla tövsiyə etməsidir. Bu gün belə bir qisim müsəlmanlar, sırf müsəlman olduqları üçün “mədəniyəm” deyən insanlar tərəfindən öldürülərkən və onlara təbii haqq və azadlıqları da çox görülərkən; İslamiyyət, kölələri, olduqları ailənin fərdləri kimi qəbul etmiş və qorumuşdur. Hətta Osmanlı arxivlərində olan məhkəmə qərarlarında xristian kölələrin and içərkən dini inanclarına uyğun tərzdə and içməsi və məsələn “İncili Hz. İsaya endirən Allaha and içirəm ki...” deməsi, bu zikr etdiklərimizə ən bariz dəlildir.

O halda İslam hüququndakı köləlik müəssisəsini, əsirlik və köləlikdən azadlığa keçid mərhələsi olaraq səciyyələndirə bilərik. Bu prosesin necə getdiyindən bir az sonra təfsilatla bəhs edəcəyik. İslam Dini gəldiyində, köləlik, bütün dəhşəti ilə davam edən ictimai bir hadisə idi. İslam Hüququ, yuxarıda izah etdiyimiz şəkildə tədbirlər görərək, köləliyi istisna bir müəssisə halına gətirdi.

Cəmiyyətin yarıya yaxınının kölə olduğu bir vəziyyətdə, köləlik müəssisəsini birdən ilga (ləğv) etmək, həm kölə sahibləri və həm də daim bir sahibin yanına sığınmış olan kölələr üçün, ictimai və iqtisadi baxımdan mümkün deyildi. Hədəfi insanları küfrdən qurtarmaq olan bir Peyğəmbərin, illərlə cəmiyyət fərdlərinin ülfət etdiyi, əxlaq və həyat etibarilə imtizac etdikləri bu müəssisəni birdən birə ilga etməsi irşadın ruhuna da ziddir. Bu səbəblə İslamiyyət köləlik müəssisəsini dərhal ilga etmədi. Lakin olduğu kimi də qoymadı. Tədricən ortadan qaldırmaq üçün, əvvəl köləliyin mənbəyini qurutmağa, izlərini azaltmağa və o günlərdə cari olan hökmlərə zidd olaraq kölələrə də normal insan kimi baxmağa insanları təşviq etmişdir. Burada Gustav Lebonun bu təsbitlərini çatdırmaq yerində olar ,qənaətindəyəm:

“Rık, yəni köləlik sözü, otuz il əvvəl qələmə alınan amerikan romanlarını oxumağa öyrəşən bir Avropalının qarşısında deyilsə, dərhal ağlına ayaqlarına ağır zəncirlər, əllərinə dəmir qandallar taxılan, çubuqlarla döyülərək heyvan sürüləri kimi bir yerdən bir yerə sövq edilən, bədbəxt və kafi çörəyə belə qovuşa bilməyən, qaranlıq bir daşdan başqa evi və sığınağı olmayan o amerikan kölələri gəlir. Mən burada bu vəziyyəti isbat etmək üzrə təfərruta girəcək deyiləm. Lakin gerçək budur ki, İslamiyyətdəki köləlik Xristianların anladığı mənadakı köləlik müəssisəsinə tamamilə ziddir”.

Yəni, bu ikinci nöqtə ilə söyləmək istədiyimiz budur: İslamiyyətdəki köləlik və cariyəlik müəssisəsi, Xristian aləmində bilinən köləliyə bənzəmir və İslamı bilməyən insanların düşündükləri kimi deyil. (2)

Cavab 2:

Hər şeyi öz dövründə qiymətləndirmək lazımdır. Çox şey vardır ki, daha əvvəl yaxşı qarşılandığı halda, daha sonra pis bir şey kimi qiymətləndirilmişdir. Bunun tərsi də ola bilər. Bu səbəblə, İslamın minlər il əvvəlindən gələn köləlik təşkilatı, İslamda əsla bir insanlıq cinayəti hesab edilmirdi. Bir xidmətçi, bir ödənişli kimi qəbul edilirdi. Ancaq, İslamdan əvvəlki dövrlərdə köləlik vicdansız insanlar tərəfindən çox alçaldılmış, sanki insanlıqdan kənar bir rəftarla cəmiyyət xaricinə itələnmişdir.

İslam isə bu kölələrə insanca davranmış, onu insanlıq ailəsi içərisində, insanca yaşaya biləcək bir mövqeyə qovuşdurmuşdur.

O günə qədər heç görülməmiş bu yeni mövqeyə görə:

- Heç bir ağa Allah qatında -fəzilət və təqvanın xaricində- köləsindən daha qiymətli deyil. Əksinə, Allah qatında, daha təqvalı, daha fəzilətli olan kölə, sahibindən daha qiymətlidir.

- Hz. Peyğəmbər (s.ə.v.)-in azad köləsi Hz. Zeydi və onun oğlu Hz. Üsaməni əshabələrinin başına komandir təyin etməsi, bu müəssisənin -İslam sayəsində- haradan hara gəldiyinin göstəricisidir.

- Hər fürsətdə kölə azad etməyi təşviq edən, edilən günahların kəffarəsi olaraq onları azadlıqlarına qovuşdurmağı uyğun görən İslam dininin bu müsbət tətbiqi həqiqətən alqışlanmağa dəyərdir.

- Hz. Məhəmməd (s.ə.v.)-in tövsiyələri istiqamətində, müsəlman ağaların, kölələriylə birlikdə yemək yemələri, geydiklərindən onlara geydirmələri, yeyib- içdiklərindən onlara da yedirib-içirmələri, güclərinin yetməyəcəyi bir xidməti onlardan istəməmələri, bəşər tarixində görülməmiş yeniliklərdir.

- Əgər bu gün, müdirlərin -çox az bir ödənişlə- işçi işlətmələri, bir məmurun öz komandirinin əmrindən kənara çıxa bilməməyi, bir insanlıq cinayətidirsə, o zaman ona da insanlıq cinayəti deyə bilərik. Səhv anlamayın, bunları kölələrlə eyni tutmuruq. Məqsədimiz, aradan bu qədər illər keçməsinə baxmayaraq, hələ də ona yaxın bir statusun, qəbul edilməyə bağlı olaraq, o cür qiymətləndirilə bildiyinə diqqət çəkməkdir. İndi həmkarlar ittifaqları yeni-yeni meydana çıxmışdır. İndiyə qədər -fərd və ya təşkilat olan- müdirlər istədikləri kimi qıt-qənaət bir dolanışıq üçün bir şey verirdilər və işçi-məmurun heç bir etiraz haqqı da yox idi. Amma buna kimsə insanlıq cinayəti demirdi. O da elə..

- Hər hansı bir kölə sahiblərindən qaçsa, onlara təkrar dönənə qədər küfrə girmiş olar.”(Müslim, İman, 122).

Bu kimi hədislər, cəmiyyət nizamını qorumağa yönəlmiş ifadələrdir. Bu gün, işçilər, məmurlar, vəzifələrini yerinə yetirmədikləri zaman dövlət, cəmiyyət necə bir anarxiya vəziyyətinə gələrsə, o gün də bir növ fərqli bir statuslu işçi-məmur vəzifəsini ifa edən kölələrin işi buraxıb qaçmalarına meydan verməmək üçün müəyyən tədbirlər görülməli idi.

Lakin, bu və bənzəri hədislərdəki bu kimi yerlərdə istifadə edilən küfr anlayışı bir neçə şəkildə şərh olunmuşdur:

- Belə edən cahiliyyə insanlarının və kafirlərin etdiyi işlər kimi iş etmiş olar.

Belə edən, nemətini gördüyü hamisinə qarşı nankorluq mənasındakı küfranı-nemət etmiş olar.

- “Hər günah içərisində küfrə gedən bir yol var” olduğuna diqqət çəkməyə istiqamətli bir ifadədir. (krş. Nevevi, əlaqədar hədisin şərhi)

Cavab 3:

Köləlik anlayışında kölənin özü sahibinin mülküdür. Bu səbəbdən bütün qazancı da sahibinin evinə yazılar. Bu gün mövcud olmayan bu qurumu deyil, müasir köləlik müəssisələrini müzakirə etmək daha faydalı olduğunu düşünürük. İslamın köləlik anlayışına qazandırdığı müsbət mövqelər kimi gözəlliklərdən başqa, bu müəssisənin davam etməsində heç bir qatqısı olmamışdır.

Əlavə məlumat almaq üçün basın: KÖLƏ, KÖLƏLİK.

Haşiyə:

1) Quran, Nisa Surəsi, Ayət, 3; Kurtubî, Muhammed bin Ahmed, El-Câmi' li U Ahkâm’il- Kur’an, Beyrut 1965, c. V, sh. 17-18; Kâsânî, Bedâyi'us-Sanâyi', c. IV, sh. 134; Kâmil Miras, Sahîh-i Buhâri Muhtasar-ı Tecrid-i Sarih Tercemesl ve Şerhi I-XIII, 3. Baskı, Ankara, 1973-1975, c. VII, sh. 465-467.

2) Zerka, Mustafa Ahmed, EI-Fıkh'ul-İslâmî Fî Sevbih'il-Cedîd, Dımaşk 1967-1968, c. I, sh. 44; Gustav Lebon, Ərəb Mədeəniyyəti adlı kitabdan nəqlən Ahmed Şefik Beğ, Er-Rıkku Fil-İslâm, İstanbul 1314, sh. 50-51



26-04-2011 12:00:00